Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi - 3 il

"Bu gün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaranmasının 3 ili tamam olur. Əminliklə qeyd etmək olar ki, ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşmasında, QHT-lərin dövlət və cəmiyyətlə əlaqələrinin qurulmasında, bu sahədə uğurların əldə edilməsində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rolu böyükdür".

Bu sözləri Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvü Xanoğlan Əhmədov QHT.az-a bildirib. Onun sözlərinə görə, Dövlət Dəstəyi Agentliyinin təsis edilməsindən sonra QHT-lərin fəaliyyəti daha da sistemli şəkil almağa başlayıb: "Bu son 3 ildə Agentliyin fəaliyyəti sayəsində ictimai sektorda ciddi islahatlar və dəyişikliklər baş verib. QHT-Hökumət münasibətləri müsbət məcrada inkişaf edib. Hazırda Agentliyin yeni QHT obrazının yaradılması yönündəki fəaliyyəti və aparılan islahatlar müsbət nəticələrlə müşaiyət olunmaqdadır. Fikrimcə, QHT-lərə Dövlət Dəstəyi Agentliyi bu istiqamətdəki fəaliyyətini bundan sonra daha da inkişaf etdirməsi üçün islahatları davam etdirməli və gücləndirilməlidir. Agentlik ictimai sektorun nüfuzunun yüksəlməsi üçün səlahiyyətləri və imkanları çərçivəsində QHT-lərin inkişafına, onların qaldırdığı problemlərə ciddi dəstək verməli, bacarıqlı, savadlı kadrların ictimai sektora cəlb olunmasına yardımçı olmalıdır".

Xanoğlan Əhmədov həmçinin bildirib ki, bu sahədə aparılan islahatlar QHT-lərin ictimai nüfuzunun artmasına, ictimaiyyətlə əlaqələrinin güclənməsinə ciddi fayda verəcək: "Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyini, Müşahidə Şurasının üzvlərini, bütün QHT cameəsini bu gün münasibətilə təbrik edirəm və gələcək fəaliyyətlərində böyük uğurlar arzulayıram"!