Bu günə kimi Azərbaycanla olan sərhəddə yerləşdirilən Aİ missiyasının əsl məqsəd və məramı hələ də məlum deyil. Niyə Avropa İttifaqı daha əvvəllər bu sərhədlərin təhlükəsizliyindən narahat olmurdu?! Bu missiyaçılığın özü birbaşa ikili standartlardan xəbər verir, niyə Azərbaycanın sərhədyanı bölgədə yaşayan əhalisi 30 il müddətində minadan, erməni terrorundan əziyyət çəkəndə Aİ-nin missiyaçılıq mövqeyini görmədik? Bu, insan haqlarına olan hörmətsizlikdir.
Bunu Trend-ə Milli Məclisin deputatı Müşfiq İskəndərov deyib.
O bildirib ki, indi regionda vəziyyət dəyişib, Aİ Ermənistanı ələ almağa çalışır.
“Bu ilin aprelin 5-də Ermənistan baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula von der Lyayen və ABŞ dövlət katibi Entoni Blinken Brüsseldə görüşəcəklər. Düşünürəm ki, bu görüş Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edə bilər. Çünki bu ölkələrin Ermənistana hərbi yardımın göstərilməsi planları və aprelin 5-də keçiriləcək toplantının hərbi komponentləri nəzərdə tutduğuna dair məlumatlar əlavə narahatlıq doğurur və regionda sülh quruculuğu səylərinə ciddi xələl gətirir”, - deyə deputat qeyd edib.
Millət vəkilinin sözlərinə görə, Qərb Azərbaycanın yaratmağa çalışdığı inteqrasiya olunmuş, əməkdaşlıq mühitinin formalaşdığı Cənubi Qafqazı militarizasiya olunmuş və silah-sursatla doldurulmuş, barıt çəlləyini xatırladan regionla əvəzləməyə çalışır.
“Bu prosesdə Ermənistan tarixi ənənəsinə uyğun olaraq, vasitə qismində çıxış edir. Çünki bütün bunlar Qafqazda yeni münaqişə ocağı yaratmaq məqsədinə xidmət edir. Bəzi Qərb dövlətlərinin Cənubi Qafqazda ikinci cəbhə açmaq niyyətləri var. Əgər Qərb bu görüşdə Ermənistanla hərbi pakt imzalasa, regionda qeyri-sabitlik hökm sürəcək. Pakt regionda sabitliyin və sülhün bərqərar olmasına qarşı yönələcək.
Ermənistan bölgədə münaqişə vəziyyəti yaratmaq, yeni cəbhə açmaq məsələsində Qərbin əlində bir vasitəçi rolunda çıxış etməkdədir. Ona görə də aprelin 5-də nəzərdə tutulan görüş məhz Ermənistanın əli ilə ikinci bir münaqişə ocağını alovlandırmaq məqsədinin tərkib hissəsidir. Qərb öz mənfəəti naminə Cənubi Qafqaz xalqlarının faciəsinə səbəb olacaq addımlar atır”, - deyə deputat əlavə edib.
© 2020 - Created by İLK XEBER.