“Savalan” Tarixi Araşdırmalar İctimai Birliyi “Gənclərdə tariximizə məhəbbət ruhunun möhkəmləndirilməsi” mövzusunda yeni layihəyə start verib. May ayının 1-dən başlayan 3 aylıq layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Bu barədə layihənin rəhbəri “Savalan” Tarixi Araşdırmalar İctimai Birliyinin sədri, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Kamran İsmayılov məlumat verib.
K.İsmayılov bildirib ki, Biləsuvar, Salyan və Neftçala rayonlarını əhatə edən layihənin əsas məqsədi bəmin bölgədə yaşayan gənclərdə öz vətəninə sadiqlik və sevgi hissinin formalaşdırılması, vətənin maraq və mənafelərini qorumaq, bu gününə və gələcəyinə məsuliyyət daşımaq kimi hisslərin formalaşdırılması işinə dəstək verməkdən ibarətdir.
Layihə rəhbərinin məlumatına görə, son 5 ildə təşkilatın həyata keçirdiyi layihələrin nəticələrinin təhlili göstərir ki, gənclər arasında aparılan söhbətlər onların yaşadıqları ərazilərdə yerləşən maddi və qeyrı-maddi mədəniyyət abidələrinə marağının artmasına səbəb olur, gənclərimizdə vətənpərvərlik və vətəndaşlıq ruhunun gücləndirilməsinə müsbət təsir göstərir. Gənclər bununla həm də yaşadıqları ərazilərdə mövcud olan tarixi və arxeoloji abidələrin qorunması kimi mühüm dövlət əhəmiyyətli işlərə cəlb olunmaq imkanı əldə edirlər. “Bu həm də gənc nəslin sosial fəallığının stimullaşdırılması baxımından da mühüm formatdır”-deyə K.İsmayılov qeyd edib.
© 2020 - Created by İLK XEBER.