“Ermənistan beynəlxalq aləmdə bir maşadır”

“Bəşər Əsədin hakimiyyətdən getməsi Suriyada hələlik əmin-amanlığın yaranması demək deyil. Çünki Suriyada böyük güclərin maraqları toqquşmaqdadır. Xüsusilə də Suriya üzərindən Türkiyəyə qarşı böyük bir təzyiqlər var”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında siyasi ekspert Azad Məsiyev söyləyib.

O əlavə edib ki, əgər Suriyada ABŞ və Qərb yönümlü dövlət formalaşarsa, yenə də Türk dünyasına qarşı qərəzli davranışlar olacaq: “Belə olan təqdirdə yenə də erməni terroru, erməni əli orada mütləq olacaq. Çünki beynəlxalq aləmdə Ermənistan bir maşadır. Ermənistan həm dövlət səviyyəsində, həm də bir millət kimi böyük güclərin əlində alətə çevrilib. Ümumilikdə, tarixi ekskursiya etsək görərik ki, həm erməni millətindən, həm də erməni dövlətindən böyük güclər, xüsusilə ABŞ, Fransa kimi dövlətlər həmişə istifadə edib”.

A.Məsiyev bildirib ki, bu gün erməni milləti ilə erməni dövləti arasında terrorla əlaqədar bir əməkdaşlıq var: “Yəni erməni terrorunu himayə edən erməni dövləti, eyni zamanda, ayrı-ayrı dövlətlərlə əməkdaşlıq edir və qarşılıqlı faydalanır. Bu gün Türk dünyasına qarşı Türkiyənin regional gücdən qlobal gücə çevrilməsinin qarşısını almaq üçün təbiidir ki, erməni faktorundan istifadə olunur. Erməni faktoru dünyanın harasında olmasından aslı olmayaraq ondan istifadə olunur. Xüsusilə də Suriyada. Çünki Suriya Türkiyə sərhədi var və Suriyada həm erməni terroru, həm də PKK-nın qanadlarının orada düşərgə salması birbaşa Türk dünyasına, o cümlədən də Azərbaycana təzyiqdir. Turan İttifaqının yaranması qlobal güclərin maraqlarına uyğun deyil. Bu baxımdan Suriyada yaradılacaq dövlət Qərb yönümlü olacaqsa, erməni terroru orada yenə də davam edəcək”.

Röya İsrafilova