Tanınmış jurnalist Qalib Rəhimlinin yaradıcılıq bioqrafiyası nə az, nə çox hələ ki, 50 illik bir dövrü əhatə edir. Onun keçdiyi şərəfli sənət yolu öz peşəsinə ləyaqətlə, namus və vicdanla xidmət etməyin ən gözəl nümunəsidir.
Qalib Rəhimlinin mətbuatla daha sıx bağlılığı 80-ci illərə təsadüf edir. Bu o dövr idi ki, SSRİ deyilən mənfur imperiyanın dayaqları artıq sarsılmağa başlamış, respublukaların bir çoxunda, o cümlədən Azərbaycanda milli oyanış, azadlıq və müstəqillik meylləri getdikcə geniş vüsət almağa başlamışdı. Təbii ki, belə bir situasıyanın yaranması yerlərdə kütləvi repressiya və həbslərin, qanlı münaqişə və qarşıdurmaların baş verməsinə səbəb olmuşdu. Bütün maneə və müqavimət cəhdlərinə baxmayaraq sonda müstəmləkəçi rejim xalq hərəkatı qarşısnda tab gətirə bilməyərək diz çökdü və əbədi olaraq tarixin zibilliyinə atıldı. Çox təəssüf ki, həmin ərəfədə “bəlkə də qaytardılar” xülyası ilə yaşayan bir çox qələm adamları xalqın azadlıq mübarizəsindən, milli müstəqillik və dövlətçiliyimizin, ərazi bütövlüyümüzün bərpası istiqamətində görülən işlərdən yazılar yazmağa ehtiyat etdi, bəziləri isə keçid dövrünün doğurduğu maddi və mənəvi sıxıntılara dözməyərək öz peşəsindən uzaqlaşdı. Belə bir mürəkkəb və çətin tarixi məqamlarda Qalib Rəhimli fəal və fədakar bir jurnalist kimi həmişə xalqın yanında oldu, onun qurub-yaratmaq əzmini, eyni zamanda başlıca problemlərini yüksək peşəkarlıqla, obyektiv və prinsipial şəkildə işıqlandırdı. Bu yolda o, bəzən ən müxtəlif maneələrə, hədə-qorxu və təzyiqlərə məruz qalsa, dolanışıq və guzaran baxımından çox ciddi çətinliklərlə üzləşsə də öz əqidəsindən və tutduğu yoldan dönmədi. Ona görə də Q. Rəhimli uzun illərdən sonra, “Dedim bəlkə sözüm qala” (“Klass Print” nəşriyyatı, 2023) adlı kitabı ilə, necə deyərlər, alnı açıq, üzü ağ, eyni zamanda özünün şəxsi təvazökarlıq xislətindən doğan yüksək məsuliyyət hissi ilə sanki öz oxucularına hesabat verir. Kitabın redaktoru tanınmış yazıçı-jurnalist Rəfiqə Sadıqova, nəşrə hazırlayanı isə poeziyada xüsusi yeri olan şair Rafail İncəyurd İsmayılovdur. Yəni, Qalib Rəhimlinin təqdim etdiyi bu kitab həm də sözü kifayət qədər bilən, onu qiymətləndirən söz xiridarlarının süzgəcindən keçib.
7 fəsildən ibarət olan bu kitabda son onilliklər ərzində kediyimiz yolun dolğun və mükəmməl təsvirinə rast gəlirik.Ən maraqlı cəhət budur ki, kitabda müəllifin ilk qələm təcrübələrindən tutmuş lap son illərə qədər yazdığı məqalələr yer almışdır. Bu isə onun bir jurnalist kimi sənətin çətin və mürəkkəb yollarında necə inkişaf edərək püxtələşdiyini izləməyə imkan verir. Birinci fəsildə oxucular xalqımızın xilaskarı, azdlıq və müstəqilliyimizin baş memarı, öz adını tarixə qızıl hərflərlə yazmış ulu öndər Heydər Əliyev haqqında maraqlı yazılarla tanış ola bilər. Ölkəmiz üçün son dərəcə ağır və çətin olan bir dönəmdə bu böyük şəxsiyyətin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişi və onun öz xilaskarlıq missiyasını necə dahiyanə bir ustalıqla yerinə yetirməsi müəllif tərəfindən yüksək peşəkarlıq və minnətdarlıq hissi ilə qələmə alınmışdır.
Qalib Rəhimli BDU-dakı təhsil illərində görkəmli nasir və ədəbiyyatşünas alim, mahir pedaqoq Mir Cəlal Paşayevın tələbəsi olmasa da ( bu böyük insanın tələbəsi olmaq üçün Qalib bir il gecikmişdi ) müdrik, alicənab hərəkət və davranışları çox böyük rəğbət və heyranlıqla qarşılanan böyük ədib haqqında hər kəsdən yüksək fikirlər eşitmişdi. Onunla həmsöhbət olmasa da, auditoriyalarda dərsini dinləyə bilməsə də həm əsərlərindən, həm də tələbələrindən eşitdikləri onun bu böyük sız adamına rəğbətini çox-çox artırmışdı. Buna görə də o, bu kitabın birinci fəslinə böyük ədiblə də bağlı bir material daxil etmişdir.
Q. Rəhimli heç nədən çəkinmədən Vətənin ağır günlərində qələmi süngüyə çevirərək daim əsgər və zabitlərimizin yanında olmuş, qəhrəman oğullarımızın döyüş hünərindən silsilə yazılar yazmışdır. Ərazi bütövlüyümüz uğrunda mübarizədə Gəncə və gəncəlilərin fəal iştirakı, ön cəbhəyə hərtərəfli maddi və mənəvi dəstək göstərməsi danılmaz faktdır. Bölgənin müxtəlif sənət və peşə adamları, hətta ali məktəb tələbələri də bu müharibədə könüllü iştirak etmiş, düşmənə layiqli cavab vermişlər. Onların arasında xeyli sayda ölən və yaralananlar da olmuşdur. Xalq öz şəhidlərinin xatirəsini həmişə uca tutur, qazilərə hərtərəfli yardım göstərir. Gəncəbasar ərazisində döyüşlərin daha çətin və daha gərgin getdiyi yerlər var ki, qələbənin qazanılmasında onların böyük əhəmiyyəti olmuşdur. Bütün bunlar kitabdakı ikinci fəsildə rəngsiz, boyasız, tarixi reallığa uyğun şəkildə öz əksini tapmışdır. Vaxtlə bəzi müti, satqın və xayin rəhbərlərimzin Moskvanın göstərişi ilə Qazax rayonu ərazisindən düşmənə torpaq verməsi Q. Rəhimli tərəindən sərt şəkildə tənqid olunur. Müəllif baş vermiş həmin hadisənin əsl mahiyyətini dəqiq şəkildə açıqlayır və bu işdə əli olanların hamısını tarixin ədalət mühakiməsinə təqdim edir.
Kitabın üçüncü fəslinə daxil edilmiş yazıların bir çoxunda milli jurnalistika sənətimizin çoxillik ənənələrinə daim sadiq qalan və ürək yanğısı ilə onun təəssübünü çəkən Q. Rəhimli son zamanlarda bu sənəti alver və qazanc mənbəyinə çevirən, “reket jurnalistika”ya rəvac verən, öz şəxsi mənfəəti üçün ağa qara deyən, layiqli, vicdanlı insanlara şər və böhtan atan söz dəllallarının hərəkətlərini qəti şəkildə pisləyir və onları tutduqları bu əyri yoldan çəkinməyə çağırır. Elə həmin fəsildəcə müəllif belələrinə örnək və nümunə ola biləcək sənətsevərləri, sözü və mədəni irsimizi bütün xırda, çılız hisslərdən üstün tutan yaradıcı adamları böyük hörmət və ehtiramla öz oxucularına təqdim edir.
Son illərdə Azərbaycanda avtomobil, maşınqayırma və digər sənaye sahələri sürətlə inkişaf etməkdədir ki, bu da ölkə iqtisadiyyatının möhkəmlənməsində mühüm rol oynayır. Qürur hissi ilə deyə bilərik ki, Azərbaycan tədricən idxal edən ölkədən, ixrac edən ölkəyə çevrilməkdədir. Gəncədə fəaliyyət göstərən sənaye müəssisələrinın bu sahədəki istehsalat uğurları Q. Rəhimlinin sözügedən kitabındakı dördüncü fəsildə geniş və müfəssəl şəkildə işıqlandırılır.
Təcrübəli kənd təsərrüfatı mütəxəssisləri və bu sahə ilə məşğul olan alimlərlə uzun illərdən bəri davam edən tanışlıq və ünsiyyəti Q. Rəhimlinin aqrar sahənin problemlərinə dərindən bələd olmasına kömək etmişdir. Haqqında söhbət açdığımız kitabın beşinci fəslinə daxil edilmiş yazılarda müəllifin bu sahəyə dərindən bələdliyi aşkar hiss olunur. Q. Rəhimliyə görə, ölkə iqtisadiyyatının neft asılılığından xilas olmasında və əhalinin ərzaq məhsullarına olan tələbatının ödənilməsində aqrar sahənin inkişaf etdirilməsi son dərəcə mühüm əhəmiyyətə malikdir. Dövlətin bu istiqamtətdə apardığı siyasətin əsas tərkib hissələrindən biri də yüksək ixtisaslı kənd təsərrüfatı mütəxəssilərinin hazırlanmasıdır. Məlumdur ki, yalnız elmi bilikləri kənd təsərrüfatına tətbiq etməklə aqrar sahədə yüksək məhsuldarlığa nail olmaq mümkündür. Respublikamızın ən qocaman ali təhsil müəssisələrindən biri olan Azərbaycan Dövlət Aqrar Universiteti həm kənd təsərrüfatı kadrlarının hazırlanmasında, həm də elmi araşdırmaların aparılmasında müstəsna rol oynayır. Respublikamızın Prezidenti cənab İlham Əliyev bu universitetdə olarkən tədrisin və aparılan elmi-tədqiqat işlərinin vəziyyəti ilə maraqlanmış, pedaqoji kollektivə dəyərli tövsiyyələr vermişdir. Ona görə də Q. Rəhimli ölkə başçısı ilə universitetin tələbə və müəllim kollektivinin görüşünü məmnuniyyətlə xatırlayır və həmin görüşün bu təhsil ocağı üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayır.
Kitabın altıncı fəslinə daxil olmuş təhlil və araşdırmalardan da göründüyü kimi, Q. Rəhimli digər mətbuat nümayəndələrindən fərqli olaraq müasir ədəbi prosesi müntəzəm izləyir, ayrı-ayrı qələm adamlarının yaradıcılığı, çağdaş ədəbiyyatımızın aktual problemləri ilə bağlı maraqlı fikirlər söyləyir. O, öz təhlillərini konkret bədii mətn əsasında apararaq hər bir müəllifin fərdi yaradıcılıq keyfiyyətinə, poetik duyum və üsluba malik olduğunu nəzərə çarpdırır. Əlibala Hacızadə, Adil Cəmil, Gülnarə Cəmaləddin, Sevinc Yunuslu, Aybəniz Əliyar, Südabə İrəvanlı, Abdulla Qurbani, Maşallah Məftun, Hafiz Rüstəm kimi yazıçı və şairlərin yaradıcılığı Q. Rəhimlinin diqqətini bir çox məziyyətləri ilə cəlb edir. Q. Rəhimliyə görə, bu qələm adamları vətənpərvərlik, doğma el-obaya bağlılıq, milli mənəvi dəyərlərə hörmət və ehtiram, təmiz, saf məhəbbət və s. bu kimi mövzularda oxuculara yeni söz, yeni fikir söyləyir, onların daxili aləmini zənginləşdirirlər. Bədii söz sənətinin ən böyük tərbiyə məktəbi olması fikri müəllifin təhlil və yanaşmalarında bir daha öz təsdiqini tapır.
Q. Rəhimli uzun illərdir ki, həm də bədii yaradıcılıqla məşğul olur. Onun nəsr əsərləri süjet xəttinin orijinallığı, fərdi cizgilərə malik obrazlar qalereyası, poetik dil və üslubunun mükəmməllliyi ilə diqqəti cəlb edir. Bu kitabda rast gəldiyimiz “Məhəbbət olmayanda” və “İki mollanın bir hekayəti” adlı nəsr əsərlərində müəllif gündəlik həyatda gördüyü və müşahidə etdiyi hadisə və əhvalartları özünəməxsus ustalıq və məharətlə qələmə almışdır.
Bir jurnalist və bir yazıçı kimi Q. Rəhimlini xarakterizə edən əsas əlamətlər nədən ibarətdir? Bu fədakar qələm adamı predmet və hadisələrin mahiyyətinə nüfuz etməyi, onu analitik təhlil süzgəsindən keçirməyi, gördüklərini və müşhidə etdiklərini yüksək peşəkarlıqla qələmə alımağı bacarır. Obyektivlik və prinsipiallıq, jurnalistika sənətinin nüfuzunu qorumaq və ona geniş oxucu sevgisi qazandırmaq istəyi də onun publisist və nasir portretini tamamlayan ən səciyyəvi cizgilərdir.
Kitabdan da göründüyü kimi, Q. Rəhimli publisistikanın ən müxtəlif janrlarında öz qələmini məharətlə sınaqdan keçirmişdir. Qalib Rəhimlinin özünə məxsus, orijinal yazı tərzi var. O, yeri gəldikcə öz məqalələrində bədii dilin çeşidli imkanlarından istifadə edir. Belə bir yazı manerası müəllifin təhkiyəsinə əlavə bir şirinlik qatır. Qalib Rəhimli geniş oxucu auditoriyası olan jurnalistdir. Söz yox ki, bu da onun yazılarında aydın sezilən güclü müasirlik ruhu, mövzunun aktuallığı və müəllif yanaşmasının yeniliyi ilə əlaqədardır.
Hörmətli qələm dostumuzu llk kitabının işıq üzü görməsi münasibətilə ürəkdən təbrik edir, ona yeni yaradıcılıq uğurları arzu edirik. İnanırıq ki, müəllifin bu kitabı oxucular tərəfindən çox böyük rəğbət və maraqla qarşılanacaq.
Sahib İbrahimli,
Əməkdar mədəniyyət işçisi, filologiya üzrə fəlsəfə doktoru
© 2020 - Created by İLK XEBER.