Cavid Cəfərzadə: “Məktəbimizdə Ulu Öndərin anım tədbirləri gələcəkdə daha da interaktiv və kreativ xarakterli olacaq”

Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə keçirilən tədbirlər artıq ənənəvi xarakter almışdır. Müsahibimiz H.İskəndərov adına 206 nömrəli tam orta məktəbin direktoru Cavid Cəfərzadə ilə söhbətimiz də elə onun rəhbərlik etdiyi məktəbin həyata keçirdiyi tədbirlərin məqsədləri və əhəmiyyəti barədədir.

- Cavid müəllim, 2024-cü il ərzində rəhbərlik etdiyiniz 206 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə hansı tədbirlər keçirildi?

- 2024-cü ildə Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə məktəbimizdə bir sıra silsilə tədbirlər keçirildi. Bu tədbirlər Ulu Öndərin həyatını, xidmətlərini və ideyalarını məktəbimizin şagirdlərinə dərindən tanıtmaq məqsədi daşıyırdı. Keçirilən tədbirlər sırasında şagirdlər arasında esse və şeir müsabiqələri, sənədli filmlərə baxış, kompozisiya yazı müsabiqələri, idman oyunları və şagirdlərimizin Ulu Öndər Heydər Əliyevin abidəsinə ziyarətləri xüsusi yer alırdı. Şagirdlərimiz Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinə dair daha dərindən məlumatlar əldə etməklə yanaşı, bu mövzu ilə bağlı öz düşüncələrini sərbəst şəkildə bölüşdülər. Şagirdlərimiz yalnız Ulu Öndərin həyatını öyrənməklə kifayətlənməyərək, parallel olaraq öz yaradıcı potensiallarını da nümayiş etdirə bildilər. Düşünürəm ki, bu tipli tədbirlər həm şagirdlərimizin təhsilinin, bilik və bacarıqlarının inkişafına, həm də onların şəxsiyyətinin formalaşmasına böyük təsir göstərir.

- Bu tədbirlərin müəllim və şagirdlərin dünyagörüşlərinnə hansı təsirləri oldu?

- Öncə onu qeyd edim ki, keçirilmiş silsilə tədbirlər şagirdlərimizin milli dəyərlərimizə olan bağlılığını daha da möhkəmləndirdi. Şagirdlərimiz esselər yazıb, kompozisiyalar hazırlayaraq Ulu Öndər Heydər Əliyevin həyatını, prinsip və ideyalarını daha dərindən başa düşdülər. Eyni zamanda idman oyunları, şeir müsabiqələri şagirdlərin yaradıcılıq və liderlik bacarıqlarını inkişaf etdirdi. Müəllimlərimiz isə şagirdlərin bu cür tədbirlərdə fəal iştirak etməsi ilə təhsilin yalnız dərsliklərlə məhdudlaşmadığını, həm də praktiki və yaradıcı yanaşma ilə daha dərinləşə biləcəyini hiss etdilər. Bu tədbirlər məktəbdəki kollektiv ruhu gücləndirməklə yanaşı həm şagirdlər, həm də müəllimlər arasında birgə əməkdaşlıq və həmrəylik nümunəsi də yaratdı.

– Tədbirlərin keçirilməsində məktəbin müəllim və şagird heyəti necə iştirak etdi?

- Tədbirlərin həyata keçirilməsində məktəbin müəllim və şagird kontingenti yüksək motivasiya və həvəslə iştirak etdi. Müəllimlər Ulu Öndərin irsinin konturlarını şagirdlərə ötürmək və onları bu mövzuda maraqlandırmaq üçün müxtəlif bədii-yaradıcılıq nümunələri hazırlayaraq təqdim etdilər. Şagirdlərimiz isə müxtəlif müsabiqələrdə iştirak edərək öz bilik və bacarıqlarını stimullaşdırdılar. Şagirdlərimiz bu tədbirlərdə yalnız iştirak etməklə kifayətlənmədilər, həm də özlərindən yeni fikirlər irəli sürərək təkliflər və yaradıcı layihələr də ortaya qoya bildilər. Bu, tədbirlərin daha maraqlı və faydalı olmasına yardımçı oldu.

- Tədbirlərin məktəb icmasında necə qarşılandığı da maraqlıdır.

- Tədbirlər məktəb icması tərəfindən böyük rəğbətlə qarşılandı. Həm müəllimlər, həm də valideynlər bu cür tədbirləri yüksək qiymətləndirdilər və özləri də həmin tədbirlərdə yaxından iştirak etdilər. Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti mövzusunda təşkil olunan müxtəlif müsabiqələr və şagirdlərin bu tədbirlərdə fəal iştirakı valideynlər tərəfindən də dəstəkləndi. Belə tədbirlər məktəbin yalnız təhsil sahəsində deyil, həm də kollektiv birliyi və güclü məktəb icması yaratmaq istiqamətində müsbət təsir göstərir. Demək olar ki, məktəb icması Ümummilli Liderin irsini yaşatmaq və bu irsə sadiq qalaraq onu dərindən mənimsəmək  yolunda birləşdi.

- Tədbirlərin nəticəsi şagirdlərə hansı yeni bacarıqlar qazandırdı və bu onların gələcəkdəki həyatlarına necə təsir edəcək?

-Xüsusilə dövlətçiliyimizlə bağlı esselər yazmaq, şeir söyləmək və mühazirələrdə iştirak etmək onların Vətənə məhəbbət hisslərini inkişaf etdirməklə bərabər, bilik və bacarıqlarını, fərdi qabiliyyətlərini yazılı və şifahi şəkildə ifadə edə bilmək qabiliyyətlərini də üzə çıxarmış oldu. Eyni zamanda, idman oyunları və komandalararası fəaliyyətlər şagirdlərə əməkdaşlıq və liderlik bacarıqları qazandırdı. Şagirdlər öz fikirlərini sərbəst şəkildə ifadə edərək tənqidi düşüncə, yaradıcı yanaşma və problem həlletmə qabiliyyətlərini inkişaf etdirdilər. Bu bacarıqlar onların gələcəkdə yalnız təhsil sahəsində deyil, həm də sosial həyatda uğur qazanmaqlarına kömək etmiş olacaq.

- Cavid müəllim, bu tipli tədbirlərin məktəbin təhsil mühitinə və şagirdlərin inkişafına necə təsir edəcəyini düşünürsünüz?

- Bu tipli tədbirlər məktəbin təhsil mühitini zənginləşdirir və şagirdlərin şəxsi inkişafına müsbət təsir göstərir. Ulu Öndər Heydər Əliyevin ideyalarının təbliği şagirdlərin şüurunda yalnız onların biliklərinin artırması ilə yox, onların vətənə və xalqa qarşı olan məsuliyyət hissinin də gücləndirilməsi ilə sonuclanır. Bu tədbirlər şagirdlərin sosial, əxlaqi və intellektual inkişafını təmin edir, onlara liderlik bacarıqları qazandırır. Eyni zamanda, məktəbdə kollektiv əməkdaşlıq, vətənpərvərlik və yüksək əxlaqi dəyərlərin aşılanmasına kömək edir. Beləliklə, bu tədbirlər şagirdlərimizin gələcəkdə uğurlu vətəndaşlar olmalarına təkan verəcək.

- Gələcəkdə də belə tədbirlərin keçirilməsi planlaşdırılırmı və nə kimi yeniliklər gözlənilir?

- Əlbəttə, biz hər il Ulu Öndər Heydər Əliyevin həyat və irsini şagirdlərimizə daha yaxından tanıtmaq üçün yeni və maraqlı tədbirlər hazırlamağı nəzərdə tuturuq. Həmçinin, belə tədbirlər şagirdlərimizin tənqidi düşüncə və liderlik bacarıqlarını inkişaf etdirmək, eyni zamanda milli dəyərlərimizə olan bağlılıqlarını artırmaq məqsədi daşıyacaq. Tədbirlərdə istifadə olunan metodlar və yanaşmaların sayəsində məktəbimizdə Ulu Öndərin anım tədbirlərinin konturları inkişaf etdirilərək gələcəkdə daha interaktiv və kreativ xarakter alacaq. Bu, perspektivdə şagirdlərin həyatlarına müsbət təsir göstərəcək.