Zirəddin Rzayevdən sensasion proqnoz: “Təbii fəlakətlər o qədər çoxalacaq ki...”

Rusiyada yaşayan məşhur həmyerlimiz, ekstrasens-parapsixoloq Zirəddin Rzayevin proqnozları, eləcə də mətbuata verdiyi müsahibə və açıqlamaları ciddi müzakirələrə, söz-söhbətlərə rəvac verir. Bugünlərdə Moskvada olarkən ənənəmizə sadiq olaraq Zirəddin Rzayevlə yenidən görüşdük və ondan İlkxeber.org saytına müsahibə verməsini xahiş etdim. Bu dəfəki görüş yerimiz Preobrajenskaya metrocunun yaxınlığındakı Preobrajenskaya ploşad dom 7 ünvanında yerləşən məşhur “Xingalnaya” kafesində baş tutdu. Qeyd edim ki, həmin kafe əslən Şamaxı şəhərindən olan Ramiz Eyvazova məxsusdur.

Beləliklə, Zirəddin Rzayevin “İlkxəbər”ə verdiyi olduqca maraqlı müsahibəsini oxuculara təqdim edirik. 

- İşləriniz necədir? Ekstrasenslik fəaliyyətinizlə bağlı nə deyə blərsiniz? 

- Hər şey qaydasındadır. Ancaq son zamanlar vaxtım olduqca məhduddur, boş vaxt tapa bimirəm. İşlərim o qədər çoxdur ki. Ekstrasenslik fəaliyyətimlə bağlı məni tez-tez Rusiyanın müxtəlif şəhərlərinə ezamiyyətə aparırlar. Elə bu yaxınlarda Türkiyədə səs-küyə səbəb olan azyaşlı Narin Güranın qətli ilə əlaqədar Diyarbəkir polisinin elektron ünvanına rəsmi müraciət yazaraq uşağın olduğu yeri yazmışdım və onu elə mən dediyim yerdən də tapdılar. Hazırda həm ekstrasens, həm psixoloq, həm də ictimai xadim kimi fəaliyyətimi davam etdirirəm. Bildiyiniz kimi, mən bir müddət əvvəl Rusiya Federasiyasının Dövlət  Dumasının deputatı Anatoliy Voronovskinin köməkçisi təyin olunmuşam...

- Bəli, bu barədə məlumatımız var, xəbəri saytımızda da dərc etmişdik...

- Çox sağ olun. Anatoliy Voronovski əslən bakılıdır, Rusiya Dövlət Dumasına Vahid Rusiya Partiyasından deputat seçilib. Tanınmış siyasətçidir,  2017-2021-ci illərdə Krasnodar diyarının qubernatorunun müavini vəzifəsində işləyib.  

Mən də artıq bir neçə il idi ki, Rusiya Federasiyası Ictimai Palatasının komissiya üzvü olaraq ictimai fəaliyyətimi bu qurumda davam etdirirdim. Ancaq bununla kifayətlənməyərək həm də ictimai, siyasi və dövlət quruculuğu işləri üzrə sosial status almaq istəyirdim. Yeri gəlmişkən, Rusiya Federasiyasının Dövlət Duması tərəfindən ictimai xadim, tanınmış psixoloq kimi ictimai fəaliyyətimə görə təşəkkürnamə də almışam. Yeni fəaliyyətimdə də çalışıram ki, Azərbaycanı, xalqımızı layiqincə təmsil edim.

Onu da demək istəyirəm ki, məni tez-tez Dövlət Dumasından, İctimai Palatadan nüfuzlu beynəlxalq forumlara dəvət edirlər, mən həm də İctimai Palatada komissiya üzvüyəm. Bu barədə mətbuatda kifayət qədər məlumatlar gedib.

- Əvvəlki iş yerinizdə hansı yeniliklər var?

- İşləyirəm, hər şey qaydasındadır, normaldır. Klinikada çalışıram, yenə də insanları qəbul edirəm.

- Əvvəllər biznes sahələrinə də maraq göstərirdiniz...

- O fəaliyyətlərin hamısını dayandırdım, vaxtımın məhdud olması səbəbindən təşəbbüslərim yarımçıq qaldı. Amma kolleksiya toplamaqla məşğulam. Bu mənim xobbimdir. Kolleksiyam da ən çox yarım qiymətli daşlar üstünlük təşkil edir.

   - Yadımdadır, bir neçə il öncə saytımıza verdiyiniz müsahibədə gələcəklə bağlı planlarınızın sırasında yaxın günlərdə Moskvada zərgərlik mağazası açmaq niyyətinizin olduğunu bildirmişdiniz... 
 

- Bəli, xatırlayıram. Əslinə qalsa, o vaxt zərgərlik mağazası açmaq fikrinə düşməyim birbaşa mənim ekstrasenslik fəaliyyətimlə bağlı idi. Mən daşlarla işləyirəm, daşların enerjisindən istifadə edirəm. Bu, mənim sahəmdir. Litoterapiya deyilən elm var, daşlarla müalicə üsuludur. İslamın özündə də var ki, əqiq daşından istifadə eləmək insanı müdrikləşdirir, uğur gətirir, şər qüvvələrdən, şeytandan qoruyur. Məkkədəki daşın başına dolanmağın özü daşlarda enerji olduğunu sübut edir. Bundan əlavə zərgərlik maqazasını birbaşa öz sahəmlə bağlı açmaq istəyirdim. Orda təkcə zinət əşyaları yox, qoruyucu daşlar da olacaqdı. Ona görə də, zərgərlik mağazası açmaqda məqsədim təkcə biznez yox, sırf ekstrasensoriyaya xidmət etmək idi.

- Dünyanın elə bir nöqtəsi yoxdur ki, orada sakitçilik, sülh olsun. Perspektivi necə görürsünüz, 2025-ci il üçün proqnozlarınız necədir?

- Dünyada heç vaxt sülh olmayacaq, ancaq dünya müharibəsinin olması ehtimalı da azdır. Dünya təbii fəlakətlərlə qarşı-qarşıyadır. Mən bunu xəbər vermişdim, yenə də xəbər verirəm. Təbii fəlakətlər o qədər çoxalacaq ki, insanlar müharibə haqqında fikirləşməyi yaddan çıxaracaq. Bu proqnozu mən 2020-ci ildə vermişdim, indi də sözümün üstündə dururam. 2025-ci il yalnız xoş hadisələrlə deyil, eyni zamanda beynəlxalq münaqişələrin və yeni müharibələrin başlanğıcı ola biləcək gərginliklərlə də yadda qala bilər.

Ümumiyyətlə, insanlar düzəlməsə dünya düzəlməyəcək. Dünyamız gözəl dünyadır, Allah hər şeyi gözəl yaradıbdır. Amma çox təəssüf ki, insanlar məhv edirlər. İnsanlar bir-biri ilə vəhdət əldə eləməsələr, təbiəti qorumasalar, Allahın yaratdığına hörmətlə yanaşmasalar, onları həm Allah, həm də təbiət cəzalandıracaq. Qarşıda böyük fəlakət - daşqınlar, kometlər, zəlzələlər gözləyir bəşəriyyəti. Bu fəlakətlər insanları qorxudacaq.

Azərbaycana gəldikdə isə 2025-ci il həm xoş hadisələrlə, həm də təbii və sosial hadisələr baxımından yadda qalacaq. Yəni növbəti il Azərbaycan üçün yeni hadisələrlə yadda qalacaq bir dövr olacaq.

Eyni zamanda, bu il Xəzər dənizi də özünü qeyri-adi aparacaq. 2025-ci ildə Azərbaycanda palçıq vulkanlarının aktivləşməsi, su daşqınları və qasırğaların baş verməsi müşahidə oluna bilər. Bu, iqlim dəyişikliyinin və təbii fəlakətlərin artması ilə bağlı ola bilər. Xüsusilə, dağlıq bölgələr və cənub bölgələrində təbii fəlakətlərin baş verməsi ehtimalı yüksəkdir.

- Bir neçə il öncə müsahibələrinizin birində robot insanlar barədə danışmışdınız...

- Mən əslində robot insanlardan deyil, insanların çipləşməsindən danışmışdım. Demişdim ki, insanlar çipləşəcəklər, onlar yarım bioloji varlıq olacaqlar, yarı robot, yarı insan. Baxın, bu gün bizim yaşam tərzimiz, vəziyyətimiz necədir? İnsanların əlindən bir gün telefonunu alsan, sanki həyat onun üçün dayanır. Buradan görünür ki, biz artıq yarı bioloji, yarı robotlaşmış varlıqlarıq, hər şeyimiz telefona bağlıdır: bank kartları, ünsiyyət, şəkil və videolar çəkmək, sosial şəbəkələr və s. Bunlar  robotlaşmaq demək deyilmi? Təəssüf ki, gələcəkdə insanlığı qorxulu hadisələr gözləyir, əlimizdə gəzdirdiyimiz telefon beynimizdə, onurğamızda dəri altında yerləşdirilcək və yarım bioloji, yarım robot varlıqlar olacağıq. 

- Xatırlayırsınızsa, siz bir neçə il öncəki söhbətimizdə yeraltı labarotoriya barəsində də danışmışdınız. Amma onun harda yerlədirildiyini deməmişdiniz...

- Bəli, xatırlayıram. Qərbdə yerin altında böyük bir “şəhərcik” – hərbi və bioloji baza var. Mən onun harada yerlədirildiyini hələlik deməyəcəyəm. Yadınıza gəlirsə, müsahibədə həmin “şəhərcik”də insanların yetişdirildiyini demişdim. Mən bununla bağlı danışandan sonra bu informasiyanı rəsmi olaraq özləri də yaydılar, məndə linkləri də var, kapsulların içində necə insan yetişdirirlər.

- Rusiya-Ukrayna müharibəsi barədə proqnozunuz necədir?

- Çoxları elə düşünür ki, bu münaqişə kritik həddədir, hətta III Dünya müharibəsinə gətirib çıxarma ehtimalları var. Amma Rusiya-Ukrayna müharibəsi getdikcə zəifləyəcək, ya passiv vəziyyətə gələcək, ya tamamilə dayanacaq. Bu mharibədə kimin qalib gələcəyi artıq heç kimə sirr deyil, yəni qaalib Rusiya olacaq. 2024-cü ildə Tramp prezident seçiləndən sonra mənim düşüncəmə görə, o sülhpərvər prezident kimi yadda qalmaq üçün müharibənin qısa bir vaxtda qurtarmasına çalışacaq. Ancaq Rusiya-Ukrayna müharibəsi dayansa da başqa müharibələr başlayacaq. Bu, Rusiya ilə qonşu olan dövlətlərə aiddir.

- Azərbaycanla Ermənistan arasında sülh müqailəsinin imzalanması barədə nə deyə bilərsiniz?

- Bu il üçün sülh müqaviləsinin imzalanması ehtimalını az görürəm. Sülh sazişinin imzalanması bir qədər uzun çəkəcək, yaxın müddət üçün görmürəm. Belə ki, sülh müqaviləsinin imzalanması 2026-cı ildə daha real görünür. Ancaq buna baxmayaraq, yeni danışıqlar və təkliflər olacaq. Bəzi xarici qüvvələr Azərbaycanda gərginlik yaratmağa çalışalar da, sülh sazşi bizim xeyrimizə bağlancaq. Sülh sazişinin bağlanması ilə artıq Qarabağın da taleyi əbədi və ədalətli həll olunacaq.

 - Proqnozlarınıza şübhə ilə yanaşanlara, birmənalı dəyərləndirməyənlərə münasibətiniz necədir? 

   
- Mən onlara nə deyə bilərəm ki. Durub ağızlarını bağlaya bilmərəm ki, haqqımda belə danışmayın, filan sözü filan cür deməyin. Mən öz fəaliyyətimi kimlərinsə haqqımda nə deməsi üzərində qurmuram. Yaxşısı budur, həmin adamlar hansı proqnozumun səhv olduğunu desinlər... 

- Yad planetlilərin varlığına, onların mövcudluğuna inanırsınız? 

- Mən nəinki onların olduğuna inanıram, hətta bir deyil, çoxlu sayda - onlarla, yüzlərlə, bəlkə də minlərlə olduğunun qənaətindəyəm. Bizdən üstün və ali yaşayan başqaları varsa, mən buna inanıram. 

- Şeir yaradıcılığınız nə yerdədir?

- Çox yaxşıdır. Şeirlərimi və qəzəllərimi kitab şəklində çap etdirəcəyəm. Bir vaxtımın darlığı mənə mane olur. Ancaq hesab edirəm ki, yaxın bir-iki aya kitabı çap etdirə biləcəyəm.

  - Azərbaycana qayıtmaq barəsində fikirləşirsiniz? 

   - Xeyr, ömrümün sonuna qədər Rusiyada yaşayacam. Artıq bu barədə qərarımı vermişəm.

X.Əhmədov

 

 

.