FORMAYARATMA PROSESİ VƏ İNNOVATİV METODİK YANAŞMANIN MÜASİR LAYİHƏLƏNDİRMƏDƏ ƏHƏMİYYƏTİ

NƏRGİZ AĞAYEVA

Azərbaycan Memarlıq-İnşaat Universiteti (AzMİU),  Memarlıq fakultəsi, “Mühit dizaynı”  kafedrasının dosenti, AMİ-nin üzvi, BMA-nın professoru
e-mail: nargiz.agayeva@hotmail.com



Təhsil, bəllidir ki, hər bir yetirmə, tələbə və müdavimin həyatında mühüm yer tutur. lakin, zamanın, dövranın durmadan sürətli inkişafı da təhsilin səviyəsinə əsaslı surətdə təsirini göstərir. O üzdən, XXI əsrin tələbəsi ola bilmək - nəinki gənc nəslin, həmçinin, pedaqoji heyətin də üzərinə böyük məsuliyyət hissi qoyur. Həyatın dinamikliyini, qlobal modernizm və sürətli inkisaf təmayüllərini də nəzər alsaq, prosesin nə qədər məsuliyyətli və önəmli olduğunun şahidi olarıq. Çünki, həqiqi pedaqoq üçün – bir tələbənin yüksək səviyyəli peşəkar, mütəxəssis, İNSAN və ŞƏXSİYYƏT kimi yetişdirilməsi – uzun müddət tələb edən şərəfli, ləyaqətli bir prosesdir!
Ümumiyyətlə, memarlıq və dizayn yaradıcılıq sahələrində geniş istifadə olunan “formayaratma” termini dedikdə, öncə, istənilən obyektin layihə konseptinə “bədii obraz” tətbiqetmə ehtiyacı nəzərdə tutulur. Yaradıcılıq prosesində yalnız, “İdeya- forma” vəhdətində bəlli bir unikal obraza nail olmaq mümkün sayılır.
Həqiqi mənada formayaratma – İlahi Qüvvənin bəşəriyyətə töhvə verdiyi mövcud, bütün təbii ünsürlərin, canlı aləmin estetik formalarının təhlili, analizi və tədqiqi üzərində qurulmuş “bədii” bir inikasdır. Memarlıq və dizayn layihələndirmə fənnlərinin tədrisində, formayaratma üzrə metodik üsul və qaydaların tətbiqi mütləq və vacibdir! Fənnin və metodikanın nəzəri və təcrübi təhlili – öncə, Allahın (İlahi Qüvvənin) tərənnümündən başlar. Çünki, dünyadakı mövcud olan hər bir təbii formanın bəlli bir “müəllifi”nin mövcudluğu labüd!.
Qədim dövrlərdən indiyədək olan zaman möhlətində - bəşəri memarlıq və dizayn sahəsi mütəxəssisləri qarşısında həmişə eyni problemin həlli dayanmış. Yəni, bəlli bir optimal obraza nail olmaq naminə, formayaratma prosesinin təhlili və tədqiqi problemi. Formayaratma prosesinin təməl özəyi isə – ya təxəyyülə, ya da yeganə ilham mənbəyi sayılan canlı təbiət amilləri və strukturlarına istinadən qəbul edilmiş və edilməkdədir.
Əsrlərdir, insan övladı forma axtarışında, dərrakəli və intuitiv surətdə canlı təbiətə müraciət etmiş, onu “təqlid” etmiş və yaradıcılığında onun “parodiyasını” əldə etməyə nail olmuşdur. O üzdən, bütün mövcud varlıqlar (canlı və əşya aləmi) 2 növə bölünmüş: l və ll təbiət elementləri:
-     l təbiət elementləri – İlahi Qüvvənin yaratdığı ecazkar təbiət elementləri toplusu;
-    ll təbiət elementləri – insanın yaratdığı bütün memarlıq və dizayn sahəsi üzrə yaratdığı süni elementlər toplusu.
Hər ikisi bir yerdə - formaratma prosesinin “məhsulları” sayılmaqda.
Formayaratma prosesində tapılmış optimal model variantının layihələndirməyə tətbiqi və keçid alması üçün, öncədən, düzgün, savadlı həndəsi quruluş əsası və həndəsi qurulma texnikası bəlli olmalı. Bu üzdən, indiyədək 3 həndəsi qurulma texnikası mövcud olmuş və onlar aşağıdakılardır:
1.    Əyrixətli estetika qanunlarına tabe həndəsə modeli (təbii, canlı strukturların yaranış quruluşu, Allahın həndəsə modeli – bütün canlı varlıqlar, insan da daxil, əyrixətli estetika üzərində yaradılmış);
2.     Abstrakt həndəsə modeli (təbiətdə mövcud olmayan, insan tərəfindən icad olunan formaların həndəsi quruluş texnikası – “Evklid həndəsə qanunlarına riayət edən həndəsə modeli);
3.     Qarışıq həndəsi modeli (əyrixətli və abstrakt sintez) texnikası.
Layihələndirmə fənnləri üzrə tədrisdə tətbiq olunan metodikaların da əhəmiyyəti vacib və mühümdür. Cünki, zəmanədəki qlobal çevrilişlər, tələbənin müasir inşaat dizaynı layıhələndirmə və formayaratma prinsiplərinə də təsirini göstərməkdədir. Metodik yanaşma tərzinin təhsildə mənimsənilməsi, gələcəkdə tələbənin inşaat-dizayn fəaliyyəti sektorunda şəxsi ifa manerasının, özəl dəsti-xəttinin formalaşmasına gətirib çıxaracaqdır.
1.    Layihələndirməyə qoyulan yeni tələblər, öncə, insanların yaşam tərzi ilə bağlı meyarlardan qaynaqlanır. Tarixə nəzər salsaq, orta əsrlərdən - XIX əsrin sonlarınadək, planlaşma və layihə prinsiplərində simmetrik yanaşma metodu əsas götürülürdü (insanların əqidə və düşüncə tərzinə ramən, hüzur və rahat qavrayış baxımından).
2.    XX əsrin əvvəllərindən etibarən - 1890-cı ildən “Modern” üslubu bəşəriyyətə yeni düşüncə və yaşam tərzi prinsiplərini təlqin etməyə nail oldu. Nəticədə, assimmetrik planlaşma (qeyri-standart baxış, hafizəni stimullaşdıran təlatüm və intriqa) layihə prinsipləri tətbiq olundu.
3.    XXI əsr isə - artıq həyatın kəskin dinamikliyi baxımından – sərbəst planlaşma (məkanda rahat, sərbəst davranma-trayektoriya həlli, minimum arakəsmə tətbiqi və funksional təchizat sistemi) həllərinə üstünluk verməyə başladı. Sadalanan bu dəyişimlər, həyat mərhələləri üzrə memarlıq və inşaat dizaynı obyektlərinin həllində tətbiqinə  nail olmuşdur.
Zəmanəzmizin ultramüasir inkişaf tempi, qlobal modernizm təmayülləri və kompüterləşmə amilləri – memarlıq və dizayn sahələrinin də inkişafına güclü təkan vermişdir. Artıq, əsrlərdir formalaşaraq bəlli “kök” salmış ənənəvi memarlıq kanonları, öz yerini “qeyri-ənənəvi” memarlıq prinsipləri ilə əvəzləmişdir.
Tarixi inkişaf prosesində, xüsusilə də yeni sosial-iqtisadi münasibətlərin formalaşdığı mərhələdə yaranan yeni-yeni tələbatlar, özü ilə birgə, forma və məzmunca fərqlənən yeni,  ultramüasir sistemlərin meydana gəlməsinə də təkan vermişdir. Həmçinin, yeni materiallar, ultramüasir texnologiyalar, konstruksiyalar, bədii formalar, estetik idealları da əvəzlənmişdir.
Beləliklə, bəşəri dizayn aləmi - dünya üzrə ultramüasir prinsiplərə əsaslanan; bina və qurğular üçün (ictimai və yaşam məkanları üçün) intellektual idarəetmə sistem və texnikaları,  gələcəyin texnologiyalarına  (yüksək keyfiyyətli dizaynla birgə) və çevik həllərə cəhətlənir.
Bəşəri dəyişikliklər, bilavasitə memarlıq aləminə də təsir etmədən ötüşə bilməzdi. Müasir dövr – artıq, memarlığı “sənət” qədər idarə edəcək memarlara deyil, layihəçi-operatorlara ehtiyac duyur. Sənət prinsipləri artıq, dizayn prinsiplərilə qarşı-qarşıya durmaq məcburiyyətindədir. Dizayn hər yerdə, demək olar ki, “total” reallıq kimi qavranılmaqda davam edir. O üzdən, artıq memar haqda deyil, dizayn məmulatları və inşaat dizaynı obyektlərinin layihəçiləri haqda danışmaq daha böyük məna kəsb edir.
Məsələn, zəmanəmizin məşhur dizaynerləri; Zaha Hədid, Norman Foster, Filipp Stark, Mis Van Der Roye, Valter Qropius, Jean Nouvel və s. işinin ustadlarını nümunə göstərmək mümkün. Sadalanan ustadlar, memarlıq əsərlərinin deyil, fəlsəfi düşüncə tərzinə ramən, öncə dizayn obyektləri (inşaat mühiti dizaynı) layihələrinin müəllifləridirlər. Belə qənaətə gəlmək olar ki, onlar - qlobal kompüter texnologiyalarının mükəmməl, müasir imkanlarından istifadə ilə, dizayn məsələlərinin həllində operator kimi işləməklə yaradıcılıq fəaliyyətlərini təsdiq etməyə nail olmuşlar. Həqiqi anlamda, müasir kompüter texnologiyaları, sənət aləmi deyil, dünyavi dizayn məmulatları həllərinin həyata keçirilməsi üçün əlverişli sayılır. Cünki, sənət aləmi – öncə, İlahi Qüvvənin yetirdiyi fitri istedad və canlı emosiyalara tabe olan fövqəltəbii proses çərçivəsində, unikal sənət obyektlərinin yaranmasına sövq edir. Bu üzdən, müasir zəmanənin tələbləri – Memarlıq (sənət) və Dizayn (qeyri-sənət) sahələrini artıq ayrılmaq məcburiyyətində qoymuş, həll olunacaq məsələlərin mahiyyətini də prinsipial surətdə  dəyişmişdir.
İnşaat diaynı layihələndirilməsinə tətbiq olunan müasir innovativ metodikanın əsas şərtlərindən biri də - rəng tətbiqi texnikasıdır. Hər bir insanın rəng mövqeyi – həyatı boyu dəyişə biləcəyi bir mövqedən qaynaqlanır. Rəng qədər - insanın mənəvi aləmini, duyğularını səmim ifadə edən 2-ci bir vasitə tapmaq çətin. Həmçinin, insanın əql, zəka, düşüncə, analizetmə, təhliletmə kimi özəl baçarıqları, birbaşa olaraq onun rəng “dünyasına” dəlalət edir. Yəni, insan nə qədər ağıllı isə, o qədər də onun rəng mövqeyində ”intellektual” (zəkalı) çalarlara üstünlük veriləçəkdir. Zəkalı rəng sistemi dedikdə - birbaşa olaraq, insanın ağıl və zəka səviyyəsi ilə bağlı olan rəng meylləri (təəssüratı və izahı verilməyən, qeyri-adi, maraqlı rəng kompozisiyaları) nəzərdə tutulur.
      
           Layihələndirmədə - müasir dünyanın həddsiz dinamikliyindən irəli gələn, “vizual küy” adlanan intellektual (zəkalı) rəng sistemindən də istifadə olunur. Yəni, minimum çalar sayının 5-dən (3,2,1) endirməklə, qıcıq verməyən, antistress rəng texnikasına üstünlük verməklə.
Bütün deyilənləri nəzərə alaraq, gənc memar-dizayner təbəqəsinin yetişdirilməsində müasir-innovativ tədris metodikalarına, müasir tələbə zəkasına, düşüncə tərzinə, bəşəri informasiya “okeanında” davranma vasitələrinə və s. meyarlara əsaslanaraq tədris olunma gərəkliyinə üstünlük verilir.
       
Bir qədər, innovativ metodik yanaşmalar haqda olan mülahizələri bölüşmək yerinə düşər.
Ümumiyyətlə, metodik yanaşma dedikdə;
-    müasir dövr və müasir hakim düşüncə tərzinə uyğun, tələbənin potensial imkanlarını maksimum üzə cıxartmaq;
-    tarixi memarlıq irsinin təhlili və tətbiqi üzrə ən uğurlu məqamların mahiyyətini və fəlsəfəsini açıqlamaq (dünya təcrübəsindən);
-    memarlıq irsi ənənələri üzərində “köhnəlmiş”, yalnız uğurlu və aktual metodik vasitələri rəhbər tutaraq, daha yeni, ultramüasir layihələndirmə və planlaşma üsullarını layihələndirmədə tətbiq etmək;
-    əldə olunan nəticələri real həyatın şərtlərinə uyğunlaşdırmaq (real mühit parametrlərinə istinadən);
-    ənənəvi tədris ədəbiyyatına alternativ qoyula biləcək yeni, interaktiv tədris vəsaitləri və dərsliklərin tərtibi;
-    tədris prosesində tələbələri real inşaat sektorunda baş verən innovativ yeniliklər və proseslərlə yaxından tanış etmək, onları proseslərə cəlb etmək (müxtəlif salon, şirkət, memarlıq emalatxanaları, “showroom”, fabrik, zavod və s. istehsal zonalarına olan əyani dərs-ekskursiyaların təşkili);
-    universitet çərçivəsində - dünya səviyyəli mütəxəssislər, tanınmış iş adamları və əsl peşəkar səviyyəli ustadlarla müxtəlif, aktual mövzular ətrafınfa disput gecələri, ustad dərsləri, həvəsləndirici müsabiqələr, təlim-treninqlərin keçirilməsi;
-    semestr ərzində fənnə olan münasibət və layihələndirmə prosesində özünü fəal və aktiv ifadə edən tələbələrin kafedra və ya dekanlıq tərəfindən mükafatlandırılma mərasimlərinin təşkili (gələcək peşə sahəsində daha böyük uğur və nailiyyətlərə sövq etmək, stimullaşdırmaq məqsədilə).
Layihələndirmə mədəniyyətində nəzərə alınacaq əsas tələblər aşağıdakılardır;
-     ideyaya konseptual yanaşma;
-     ideyanın orijinal həlli;
-     optimal rakurs seçimi;
-     ifadə lakonikliyi;
-     obrazın qavranılma dəqiqliyi;
-     kompozisiyanın ifadəliliyi və bütövlüyü.
Formayaratma prosesinin məntiqi ardıcılllığı:
-    konsept tərtibi (obyektə qoyulan tələblər);
-    ideyaya diqqətlənmə;
-    ideyaya metodik yanaşma variantı tətbiqi;
-    tapılmış model obtazları arasında optimal variant seçimi;
-    dizayn layihələndirməsinə keçidə hazırlıq;
-    layihə təklifinin həlli və ultramüasir tələblərə uyğun tərtibatı.
      
Tədris prosesində, tətbiq olunan müasir layihələndirmə (inşaat dizaynı obyektləri)  metodları içərisində; formayaratma prosesində özünü doğruldan (dəfələrlə sınanma mövqeyindən) – bir neçə müasir prinsiplərin adını çəkmək mümkündür:
1.    - abstrakt həndəsə elementi seçimi, elementlərindən biri ilə qruplaşma və transformasiya prinsipi;
2.    - tor prinsipi (2 və ya 3 tor müstəvisinin kəsişməsi nəticəsində maraqlı, qeyri-adi formaların yaranmasına nail olmaq);
3.    - abstrakt həndəsə elementlərinə istinadən, vahid model axtarışı və rasional-optimal variant seşiminə nail olmaq;
4.    - seçilmiş modul elementlə, variasiyalar nəticəsində kombinator artıma və müəyyən, vahid kompozisiya strukturuna nail olmaq və s.
5.    – ideya axtarışında simvolik elementlərə istinadən (istənilən mövcud formaya malik predmet, bionik struktur və s.) formayaratma prosesi vasitəsilə model axtarışı, simvolik sayıla biləcək elementin təhlili, vahid kompozisiya strukturuna və  layihələndimə prosesinə tətbiqi;
6.    – kagızdan (karton) müstəvi kəsişdirmələri vasitəsilə, vahid model axtarışı üzrə formayaratma prosesi, proses sonrası – optimal model variantının layihələndirlmə mərhələsinə keçidi.  
Beləliklə, qeyd olunanları ümumiləşdirərək belə qənaətə gəlməl olar ki, mühitdə  davranma vasitələrinin;
-     tədris və təhsil prosesinə müasir yanaşma sistemi,
-     ictimai “idarəçilik”,
-    fərdi yanaşma, individual ifa manerası və özəl dəsti-xəttin formalaşması,
-    innovativ metodların tətbiqinə istinadən tədrisə yeni yanaşma tərzi,
-    müasir formayaratma prosesində uğurlu vasitələrin tətbiqinin
təsiri mühümdür.
Memarlıq və dizayn sahələrində; mühit dizaynında mövcud olan “yaradıcılıq” fəaliyyətini isə - ətraf mühitin insani müdaxilə vasitəsilə, həmçinin, şəxsi və ictimai tələbatlara müvafiq surətdə dəyişilməsi prosesi kimi qəbul etmək mümkündür.