FB dostumuz Meyxoş Abdullah xoşbəxt yazıçılarımızdan biridir ki, ədəbi prosesdə fəal iştirak edir, bizim oxucular və tənqidçilər tərəfindən sevilib təqdir olunur. Eyni zamanda onun xarici dillərə tərcümə olunmuş nəsr əsərləri də maraqla oxunur, xarici oxucu və tənqidçilərin ürəklərini fəth edir.
Rus yazıçısı, ədəbiyyatşünası Valentina Budnikova M.Abdullahın “SƏMA MƏLƏYİ”nə həsr etdiyi “ÖTÜB KEÇMİŞ SÖZLƏRİN AYAQLARI UCUNDA İZLƏR” adlı analitik məqaləsində qeyd edir ki, mətnlərdə nöqtələr emosional təsirin, intellektual gərginliyin əvəzedilməz işarəsidir. Nöqtə bitmiş bir fikri bildirir, ancaq nöqtələr bitməmiş fikirləri, gözlənilən, ehtimal edilən təhtəlşüur proseslərini də ehtiva edir.
Nöqtə (lər) bədii alətdirmi, ideya-məzmun məsələlərinin həllində müəllifə köməkçidirmi, yaxud sadəcə duyğu və düşüncələri lakonik ifadə edən texniki vasitədirmi?
Müəllif M.Abdullahın nöqtələrinin gizli, əsrarəngiz mənalar dünyasını aydınlaşdırmağa çalışır.
Bu qışqıran durğu işarəsi şübhəsiz, bədii əsərdə müəllifin emosional, psixoloji əhvalını dəqiqləşdirən işarədir.
Başqa sözlə, nöqtələrlə ifadə olunan pauzalar, fasilələr müəllifin həm də öz oxucularının fantaziyasına buraxdığı duyğu və düşüncələrdir.
Səma mələyi adlandırılan, əslində Yer mələyi, gözəllər gözəli İradə bədbəxtlikdən - əri əlil Camalın qayğısını çəkmək məcburiyyətindədir. Sevginin hökm sürdüyü yerdə əlil arabası dünyanın bütün saraylarından ucadadır.
Bunun üçün M.Abdullahın nöqtələr səltənətinə daxil olmağı bacarmaq lazımdır.
Şikəst ərinin qulluğunda duran, qadın xöşbəxliyi görməyən İradənin iradəsi, dözümü, təpəri sehirli nöqtələrlə bildirilir. İradə özü etiraf edir ki, Camalı sağlam və güclü olanda sevmiş, indi böyük günah olardı ki, onu pis gündə qoyub-getsin. Bu günahı özü ilə nəinki başqa ailəyə, hətta qəbrə aparmağa haqqı yoxdur.
Hekayəni vərəqləyərkən o da məlum olur ki, yalan şayiələr, iftiralar ayaq açıb yeriyir ki, İradə guya əri ilə görüşdən qaçır. Axı məhəbbətin böyük qüvvəsindən keçmək o cütlüyə verilməyib:
Füzuli, hər zaman min tən ilə bağrım qılırsan qan,
Məgər bilməzmisən ki, eşqdən keçmək deyil asan.
Bilirsən düşmüşəm bir dərdə kim, yoxdur ona dərman,
Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm?
Dahi Füzulinin xələfi Əli Kərimin “İki sevgi”sində iki aşiqin sədaqəti müqayisə olunur, iki gənc aşiq, rəqib bir gözəl qızı sevirlər – biri metafizik, sentimental, romantik şəkildə, digəri empirik, heyvani həzz və ehtirasla. Gözəl qız saf suyla müqayisə olunur, bu iki aşiqin şəxsində “saf suya” diferensial, fərqli münasibətə baxın:
Gözəl qız, sən saf susan,
İki qəlb arzususan.
Mənsə səni sevirəm
susuzluğun od vurub
köz kimi yandırdığı
dodaq su sevən kimi.
O isə səni sevir
rahatca bardaş qurub
kabab üstən sərin su
pis olmaz deyən kimi.
Əli Kərim bir aşiqin dililə bu xoşbəxt qızı sonra İŞIQla, SƏSlə müqayisə edib onu özü də daxil iki xoşbəxt namizəddən – iki məhəbbətdən birini həyat yoldaşı seçməyə dəvət edir:
Bu mən, bu o, bu d a sən…
De görək nə deyirsən!
Amma yaxşı fikir ver
bu iki məhəbbətə…
Daha heç nə demirəm:
Nöqtə, nöqtə və nöqtə…
Ə.Kərimin “İki sevgi”sinin gənc qəhrəmanları hələ xoşbəxt subaydılar, sevilib-seçilməyə can atırlar, hələ evlənməyiblər.
M.Abdullahın Camal və İradəsi isə bir-birini sevib evləniblər, sonralar bədbəxtlik üzündən çarəsiz vəziyyətə düşüblər.
Füzuli babamız isə eşqdən keçməyin asan olmadığının mistikasından yüksək pafosla danışır.
Hər üç məhəbbət işarə resursları ilə daha zəngin və uzunömürlü görünür.
Bu kontekstdə nöqtələr, ümumiyyətlə durğu işarələri M.Füzulinin, Ə.Kərimin və M.Abdullahın bədii mətnlərinin ideyasının, dil-üslubunun, semiotikasının, bədii təsvir və ifadə vasitələrinin, təhkiyəsinin, nəqlinin potensial imkanlarını üzə çıxarır.
M.Abdullaha və V.Budnikovaya uğurlar diləyirəm!
13 yanvar 2024-cü il
© 2020 - Created by İLK XEBER.