"44 günlük vətən müharibəsindən sonra Avropa birliyinin müvafiq strukturlarının Azərbaycana qarşı qərəzli davranışları getdikcə artır".
Bu sözləri politoloq Azad Məsiyev "İnformator.az" a Qərb ölkələrinin son dövrlərdə Azərbaycana qarşı yeritdiləri qərəzli siyasətlə bağlı danışarkən qeyd edib.
Onun sözlərinə görə, bu ölkələrin son addımlarından da biri AŞPA-nın Azərbaycana qarşı qərəzli davranışı olub.
"Təbii ki, Qərb Azərbaycanın müstəqil siyasətini qəbul etmir və 44 günlük Vətən müharibəsi Qərbin Cənubi Qafqazda planlarını pozdu. Ümumilikdə Avropanın aparıcı dövləti olan Fransa bir çox sahələrdə, istər BMT-nin auditoriyasında, istərsə də Avropanın müvafiq struktur və institutlarında Azərbaycana qarşı düşmənçilik siyasəti həyata keçirir və öz nüfuzundan, imkanlarından istifadə edərək qərəzli davranış göstəririr. AŞPA-nın bizə olan münasibəti nə beynəlxalq hüquqa, nə də Avropanın öz qəbul etdiyi dəyərlərə uyğun deyil. Ümumilikdə Avropanın bizə qarşı davranışı açıq demək lazımdır ki, düşmənçilikdən başqa bir şey deyil. Buna baxmayaraq Avropa dünya siyasətində söz sahibi olan birlikdir və Avropanın müvafiq strukturlarından dünya siyasətində ictimai rəyin formalaşdırılmasında bir vasitə kimi istifadə olunur".
Azad Məsiyev açıqlamasında Gürcüstanın AŞPA-ya müraciət edərək Azərbaycanla bağlı qərarın ləğv olunmasına çağırışına da toxunub.
"Gürcüstanın Azərbaycanı Avropa auditoriyasında dəstəkləməsi Azərbaycanla Gürcüstan arasında dostluq və əməkdaşlığın bariz nümunəsidir. Eyni zamanda, Gürcüstanın da öz tərəfdaşlarının maraqlarını dünya arenasında müdafiə etməsi özünə daha sadiq dost əldə etmək istəməsindən qaynaqlanır. Bu gün Gürcüstanın Azərbaycanı müdafiə etməsi ədalətlidir, Avropanın çıxardığı qərəzli davranışa adekvat cavabdır. Həmin auditoriyada- AŞPA-da Gürcüstan Azərbaycan dostluğu ümumiyyətlə çox şeyi deyə bilər. Cənubi Qafqazdakı 3 respublikanın: Ermənistan, Gürcüstan və Azərbaycanın münasibətlərinin təsiri çoxdur. Bildiyiniz kimi, Avropanın enerji təhlükəsizliyinə təminat verən Azərbaycandırsa, bunun nəqliyyat infranstrukturu, kəmərləri Gürcüstan və Türkiyə üzərindən Avropaya gedir. Bu baxımdan Cənubi Qafqazda Azərbaycan və Gürcüstanın münasibəti, dostluq, qardaşlıq və əməkdaşlığı getdikcə güclənir. Bu, hər iki dövlətin maraq dairəsindədir".
Politoloq Ermənistanında siyasi münasibətlərdə rolundan danışıb. Bildirib ki, bu proseslərdə Ermənistan oyundan kənardadır, bu da Ermənistanın öz səhvinin nəticəsidir.
"AŞPA-da bizə qarşı çıxarılan qərara görə Ermənistan özünün bir uğuru kimisevindi. Ermənistan rəhbəri, Paşinyan hakimiyyəti və onun komandası Azərbaycana qarşı bu qərəzli qərardan sevinərək uğur qazandıqlarını erməni ictimaiyyətinə çatdırsa da, ondan fərqli olaraq Gürcüstan tərəfinin çıxışı isə çox ədalətli və düzgün qərar oldu. Bu da Azərbaycan və Gürcüstanın iqtisadi və siyasi əlaqələrinin güclənməsindən qaynaqlanır. Eyni zamanda Gürcüstan da dünya arenasında özünə sadiq dostlar əldə etmək istəyir. Onun bu çağırışını Avropanın müvafiq strukturları ədalətli qəbul edəcəklər. Bizim üçün bir o qədər də Avropanın institutları əhəmiyyət kəsb etmir.
Azərbaycan öz siyasətini həyata keçirir və bu yaxınlarda da Azərbaycan Prezidenti andiçmə mərasimində açıq dedi ki, biz heç də Avropaya meyil etmirik, bizim dünyamız Türk dünyasıdır.
Düzdür, biz dünya siyasətindən təcrid olunacaq dövlət deyilik. Öz dövlətimizi və milli maraqlarımızı nəzərə alaraq bütün dünyaya siyasətimiz ilə açıq və şəffafıq. Bəli, strategiyamız Türk dünyasıdır, amma Avropa da bizlə əməkdaşlıq etmək istəyirsə, qapımız hər zaman açıqdır".
© 2020 - Created by İLK XEBER.