Paşinyandan Putinə söyüş kimi gediş – “KTMT-niz başınıza dəysin”

Ermənistanın Baş naziri Nikol Paşinyan “France 24”ə müsahibəsində söyləyib ki, Ermənistanın Rusiyanın hakim olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakı dondurulub.

Eyni zamanda o deyib ki, Ermənistanda yerləşən Rusiyanın 102-ci hərbi bazasının mövcudluğu məsələsi gündəlikdə deyil.

Paşinyan ölkəsini Rusiyadan ayırır? Bu, Putin tərəfindən necə qarşılanacaq?

Globalinfo.az-a danışan politoloq Azad Məsiyev deyib ki, bir vaxtlar Paşinyan Ermənistanda fəaliyyət göstərən bəsit bir jurnalist idi:

“ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə o, məxfi əməkdaşlıq edirdi. O, daha sonra ABŞ-ın diplomatik korpusunun siyasi, Soros fondunun iqtisadi dəstəyi ilə hakimiyyətə gəldi. Təbii ki, ABŞ Paşinyanı sevdiyi üçün belə bir addımı atmadı. O, hakimiyyətə gətiriləndən təlimatlar ilə hərəkət edir. Bu günə qədər Paşinyan Vaşinqtondan gələn təlimatlar əsasında hərəkət edir.
ABŞ-ın məqsədi Ermənistan üzərindən Cənubi Qafqaza daxil olub Rusiyanın nüfuzunu zəiflətməkdir. Bu baxımdan Paşinyanın apardığı daxili, xarici siyasət məhz bu plana xidmət edir. Son vaxtlar isə Paşinyan Vaşinqtondan açıq təlimatlar alır. Təlimatların əsas məqsədi isə Rusiya ilə körpüləri yandırıb təsir dairəsindən tam çıxmaqdır.

Ermənistan cəmiyyəti də yaxşı anlayır ki, Rusiyanın Ermənistana təzyiq rıçaqları Qərbin rıçaqlarından daha təsirlidir. Rusiya bu gün iqtisadi-siyasi, eləcə də diplomatik baxımdan Ermənistana təsir edə bilir. Bunlara baxmayaraq Paşinyan erməni xalqının maraqlarına uyğun hərəkət etmir. Onun KTMT ilə yaratdığı ziddiyyət buna yaxşı misaldır.

O, son çıxışlarında KTMT ilə əməkdaşlıqdan imtina edəcəyini deyirdi. Hətta nümayişkaranə formada KTMT iclaslarına qatılmırdı. Digər bir diqqətçəkən məqam isə Paşinyan Qərbdə çıxış edərkən daha aqressiv olur. O ki qaldı hazırda Ermənistanın KTMT münasibətləri dondurmasına, artıq bu, yeni bir səviyyə, yeni bir etapdır”.

Politoloq hesab edir ki, Paşinyanın geri dönüşü yoxdur:

“Paşinyan özünü erməni xalqının rəhbəri kimi deyil, ABŞ-ın bu ölkədəki səfiri kimi aparır. Bütün fəaliyyətləri açıq şəkildə erməni xalqının əleyhinədir. O, ABŞ-dan idarə olunan bir fiqurdur.

Rusiya Paşinyanın bu davranışına əvvəllər səbirlə yanaşsa da artıq vəziyyət dəyişib. Siyasi xadimlər üzərindən verilən mesajlar bu gün rəsmi şəxslərin xəbərdarlıqları ilə əvəzlənib. Mümkündür ki, Kreml daha ciddi və adekvat addımlar atsın”.

Siyasi yazar Azər Ayxanın şərhinə görə, N.Paşinyanın bu hərəkəti Rusiya üçün alçaldıcı rəftar sayıla bilər:



 

O, Putinə qarşı söyüş kimi gediş edib. Bu rəftara Kreml nə qədər dözəcək, bilinmir. Baş nazir sanki Rusiyanın səbrini sınağa çəkir. İndi gözlər Putindədir. Rusiya prezidentinin cavabı maraqla gözlənilir. Paşinyanın KTMT ilə bağlı açıqlamasının tərcüməsi təxminən belədir: “Rusiya, KTMT-niz başınıza dəysin, bu təşkilatda olmağı özüm üçün məqbul saymıram”.

Bəzi ekspertlər iddia edir ki, Moskva İrəvanda hakimiyyət dəyişikliyinə gedə bilər. Bunu Paşinyan özü də Fransa mediasına açıqlamasında deyib. Ola bilsin, hazırda Azərbaycanla bağlı danışıqlara görə Kreml Ermənistanda status-kvonun dəyişməsində maraqlı olmasın”.

Azər Ayxan deyib ki, nə qədər ziddiyyətli görünsə də, Rusiya, konkret olaraq Putin Azərbaycan-Ermənistan münasibətlərinin gərginləşməsində, mövcud vəziyyətin dəyişməsində maraqlı görünmür:

“Yoxsa bizim tanıdığımız Putin heç vaxt özünə və ölkəsinə qarşı vassalı olan ölkənin rəhbərinin belə sayğısızca rəftarını udmazdı. Yəqin bu mərhələ keçiləndən sonra Paşinyanın hakimiyyətdən salınması üçün Moskva lazımı addımları atacaq. Əslində Paşinyanı Moskvaya qarşı belə ürəkli davranmağa vadar edən də məhz bu amildir. Bilir ki, nə etsə də Kremlin rəhbəri ona dözmək məcburiyyətindədir. Lakin bir gün divar bitəcək…”.