Olmaz
Mənə qələm verib rəbbimiz Kərəm
Könül sevən nə var nəzmə çəkirəm
Sözdən uca bəndlər , qala tikirəm
Yüz illər keçsə də alanı olmaz.
Yalanla aram yox , gözümə mil çək
Yazıram həyatda nə ki var gerçək
Əgər inanmasan imtahana çək
Nə qədər sınasan yalanı olmaz.
Sən ağlıq axtarma qəlbi qarada
Kimin qüdrəti var kimsə yarada?
Bağçalar salaram qumlu səhrada
Haqqdan çiçək açar, solanı olmaz.
Vaxtkən göz önündən pərdələri sök,
Özünə ədəbdən gözəl qala tik.
Dibiyox qablara nə qədər su tök
Zəhmət hədər gedər, dolanı olmaz.
Çalış sən kömək ol haqqa və düzə,
Yol vermə haqq olan əzab dözə.
Əhməd sözü deyər hər zaman üzə
Gizlində, pünhanda qalanı olmaz.
Şəhidlər
İllər boyu həsrət ilə yandı ürək, qabar oldu.
Sevinc tərk etdi qəlbimi, paya düşən qübar oldu.
Şükür ki, qış keçib getdi, payızımda bahar oldu
Gəzirik Laçın, Kəlbəcər, sayəsində Səhidlərin
Torpağı Vətən etməkdir qayəsi də Şəhidlərin.
Neçə illər vətən oğlu hazırlaşdı bu səfərə.
Gözlədi ki, fərman ola, çıxa mübarək səfərə.
Məhv eylədi qaranlığı, Vətən qovuşdu səhərə
Göstərdi həddi-səddini dığa adlı iblislərə
Günəş döğdu Qarabağa sayəsində Şəhidlərin
Elə şəhid olmaq imiş qayəsi də Şəhidlərin.
Bizə qardaş deyənlərə, biz həm dost həm ənsarıq dedik
İki dövlət bir millətik, biz türkük , qardaşıq dedik
Gün gələr ki, Turan adlı bir eldə yaşarıq dedik
Başımız qalxdı sinədən, biz də burda varıq dedik
Qeyrət, şərəf döndü yurda sayəsində Səhidlərin
Diz üstündən qalxdı yurd da sayəsində Şəhidlərin.
Hər tərəfdən özü ilə sərhəd olan Azərbaycan
Dörd parçası ayrı düşüb , qürbət olan Azərbaycan.
Dərddən acı göz yaşlsrı gur sel olan Azərbsycan.
Oğulların qüdrətiylə cənnət olan Azərbaycan
Vətən də sildi göz yaşın sayəsində Şəhidlərin
Vətən də dik tutur başın sayəsində Şəhidlərin.
Füzuli, Cəbrayıl, Şuşa, Ağdam, Qubadlı, Zəngilan,
Xankəndi, Sərsəng, Ağdərə, Xocalı, Hadryt, Əsgəran
Yetdi dada övladların, gəldi düşməndən öc alan
Elə bir qisas aldılar, tarix boyu yadda qalan.
Zirvələrdə məğrur-məğrur indi şərəflə ucalan
Üçrəngli bayraq ucalır sayəsində Səhidlərin
Əhməd də rahat qocalır sayəsində Şəhidlərin.
İstəyirəm
Səmimiyyət istəyirəm...
İstəyirəm salam verəm,
salam alam...
İstəyirəm mənə verilən salamın
Ürəkdən verildiyini duyam, biləm.
Çətinmi bu?
Çox çətinmi?
Salam səmimi deyilsə,
Mən ünsiyyəti kəsimmi?
Məncə elə çətin deyil səmimilik.
Ömür qalıb bir saniyə?
Ya on illik?
Xoş söz qanad verir qəlbə.
Həəə... bəlkə də
Təsiri yoxdur xoş sözün
Özü saxta olan qəlpə.
Bizim eldə bir məsəl var:
"Heyvan iyləşə-iyləşə,
insan dilləşə-dilləşə".
İyləşərək ünsiyyət qurar heyvanlar.
Bəs insanlar? İnsan dilləşə-dilləşə...
Qulaq ver sən bildirişə.
Dil verilib insanlara xoş söz üçün.
Verilməyib yandırmaqçün ya köz üçün...
Bir az şirindil olsanız
Səmimi olsanız əgər
İnanın ki, ətrafınız lazımınca
Verər dəyər.
Heç duymadım kimsə deyə
Dəyər verərkən ölüyə:
"Dili yaman acı idi,
Allah rəhmət etsin ona"....
Şirindil ol, hazırlaş ki,
Ömrün gəlib çatsa sona
Səni anan zaman hər kəs
Qoy söyləsin ki, "filankəs
Gözəl şirin adam idi.
Dili şəkər, badam idi".
Kişi var ki...
Kişi var ki, tarixlərə səs salıb.
Kişi var ki, zaman altında qalıb.
Kişi var ki, həyat ona əmanət
Kişi var ki, həyatı girov alıb.
Kişi var ki, çıxar aslan ovuna.
Kişi var ki, girər tülkü donuna.
Kişi var ki, varmı, yoxmi fərqi yox
Kişi var ki, dəyər biri onuna.
Kişi var ki, gözləri var, baxar kor
Kişi var ki, gördüyünə qurar tor.
Kişi var ki, bəyaza qara deyər
Kişi var ki, həqiqətdən don geyər.
Gəzəynlərin söhbəti
Axşam sakitlik idi.
Sülh və əminlik idi.
Heç yerdən gəlmir hənir
Yox idi bir səs-səmir.
Hamı yığışıb evə
Göz dikmişdi tv-yə.
Kimi nərd oynayırdı
Kimi dərd qovlayırdı.
Ay da saçırdı işıq.
Ay, dünyaya yaraşıq.
Venera baxıb yerə
Dedi: balaca kürə.
Amma orda insan var
Gözəl təbiət, can var.
Kaş ki, gələ insanlar
Məndə məskən salalar.
Olalar mənə sakin...
--Amma, ancaq və lakin--
Mars sözün kəsdi onun.
-- Tələsmə, gözlə sonu.
Mən çox yaxınam yerə
Bilirəm ona görə.
Sən dediyin insanlar
Tökürlər nahaq qanlar.
Əgər gəlsələr onlar
Səndə sülhə son olar.
Bir az diqqətlə baxsan
Özün şahid olarsan.
İnsanlar yaman qəddar
Hər yer onlar üçün dar.
Bir qarış torpaq üçün,
Pul adlı yarpaq üçün
Qırırlar bir-birini,
Öldürürlər dirini.
Eşidib onun sözün
Yupiter açdı gözün.
Göz yaşları ələndi,
Ağır-ağır dilləndi:
-- Hə, Mars doğru söyləyir.
Mənim yadıma gəlir
Yerin yaranışı da
İnsansız varışı da.
Çox gözəl idi onda
Hər yer al-yaşıl donda.
Mən vurulmuşdum ona
Gözəl, sakit qoynuna.
O sa insanı seçdi
Özünə kəfən biçdi.
İnsan gəldiyi gündən
Yer ayrıldı sülhündən.
Sən baxma ki, insanlar
Gözəllik yaradırlar.
Biri yaradan zaman
O biri yıxır haman.
Sən əl çək o arzudan
İnsan adlı azğından
Heç gözləmə gözəllik.
Unutsan birdəfəlik
Özünə xeyir olar
Sülh də səninlə qalar.
Bu vaxt ara qarışdı
Mars onlara qışqırdı:
Baxın itlər savaşır
Savaş yerə yaraşır.
İtlər durub üz-üzə,
Baxırdılar göz-gözə.
Hürüb, söyüş söyləyib
Səs-küy qaldırmışdılar
Yaman qudurmuşdular.
Birdən biri ucadan
Söylədi: sən insansan.
O biri baxıb ona
Girdi qəzəb donuna.
Dözmədi bu təhqirə
Atılıb birdən-birə
Cumub aldı dişinə
Baxmadı göz yaşına.
Sürüyüb, sürtdü yerə
Cavab verdi təhqirə.
Mars başını bilayıb
Dedi:nə böyük ayıb.
Allah yaradan zaman
Dedi yaşasın insan.
İnsansa nələr etdi...
Əyri yollarla getdi.
İş o yerə çatdı ki,
İnsanlıqdan azdı ki,
İt, itliyilə belə
İnsan sözünü dilə
Söyüş kimi gətirir.
İtçün "insan" kəlməsi
Söyüşün betəridir.
Venera baxıb Marsa
Dedi: nə yaxşı varsan.
(Ardı var)
Gəzəynlərin söhbəti
(Davamı)
Venera baxıb Marsa
Dedi: nə yaxşı varsan.
Yaman səhv eyləyirdim
Nə yaxşı dedin, bildim.
Sən demə insan oğlu
Vəşilikçün doğulur.
İt bəyənməyən kəsi,
İnsan adlı nakəsi
Tanıdım indi mən də
Çox sağ ol, ay Biləndə.
Daha səhv eyləmərəm
Sülhü məhv eyləmərəm.
Varlığım mənə bəsdir,
Gerisi boş həvəsdir.
Olmasaydı, olmazdı
Yaxşılıq olmasa yaxşının dərdi
İnsan yaxşı əkib, pislik biçərdi.
Su yerinə zalımlar qan içərdi
Namərdin önündə mərd olmasaydı.
Bu dünya ibarət yaxşı və pisdən
Hamı dad eləyir xain iblisdən.
Xənnaslar çıxmazdı insan ıçındən
Haramı haqq bilən fərd olmasaydı.
Böyük Allah həyat edibdir əta
Ki, insan yaşayıb murada çata.
Hamı addımbaşı edərdi xəta
Düşünən beyinlər sərd olmasaydı.
Fələklə olardım mən əlbəyaxa
Əcəli çəkərdim atlı çarmıxa
Qoymazdım ayrılıq vüsalı yıxa
Bəxtim dü-bir atan nərd olmasaydı.
Kimini məhəbbət eyləyir şair
Kimi şeir yazır gözələ dair
Hər şairin min səbəbi və sair
Mən Əhməd oımazdım dərd olmasaydı.
Əhməd Əsədoğlu
© 2020 - Created by İLK XEBER.