BAMF-ın baş ofisində müşahidəçilərlə ilk görüş keçirildi – FOTOLAR

Yanvarın 15-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun 2024-cü il 7 fevral tarixində Azərbaycanda keçiriləcək prezident seçkilərində müşahidəçi kimi iştirak edəcək heyəti ilə ilk görüş keçirilib.

"İlkxeber.org xəbər verir ki, BAMF-ın baş ofisində baş tutan görüşdə təşkilatın 50 nəfərlik müstəqil müşahidəçi heyətinin bir hissəsi iştirak edib. Azərbaycan müstəqillik əldə etdikdən sonra keçirilən seçkilərdə böyük təcrübə qazanmış BAMF-ın əməkdaşları Ruslan İbrahimbəyli, Rey Kərimoğlu və Fuad Abbasov çıxış edərək müşahidəçilərin hüquq və vəzifələri haqqında maarifləndirici təlim keçiblər.

Onlara seçki günü hansı vacib məqamlara diqqət etmələri ilə bağlı təlimatlar verilib. Tanınmış seçki texnoloqu Ruslan İbrahimbəyli bu seçkilərin Azərbaycan üçün əhəmiyyətindən danışıb:

“Bu seçki müstəqillik tariximizdə ilk dəfə olaraq bütün Azərbaycan ərazisində keçiriləcək. Bildiyiniz kimi, Xankəndi başda olmaqla Azərbaycanın 30 il  işğal altında olan torpaqları işğaldan azad edilib. Bu çox əlamətdar hadisədir. Sizlər, ölkəmiz və onun gələcəyi üçün çox vacib olan bir seçki prosesini müşahidə edəcəksiniz.”

Görüşdə, həmçinin, BAMF-ın digər müşahidəçiləri ilə region görüşlərinin keçiriləcəyi də qeyd olunub.

Xatırladaq ki, BAMF-ın Himayəçilik Şurasının yanvarın 3-də keçirilən iclasında 2024-cü il növbədənkənar prezident seçkilərində təşkilatın 50 nəfərlik müşahidəçi heyəti ilə təmsil olunması ilə bağlı qərar qəbul olunub. BAMF prezidenti Umud Mirzəyevin rəhbərliyi ilə seçkilərdə iştirak edəcək müşahidəçi heyətinin 23 fərqli şəhərdə ümumilikdə 30-dan çox dairədə fəaliyyət göstərməsi planlaşdırılıb.

Səid