Mişustinin Bakı səfərinin “kodları”

Rusiya-Azərbaycan münasibətlərini bir az da gücləndirəcək səfər

Rusiyanın baş naziri Mixail Mişustin martın 5-6-da Azərbaycana səfər edib. Xəbəri “İnterfaks” agentliyi Rusiya hökumətinin mətbuat xidmətinə istinadla yayıb.
Mişustinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyi, baş nazir Əli Əsədovla danışıqlar aparacağı nəzərdə tutulur.
Məlumatda deyilir ki, görüşlərdə Rusiya-Azərbaycan iqtisadi əməkdaşlığının inkişafı müzakirə olunacaq, energetika, nəqliyyat, sənaye, mədəniyyət-humanitar və digər sahələrdə birgə layihələrə xüsusi diqqət ayrılacaq. Bir sıra hökumətlərarası və qurumlararası sənədlərin imzalanacağı planlaşdırılır.
Rusiya-Ermənistan münasibətlərinin günü-gündən kəskinləşdiyi bir zamanda Rusiyanın Azərbaycanla daha da yaxınlaşması faydamızadırmı? Yoxsa Qərblə problemlərimizi dərinləşdirə bilər?
İlyas Hüseynov
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın baş nazirinin Azərbaycana səfəri həm də ikitərəfli münasibətlərin hazırkı vəziyyətinin perspektiv planların qiymətləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Mişustinin daha çox iqtisadi məsələlərlə məşğul olduğunu nəzərə alaraq deyə bilərik ki, səfər zamanı daha çox iqtisadi, nəqliyyat, energetika məsələləri prioritet olacaq. İqtisadi və kommunikasiya xətlərinin açılması ilə bağlı məsələhətləşmələrin də keçirilməsi, şübhəsiz, öncədən planlaşdırılıb: “Biz həm də görürük ki, Ermənistanla Rusiya arasında münasibətlər gün-gündən pisləşir. Baxmayaraq ki, bu gərginlik yalnız sözdədir, tərəflərdən heç bir praktiki addım atılmayıb. Ermənistan hələ də MDB-nin, Avrasiya İqtisadi Birliyinin, KTMT-nin üzvüdür, Rusiyanın 102-ci hərbi bazası hələ də Ermənistan ərazisindədir. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Ermənistanın Qərbə doğru inteqrasiya cəhdləri Moskva ilə İrəvan arasında münasibətləri hələ söz atışması fazasına daşıyıb. Azərbaycanın Rusiya ilə intensiv münasibətləri də kənardan diqqətlə izlənilir. Ancaq düşünmürəm ki, Rusiya baş nazirinin Bakı səfəri və burada imzalanan sənədlər Qərblə münasibətlərimizə ziyan vuracaq. Azərbaycan çoxvektorlu siyasət yürüdür və xüsusilə vurğulamaq lazımdır ki, iki il öncə Azərbaycanla Rusiya arasında "Müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında" Bəyannamə imzalanıb və münasibətlərdə keyfiyyətcə yeni səviyyəyə qalxmaq prosesinə başlanıb. Düşünürəm ki, bu da öz nəticələrini verməkdədir. Rusiya böyük bir savaşa cəlb olunmuş vəziyyətdədir, qlobal güclərin hədəfindədir. Belə olan halda əlbəttə ki, bizim Rusiya ilə olan münasibətlərimiz həm də regional sülhün qorunması, sabitliyin təşviq olunması baxımından da əhəmiyyətlidir. Düşünürəm ki, Rusiya baş nazirinin Bakıda keçirdiyi görüşlər əsnasında həm də Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqları, sülh sazişinin imzalanması perspektivi kimi məsələlər də müzakirə olunub və olunacaq".
Azad Məsiyev
Politoloq Azad Məsiyev isə bildirdi ki, Rusiya bizim əbədi böyük qonşumuzdur. Rusiya dünyanın ən nəhəng ərazisi, ən böyük təbii sərvətləri, ən çox nüvə silahı olan dövlətidir. Belə bir dövlətlə qonşuyuq. Və bu cür dövlətlə münasibətlərimiz nə qədər sıx olsa, ölkəmizin faydasınadır: “Rusiya ilə münasibətlərimizin yüksək səviyyədə olması dövlət və milli maraqlarımıza uyğundur. İki il öncə ölkələrimiz arasında qarşılıqlı dostluq və müttəfiqlik münasibətləri haqqında 43 maddədən ibarət saziş imzalanıb. Bu da bir daha göstərir ki, münasibətlərin get-gedə daha da yaxşılaşdırılması hər iki dövlətin maraq dairəsindədir. Ukrayna müharibəsi ilə əlaqədar Rusiyanın Avropa ilə əlaqələri demək olar kəsilib. Ona görə də Rusiyanın cənub cinahının açıq olması Rusiya üçün çox böyük əhəmiyyət kəsb edir. Bu baxımdan da Azərbaycan, bütövlükdə Cənubi Qafqaz Rusiya üçün strateji əhəmiyyət daşıyır. Rusiyanın Azərbaycanla münasibətlərinin yüksələn xətt götürməsi Rusiya-Türkiyə münasibətlərinin də daha da yaxınlaşmasına təkan verir. Bu münasibətləri qoruyub saxlamaq region dövlətlərinin hər birinin marağına uyğundur. Odur ki, Rusiya baş nazirinin belə bir həssas məqamda Azərbaycana səfər etməsi, sənədlər imzalanması zamanın tələbidir”.
Ekspertin sözlərinə görə, eyni zamanda bu münasibətlər digər dövlətləri narahat etməməlidir. Azərbaycan-Rusiya münasibətləri hansısa dövlətlərə qarşı deyil, hansısa dövlətlərə qarşı ittifaq deyil: “Ancaq bu gün Ermənistan-Qərb əməkdaşlığı artıq Rusiyaya qarşı və Azərbaycan əleyhinə  koalisiya şəklini almaq istiqamətində inkişaf edir. Azərbaycan Avropa ilə də sıx əlaqələrə malikdir. Ancaq Rusiya da bilir ki, bu əlaqələr Rusiyaya qarşı deyil. Azərbaycanın iqtisadi maraqları var və Rusiya bunu top-tüfənglə qarşılamır. Azərbaycan-Rusiya münasibətləri bərabərhüquqlu əsaslarda, beynəlxalq hüquq çərçivəsində qurulur. Bu da üçüncü dövlətləri narahat etməməlidir. Təəssüf ki, başda ABŞ olmaqla, Qərb koalisiyası Azərbaycana təzyiqlər edir ki, Rusiya ilə münasibətlərinə yenidən baxsın. Azərbaycandan alət kimi istifadə etmək istəklərini ortaya qoyurlar. Lakin Azərbaycan qətiyyən buna razılaşmır və razılaşmaz. Bunu Rusiya baş nazirinin səfəri də təsdiq edir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”