Deyirsiz xatirə yazan vaxtımızdı?
Firudin Ağazadə
Xarici Dillər İnstitutunda oxuyurdum. İkinci kursa keçmişdik. Professor Kamil Əliyev Müasir Azərbaycan dilindən bizə həm seminar aparır, həm də mühazirə oxuyurdu. Bir gün Kamil müəllim auditoriyaya (5-ci mərtəbə, 504-cü otaq) girən kimi dedi ki, tək-tək oturun, sərbəst yazı yazacağıq. Üç-dörd qrup (50-60 nəfər) bir yerdə idik. Kamil müəllim mövzuları lövhəyə yazdı və başladıq
Gələn mühazirədə Kamil müəllim auditoriyaya girib tribunaya tərəf gedə-gedə dedi: “Firidun Ağazadə kimdir?”. Hamı mənə baxdı. “Firidun kimdir?” – Kamil müəllim bir də soruşdu. Ayağa durdum. “Mühazirədən sonra mənə yaxınlaş” – dedi. Mühazirədən sonra Kamil müəllim şeir yazıb-yazmadığımı soruşdu. “Yaxşı yazı yazmısan. Bir dəst (bir dəst!) şeirini götür, gedərsən “Ədəbiyyat və incəsənət” qəzetinə, Sabir Rüstəmxanlının yanına. De ki, Kamil müəllim göndərib. Qoy, şeirlərinə baxsın. Dostlaşın...”.
Keçmiş Zevin küçəsindəki redaksiyanın yarıqaranlıq dəhlizində Tofiq Bayramı gördüm. Sabir müəllimi soruşdum, dedi, bala, burada üç-dörd Sabir var, sən hansını istəyirsən (O vaxt burada Sabir Almazov, Sabir Məmmədov (deyəsən, Sabir Əhmədli də) işləyirdi). Tofiq Bayram bir otağı göstərdi.
Sabir Rüstəmxanlı ilə tanış oldum, “...tanıdım”. O da şeirlərimə baxdı, götürüb Tofiq Bayramın yanına apardı. Tofiq Bayram poeziya şöbəsinin müdiri idi. “Tofiq müəllim, istedadlı oğlandır, yaxşı şeirləri var..” – deyib çıxdı. Tərəddüd içində gözləyirdim - bu Tofiq Bayram haradan çıxdı”- deyə.
Tofiq Bayram mənə qıyqacı baxdı, tənə ilə “Elə bayaq gələydin də yanıma...” deyib vərəqləri qabağına çəkdi. Qalın dili ilə dodaqlarını islatdı (belə şakəri vardı, şeir oxuyanda görmüşdük), şeirləri oxumağa başladı. Bu misralara gəlib çatdı: “Bakı, ay Bakı, bu payız sənin, bir tel işığını, Bir ilmə, bir qırçın yaraşığını Bir dağlı qızını anama gəlin, Ömrümə səadət aparacağam, ...Könlümə hərarət aparacağam... Nəğməmə nəqərat aparacağam...”. Şeir təxminən belə idi. Vərəqləri yerə qoyub başını qaldırdı: “Baa! Bəlkə heç apara bilmədin? Nədi, elə hamınız Bakıdan qız aparmağa gəlmisiz?..”. “Bah!” ya da “Pah” demədi ha, “Baa!” dedi. “Qoy, qalsın, baxarıq”.
Deyəsən, heç baxmadılar da...
Sonralar Sabir Rüstəmxanlı “Yazıçı” nəşriyyatında baş redaktor işləyəndə şeir qovluğum orada 2-3 il yatıb qaldı, axırda Rüstəm Behrudi zəng etdi ki, sənin kitabını yenə plana salmırlar, gəl, 3-4 şeirini seçmişəm almanax üçün. Qovluğumu götürüb “Gənclik” nəşriyyatına verdim, orada çıxdı, amma çox gec oldu... Şeirlərim haqqında yaxşı sözlər demiş Məmməd Aslan deyirdi ki, “Ay Firidun, şeir yazmaq bir şeydir, onu kağızda, jurnalda cücərtmək dürlü-dürlü bacarıqlar istəyir adamdan... Gərək zirək olasan”. O zaman redaksiyalarda regionçuluq, proteksiya vüsət tapmışdı, bir yandan da şeirə axın var deyə, küsdürdülər, pisikdirdilər bizi redaksiyalardan, uzaqlaşdırdılar... Poeziya şöbəsi müdirlərinin üz-gözündə şeirdən bezgin bir ifadə vardı... 80-cilər bilir, bu nə ağrıdı...
Sabir Rüstəmxanlı nazir də oldu, mən də Azərnəşrdə işləyirdim. Üzlü biri deyiləm, “ütük və mütəhərrik” olmaq xasiyyətim yoxdu. Demədim, heç yadına da salmadım, onunsa vaxtı yox idi (Sabir bəyin qardaşı Şahbaz Xuduoğlu yazır: “...Sabir mənə dedi ki, siz çoxsuz, mən təkəm... kömək eləyə bilmirəm). Sabir bəy mənə də kömək eləyə bilmədi. Başı özünə qarışmışdı. Bir də ki, özü dediyi kimi, “səadət adlı kəhər atın cilovuna əli çatmışdı, onu arzu mənzilinəcən çapmaq istəyirdi”. Və çapdı da!
Sabir Rüstəmxanlı döyüşürdü. O zaman “Yazıçı” nəşriyyatında “bir dəstə quldur” redaktor işləyirdi, Sabir bəy onlarla döyüşürdü – sözü ilə də, yumruğu ilə də. Paxıllığını çəkənlər də çox idi.
Beləcə, yaxın-uzaq dost olduq. O zamandan Sabir Rüstəmxanlı sözünün təəssübünü çəkməyə başladım. İndi də xətri əzizdir. Sabir Rüstəmxanlı xalqımızın sevimli şairidir, böyük vətəndaşdır. Bakıda ilk şair dostlarımdan biridir. O indi də döyüşür. Mən onunla fəxr edirəm. O bütün döyüşləri uddu. Bacardı...
Mənsə... “səksəninci illər”in dostları bilir, bu laqeydlik səbəbindən özümə acığım tutdu, illər öncə əlimi tutdum, şeir yazmadım... Yazmaya bildim. Şeiri də növbə ilə çap eləyərlər?...
Və tərcümə məni xilas elədi.
P.S. İllər öncə Sabir Rüstəmxanlıya ithaf etdiyim bir şeri də oxuculara təqdim edirəm.
Sabir Rüstəmxanlıya
Alar meşəsinin o üzündəki qonşu kənddə
Sabir Rüstəmxanlı varsa,
Çəngəsər dağının o üzündəki qonşu kənddə
Ağacəfər varsa,
Dağın bu üzündən şair olmazmı?
Mən necə şair olmayım?
Neynirdim sevginin sinə dağını,
Alışa ürəyim,
Alışa ömrüm.
Xəyalı dolaşıq, ruhu dağınıq,
Eşqi rədd olunmuş cavanlar gördüm,
Sevən ürəyimə acığım tutdu,
Oturdum başladım şer yazmağa.
Qarlı Savalanın qənşəri Dağım -
O Dağdan bu Dağa çağıran səsəm.
Alışar iç dağım, içəri dağım
O Dağın şerinin yaza bilməsəm.
O Dağın şerini yazacağam mən.
Ayaq üzəngidə, diz qabırğada,
Ömrümün yolunu yormağa çıxdım.
Nahaqdan söylənən söz qabağında
Sussam, vicdanımdan utanacaqdım.
Bilmədim ilk sözüm haçan doğuldu,
Yapışdım qolundan haçan ilhamın.
Bir üzü həmişə ümidli oldu
Şəhərli dünyamın, kəndçi dünyamın.
Qəmi də görmüşəm,
zalım olur qəm
Qəm mərdi namərdə təslim eləyər.
Gümanları girinc, bəxti daşqədəm,
Sevinci açılmaz tilsim eləyən
O Qəmin şerini yazacağam mən.
Can əsirgəmədim sözü duyana,
Əhdə, etibara vuruldu könlüm.
Güllə mənzilində – təlaşlı durna,
Mağar qəndilində nur oldu könlüm.
Könlümün şerini necə yazmayım?
Məni duyğu-duyğu gətirdi dilə,
Eşqim
dərdimə də bal qatdı mənim.
Günəşə ucalan ümidlərilə
Bir az da şairlər aldatdı məni,
Dedilər “yaşamaq gözəldir, qardaş”
Mən də bu gözəlin eşqinə düşdüm.
Bakupost.az
© 2020 - Created by İLK XEBER.