Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biri olan Xocalı soyqırımının baş verdiyi gecədən 32 il ötür. Bu, 200 il ərzində erməni şovinistləri tərəfindən Azərbaycan xalqına qarşı aparılan etnik təmizləmə, soyqırım siyasətinin növbəti mərhələsi və bəlkə də, qanlı zirvəsi idi. Bu illər ərzində Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və hər dəfə yüzlərlə insan məhv edilmişdir. Məhz bu etnik təmizləmə nəticəsində bu gün Ermənistan monoetnik dövlətə çevrilmişdir. Xocalı soyqırımı 1988-ci ildən o zamankı Dağlıq Qarabağ ətrafında başlanmış və şovinist erməni ideloloqlarının "dənizdən dənizə Ermənistan" ideyasının reallaşdırılması uğrunda qurduqları vəhşilik planının tərkib hissəsi idi.
Bu gün Xocalı həm genosidə məruz qalmış, tarix boyu orada məskunlaşmış insanlardan təmizlənmiş, həm də bütün maddi mədəniyyət abidələri məhv edilmiş, dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığı texnika vasitəsilə darmadağın edilmişdir. Bütün bunlar özlərini dünyanın ən qədim və mədəni xalqı adlandıran barbarların - erməni vandalizminin bariz nümunəsi olaraq dünya dövlətlərinə bir həyəcan təbili olmalıdır, terrora, vəhşiliyə göz yummamağa çağırış olmalıdır.
Xocalının məhv edilmiş tarixi-maddi-mədəni sərvətlərinin siyahısı ilə yanaşı daha ağır bir statistika dayanır. 1992-ci il 25-26 fevral tarixində yer üzündə bəşəriyyətin görmədiyi bir terrorun nəticələri: 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirilmiş, 76 nəfəri uşaq olmaqla 487 nəfər şikəst edilmiş,1275 nəfər dinc sakin girov götürülmüş, onlardan 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. O qanlı gecədə 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirmişdir. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü sancılaraq öldürülmüşdür və nəhayət, 8 ailə tamamilə məhv edilmişdir – bircə elə bu sonuncu fakt soyqırımının tanınması üçün kifayət deyilmi? Bəlkə Şəhidlər xiyabanında – adsız məzarda uyuyan «Xocalıdan olan 5 yaşlı qız» soyqırımı törədənlərə və onlara dəstək olan və ya hələ də bunu görmək istəməyənlərə ittiham deyilmi? Bu məsum körpə son məkanında adsız qalaraq bütün məsum qurbanların rəmzinə çevrilməmişdirmi?
Azərbaycan xalqı başına gətirilən, xalqına qarşı törədilmiş bu soyqırımı unuda bilməz. Xalqımız bu günahsız qurbanların unudulmaması, haqq-ədalətin bərpa olunması yolunda durmadan fəaliyyət göstərir, səsimizi bütün dünyaya çatdırmaq, belə faciələrin təkrar olunmasına yol verməmək uğrunda mübarizə aparır. 2008-ci ildə Leyla xanım Əliyevanın təşəbbüsü ilə «Xocalıya ədalət!» beynəlxalq maarifləndirmə kampaniyası da bu məqsədlə yaradılmışdır. Kampaniyanın əsas məqsədi Xocalı soyqırımı ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması, həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlmişdir. Kampaniya çərçivəsində təşkil edilən tədbirlərdə əsas diqqət kütləvi qırğınlara, etnik təmizləmə və irqi, etnik və ya dini ayrı-seçkilik hallarına qarşı güclü müqaviməti nümayiş etdirməyə, Xocalı soyqırımı qurbanları ilə həmrəyliyi ifadə etməyə və Xocalıda azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə cəzasızlıq halları ilə mübarizəyə yönəlmişdir. Kampaniyanın səmərəli fəaliyyəti nəticəsində 115 təşkilat rəsmi şəkildə onu dəstəkləyir. Təbliğat və maarifləndirmə işlərində "Justice for Khojaly" informasiya portalı ermənilərin Xocalı soyqırımı ilə əlaqədar cinayətkar əməllərinin ifşa olunmasında müstəsna rola malikdir.
Dövlətimiz və ictimai təşkilatlar tərəfindən aparılan sistemli işin nəticəsində bu gün Xocalı soyqırımı bir çox ölkələr tərəfindən rəsmən tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilmişdir: Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri, o cumlədən ABŞ-nin 21 ştatı Xocalı soyqırımı ilə bağlı rəsmi sənəd qəbul etmişdir. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunmuş Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində ciddi addımlar atmağa çağırış etmiş, Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir.
Xocalı soyqırımı bizim qan yaddaşımızdır. Ancaq bu, bir millətin, bir xalqın faciəsi deyil. Aqressiv və cinayətkar erməni siyasətinin nəticəsi olan Xocalı soyqırımı XX əsrin ən böyük faciəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.
Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırımına dəqiq qiymət verərək demişdir: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir".
© 2020 - Created by İLK XEBER.