Cəmiyyətdə fərqliliklər və təfəkkür: Hər kəs eyni cür düşünməlidir? - Rəsul Mirhəşimli yazır

 Rəsul Mirhəşimli

“Biz insanı ən gözəl biçimdə yaratdıq!” (Tin surəsi, ayə 4). 
 
Allah insanı ən gözəl biçimdə yaradıb. Yaradılış qayəsinin hikmətində İNSAN olmağın formulu gizlidir. Ruhun gözəlliyi, yoxsa cismin cazibədar olması insanın dünyaya gəlişindən dartışılan mövzudur, bu dartışma dünyanın sonuna qədər də davam edəcək.
 
İnsan düşüncəsi, dünyagörüşü, həyata baxışları ilə İnsandır. Bu dünyagörüş və düşüncələr də fərqliliklərlə meydan çıxır. İnsanların ideyalarına, həyat tərzinə və dünyaya baxışlarına hörmət etmək sayğı hissindən irəli gəlir.
 
Yaradılışın mahiyyətini fəlsəfi düşüncələr müstəvisinə çəksən, insan kainatdan ayrı deyil. Başqa sözlə, kainat elə insanın özündədir. Ya insanların davranış və əməlləri kainata təsir edir, ya da kainatda baş verənlər insanı təsiri altına alır. Elə bu baxımdan İmadəddin Nəsimi yazırdı ki,
 
“Hər nə yerdə, göydə var Adəmdə var.
Hər nə ayda, ildə var Adəmdə var”.
 
Dünyanın hər yerində cəmiyyətlər fərqliliklərlə sahib olduqlarının hansi şəkildə sərgiləməsi ilə özünü göstərir. Fərqli düşüncələri, fərqli fikirləri olmayan cəmiyyətlər inkişaf edə bilməz. Vaxtilə söylənilən bir fikrə yenidən qayıtsaq, “hamının eyni cür düşündüyü yerdə, demək, heç kim düşünmür”.
 
Fərqli düşünmək yetkin davranışların cəmidir. Dialoq və diskussiyalarda hər insanın nə qədər fərqli düşündüyünü ortaya çıxarmaq, yaxud nümayiş etdirmək mümkündür. Yetər ki, insanlar bir-birini fikirlərinə görə mühakimə etmək həddinə düşməsin.
 
Hər bir fərd sayğıya layiq varlıqdır, ona görə də heç kim özündən fərqli olanlara xor baxmamalıdır və bu fərqliliklər üzərinə “əli qılınclı” yürüməli deyil.
 
Sayğı səthi, nəyinsə xatirinə göstərilən nəzakət norması deyil, həyata baxışı müəyyən edən fundamental yanaşmadır. İnsan səhv edə bilər, bu səhvlərin olması da qarşı tərəfə bu səhvlərə görə o adamı “baltalamaq” hüququ verilmir. Əksər problemin həlli etik, normal müzakirələrdən keçir. Bu müzakirələrin nəticəsində cəmiyyət inkişaf edə bilər.
 
Düşüncə hər bir insanın özünün sahib olduğu dəyərdir. Bu fikirlərlə təmasda olduğumuz zaman eyni təhlil, anlama və nəticə çıxarma prosesini yaşamırıq. Məsələn, kökündən nöqsanlı elmi yanaşmaya məruz qaldıqda, bunun nəzəri çatışmazlıqdan qaynaqlandığını dərhal anlaya bilərik və s. İnsanın səhv düşünə biləcəyini unutsaq, onu dəyərli olmaqdan çıxararıq. Başqa sözlə desək, ideyanı nəzərdən keçirərkən onu daxili ardıcıllıq, elmi əsas kimi meyarlar əsasında təhlil etməliyik.
 
Ruhumuzu qidalandıracaq dərinliyi, ardıcıllığı, mənəvi zənginlikləri olan fikirləri dəyərləndirir, təməli əskik olanları, qüsurlu olanları aradan qaldırırıq.
 
Hər kəs eynidir, hər kəs etik müstəvidə özünə sayğını sərgiləyən davranış göstərir, deyə bilmərik. Bu cür düşünsəydik, ictimai yerlərdə vulqar ifadələrin, bəzən hətta polemikaların söyüş səviyyəsində nümayişini nəzərə almamış olardıq.
 
Unutmayaq ki, hər birimizin bir vaxtlar bir çox məsələlər haqqında yanlış düşüncələrimiz olub.
 
Mənəvi dəyər göstəricilərində heç bir insanın o birindən üstünlüyü yoxdur. Yaradan üstünlük dərəcəsini təqva ilə olduğunu bəyan edir. Bir gerçəyi bilmək də təkəbbür nümayişinə səbəb olmalı deyil. Bilən kəs bilməyənləri öyrətməklə mükəlləfdir. Lakin bilgi sahibinə də sayğı ilə yanaşmağın da digər insanların vəzifəsinin olduğunu nəzərdən qaçırmaq olmaz. “Heç bilənlə bilməyən bir olarmı?” hikmətinə inanan kəslər bunu gözardı edə bilməz.
 
Heç kim gerçəyi bildiyi üçün üstün ola bildiyi və yanlış məlumatı olanların aşağılanmasının yolverilməzliyini qəbul etsək, fərdlər ortaya atdıqları düşüncənin keyfiyyətindən asılı olmayaraq, ekzistensial səbəblərə görə hörmətə layiqdirlər.
 
 
Gununsesi.info