“Azərbaycandakı oxucularımın əllərini sıxmaq istərdim” – Culian Barns: “Onlar həmişə sənətə nifrət edəcəklər”

HafizTimes.com-un müsahibi dünya ədəbiyyatının ən görkəmli nümayənlərindən biri, “Buker” mükafatı laureatı ingilis yazıçı Culian Barnsdır. Junalist Hafiz Əhmədovun suallarını cavablandıran məşhur ingilis ədibi Culian Barns ilk dəfə olaraq Azərbaycanla bağlı fikirlərini də ifadə edib.

– Real həyatda sənətə aid olmayan nəsə varmı? Ümumiyyətlə, sənətin azadlığı ilə sənətçinin azadlığı harada bir-birindən ayrılır?

– Düşünürəm ki, dünyada və bizim təsəvvürümüzdə olan hər şey sənət mənbəyidir və ya ola bilər. Heç bir şey məhdudiyyətsiz deyil – baxmayaraq ki, əsrlər boyu dini və sosial qanunlar bəzi mövzuların işlənməsini qeyri-mümkün etmişdir. Sənətkarın azadlığı ilə sənət azadlığı bir-birindən ayrılmaz və əlaqəlidir. Ancaq insanlar həmişə başqalarının sənət yaratmasına və ya ondan zövq almasına mane olmaq istəyəcəklər. Yadda saxlamalıyıq ki, bəziləri həmişə sənətə nifrət edəcək, dəyərsiz hesab edəcək və onu sıxışdırmağa çalışacaqlar. Xüsusilə, siyasətçilər və kahinlər – çünki sənət alternativ gücdür, qanunvericidir və onlar da həqiqətən öz güclərinə qarşı olan hər hansı təhlükəyə nifrət edirlər.

– Ömrün sonuna yaxınlaşarkən bəzi şeyləri dəyişdirməyin mümkün olmadığını başa düşən insan nə etməlidir?

– Mümkün qədər fəlsəfi olmağa çalışın, bütün bunların qaçılmazlığını, həyatın struktur təhlükəsini qəbul etməyə çalışın. Böyük şairlərimizdən biri olan Filip Larkin yazırdı ki, “Cəsarət başqalarını qorxutmamaq deməkdir”, bunu həyata keçirmək asan olmasa da, ölmək üzrə olanlara yaxşı bir məsləhətdir.

– Həqiqətən də qorxulacaq bir şey yoxdur?

– Bəli, ölüm haqqında kitabımın adı (həm də ailəmin xatirəsi) ironikdir. Və qeyri-müəyyəndir. Qorxulacaq şey məhz HEÇ BİR ŞEY-dir, yəni heçlik, ölümlə bağlı mənliyin daimi, əbədi yox olmasıdır. Bu, mənim üçün son dərəcə qəbuledilməz olaraq qalır.

– Xatırladıqlarımızın nə qədəri real, nə qədəri bizim uydurmadır?

– Əvvəllər bu sualın cavabını bildiyimi düşünürdüm, amma indi daha az əminəm. Düşünürəm ki, uydurma çox erkən başlayır və bizim sevimli xatirələrimiz dəfələrlə təkrarlandığına görə yəqin ki, az etibarlıdır.

– Məşhur “Aqibət duyğusu” romanınızın uğur sirri nədir? Sizin üçün son nə deməkdir?

– Bir kitabın digərindən nə üçün daha uğurlu olduğunu bilmirəm. Bunu heç vaxt proqnozlaşdıra bilməmişəm. Düşünürəm ki, “Aqibət duyğusu” bir insanın bütün həyatı boyu ehtiyatla, müdafiə ilə yaşadığını, lakin sonda həyatın onu incitmək üçün geri döndüyünü, günah və vicdan üçün həmişə nələrsə ödənilməli olduğunu göstərən bir əsərdir.

– İntihar etmək istəyən birinə nə deyərdiniz?

– Deyərdim: əgər siz ağır xəstə deyilsinizsə və əzabınıza son vermək istəmirsinizsə bu, həqiqətən də pis fikirdir. Həyat yalnız kiçik artımlarla olsa belə, daha da yaxşılaşacaq.

– Dünyada süni intellektin (AI) inkişafı əsl yazıçılara necə təsir edəcək?

– Mən həqiqətən də bilmirəm və bunu düşünmək üçün demək olar ki, yaşım da çoxdur. “Əsl yazıçıların” təhlükə altında olduğuna inana bilmirəm. Məsələn, süni intellekt cihazının “Flaubert tutuquşusu”nu yaza biləcəyinə inanmıram. Baxmayaraq ki, o kitabın bir cihaza daxil olduğunu və təqlid versiyasının ortaya çıxdığını təsəvvür edə bilərəm. Mən şübhəsiz ki, süni intellektin ölümdən sonra da filmlərin çəkilməsinə təsir etdiyini təsəvvür edə bilərəm – Ceyms Bond hekayələri maşından kolbasa kimi çıxarıla bilər, vasitəçiyə ehtiyac yoxdur. Və müəlliflik hüququ qətiyyətlə müdafiə olunmalıdır. Amma bəlkə də yanılıram – ola bilsin ki, orijinal “yazıçı” da istehsal oluna bilər…

– Dinin həyatınızdakı rolu nədir?

– Din həyatımda heç bir rol oynamır, baxmayaraq ki, müəyyən mərhələdə bədii ədəbiyyat üçün mövzu ola bilər. Kapitalizm monopoliyaya meyl etdiyi kimi monoteist dinlər də fanatizmə meyllidirlər. Mən çoxallahlılığın bir cəmiyyətdə işlədiyini təsəvvür edə bilərəm – o demək deyil ki, bu, doğrudur.

– Bildiyimiz qədər ilə rus dilini bilirsiniz. Rus dilində dünyaya mesajınız nə olardı?

– Artıq rus dilini demək olar ki, çox az bilirəm – sonuncu dəfə bu dili öyrəndiyim gündən 60 il keçir. Rus ədəbiyyatını da tərcümədən oxuyuram. Amma bir neçə il bundan əvvəl Moskvada olarkən üzərində kiril əlifbası ilə “BURGER KİNG” yazılan iri flüoresan lövhəni oxuya bildim.

– Müsahibə üçün sizə Azərbaycandan yazdığımızı biləndə ilk nə fikirləşdiniz? Azərbaycanda Culian Barnsı sevən insanlara nə demək istərdiniz?

– Məmnun oldum – kitablarımın sizin ölkədə nəşr olunduğuna əmin deyildim. Sonra uşaqlığımın altı cildlik marka kolleksiyasına getdim və gördüm ki, sizin ölkədən bir dənə də olsun markam (poçt markası) yoxdur. Oxucularımın ürəkdən əllərini sıxmaq, onlarla bir qədəh şərab qaldırmaq və kitablarımın da daha çox tərcümə olunmasını istərdim.

Hafiz Əhmədov

HafizTimes.com