MOSKVADAN GERÇƏK BİR XATİRƏ

Ramiz Babayev

İnsan yaşadığı tarix boyu çoxlu sayda hadisələrlə üzləşməli olur və bu hadisələrin şübhəsiz hamısı yadda qalmır. Yalnız özünəməxsusluğu və aydınlığı ilə seçilən hadisələrin müəyyən bir qismi mənəvi dünyamızın əziz və qiymətli xatirələrinə çevrilir.

1985-ci ildə Moskva şəhərində ali təhsilimi başa vururdum. Bir neçə həmyerlimlə eyniadlı institutun eyni qrupunda oxuyurdum. O zaman, Moskvada yüksək vəzifə sahibi olan hörmətli Heydər Əliyevin dövlət rəhbərliyindəki uğurlu yüksəlişi bizi çox sevindirirdi. Ona qarşı olan səmimi münasibət, bizim üçün çox qiymətli idi. Onun bu qədər istəkli olması,mənsub olduğu xalqın adıni və ruhunu ali hakimiyyətin yüksək pilləsindən, cəsarətlə öz şəxsində təmsil etməsindən və Azərbaycanı dünyada tanıtmasından irəli gəlirdi. O, ölkənin bütün guşələrindən çox aydın görünüdü. Nüfuz dairəsi bütün ölkəyə təsir imkanını əhatə edirdi. Reallıq hissi və təcrübəsi, olacaq hadisələr barədə, düzgün mühakimə yürütməyə imkan verirdi. Odur ki, zamanın təsirli yenilikləri qarşısında, hakimiyyətin mahir ustası kimi, yalnız belə dərin nüfuzlu, əməli zəka sahibi dura bilərdi. Onun “fitri” idarəetmə qabiliyyəti, son dərəcə yüksək idi. Elə bu üstünlük də, onu dövlətin üsul-idarə sükanına tərəf çəkərək,ölkənin şəksiz birinci şəxsi olacağına böyük bir yəqinlik gətirirdi. Bir sözlə, həmyerlimizin rəhbər mövqeyini möhkəmlədən fəaliyyətinə heyran idik. Onunla fəxr edib, qürur hissi duyurduq.

Biz müntəzəm olaraq mətbuatda gedən aktual və mühüm yazıları izləyib oxuyurduq. Mən bir neçə qəzetlə maraqlanırdım. Bunlardan biri də  “Sovetskaya kultura” qəzeti idi. Səhifələri ədəbiyyatın, incəsənətin və mədəniyyətin çox sahələrini əhatə etdiyindən diqqətimi daha çox cəlb edirdi.

1985-ci il aprel ayının 16-sı idi. Səhər vaxtı, adı çəkilən qəzetə baxarkən ”Panorama” adlı səhifədə qara çərçivəyə alınmış, hüznlə bağlı olan yazını oxudum və çox kədərləndim. Bu, müəyyən qədər məlumatım olan, lakin tam əmin olmadığım ağır bir xəbərin rəsmi təsdiqi idi. Yazıda akademik, tibb elmləri doktoru professor ZƏRİFƏ ƏZİZ QIZI ƏLİYEVANIN vaxtsız vəfat etdiyi bildirilirdi. Həmin gün bu hadisə ilə bağli Moskvanın digər aparıcı qəzetləri də, yazılar dərc etmişdi. Zərifə xanım Əliyevanın vaxtsız vəfatı bizə ağır təsir bağışladı. O günü hüzünlü bir əhval-ruhiyyə ilə başa vurduq. Dəfn mərasimində iştirak etmək üçün ertəsi günün gəlməsini gözlədik. Biz üç nəfər, aprelin 17-də Alimlər Evinin yerləşdiyi ünvana tərəf yollandıq.

O zaman, vəfat edən dövlət xadimlərinin cənazəsi ilə vida mərasimi, adətən SSRİ Həmkarlar İttifaqının ictimai mərkəzi sayılan, İttifaqlar Evinin Sütunlu salonunda keçirilərdi. Görkəmli alimlərin vəfatı zamanı isə vida mərasimi, məhz Moskva Alimlər Evində təşkil olunardı.

Artıq biz Alimlər Evinin qarşısında idik. Vaxtından əvvəl gəlsək də, adamların çox olduğunu gördük. Gözlərində hüzn olan bu insanların durduğu uzun növbəyə biz də qoşulduq.Növbənin başlanğıcı geniş Xruşev döngəsinin Kropotkinsk küçəsinə paralel olan, digər küçə ilə birləşdiyi yerdən başlayırdı. Döngədə sırasütunlu girəcəyi olan A.S.Puşkin Dövlət Muzeyinin əzəmətli binası yerləşirdi.Binanın baş fasadı bu döngəyə açılırdı. Bir müddət gözlədikdən sonra, vida mərasimi üçün təyin olunmuş vaxt tamam oldu. Növbəyə dayanmış insanlar hərəkətə gəldi. Biz baş vermiş hadisə barədə fikirləşə-fikirləşə, ağır-ağır irəliləyirdik. Vaxt isə getmək bilmirdi. Hörmətli Heydər Əliyevin dərdinə şərik olmaq istəyini və onu tez görmək ehtiyacını hiss edirdik. İrəli getdikcə, səbrimizi əvəz etmiş həyəcan hissləri anbaan şiddətlənirdi. Nəhayət, matəm libası geymiş binanın həyət darvazasına yaxınlaşırıq. Darvaza önündə Daxili İşlər Nazirliyinin yüksək rütbəli nümayəndəsi, milis general- mayoru xidməti tabeliyində olan bir neçə nəfərlə giriş və çıxışa nəzarət edirdi.Biz darvazanın sağ yan qapısından həyətə daxil olub, bina qapısına tərəf getdik.Mərkəzi qapıdan içəriyə girib, qara kostyum geyinmiş cavan oğlanların, xüsusi bir nəzakətlə bizə göstərdikləri, sağ tərəfdə yerləşən pilləkənlərlə yuxarı mərtəbəyə qalxaraq, matəmin keçirildiyi salona daxil olduq. Birinci mərtəbədən fərqli olaraq bu, hündür sütunlu geniş bir salon idi. Burada matəm melodiyası səslənirdi. Düzülüşü alt mərtəbədən başlanan əklil və çiçək dəstələri salonun hər tərəfini bürümüşdü. Əklillər arasında daha çox gözə çarpan və həcminə görə digərlərindən fərqli dərəcədə seçilən əklilin, matəm lentinin üzərində bu sözlər yazılmışdı! “Hədsiz dərəcədə sevdiyim, əziz və əvəzsiz həyat yoldaşım Zərifə Əziz qızına Heydər Əlirza oğlundan”. Burada mərhumənin övladları adından da əklillər var idi. Salona giriş istiqamətinin sol yan tərəfində, mərhumənin gül- çiçəklərə qərq olmuş  cənazəsi hündür postament üzərində idi. Postamentin baş tərəfindən sağa, cərgə ilə düzülmüş stullarda dövlət xadimləri, digər qarşı tərəfdə isə mərhumənin ailə üzvləri və yaxınları əyləşmişdi. Ailə üzvlərinin nəhayətsiz bir qüssə içində olması solğun bənizlərindən görünürdü. Onların hüzün ifadəli sükutu, əvəzolunmaz bir itkidən xəbər verirdi. İlk dəfə yaxından olaraq gördüyüm Heydər Əliyev, kədərini müdrik bir insan nəcibliyi ilə ifadə edirdi. Qüvvətli iradəsinin amansız sınağa çəkildiyi bu anda da, onun nəcib və mənalı üzündə zəifliyin təzahürü görsənmirdi. Dəmir iradəsi, keçirdiyi həyəcan hisslərini ifadə etməyə yol vermirdi. Lakin nüfuzedici və dərin baxışlı gözlərində, mənəvi bir dəyişikliyin baş verdiyi oxunurdu. Ondan sola əyləşmiş qızı Sevil Əliyevanın isə düşüncələrlə dolu sükutu, çox kədərli bir görünüşdə idi. Üzündəki ifadə, bütün fikirlərinin bir nöqtəyə toplandığını göstərirdi.

Onun məhzun baxışları mərhumənin cənazəsinə sancılmışdı. Bütün ruhunu əks etdirən bu baxışlarda sarsılmaz övladlıq yanğısından doğan acı bir təəssüf ifadəsi vardı.Qızının bütün həyəcanları üçün narahatlıq keçirən Heydər Əliyev, onun ruhunu başdan-başa bürüyən kədər hissini dağıtmağa çalışırdı. Ona yaxın əyləşən qızına nəvazişlə təskinlik verirdi. Ümid və təsəlli mənbəyi olan insanın vücudunda yaşayan, güclü atalıq hissinin bu andakı təzahürü, istər-istəməz qəlbləri kövrəldirdi. Biz təəssüf dolu, qəmli nəzərlərlə cənazənin önündən ehtiramla keçib, qalxdığımız pilləkənlərə paralel olan, digər pilləkənlərlə alt mərtəbəyə enib, həyətə düşdük. Həyətdə və küçədə rəsmi adamların üçbir-dördbir dəstələri çox idi.Onlar matəm salonunda ,növbələrinin çatmasını gözləyirdilər.Biz bir müddət var-gəl etdik və hörmətli Heydər Əliyevi görmək arzusuna qarşı dura bilməyib yenidən növbəyə qoşulduq. Doğrusu, biz üç azərbaycanlı tələbənin imkanı ancaq buna çatırdı. Fikirləşirdik ki, bu ağır gündə, bizim məhəbbət və qayğımızın ən cüzi təzahürü belə Heydər Əliyevin ağrıyan və sızlayan ürəyinə az da olsa şəfa verə bilər. Biz dövlət xadimlərinin çoxunu yaxından görüb imkan düşdükcə bir az da müşahidə edirdik. Dini rəhbərimiz Şeyxülislam Allahşükür Paşazadəni kədərli və hüznlü halda, çox vaxt tənha dayandığını görürdüm. Yazın nəfəsi az-az duyulsa da, Moskvanın soyuğu adamı üşüdürdü. İnsanların çoxu hələ yaz paltarına keçməmişdi. Şeyx də isti papaqda və qara qış geyimində idi. SSRİ Nazirlər Sovetinin sədri N.A. Tixonov başsağlığı verdikdən sonra xidməti maşınının yanında, bir müddət dayanıb kiminləsə söhbət edirdi.

Otuz il SSRİ Xarici İşlər Naziri işləmiş A.A.Qromıkonun maşını dayanar-dayanmaz, bu dövlət rəsmisinin çevik bir hərəkətlə qapını açıb maşından düşməsi məni heyrətə saldı. O, bir anlığa dayandı və tələsərək irəliyə doğru addımladı. O, matəm salonunda xeyli müddət oturdu. Onun Heydər Əliyevə olan isti münasibəti hiss olunurdu. Bu, A.A.Qromıkonun yüksək şəxsiyyətə olan rəğbətinin əlaməti idi.

Biz növbəti dəfə binadan çıxarkən, həyətdə RSFSR Nazirlər Sovetinin sədri V.N.Vorotnikovla qarşı-qarşıya çıxdıq. Yanında iki-üç nəfər də var idi. Birdən baxışlarımız biri-birinə sataşdı. O dəqiqə ona verdiyim salamı çox hörmətlə də aldı. Təbiətən sadə və xoşrəftar bir insan təsiri bağışladı. Ümumiyyətlə, Sov.İKP MK-nın Siyasi Büro üzvlərinin böyük əksəriyyəti və  SSRİ hökumətinin bütün rəhbərliyi vida mərasimində iştirak edirdilər. Vida mərasiminə gələn dövlət xadimlərinin matəm libaslı  xanımları  arasında  mərhum L.İ.Brejnevin və  K.U.Çernenkonun həyat yoldaşları da var idi.

Biz Alimlər Evində yaxın tanışımız, Burdenko adına Neyrocərrahiyyə institutunun operativ cərrahiyyə şöbəsinin müdiri, tibb elmləri doktoru Həbib Həbibovla görüşdük. O, bu ağır itkiyə dərindən təəssüflənirdi. Bizim qrup yoldaşımız, onun xəstəsi olduğu zaman, Həbibov öz kabinetində bizimlə çox söhbətlər etmişdi. İş stolu üzərində həmişə doğma Lənkəran şəhərinin fotoəksi olardı. Onunla aramızda olan əsas söhbətlər tükənməz bir mövzuya çevrilmiş hörmətli Heydər Əliyevdən gedərdi. O, söyləyirdi ki, Heydər Əliyev Moskvaya gəldikdən sonra, mənə qarşı olan ögey münasibət kökündən dəyişdi. Nəinki mənə, bütün Azərbaycan ziyalılarına diqqət və qayğı artdı. Əvvəllər xarici dövlətlərdən tez- tez dəvətnamələr alardım, ancaq səfərlərim süni şəkildə əngəllənərdi. İndi isə belə deyil. O, Heydər Əliyevin milli baxımdan çox  təəssübkeş bir insan olduğunu tez-tez vurğulayardı. Onu da deyim ki, Həbibov Gəncə şəhərindən olan Məhəmməd adlı qrup yoldaşımızın  həyatda yaşaması üçün çox çalışdı və əlindən gələni etdi. Lakin üç aydan sonra qrup yoldaşımız dünyasını dəyişdi. Həbib həkim böyük insan idi.Qrup yoldaşımızın cənazəsinin təyyarə ilə vətənə çatdırılması haqqını və digər prosesləri öz şəxsi hesabına  etmişdi.

Artıq vida görüşü sona yaxınlaşırdı.Dəfn mərasimində iştirak etmək istəyənlərin qəbiristana aparılması üçün küçədə çoxlu sayda “Ikarus” və bir neçə “LAZ” markalı avtobus dayanmışdı. Saat 16:00-dır. Matəm melodiyasının hüzn dolu sədaları altında Zərifə xanım Əliyevanın tabuta qoyulmuş cənazəsi son mənzilə yola salınmaq üçün doğmalarının çiynində binadan çıxarılır.Tabutun ön hissəsi Heydr Əliyevlə İlham Əliyevin çiyinləri üzərində idi.Matəm karvanı Novodeviçye adlanan qəbiristanlığa tərəf istiqamət alır. Bu, ölkənin ən elitar və ən məşhur qəbiristanlığı sayılırdı. Novodeviçye-də dəfn olunmaq cəmiyyətdə yüksək imtiyaz və ali şərəf sahibi olmaq əlaməti demək idi. İnsanlar bu qəbiristanlıqda yalnız ictimai vəziyyətinə əsasən dəfn olunurlar

Qrup yoldaşlarımdan biri, Gəncə şəhərindən olan Fuad Məmmədov özünü yaxşı hiss etmədiyindən geri dönməli oldu. Biz isə, Seyid Əli Kazımov və mən digər adamlarla bərabər dəfn mərasimində iştirak etmək üçün dayanmış avtobuslara mindik. Maşın karvanı, ictimai nəqliyyat hərəkəti olan Kropotkinsk küçəsi ilə yox, müəyyən olunmuş digər yolla hərəkət edirdi.Avtobuslar Lujniki keçidi deyilən yerdə dayandı. Biz artıq, qəbiristanlığın darvazası önündə idik. Burada böyük insan toplantısını gördük. İçəri daxil olub Zərifə xanım Əliyevanın xatirəsinə həsr edilmiş matəm mitinqinin keçiriləcəyi meydana tərəf addımladıq, təxminən yüz metr getdik. Meydan dövrələnmiş bir halda, əllərində əklil və çiçək dəstələri tutmuş insanlarla dolu idi. Meydanın baş tərəfində hündürlüyü iki metrə çatan qırmızı qranitdən xitabət kürsüsü və kürsünün qarşı tərəfində isə  yenə qırmızı qranitdən olan bir postament vardı. Zərifə xanım Əliyevanın cənazəsi də ailə üzvlərinin və yaxınlarının əhatəsində olan bu postament üzərində idi. Biz dayanmaq üçün münasib bir yer tapa bilmirdik. Odur ki, firkirləşmədən baş tərəfə keçib, üzü mitinq iştirakçılarına tərəf dayanmış, görkəmli adamlar arasında durduq. Ad-san və rütbə baxımından, özümüzlə bu tanınmış insanlar arasında bir uyğunsuzluq hiss etsək də yerimizdən tərpənmədik. Burada mövqe tutmağımıza heç bir kəs də mane olmadı. Düşündük ki, yəqin mərhumənin yaxın və qohum adamları kimi qəbul olunmuşuq. Doğrusu, biz özümüzü özgə və yad saymırdıq. Çünkü yaxın insanlar kimi biz də bu itkinin ağrısını canımızda duyurduq. Bir azdan matəm mitinqi başlanacaqdı. Hörmətli Heydər Əliyevlə bizim aramızda olan məsafə çox deyildi. O, mərhumənin cənazəsi yanında, hədsiz dərəcədə qəmli bir görkəmdə dayanmışdı. Tutqun görünən sifət cizgilərində həyəcan hisslərinin təzahürü aydın görsənirdi. Ondan sola oğlu İlham Əliyev, ondan da sola tanımadığım cavan bir oğlan durmuşdu.

O zaman  gənc olan, İlham Əliyev yaxın məsafədə olanların diqqətindən yayına bilməzdi. Kədərində ləyaqət və nəciblik hissi duyulan bu cavanın gənclik təravətilə döyünən qəlbini dərin bir hüzn bürüsə də, kövrəlmiş hisslərinə təmkini ilə üstün gələrək, zahiri hissiyyata çox da yol vermirdi. Taleyin gözlənilməz zərbəsi altında əzab çəkən ruhun sakit qərar tapa bilməsinə yalnız dəyanət və mərdlik imkan verə bilər. Bu mənada onun mərdliyi və dəyanəti, hər cür gözlənilməz dərdə dözməyi bacaran ürəyinin qərarı ilə bir səslənirdi. Nəcibanə görünən siması, ağır duyğu gətirən hadisənin sarsıdıcı təsirinə səbr ifadə edirdi. Adətən gənclər belə ağrıya səbrlə dözməyə kömək edə biləcək mənəvi qüvvəyə nadir hallarda malik olurlar. O isə kifayət qədər sakitlik və dözümlülük göstərirdi.

Mehriban xanım Əliyevanın da qəm kölgəsi ilə örtülmüş məsum çöhrəsində ürək yanğısından doğan ağrı hissi aydın sezilirdi. Kədərində, adı əziz tutulan və son dərəcə qiymətli olan ananın ağır  itkisi öz  təbii ifadəsini tapırdı.Biz xitabət kürsüsündən bir neçə addım kənarda idik. Ətrafda dövlət nümayəndələri ilə yanaşı, milli mədəniyyətimizin fəxri olan sənətkarlar da var idi. Onlardan müğənni Lütfiyar İmanov bizdən sola, xitabət kürsüsünə nisbətən yaxın olan bir yerdə durmuşdu. Müslüm Maqomayev xanımı Tamara Sinyavskaya ilə, meydan çərçivəsindən də kənar bir yerdə, arxa tərəfdə dayanmışdı. Bizdən sağa, nisbətən arxada, Polad Bülbüloğlunun tənha durduğunu gördüm. Başımın hərəkəti ilə ona kədərli salam verdim. Ehtiramla salamımı aldı. Amma böyüklərin arasında olduğum üçün üzündəki təəccüb əlamətini də sezdim.

Haşiyə: Bir ay əvvəl martın 11-də mən onunla eyni təyyarədə, gündüz reysi ilə Moskvaya uçarkən tanış olmuşdum. Oturacaq yerlərimiz qabaq sərnişin salonunda birinci cərgədə yanaşı idi. Onunla yol boyu müxtəlif məzmunlu söhbətlər etmişdik.

SSRİ Səhiyyə naziri C. P. Burenkov xitabət kürsüsünə qalxaraq matəm mitinqini açıq elan etdi. Və birinci olaraq özü nitq söylədi . O tibb sahəsinə oftalmologiya elminə ağır itki üz verdiyini, görkəmli tibb alimi, tibb elmləri doktoru, professor Azərbaycan Elmlər Akademiyasının akademiki, Əziz Əliyev adına Azərbaycan həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının müdiri Zərifə Əziz qızı Əliyevanın 15 aprel 1985-ci ildə qəflətən vəfat etdiyini dedi. Natiq, akademik Zərifə xanımın tibb elmindəki böyük nailiyyətlərindən, yüz otuz elmi məqalənin, o cümlədən beş sanballı monoqrafiyanın, ali məktəblər üçün bir çox dərsliklərin müəllifi olduğunu söylədi. Onun tibb elminə dəyərli hədiyyə kimi təqdim etdiyi, görmə orqanının peşə patalogiyası və profilaktikası sahəsindəki araşdırmalarının sənaye sahəsində tətbiq edilməsindən danışdı. Sonra neçə- neçə elmlər namizədinin və elmlər doktorunun rəhbəri olduğunu bildirdi. İctimaiyyət arasındakı böyük nüfuzundan söz açdı. Natiq nitqinin sonunda Zərifə xanım Əliyevanın nüfuzlu alim, həkim, pedaqoq, qayğıkeş bir insan kimi əbədi olaraq, qəlblərdə yaşayacağını dedi. Daha sonra elm sahəsində tanınmış altı nəfər də çıxış etdi. Onlar da Zərifə xanım Əliyevanın oftalmologiya elmində böyük xidmətlər göstərməsindən, əsərlərinin xarici ölkələrdə tanınmasından və bu əsərlərin son dərəcə böyük nəzəri və tədqiqi əhəmiyyətindən danışdılar. Həmçinin Zərifə xanımın geniş ictimai fəaliyyətindən də söz açdılar. Xitabət kürsüsünə Vida nəğməsini ifa etmək üçün SSRİ xalq artisti Müslüm Maqomayev dəvət olundu. Qoluna bərk-bərk girmiş xanımı Tamara Sinyavskaya onu xitabət kürsüsünə qədər ötürüb, bir az kənarda dayandı. Nəhayət, dünya opera vokal sənətinin ulduzu Müslüm Maqomayevin gur,  lakin yumşaq tembrli məlahətli səsi eşidildi. Dərin qəm sədaları, qəbiristanlığın bütün guşələrini bürüdü.

Hər gecəm oldu kədər, Qüssə, fəlakət sənsiz,

Hər nəfəs çəkdim hədər Getdi o saət sənsiz.

O, muğam qaynaqlarından köklənmiş əzəmətli “Sənsiz” romansını ifa edirdi. Qudrətli sözün və qudrətli bəstənin vəhdətindən yaranmış romans, yüksək həssaslıqla, qudrətli bir səslə də oxunurdu.  Müğənninin hüznlü hisslə  dolu olansəsi, bircə anda adamların varlığına hakim kəsildi. Və hamı bu səsin ecazkar qüvvəsinə tabe olaraq bir neçə anlığa susub sakit dayandı. Ətrafa hənirti belə duyulmayan bir səssizlik çökdü. Sakit ahənglə oxunan vida nəğməsində böyük qüssə nəfəsi vardı. Sözlər çox canlı, güclü, emosional təsirə malik idi. Hər bir vurğu, hər bir kəlmə, qəlb dərdini ifadə edirdi. Onun bir az da qəriblik duyğuları ilə oxuması, səsinin təsir qüvvəsini artırıb daha da yandırıcı etmişdi. O, elə bil oxumur, bayatı deyib, ağı çəkirdi. Sanki yer-göy silkələnirdi. Atəşlə dolu səsin ətrafı bürüyən hərarəti, zərif hissləri daha da kövrəldib hərəkətə gətirdi. Kədər duyğulu bu ürək naləsnə heç bir kəs laqeyd qala bilməzdi. Ruhi gərginliyə davam gətirməyən insanlar qürub sakitliyini ağlamaqla pozdu. Hıçqırtılar, səsin qüssəli ahənginə qarışdı. Hər kəs özünə məxsus bir tərzdə ağlayırdı. Ağrılı vida nəğməsinin təsirindən ağlamayan insan tapılmazdı. Böyüklü-kiçikli hamı gözü yaşlıydı. Könül yandıran səs bizi də mütəəssir edib göz yaşlarına qərq etmişdi. Müslümün insan qəlbinə bu dərəcədə nüfuz edib, öz hökmranlığı altına alması, bütün hissini biruzə verən, səsindəki matəm ahənginin qəlbində olan hissə müvafiq olması idi. Ürək yanğısı ilə oxunan romans, həyatın hər cür amansızlığı qarşısında məğrur və vüqarlı dayanan , dözüm və səbr mücəssəməsi sayılan Heydər Əliyevin də daxili müvazinətini titrədərək, güclü ağlamağa vadar etmişdi. Yanaqlarından aşağı süzülən almaz kimi parlaq yaş damlaları ürək parçalayırdı. Öz hissinə hakim olmaq, bu an çox çətin idi. Çünki insan hökmündə olmayan və hədsiz məhəbbətin təzahürü olan bu hiss, hər hansı bir vəzifə anlayışı ehkamından güclü idi. Bir də ki, mənbəyi saflıqdan gələn belə bir hissi heç bir qüvvə kölgələyə bilməzdi.Düzünü desəm, belə kövrəklik onun şəxsiyyəti ilə bir yerə siğmaz olduğunu fikirləşirdim. Təbiətinə xas olmayan bir iş sanırdım. Amma güman etdiyimin əksini görürdüm.

Artıq göy üzünə qəmgin bir görünüş verən tutqun qara buludlardan , qəm tək səpələnən yağış ələnirdi. Sanki əbədi göylər də uzaq və ulu bir diyarın əziz övladını, uzun ayrılıq mənzilinə göz yaşları ilə yola salırdı. Dəfn mərasimində iştirak edən xalq şairi Bəxtiyar Vahabzadə sonralar həmin anı şerin dili ilə belə təsvir edir:

Bu bahar günündə yağmurlu göy də

Bu gün için- için qan ağlayırdı.

Sənin matəminə Üzeyir bəy də

“Sənsiz”in diliylə  yas  saxlayırdı

Bu zaman mərhumənin cənazəsi üzərinə su keçirməyən materialdan örtük tutuldu. Nəzərlərim çox vaxt qeyri- ixtiyarı olaraq Heydər Əliyevin simasında gəzirdi. Bütün diqqətimi toplayaraq, qəlbən onu anlamağa və yaxından müşahidə etməyə çalışırdım. Hətta ona astadan söz demək istəyən, yaxın qohumu olan bir xanıma, bir az qəhərli və azca da sərt bir ahənglə dediyi söz indi də yadımdadır. Çıxış etmək üçün söz, SSRİ xalq artisti Lütfiyar İmanova verilir. Çıxışından əvvəl bir nəfərin onun yanına, bir neçə dəfə gəlib getdiyini gördüm. Görünür, kədərin təsirindən vəcdə gəlmiş müğənni, çıxış etməyə söz istəyirdi. Bəlkə də, gözlənilmədən ona söz verilirdi. Cənazə önündə həyəcanla nitq söyləyən xalq artisti xalqın  kədərini  ifadə  edən  sözlər  dedi.  O,  mərhumənin  yüksək  insani

keyfiyyətlərindən və qayğıkeşliyindən danışdı. Onun zərif və incə duyumlu bir insan olduğunu söylədi. Daxili varlığının zəngin olmasını diqqətə çəkdi. O, bu sözləri böyük məhəbbət və səmimiyyətlə, dərin həyəcan içində söyləyirdi. Çox da mütəəssir olmuşdu. Qəmdən süzülüb gələn bir səslə, mərhumənin çox sevdiyi “Bu gecə” mahnısını oxudu. Musiqi müşayiəti olmadan, çox gözəl ifa edilən bu mahnı da hamını kövrəltdi. Bununla da, vəcd içində oxunulan vida nəğmələri və söylənilən xatirə nitqləri, matəm mitinqinin bağlı elan olunması ilə bitdi.

İllər ötsə də, Heydər Əliyevin vəfalı ömür dostu ilə son dəfə olaraq, əbədi ayrılıq məqamında olan vida görüşü heç vaxt yaddaşımdan silinməz. Onun əbədi uyğuya dalmış ömür dostunun cənazəsinə dikilən baxışlarında, qəlb dünyasına çokmüş, həsrət soyuqluğunun güclü bir ifadəsi vardı. O, heç vaxt bir daha ona qayıda bilməyəcək, əzizini itirirdi. Omrünü işıqlandıran qiymətli istəklisi ondan uzaqlaşırdı. Sevdiyi insandan əbədi ayrılmağın nə qədər əzablı olduğunu başa düşmək çətin deyildi. Bu fövqəladə anlar idi. Bu anlar onun bütün ruhunu görməyə imkan verirdi. Ayrı düşməyin çarəsizliyi qarşısında amansız bir üzüntü duyan Heydər Əliyev göz yaşları içində, ilk, yeganə, sadiq məhəbbətinə son dəfə “əlvida” deyən nəzərlərlə baxdı. Bu son vida, son görüş idi. Bu ayrılığın son mərhələsini göstərən kədərli, həm də çox əzəmətli bir görünüş idi. Bu, insan duyğusu fövqündə dayanan məhəbbət hissinin dərin köklərə malik olduğunu göstərən yüksək əlamət idi. Məhəbbəti dərindən yaşamağın nə olduğunu, insanı dərk etməyə vadar edən bu bəşəri ucalıq, bu böyük vəfa, şəxsi təxəyyüldən doğan adı mülahizə deyil. Bu can yanğısı ilə insan sayğısının ali məqamını görüb, şahidi olmuş, möhtəşəm dəfn mərasimi iştirakçısının söylədiyi bir həqiqətdir. Doğrudan da mənəvi dərinliklərdən, insanın bəşəri təbiətini zahirə çıxaran, onun sədaqət və səmimiyyətini göstərən ən gerçək meyar, ayrılıqdır. Bu həmişə ləyaqətli və mənəvi cəhətdən zəngin olan insanların, bütün ülvi keyfiyyətlərini və əsl simasını aşkarlayır.Qəlbimə təsir edəcək bu kədərli mənzərə kimi ikinci bir hadisə yadıma gəlmirdi. Yüksək dövlət xadiminin böyük qəlbi və onda olan insanlıq hissinin müstəsna dərəcədə yüksəkliyi məni heyrət zirvəsinə qaldırmışdı. Bu, mənə məlum olmayan, onun ömür kitabından qarşımda açılan, yeni səhifələrindən biri idi. Nəcib və əzəmətli bir qəlbə malik olan bu böyük insana heyrətlə də baxırdım. Varlığın yüksək forması olan məhəbbətin müqəddəslik zirvəsinin gerçək təcəssümünü və zatən kişiliyin mükəmməl mücəssəməsini görürdüm. Onun böyüklüyünü göstərən bir amil də, təsəvvürəgəlməz sadəliyi idi. Böyük mənada, təbiiliyindəki sadəlik. Onun hərəkətlərində sünilikdən, qeyri təbiilikdən əsər-əlamət yox idi. Gözümün qarşısında dəyişən, getdikcə sadələşən, dünya görüşünün incəliyi ilə fərqlənən bu insana, varlığımda ifadə edilməz bir hörmət hissi duydum.

Mən dayanıb durduğum yerdən ətrafa nəzər salıram. Çox da uzaq məsafədə olmayan, bir  qəbirüstü  abidə, diqqətimi  özünə  çəkir. Xitabət kürsüsündən təxminən onbeş addım kənarda, ağcaqayın ağacı altında , hündür daş abidənin üzərindəki yazını oxuyuram və bir az da kövrəlirəm. Bu, əsərləri dünya xalqları dilinə tərcümə olunan pyesləri Avropa, Amerika , Asiya teatr və opera balet səhnələrində nümayiş etdirilən, məşhur “İnsan mənzərələri” epopeyasının müəllifi, qan qardaşımız Nazim Hikmətin qəbri idi.

                                                                                                                     Dəfn mərasimi...

Bəşər övladının labüd olaraq həyat fəaliyyətinin sonunu göstərən ən kədərli hadisə. Hamı cənazə ətrafına toplanır. Zərifə xanım Əliyevanın tabutunu doğma və yaxınları çiyinlərinə qaldıraraq, qəbiristanlığın “ilk” ərazisində müəyyən edilmiş yerə, son mənzilə doğru ağır-ağır irəliləyirlər. Qəbiristanlıq üç, “ilk”, “yeni” və “daha yeni” ərazilərdən ibarət idi.Dayandığımız matəm mitinqi meydanı, qəbirstanlığın “yeni” ərazisi idi. Buradan son mənzilə olan məsafə isə iki yüz metr olardı. Matəm dəstəsi cənazəni matəm melodiyası ilə müşaiyət edirdi. Cənazə müəyyən olunmuş yerə çatdırıldı və çox ehtiyatla məzara endirildi. Bu zaman himn səsləndi və böyük ehtiramla qəbrin üstü torpaqla örtüldü. Məzar üzərinə saysız- hesabsız gül dəstələri və əklillər düzüldü. Beləliklə, ömrünü mənalı və nəcib hisslərlə, xeyirxah əməllərlə yaşamış, Azərbaycan xalqının sevimli qızı Zərifə xanım Əliyeva, bahar axşamının məhzun qürubunda əbədiyyətə qovuşdu. O, yüksək ideallara malik olan bir şəxsiyyət şərəfi ilə dəfn olundu.

Zərifə xanımın ömür yolu apreldə başlamışdı. Saf və şirin arzularla dolu olan bu yol, apreldə də taleyin rəhmsiz qərarı ilə vaxtsız bitdi. Təəssüflər olsun ki, illər uzunu ürəyində yuva salan müqəddəs məram və arzularının bir hissəsinə nail ola bilmədi. Nə etmək olar? Həyatın qaçılmaz sonluğu olan ölüm gözlənilmədən qapımızı döyür. Bütün canlı varlıq həyatın pozulmaz qanunu olan bu hikmətə tabedir. Bu hər kəsin keçəcəyi bir yoldur. Ölümdən sonra xatirəyə dönərək qəlblərdə əbədiyaşarlıq qazanan insan, gördüyü əməllərin məzmununa görə yad edilir. Ona görə də insan düşüncələri və əməlləri ilə ölməzdir.

Zərifə xanım da öz ölməzliyini keçdiyi həyat yolunda, həqiqətin və ədalətin təntənəsinə, vətənə, xalqa xidmət etmək nümunəsi ilə sübut etmişdir. O, doğma xalqının qəlbində mərhəmət və xeyirxahlığı ilə ən ülvi hisslər oyadaraq, özünün ölməz heykəlini ucaltmışdır. Ruhuna uyğun olan paklığı, məsumluğu və nadir mehribanlığı onu həmişəyaşar bir insana çevirmişdir. O, hər zaman dərin bir məhəbbətlə xatırlanacaq. İri parlaq hərflərlə yazılan adı, doğma xalqının ömründə əbədi olaraq yaşayacaqdır.

Zərifə xanım Əliyevanın dəfn olunduğu yer şəxsiyyətinə uyğun olan, münasib bir guşə idi. Bu Novodeviçye qəbiristanlığının “ilk” ərazisinin, birinci sahəsi idi. Zərifə xanım Əliyevanın məzarının baş tərfindən sağa, məşhur rus şairi A.A. Blokun doğmaca xalası, tanınmış ictimai xadim Sofiya Kubliçkayanın, ondan sonra isə, SSRİ EA-nın prezidenti, akademik V.P. Komorovun, akademik V. A. Obruçevin və digər alimlərin qəbirləri ardıcıl olaraq yerləşirdi. Bir çox dünya ədəbiyyatı və incəsənətinin qızıl fonduna daxil olan dəyərli əsərlər müəllifləri də, məhz burada əbədi uyğuya dalmışlar. Yuxarıda qeyd edildiyi kimi Novodeviçye xüsusi qəbiristanlıq olduğundan burada dəfn olunmaq üçün vətəndaşın yalnız ictimai vəziyyəti, cəmiyyətdə tutduğu yüksək mövqeyi əsas mahiyyət kimi götürülür. Burada müxtəlif dinə mənsub olan insan qəbirləri ilə yanaşı, burada müsəlman qəbirləri da az deyildir. Hətta bunların arasında mərhumun müsəlman dini mənsubiyyətini qabarıq şəkildə göstərən qəbirlərə də rast gəlmək olur.

1922-ci ildə Təbriz üsyanına başçılıq etmiş şair Lahuti Əbülqasım Əhmədzadə, sonradan Sovet dövlətinə mühacirət edir. Bir müddət SSRİ Yazıçılar İttifaqının katibi vəzifəsində çalışır. 1957-ci ildə isə vəfat edir. Bax, onun qəbirüstü sinə daşı üzərində, iri ərəb hərfləri ilə bədii bəzək üslubunda yazılan ad və soyadı sanki müsəlman Şərqinin daş üzərində oyma sənətinin bir nümunəsidir.

Məzarın ətrafında sıx canlı divar əmələ gətirmiş adamların “Allah rəhmət eləsin”, “Qəbri nurla dolsun” deyimləri eşidilirdi. Hamı bir ağızdan mərhumənin ruhuna rəhmət oxuyurdu. Hələ də ovunmaq bilməyən Heydər Əliyev, ağır fikirlər ağuşundan çıxa bilmirdi. Qəmginlik içində sakitləşməsinə baxmayaraq, sükutunda acı təəssüfün fəryadı duyulurdu. Səngimək bilməyən ruhi təlatüm, ona iztirab verməkdə davam edirdi. Qəlblərinə ağır bir qüssə hopmuş qohum-qardaş, Heydər Əliyevə bir az da yaxınlaşdı. Başda böyük qardaşı Həsən Əliyev olmaqla son dərəcə bir həssaslıqla, ona ürəyini toxdadan sözlər dedilər. Kədərində həyati bir müdriklik duyulan digər qardaşı Aqil Əliyevin də gözlərində təsəlliverici bir ifadə vardı. Məzar ətrafına yığılan adamlar bir müddət təmkinlə hərəkətsiz dayanıb, Heydər Əliyevi ehtiramla gözlədilər. Sonra onunla birlikdə, ağır addımlarla, yavaş- yavaş qəbiristanın darvazasına tərəf addımladılar. Azərbaycan Respublikasının o zamankı birinci vəzifə sahibi Kamran Bağırov ilə Həsən Əliyev ona daha yaxın məsafədə idilər. Biri sağ, digəri isə sol tərəfində gedirdi. Heydər Əliyev onu əhatə edənlərin kədəri içində, bir ürək sızıltısı ilə yeriyirdi. Addımları, çəkdiyi qüssənin azman ağırlığı altında qətiyyətsiz görünürdü. Hiss olunurdu ki, ayaqlarının biri gedir, biri yox. Biz isə qəmli baxışlarla onları müşayiət edib yola salırdıq. Yadımdadır maşınlar tərpənərkən akademik Həsən Əliyev digər şəxslərə nisbətən, bir az gec olaraq “Çayka” markalı avtomobilin qabaq oturacağına əyləşdi.

Axan göz yaşlarının davamı kimi yağan yağış səngimək bilmirdi. Getdikcə güclənən yağışdan adamlar çəkilib gedirdi.

Daxili bir meylin hissi tələbinə tabe olaraq, bizim hələ də burada dayanmağımız, Azərbaycan qadınlığının yüksək təcəssümü olan mərhuməyə bəslənən dərin ehtiramdan və kiçik də olsa, bir vətən övladı borcunu qaytarmaq istəyindən irəli gəlirdi. Biz məzara yaxınlaşarkən, məzarın baş tərəfi hissəsində, Şeyxülislam Alahhşükür Paşazadə dəfndən sonra müsəlman dinində müəyyən edilmiş ibadət mərasimini icra edirdi. Yağışdan qorunmaq üçün, bir nəfər də onun başı üzərində çətir tutmuşdu. Kənar məsafədə bir-iki adam da görünürdü. Səhv etmirəmsə, onlar da dini rəhbərimizi gözləyən tanışları idi. Narahatlıq olmasın deyə, bir neçə addım kənarda durduq. Çiçək dəstələrindən və əklillərdən görünməz olmuş məzarın üstü, adam boyundan da hündürə qalxmışdı. Mərhumənin məzar üzərindəki qara lentli şəklindən, xeyirxah insanın surətinə xas olan mehribanlıq və nəciblik duyulurdu. Dövrün ruhu ilə həmahəng olan ateizmin yasaq buyurduğu qayda-qanunlara baxmayaraq Şeyxülislam ibadət mərasimini layiqincə başa vurub, yanındakı adamlarla oradan getdi. Biz isə bir neçə addım irəliyə yeridik və mərhumənin ruhuna rəhmət  deyib, axırıncı olaraq qəbiristanlığı tərk etdik.

Qədim xalq bayatısında məşhur şah misralarla ifadə olunmuş diləklərlə sözümü bitirirəm:

 “Bir ayrılıq, bir ölüm

 Heç biri olmayaydı.”

P.S: Xatırladım ki, 1985-ci ilin aprelində Moskvada dünyasını dəyişən, Novo-Deviçye qəbirstanlığında dəfn edilən Zərifə xanımın nəşi 1994-cü ildə Heydər Əliyev tərəfindən Bakıya gətirilərək Fəxri Xiyabanda, atasının məzarı yanında dəfn edildi.

Xalqımızın fəxri hər iki böyük şəxsiyyətə Tanrıdan rəhmət diləyirik!

 Aprel 2003-cü il