"30 ilə yaxındır ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisini işğal altında saxlayırdı". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Azad Məsiyev deyib.
O bildirib, bu ərazilərdən də biri Şuşa şəhəri idi: "Şuşa şəhəri Azərbaycanın tarixi ərazilərindən biri olmaqla yanaşı qədim mədəniyyət mərkəzi olub. Ümumilikdə Azərbaycanın hər torpağı Azərbaycan xalqı üçün müqəddəsdir. Xüsusilə də Şuşa şəhəri müqəddəsdir. Şuşa şəhəri Azərbaycan mədəniyyətinə böyük sənətkarlar bəxş edib. Şuşa şəhəri bir çox tədbirlərə ev sahibliyi edib. Beynəlxalq tədbirlərin Şuşa şəhərində keçirilməsi və beynəlxalq aləmin diqqətinin Azərbaycana, onun dilbər guşəsi olan Şuşaya cəlb edilməsi Azərbaycan dövlətinin siyasətinin tərkib hissəsidir. İslam əməkdaşlıq təşkilatının gənclər paytaxtı elan edilməsi, gələcəkdə bütün tədbirlərin Şuşada keçirilməsini Azərbaycanın xarici siyasətinin tərkib hissəsi kimi qiymətləndirmək lazımdır".
Onun sözlərinə görə, Şuşa şəhərinə olan diqqətə işğal olunmuş ərazilərə olan diqqətin tərkib hissəsi kimi baxmalıyıq: "İşğaldan azad olunmuş ərazilərdə abadlıq işləri gedir. Bu, böyük tikinti meydançasına bənzəyir. Həmin ərazidə hava limanının tikintisi, beynəlxalq tədbirlərin Şuşada keçirilməsi və həmin hava limanına təyyarələrin enib-qalxması bir daha onu göstərir ki, Azərbaycan işğal olunmuş əraziləri qısa müddətdə abadlaşdıracaq. Eyni zamanda da Şuşa şəhərinin tarixi Azərbaycan ərazisi olmasını bir daha sübut etmiş olacaq. Hesab edirəm ki, beynəlxalq tədbirlərin işğaldan azad olunmuş ərazilərdə keçirilməsi Ermənistanın Azərbaycana vurduğu ziyanı nümayiş etdirməklə yanaşı quruculuq işlərini də beynəlxalq aləmə çatdırmaq məqsədi daşıyır. Şuşada keçiriləcək hər bir tədbir Azərbaycanın xarici və daxili siyasətinin tərkib hissəsidir. Bununla yanaşı Şuşaya gələcək xarici qonaqları Azərbaycanın dilbər guşəsinin 30 ilə yaxın işğal altında olmasını bir daha təqdim edəcək. Qısa müddətdə azad olunmuş ərazilərdə yeni quruculuq işlərinin aparılması beynəlxalq aləmin diqqətinə çatdırılır.
Azərbaycanın Şuşa şəhəri qədim Azərbaycan torpağı olmaqla yanaşı Azərbaycan mədəniyyətinin inkişafına böyük töhfə verir. Bu baxımdan Şuşa şəhərində keçiriləcək hər tədbir beynəlxalq aləmin diqqətini Azərbaycana cəlb edəcək. Bu cür tədbirlər Azərbaycana uğur gətirəcək. Bu da işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinə bir daha töhfə verəcəkdir".
© 2020 - Created by İLK XEBER.