Qalib Rəhimlinin “Dedim bəlkə sözüm qala…” kitabı haqqında
"Dostlar və tanışlar taleyin ən etibarlı pasportlarıdır” Artur Şopenhauer
Qələm adamının vətəni qəlbi qədər geniş, ruhu qədər hüdudsuzdur. Dostluqları da eləcə. Onu sonradan tanıdım. Amma doğmalığımızın, dostluğumuzun bağları lap uzaqlara nəsil-nəcabətə qədər uzanıb gedir. O, mənim deyil, nəslimin qayım-qədim dostudur. Ərklə qardaş dediyim adamdır.
Ali məktəbi bitirdikdən sonra təyinatla bizim rayona-Yardımlıya-gəlib işləməyə. Orda bərkə-boşa düşüb. Uca dağların başında qar saxladığını da görüb, oyuğunda tülkü, çaqqal gizlədiyini də. Amma sınmayıb, əyilməyib, o dağlara söykənib, o dağlardan güc alıb. Dağların əzəməti, suların duruluğu, havanın saflığı hopub ruhuna, qanına, yaddaşına.
Ağsaqqal öyüdü eşidib, ağbirçək nəsihəti dinləyib, olub o yurdun, o elin övladı. Seçimini də ordan edib. Ömür-gün yoldaşı Zərifə bacını ta o dağların bağrından qopararaq ulu Gəncəmizə yol alıb. Ona Gəncəmizi bir köynək yaxınlaşdırıb, doğmalşdırıb.
Gəncədə məskunlaşıb. Orada yaşayıb-yaradıb. Həyat yenə onu çox sınaqlara çəkib. Vətənin hər qarış torpağını bağrına sıxıb, sevgisini ürəyində, ağrısını canında daşıyıb. Haqsızlıq görəndə üsyan edib, hayqırıb. Bir qələm adamı kimi qələminə, sözünə, andına həmişə sadiq qalıb.
Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2023- cü il sərəncamını ilə bu il “Heydər Əliyev ili” elan olunub. Bu müdrik insan, dahi şəxsiyyət haqqında çox sayda kitablar yazılıb və yazılmaqdadır. Çünki onun Azərbaycan üçün, xalqı üçün etdikləri nə qədər yazılır yazılsın, cild-cild kitablara sığmaz..Bu dahi şəxsiyyət siyasi məntiqi, zəkası, liderlik qabiliyyəti ilə nəinki onu sevənləri, hətta dünya liderlərini də heyrətləndirməyi bacarırdı.
Amerikanın keçmiş prezidenti Corc Buşun söylədikləri keçdi gözlərimin önündən. O, deyib ki, "Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Amerika Birləşmiş Ştatlarının və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında və Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır. Məhz onun rəhbərliyi altında Amerika Birləşmiş Ştatları və Azərbaycan, Əfqanıstan və İraqdakı əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı mübarizədə tərəfdaş olmuşlar. Dağlıq Qarabağ faciəsinin sülh danışıqları ilə ədalətli və uzunmüddətli həllinə nail olmaq sahəsində onun nümayiş etdirdiyi qətiyyət regionda sülh və sabitliyin saxlanmasında mühüm əhəmiyyət kəsb etmişdir. Eyni zamanda, onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın iyirmi birinci əsrə ən gücü dövlət kimi daxil olmasına imkan yaratmışdır".
Qalib Rəhimlinin yenicə çapdan çıxmış “Dedim bəlkə sözüm qala” kitabı da “Heydər Əliyev ili”ndə yazılan kitablardandır. Kitabı oxudum. Kitab yeddi fəsildən ibarətdir. İlk fəsli Azərbaycanın ədəbi, mədəni, siyasi, iqtisadi həyatında çox böyük rol oynamış ulu öndərə həsr olunub. Umummilli Lider haqqında yazdıqları məni xeyli düşündürdü, çox- çox uzaqlara apradı və bu yazını yazmağa, fikirlərimi bildirməyə vadar etdi.
Heydər Əliyev Azərbaycanda ilk dəfə hakimiyyətdə olduğu illərdə biz orta məktəbdə oxuyurduq. Böyüklər onun necə uzaqgörən, müdrik siyasətçi olduğundan fəxrlə danışar, hətta bu əfsanəvi insan haqqında maraqlı söhbətlər də uydurardılar.
Müəllifin qələmə aldığı kitabın “Dahilik zirvəsinə ucalan insan” adlı birinci fəsildə yazdığı məqalələr, təhlil və yazılar Heydər Əliyevin siyasi iradəsinə və rəhbərlik bacarığına, onun insani keyfiyyətləri ilə yanaşı ağlına, zəkasına məni bir daha heyran etdi. Eyni zamanda müəllif Heydər Əliyevin Gəncə səfərlərindən söz açır və hər dəfə Gəncəyə gəlişində qədim şəhərimiz-ulu Gəncəmizin inkişafı üçün atdığı addımlardan, milli- mənəvi dəyərlərimizə olan sevgisindən, qoruyub gələcək nəsillərə ötürmək üçün gördüyü işlərdən, attdığı addımlardan qürur hissi ilə söz açır.
Heydər Əliyev Gəncənin Azərbaycan tarixində yerini və mövqeyini gözəl bilirdi. Elə buna görə Nizami yurdunu daim xüsusi nəzarətdə saxlayırdı. Onun üçün iqtisadi dirçəliş nə qədər önəmli idisə, ədəbiyyatın və mədəniyyətin inkişafı da o qədər əhəmiyyətli idi. “Bizim ədəbiyyatımız, mədəniyyətimiz xalqın milli sərvətidir və intellektual mülkiyyətidir. Bizim ədəbiyyyatımızın xalqımıza ən böyük xidməti ondan ibarətdir ki, şairlərimiz, yazıçılarımız öz əsərləri ilə Azərbaycanda, xalqımızda, millətimizdə daim milli hissiyatı oyatmağa çalışmışlar. Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan keçir”. Beləcə də Ulu öndər Gəncə ədəbi mühitinin ikişafına da xüsusi önəm verirdi.
Gəncə Azərbaycanın ikinci böyük şəhəridir. Burada yaşayan insanlar Gəncənin əzəmətini, qürurunu daim qoruyub saxlayıblar. Gəncə tariximizin ən çətin dövrlərini yaşayıb. Amansız döyüşlərin, düşmənlə dişə-diş, qana-qan savaşların şahidi olub. İgidlər canından keçib, amma qürurundan keçməyib, onu həmişə ucada tutublar. Uzaq keçmiş deyil, lap yaxın vaxtda -2020 -ci ildə Gəncəyə atılan düşmən raketlərinin acısını millət olaraq hamımız yaşadıq və bu gün də yaşayırıq.
“Gəncəlilər Heydər Əliyev siyasətini bəyənir və müdafiə edir” sərlövhəli yazısında yenə müəllif sözünün, qəlminin sahibi olduğunu, peşə səriştəsini ortaya qoyur və Gəncənin adlı-sanlı, nüfuzlu iş adamlarından tutmuş, sadə zəhmət adamlarına qədər aldığı müsahibələrlə onların Ulu öndərə olan sevgisini, onun ağıl və zəkası qarşısıda heyrətini ustalıqla qələmə alıb.
Müəllif Gəncə hadisələrinə də toxunur. “Gəncə tufanı sovuşdu” təhlilində Azərbaycanda baş vermiş qiyamın-qardaş qırğınına, vətəndaş müharibəsinə apardığını, Azərbaycanın müstəqilliyini itirmək, hətta xəritədən silinmək təhlükəsi ilə üz- üzə qaldığı dövrü xatırladır. Bizi o illərə aparır yenidən. Belə bir vaxtda Heydər Əliyev gəncəlilərə müraciət edir. Xalqın tələb və təkidi ilə yenidən hakimiyyətə gələn və xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu öndərin çıxışından dərhal sonra bütü Gəncə əhli şəhərin baş meydanına axışır. Onun uzaqgörən siyasəti, ağılı, məntiqi və rəhbərlik səriştəsi nəticəsində bu hadisələrə son qoyulur və Azərbaycan bu ağır durumdan xilas olur. Azərbaycan yeni siyasi, iqtisadi və mədəni inkişaf yoluna qədəm qoyur.
Növbəti “ Onlar hər kəs üçün müqəddəsdir” fəslində müəllif Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ruhuna hörmətini, döyüşçü və qazilərimizə ehtiramını bildirən yazılarla oxucu qarşısında dayanır. Onların döyüş yoluna nəzər salır, aillərində olur, kövrək hisslərlə göstərdiyi qəhrəmanlıqlardan bəhs edir. Eyni zamanda qarış-qarış gəzdiyi cəbhə bölgələrindəki durumdan söhbət açır, səlahiyyət sahibləri ilə müsahibələri təqdim edir.
Üçüncü fsildə Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Gəncəyə səfəri ilə bağlı dolğun fikirlərini qoyur ortaya. Məndən müsahibə adlı bölümdə Cənab Prezidentin bu səfərinin əhəmiyyətindən yazıb, böyük bir şəhərə verdiyi stimuldan söz açıb.
“Könlümün hökmü ilə yazılan” yaradıcılıq nümunələrində Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramovdan yazdığı yazı daha çox diqqəti cəlb edir. Bu insanın sadəliyindən, əhali ilə münasibətindən, şəhid ailəlri və qazilərlə görüşündən elə faklar açıqlayır ki, oxucu heyrətlənməyə bilmir. Yazıda şəhərin dinamik inkişafı da ön planda verilir.
Növbəti fəsildə YAP Gəncə şəhər təşkilatının yaranmasının 29 illik fəaliyyətindən bəhs edən müəllifin “Gəncənin səsi” qəzetinin 100 illiyi ilə bağlı yubiley yazısı, Xalq yazıçısı İsmayıl Şıxlı, Gəncə Telekommunikasiya İdarəsinin keçmiş rəisi Nəriman Salmanov, dəyəli jurnalistimiz Züleyxa Nadir, folklorşünas alim Sədnik Paşayev, Gəncə Xalça Kombinatının nəzdində olan “Xalça” kooperativinin sədri Nəsrəddin Əliyev, Azərbaycan Kommmunist Partiyasının XXXII qurultayının namayəndəsi Güləbatın Əhmədova, Bərcan kənd sovetinin sədri Rasim Niftiyev, Xalçaçı Firəngiz Ağayeva, 4 nömrəli Ərazi Nəqliyyat kontorunun rəisi, “Şərəf “nişanı və ilk dəfə “Qırmızı Əmək Bayrağı” ordenli Musa Musayev, üzümçü Yetər Mustafayeva, Gəncə Avtomobil zavodunun avtokrançısı Aydın Qafarov, Gəncə Xalça İcarə Kombinatının rəhbəri Vaqif Məhərərəmov, Gəncə şəhər Dövlət Yol Polisinin rəisi Çapay Əhmədov, Almaniyanın Ştatlond şəhərində biolesker şirkətinin baş meneceri, ADAU-nun məzunu Çinarə Nəsibova, müğənni Teymur Əmrah, Göygöl Dövlət Mahnı və Rəqs ansanblının direktoru Yaşar Həsənov, Lenin adına sovxozun üzümçülük briqadiri Şükür və sürücü Məmməd Nəsirov, qədim misgərlik sənətini yaşadan Qulievlər nəslinin nümayəndəsi Mütəllim Quliyev, üzümçülük briqadiri, sadə əmək adamı Ağaxan Əzimovun haqqında yazıları ilə yanaşı Sözü urvatdan salan söz dəllarlarına ünvanlanmış və Gəncə “Büllüur” zavodunun işindən və fəaliyyətindən bəhs edən yazıları da yer alır.
Daha bir fəsildə Gəncədə Avtomobil zavodundan, avtomobil istehsalından və onun vacibliyindən danışır. Mühüm strateji əhəmiyyət kəsb edən bu zavodun keçmiş direktoru mərhum Kaviz Abdullayevin, indiki Gəncə Avtomobil zavodu İstehlalat Birliyi Müşahidə Şurasın sədri Xanlar Fətiyevin gərgin və dəyərli zəhmətini faktların dili ilə geniş oxucu auditoriyasına çatdırır.
Keçən il Gəncəyə getmişdik. Kitab sərgisində iştirak etmək üçün. Gəncənin girəcəyindən gedəcəyimiz ünvana qədər yolboyu şəkillər düzülmüşdü. Maraq mənə güc gəldi. Bunlar təkcə Gəncə şəhidlərimi?-deyə soruşdum. Bəli,- dedilər. Sayseçmə, çinar boylu, qədd-qamətli, polad biləkli oğulların-Şəhidlərimizin şəkilləriydi. Gəncənin mərd oğulları da Vətən torpağının azadlığı uğrunda canlarını sipər etmişdilər düşmənin qan qusan silahlarına. Yadıma Xalq şairi Rəsul Rzanın “Ərk qalası” şeiri düşdü.
Söykənib qala divarına
öldülər ayaqüstə
çiyin- çiyinə.
Ulduzlar şahid oldu,
bir sırada dayanmış
ölülərin qabağından
yüz yerə bölünmüş dirilərin
çəkildiyinə.
Öldülər ayaqlarının altında
Vətən torpağı
Başlarının üstündə
Vətən ulduzları...
Qalib Rəhimli həm Gəncənin,həm də Azərbaycanın hər bölgəsindən qala divarlarına söykənib mərdi-mərdanə Vətən üçün ölən oğullarından, yox ölməyən, düşməni məğrur duruşuyla öldürən oğulların-Vidadi Nəciyev, Yunus Kazımov, İsmayıl Mustafayev, Ruzigar Qasımov və Bəxtiyar Kosayev, Alı Mustafayev, Natiq Süleymanov, Çingiz Fuadoğlu, Fariz Ələkbərov, Sənan Ağayev, Olxan Quliyevin sücaətindən, qəhrəmanlıqlarından yazır. Kövrəlirsən, ağlayırsan, amma için fərəh hissi ilə dolur, qürur duyursan Vətən oğullarıyla, onların keçdiyi döyüş younu izlədikcə...
Müəllifin Qazax rayonunun Kəmərli kəndi və onun meşələri haqqında yazısını oxuyanda Mete Xanın dediyi hikmətə yenidən kökləndim: “Məndən yəhərimi istəyin - verim, atımı istəyin-verim, lakin heç kəs Vətənimdən bir qarış torpaq istəməsin- vermərəm “ kəlamlarını yenidən yaşadım. Bu yazıda olan tarixi faktlar mənim diqqətimi daha çox çəkdi. Sovet dönəmində rayon camaatının etirazlarına məhəl qoyulmadan və müxtəlif vədlər verərək Kəmərli kəndinin meşəsinin ermənilərə verilməsi zaman-zaman bu millətin haqsızlığa uğradığından xəbər verir və yazıının tarixinə nəzər saldıqda müəllifin cəsarətinə heyrət etməyə bilmirsən. Bu yazılarda o vaxt kənd adamları tərəfindən nazirlərin döyülməsi, alınan torpaq əvəzində verilən vədlərin yerinə yetirilməməsi, İncə dərəsinin ağrıları cəsarətlə qələmə alınıb.
"Torpağı əkib-becərməsən qorumağa,qorumasan,əkib-becərməyə dəyməz” deyib ulularımız. Kitabda torpağın dilini bilən, öyrətməyə çalışan elm adamlarından, Aqrar universitetin uğur və nailliyətlərindən, Torpaqşünaslıq və aqrokimya kafedrasının müdiri dosent Arif Hüseynov, Namiq Hüseynov və Kəmalə Məmmədovanın “Aqrokimya” dərsliyindən söz açır.
Ən maraqlısı isə, müəllif kitabına Azərbaycanda tanınmış qələm adamları, onların yaradıcılığı haqqında düşüncələrini də daxil edib. Əlibala Hacızadə, Abdulla Qurbani, Maşallah Məftun, Adil Cəmil, Aybəniz Əliyar, Sevinc Yunuslu, Südabə İrəvanl, Hafiz Rüstəm və bəndəniz haqqında çox maraqlı təhlilər aparır və münasibət sərgiləyir.
Sonuncu-yeddinci fəsildə isə müəllifin iki maraqlı hekayəsi yer alır. Obrazların tamlığı, hadisələrin dolgunluğu, günümüzün reallıqları bu hekayələrdə öz əksini tapır.
Torpağı qorumaq hər bir azərbaycanlının şərəfli borcudur. Əgər bəziləri bunu anlamırsa, qorxursa, hərbi xidmətə tab gətirə bilmirsə, onlar öz vicdanları, ata- anaları ,Vətən qarşısında xəyanət edirlər. Gün o gün olacaq ki, Azərbaycan torpaqlarının hamısı azad olacaq. Hər bir vətəndaşımız öz elinə- obasına qayıdacaqdır."
Bu sözləri Heydər Əliyev Naxçıvanski adına hərbi məktəbin məzunları qarşısında çıxış edərkən söyləmişdi. Bu gün artıq o gündür.Azərbaycan torpaqları işğaldan azad edilib. Bayrağımız Şuşada, Laçında, Füzulidə, Qubadlıda, Ağdamda, Zəngilanda, Cəbrayılda, Xankəndində, Xocavənddə, Ağdərədə və Xocalıda dalğalanır. Bu bir daha Heydər Əliyevin uzaqgörən siyasətindən, dövrü və zamanı qabaqlayan ağıl və məntiqindən xəbər verir.
Kitab günümüz üçün vacib, tariximiz üçün son dərəcə zəngin materillarla doludur. İnanıram ki, “Heydər Əliyev ili”nə ən gözəl tövhə ola biləcək bir kitabdır.
Müəllifə - Qalib Rəhimliyə, Vətəni, Bayrağı və milləti canı qədər sevən qələm adamına-uğurlar diləyirəm.
Gülnarə Cəmaləddin,
AYB Sumqayıt bölməsinin sədri
© 2020 - Created by İLK XEBER.