Şimali Kipr Türk Respublikasının (ŞKTC) Prezidenti Ersin Tatar “27-ci Avrasiya İqtisadi Zirvəsi”ndə iştirak edib

Şimali Kipr Türk Respublikasının (ŞKTC) Prezidenti Ersin Tatar Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi tərəfindən təşkil edilən “27-ci Avrasiya İqtisadi Zirvəsi”nə qatılıb.
İlkxeber.org xəbər verir ki, İstanbulda keçirilən sammit şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və İstiqlal Himninin səsləndirilməsi ilə başlayıb. Sammitin açılışında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin mesajları da oxunub.

Sammitdə Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasının sədri, Türkiyə Respublikasının sabiq vitse-prezidenti, millət vəkili Fuat Oktay, İstanbul valisi Davud Gül və Türkiyə Respublikasının keçmiş xarici işlər naziri, millət vəkili Mövlud Çavuşoğlu çıxış ediblər.

Prezident Tatar sammitdəki çıxışında sammitdə iştirak etməkdən məmnun olduğunu bildirib və bir çox ölkələrin nümayəndələri qarşısında çıxış etməkdən şərəf duyduğunu bildirib.

Tatar sammitin təşkilatçılarına təşəkkür edib, bölgədə yaşanan problemlərə diqqət çəkib, Kipr türk xalqının məruz qaldığı hücumları xatırladıb. Milli mübarizə illərini izah edən Tatar Türkiyə Respublikasının 1974-cü ildə qarant ölkə olaraq adaya sülh gətirdiyini, Kipr türk xalqını hücumlardan və qırğınlardan xilas etdiyini qeyd edib. Kipr türk xalqının daha sonra öz dövlətini qurduğunu bildirən Tatar, adada illərlə federal həll cəhdlərinin nəticə vermədiyini və indi adada yeni siyasəti davam etdirdiklərini açıqlayıb.

Kipr türk xalqının öz dövlətindən, suverenliyindən və müstəqilliyindən əl çəkməyəcəyini, BMT və bütün tərəflərin buna hörmətlə yanaşmalı və adadakı reallıqlara uyğun olaraq bərabər hərəkət etməli olduğunu bildirən Tatar, iki dövlət arasında əməkdaşlığa əsaslanan bir razılaşma olduğununu, adada tapıla biləcəyini və Türkiyə Cümhuriyyəti ilə ŞKTC-nin xüsusilə enerji qaynaqlarının Avropaya daşınmasında əməkdaşlıq etməsi lazım olduğunu ifadə edərək, bunun ən uyğun marşrut olduğunu söyləyib.

Kipr türk xalqına qarşı tətbiq edilən ədalətsiz embarqoların aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətə çağırışını təkrarlayan Tatar, iki dövlətin olduğu Kiprdə türk xalqının da yunanlar ilə bərabər hüquqlara malik olduğunu vurğulayıb. Tatar, Kiprdəki faktlara görə, bu ədalətsiz embarqoların artıq sona çatması lazım olduğunu bildirərək, ŞKTC-nin Şərqi Aralıq dənizində güclü dövlət olaraq yerini aldığını və Kipr Türk xalqının da Rumlara bərabər hüquqlu olduğunu qeyd edib.

Proqramdan sonra Azərbaycan televiziyasına müsahibə verən Tatar, ŞKTC və Kipr türk xalqının dünyada öz layiqli yerini tutması uğrunda apardığı mübarizədən danışıb və Azərbaycan prezidenti İlham Əliyevə verdiyi dəstəyə görə təşəkkür edib.

Tatar ŞKTC-nin müstəqil türk dövləti olduğunu və oradan geriyə dönüşün olmadığını bildirərək, yeni siyasətin dövlət vasitəsilə həyata keçirildiyini və bu yolda türk dünyasının dəstəyinin çox vacib olduğunu vurğulayıb. Bu çərçivədə türk dünyasının bir parçası olmaqdan qürur duyduqlarını ifadə edən Tatar: “Bir millət, üç dövlət” deyərək, ŞKTC-yə verilən dəstəyə görə təşəkkür edib.

Mövcud vəziyyətdən geriyə dönüş olmayacağını, ancaq irəliyə gedəcəyini bildirən Tatar, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə ŞKTC-nin və beynəlxalq təmasların nəzərəçarpacaq dərəcədə artdığını və daha da artacağını bildirib.