SÖZ ALLAHDAN ƏMANƏTDİR

Mirtacir Xurşudov,
fololoq, publisist

Söz Yaradanın yalnız insana - özünün sevə-sevə yaratdığı ən sevimli xilqətinə ərməğan etdiyi İlahi bir pay, misilsiz bir mükafatdır. Sözü yalqız buraxmamaq üçün o böyük Qüdrət sahibi Qələmi də Ona həmdəm yaratdı. SÖZ və Qələm! Bu iki İlahi varlığın qovuşuğundan, ünsiyyətindən ərsəyə gələn mənəvi-ruhi sərvətlər başqa heç bir maddiyyatın gücüçatacaq, ünüyetəcək bir matah, yaxud əli çatıb, tuta biləcək bir məqam, səviyyə deyil… Bu İlahi izdivacın doğurduğu mənəvi-ruhi sərvətlər özünü həyatımızda ədalət-ədalətsizlik,gözəllik-eybəcərlik,sədaqət-xəyanət, xöşbəxtlik-bədbəxtlik kimi fəlsəfi kateqoriyaların carçısı, tərənnümçüsü, yaxud sinədolusu hayqırtı ilə qınağa çəkməyi, mənəvi ölümə sürükləməyi ilə büruzə verir…Deməli, söz heç bir məhbəs, kriteriya tanımayan azad quş, azad ilham anlamındadır.
Mətləbə keçək. Qarşımda çağdaş şeirimizin nümunələri olan, nəfis tərtibatlı üç şeir kitabı var. Müasir ədəbiyyatımızın Yardımlı ədəbi mühitinin yetirməsi olan həmyerlimiz. Onun yaradıcılığı və şəxsiyyəti barədə bir az sonra, öz əsərlərinin şahidliyi ilə söz açacağıq. İdris Babayevin ardıcıl nəşr edilmiş əsərləri və hələ kitab halına salınmamış bir sıra ən müasir şeirləri…
Öncədən onu deyim ki, bu kitabları mən yetərincə mütaliə etmişəm və ruhum, təfəkkürüm bu könül dünyasının incilərinin aurasının təsiri altındadır. Onu da qeyd edm ki, kitablara ən yüksək səviyyələrdə ön sözlər yazılmış, onların bədii-poetik məziyyətləri barədə təhlillər, şərhər və rəylər yazılmışdır.
Mən yalnız şairin qarşımda olan yeni şeirləri barədə içimdən, ruhumdan gələn ürək sözlərimi sizinlə bölüşmək istədim.
Şeirləri bircə-bircə oxuduqca bir oxucu kimi təfəkkürümün süzgəcindən keçirdikcə, bu sadə kənd adamının sadəliyinə, təvazö dolu mənəvi dünyasına, bir vətəndaş kimi, Vətənin dərdinə, sərinə, sevincinə, kədərinə alışıb-yanan ürəyinin hərarətinə heyran olmaya bilmirsən. Allahın bəxş etdiyi şair təbiətindən əlavə,həyata,reallıqlara yanaşma tərzi, zamanın gedişatına fərdi, intellektual münasibət özəlliyi, fitri müşahidə qabiliyyəti, qeyri-adi erudisiyaya söykənən poetik zəka tutumu elə ilk anlardan oxucunu özünə cəlb edir. Bu ali məqamlardan ən qabarıq, özünü anbaan büruzə verən isə onun hər şeydən əvvəl özünü bir Allah bəndəsi sayaraq o Qüdrət sahibinin əzəli və əbədi hakim olduğunu dərk edərək ona tapındığını ərzi-hal ilə dilə gətirməsidir:

Nə əmimdir, nə dayımdır, nə atam,
Görən niyə çox sevirəm Allahı?!
Diqtə edir mən yazıram, rahatam,
Bol veribdir qəm-kədəri, həm ahı,
Görən, niyə çox sevirəm Allahı?!
Deyim sizə, siz də sevin, a dostlar,
Hara getsəm, harda qalsam, orda var.
Hökmü ilə Günəş çıxar, Ay doğar,
Dünyamızın haqq-ədalət padşahı,
Ona görə çox sevirəm Allahı.


Əlbəttə, bu, şeirdən ixtisarla verilmiş bir parçadır. Elə bu da müəllifin Allaha bağlılığına, pak bir vücud kimi Onun dərk olunmazlığına, İlahi ədalətinə sığındığına, mənəvi dünyasının bütövlüyünə bir bariz nümunədir. Yaxud başqa bir şeirində (ZƏRRƏ MÜSƏLMANLIQ VARSA QANINDA,,.) oxuyuruq:

Müqəddəs Allahdır, bir də Kitabı,
Namaz qıl, önündə əyil Allahın.

Və ya:

İdrisə qulaq as, bu daha sondur,
Ölüb-dirilməkdən bezib canın da.
Allahı dərk eylə, haqqa tərəf dur,
Zərrə müsəlmanlıq varsa qanında.


Müəllifin haqlı olaraq gəldiyi nəticə budur ki, Alahını tanıyan, Ona itaət edən əsl müsəlman hər cür pisliklərdən, şər əməllərdən uzaqdır. Əxlaqın, tərbiyənin İlahi bünövrəsi Yaradanı dərk etməkdir. Axı elə yaradılış fəlsəfəsinin İlahi teoremi də bu deylmi?! “Yaradanın dərkolunmazlığını dərk etmək dərrakənin ən yüksək formasıdır!” Zamanın bütün parametrlərindən, baxış bucağındn bu pozulmaz fəlsəfi reallıq seyr edilərək inkaredilməz bir həqiqətə çevrilmişdir.
İdris Babayev müraciət etdiyi janrdan, üslubdan asılı olmayaraq hər bir misrasında, hər addımda həmişə səmimi və təvazökardır:

ŞAİR OLMADIM

Bir ömür yaşadım, yazdım, yaratdım,
Dedim izim qalsın qayada, daşda.
Dərs aldım hər ildə bir müəllimdən,
Heç nə öyrənmədim sevməkdən başqa.

“Qızıl qələm” alıb sevilmək üçün,
Nə dayı axtardım, nə pulum oldu.
Heç kəsin dalınca mən sürünmədim,
Zirvəyə qalxmağa öz yolum oldu.

İdris, çox aldatdım özüm özümü,
Yalan danışmaqda mahir olmadım.
Bəlkə də, ən zəif tələbə oldum,
Qırx il şeir yazdım, şair olmadım.

Huş-guşla, diqqətlə fikir versək, şair hər misrasında, hər kəlməsində sanki özünü, öz varlığını əks etdirir, hər sətrin arxasından səmimi , məhzun gözlərlə boylanır, oxucunu öz ülviyyətinə, səmimiyyətinə inandırır; çünki bu səmimiyyətdə, etirafda riya, hiylə, kələk yoxdur. Şair bu nəcib xisləti ilə öz misralarına, öz ruh dünyasına sanki ülviyyətdən, təvazödən tikilmiş parlaq, Mələklərə xas bir don geyindirmiş olur ki, bu da fitrətən Şair doğulanların tinətinə xas olan keyfiyyətdir.
Şairin mövzu palitrası çoxçeşidli, rəngarəngdir. O, maddi və mənəvi həyatın hər bir cüngünə müraciət edir; amma hansı mövzu olursa olsun, özünəməxsus üslubunu qoruyub saxlayır, yaradıcılıq dünyasında toxunulmaz, əziz-xələf olan “poetik mən”inə sadiq qalır, onu hər cür aşınmalardan hifs edərək uca tutur:

Əl uzat köməksiz görəndə birin,
Etdiyin əməlin görərsən bəhrin.
Dostun zəhərini ye şirin-şirin,
Düşmənin min olsa, yıxa bilməsin.

İstəsən salamat, dinc olsun başın,
Onda tök ətəkdən şeytanın daşın.
Qoşul sevincinə dostun, qardaşın,
Səni sevməyənlər baxa bilməsin.

Hər zaman üzünə gülsün bəxt-tale,
Qəlbin təmiz olsun, əməlin saleh,
Mələklər baxanda olsunlar valeh.
Od səni yandırıb-yaxa bilməsin.

İdris, öz qınında qoy yansın ahın,
Əyilmə önündə zülmkar şahın,
Yapış ətəyindən uca Allahın,
Səni dar məzar da, sıxa bilməsin.


Göründüyü kimi, hər bir misrada şairin mənəvi dünyasının kamilliyini, nahaqqın qarşısında əyilməzliyini, fərdi-fiziki xarakteri ilə poetik-mənəvi dünyasının vəhdətini, vüsətini müşahidə edirik.
İdrisin lirikasında məhəbbət, sevgi mövzusu da fərqli, özünəməxsusluğu ilə seçilir.Şairin ilham pərisi, vəsf etdiyi gözəl pedantçılıqdan, cılız-çılpaq platonik “məhəbbət” cizgiərindən uzaq, pak məhəbbətə layiq, əsl real həyati gözəldir. Şair-aşiq onu bütün səmimiyyəti, varlığı ilə sevir, ondan da özünə qarşılıqlı sevgi, səmimiyyət, ülv məhəbbbətinə inam, etibar umur.Şairin vəsf etdiyi gözəl sadə, abır-həyalı, spesifik azərbaycanlı qızına xas olan qiyafəli, saf qəlbli bir gözəldir və elə bu saflığı ilə şairin könül dünyasını ovlayır, onu məftun edə bilir:

Ay qaşı hilalım, ay beli incəm.
Döndər sən həftəyə, günə ili, gəl,
Həsrətin gözünə çəkib mili, gəl,
Dərmanım səndədir, götür hili, gəl,

Hazıram verdiyin “zəhər”i içəm,
Ay qaşı hilalım, ay beli incəm.
Baharda qaranquş, qışda sərçəm ol,
Səpələn ruhuma, sinəmdə cəm ol.


Şair-aşiq sevdiyi gözəldən umduğu inam-etibarı çox uğurlu lirik ricətlərlə tərənnüm edə bilir; “Baharda qaranquş, qışda sərçəm ol”... Məncə, sevən qəlbin səmimiyyətinə bundan gözəl, dürüst bədii ifadə tapmaq, axtarmaq yersizdir.
Şairin müasir həyatda onu əhatə edən mənfi, antipod ünsürlərə qarşı yazdığı şeirlər də diqqətəlayiqdir. Diqqət çəkən odur ki, bu mənim fikrimdir, sözügedən bu lirik parçalar dahi Sabirimizin satirik poeziyamıza gətirdiyi taziyanə, qırmanc janrlarını xatırladır. Ancaq bunula belə, şairin öz orijinal dəst-xətti, üslubu aydınca nəzərə çarpır:

Uzatma başını çatmayan yerə,
Nə qədər dəyməyib başına qapaz.
Xəyalın dumanlı, düşüncən qara,
Ətrafın özündən betər avara.
Bülbülün bağçadan qovub kənara,
Gəl, qara qarğadan gözləmə avaz,
Nə qədər dəyməyib başına qapaz.
İdris yola verib səntək yüzünü.
Hər zaman söyləyib sözün düzünü.
Bir azca sadə ol, öymə özünü,
Bəsdir çırpışdırdın, özündən də yaz,
Nə qədər dəyməyib başına qapaz.


Tənqid hədəfi, sarkazmın ümumi ünvanı bəllidir. Gəlin etiraf edək ki, ətrafımızda, bizi əhatə edən ədəbi mühitdə şairin hədəfinə tuş gələn belə «ünsürlər» kifayət qədərdir. Feysbuk şəbəkəsində, digər sosial medialarda belə, arzuolunmaz tiplər istənilən hər hansı bir yazarın kiçik bir əsərini görüncə, heç onu oxumadan, mahiyyətinə varmadan tərif “atəşinə” tutmağa, iyrənc böşboğazlığa girişir. Ordan-burdan oğurladığı bir yığın pladiatik, təmtəraqlı ifadələrlə yaltaqlanır, bununla özlərinə karyera qazanmağa çalışırlar. Bunun da iki üzü var; ya özünü savadlı birisi kimi göstərmək istəyir, ya da “hörmət” nüfuz sahibi olmaq istəyirlər. Bu isə müvəqqəti , prokata götürülmüş gəlin fatası, yaxud da yayın qızmarında soyuducuda saxlanılan, buzdan düzəldilmş bəzəkli kuklanın beş dəqiqəliyə bayıra çıxarılması zamanı yaşadığı ömrə bərabərdir.
İdrisin poeziyasında, bunu da xüsusi qeyd etməliyəm, hər bir söz sənətkarında, qəlbinin, ruhunun diqtəsi ilə yazan hər br şairdə olduğu kimi, içdən gələn, “başını cilovlaya bilmədiyi” bir hiss- yaxından, doğmadan , necə deyərlər, “umduğu yerdən küsmək” kimi kövrək bir hiss də hakimdir. Şair haqlı olaraq, bəzən özünü tənha hiss edir, özünə mənəvi arxa, ideya arkadaşı axtarır, yanan kövrək ürəyinə məlhəm olabiləcək məslək, əqidə dostu, munisi gəzir:

MƏNİM TƏRƏFİMİ TUTAN OLMADI

Doğru danışmağım oldu günahım,
Mənim tərəfimi tutan olmadı.
Adamı olanlar “ucaldı” göyə,
Məni yuxarıya dartan olmadı.

Sıxdılar canımı məngənələrdə,
Kövrək zəmanənin daş adamları.
Qırdılar qəlbimi, çiliklədilər,
Dolu dünyamızın boş adamları.

Dərdimi gizlətdim dərdi olandan,
Sağım gülümsədi, solum ağladı.
Axmaq bəndələrə gücüm yetəndə,
Allah da üzümə yolun bağladı.


Misraların mənasına vardıqda küskün qəlbli şairin silueti gözümüz önündə dayanır, onun sanki bahar buludu kimi dolmuş məhzun gözlərinə baxmağa xəcalət çəkirsən.
Ana məhəbbəti… Xilqətin mövcudiyyətindən bəri ən uca, ən ali məhəbbət… Məhəbbətin, sevginin ən kövrək hisslərin möhtac olduğu, hərarətinə qızındığı, ruh alıb pərvazlandığı məhəbbət! Bu məhəbbət İdris poeziyasının leytmotivini, əsas xəttini təşkil edir desək, əsla yanılmarıq. Şairin lirikasının sanbalı, hüsnü, təravəti ürəyinin, qələminin mənəvi qüvvəti, təpəri bu məhəbbətin yorulmaz şahpəri, misilsiz təntənəsi üzərində öz varlğını büruzə verərək toxtayır sanki… Antik türk əsatirlərindən birində Ana, dünyanın yaradıcısı kimi təqdim olunur. Yaranışdan öncə dünya sular səltənətinə qərq olubmuş. Gündoğar tərəfdən – Şərqdən nəhəng bir qadın - Ana silueti baş qaldırır. Bu Ana Günəşdən qabaq zühur edir və öz möhtəşəm, sehrli nuru, şəfəqi ilə dünyamızı işıqlandırır. Tanrı elə bu zaman müqəddəs varlığın - Ananın xatirinə dünyaya həyat bəxş edir. Ömrünün müdrik çağında “Anasızlıq” ağrı-acısını yaşayan şairin iniltisinə qulaq verək:

AL CANIMI

Yolun uzaq düşüb, Əzrayıl baba,
Deyəsən, yorubdur səni bu yollar.
Zəhmət çəkib alacaqsan canımı,
Halal elə əməyini, nə olar.

Ayrı salma gəl sən məni anamdan,
Göz yaşından alar hər gün öc ağlar.
Tələsirəm nə vaxt gedib çataram,
Qolun açıb anam məni qucaqlar.

Nəfəsindən bu dünyada doymadım,
Tamarzıyam bircə kəlmə sözünə.
Ürəyimdə sözüm var e nə qədər,
Al canımı gedim, deyim özünə.


Anasızlıqdan qəlbi pörşələnən, varından yox olan şair-övladın iç sızıltısını, ürəyinin qanuna çulğaşan göz yaşının sızıltısını sanki hiss edirsən, duyursan.
Müəllif öz çoxşaxəli yaradıcılığında zəngin folklorumuzdan da bəhrələnmiş, özünəməxsus üslub və koloritlə süslənmiş orijinal bayatılar yaratmağa nail olmuş və kifayət qədər də uğurlu alınmışdır:

GETMƏDİM XORASANA

Əzizinəm köz yaxşı,
Köz yaxşı, kösöv yaxşı.
Mənim bircə dərdim var,
Vətənim bütöv yaxşı.

Əzizim Ərdəbilə,
Yollarım dönsün tülə,
Qoy çıxsın pişvazıma,
Bütün qohum-qəbilə.

Əzizinəm, dərdə mən,
Dözəmmirəm dərdə mən.
Yol verin azad gedim,
Təbrizdən Dərbəndə mən.

Əzizim Xorasana,
Getmədim Xorasana.
Mənə xəyanət edən,
Düşmənım, xar olsana.


Şairin özünün mükəmməl yaradıcılıq məhsulu, poetik nailiyyəti olan bu nümunələr iri həcmi şeirlər arasında verilsə də. həzinliyi, qəlbəyatımlığı ilə sevilir, yadda qalır, axı burda Vətən həsrəti, hicran var, nisgil var, şair qəlbinin harayı var.
Vətən həsrəti… Güneyli-Quzeyl, ikiyə bölünmüş, sinəsi paramparça olmuş Vətən həsrəti, yanğısı. İdris qardaşımın yaradıcılığının aparıcı mövzularından biri…Özünəxas sənətkarlıqla, mükəmməl bədii boya və obrazlarla, yana-yana, qovrula-qovrula qələmə aldığı bu silsilə şeirlərində də şair son dərəcə novatordur, “Özü”dür. Bu səpkili şeirlərindən birini göz yaşlarını tuta bilmədən oxuyuram:

HƏSRƏTİN ACISI QILINCDAN İTİ

Həsrətin acısı qılıncdan iti,
Onun ağrısına dözməkmi olur?!
Zəlitək yapışıb sinəmə mənim,
Ha dart ikiəlli, üzməkmi olur?!

“Gülüstan” kəndinin həndəvərində,
Naşıya oxşatdı, ya xama məni.
Bu qədər millətin, xalqın içində,
Gəldi qıyıq sancdı yaxama mənim.

Qəlbi tən bölünən, odlar yurdumun,
Arzusu yol gəlir, yetişmir hələ.
Tikanlı məftilin şıram çəkdiyi,
Yarası qan verir, bitişmir hələ.


Sətirləri heç vəchlə biganə oxumaq olmur. Sanki hər bir sətrin, kəlmənin arxasında müəlliin için-için, yana-yana ağlayan məhzun çöhrəsini görürük. Ayrılıq, hicran dərdindən qan-yaşla dolmuş gözləri, sanki üfüqə, Savalana dikilib yol çəkir, qırpılmağı belə özünə ar bilir.Misraların mənasını, fəlsəfi tutumunu daddıqca, dəli bir hönkürtüylə ağlamaq, kimsəsizliyə tapınmaq, ürəyini boşaltmaq istəyirsən.Axı ürək bu boyda qəm yükünə, möhnətinə necə tab gətirsin?! Ulu Şəhriyarın, müdrik Bəxtiyarın dühasının layiqli xələfi olan şair qardaşımıza, eləcə də xalqımıza bu nisgilin sona çatdığı günün şahidi olmağımızı qismət etsin Böyük Yaradan. Amin!
Çağdaş tariximizin ən ağrılı olaylarından olan, qəlblərimizi göyüm-göyüm göynədən Qarabağ münaqışəsi də İdris Babayevin dönə-dönə, mütəmadi olaraq müraciət etdiyi mövzulardandır.Otuz ildən bəri xalqımızın, millətimizin qəlbinə neştər kimi sancılan bu nisgil bir vətəndaş şair kimi onu daim ağrıtmış, bu mövzuya silsilə şeirlər həsr etmişdir… Bu ağrı-acının sona yetdiyi cahanşümul hadisə 2020-ci ilin Şanlı Vətən müharibəsindəki Qələbəmiz isə şairin bu səpgili şeirlərinin zirvəsi, çələngi oldu. Xalqımızı 30 illik xəcalətdən xilas edən, başımızı dik tutmağı bizə müyəssər edən Müzəffər Ordumuz, Ali Baş Komandan , bu tarixi sevinci bizə bəxş etmək yolunda canından, qanından Şəhidlərimiz onun qələminin şah əsəri oldu…
Nəhayət, 2023-cü il sentyabrın 19-20-də qalib ordumuzun şanlı “Antiterror” əməliyyatı ilə düşmən tör-töküntülərini məhv edib, əzəli torpaqlarımızın qalan hissəsini də azğın düşmənlərdən xlas etməsi, qədim, ulu türk diyarı olan Xankəndi və digər bölgələrdə Azərbaycan qanunlarının bərpası, düşmənin tamamilə, birdəfəlik məğlubiyyəti əsl vətəndaş-şair kimi İdrisi də bütün varlığı ilə sevindirmiş, sevincindən bu möhtəşəm Qələbəyə şeirlər həsr etmişdir:

Vətən uğrunda böyük zəhməti var ORDUMUZUN,
Düşməni əzmək üçün qeyrəti var ORDUMUZUN.
(TOFİQ HƏSƏNLİ)

Verib əmri komutan, çün yerinə yetməlidir,
Çox deyil, düz iki gün müddəti var Ordumuzun.

Qandıra bilməsə də, əbləhi söz- söhbət ilə,
Qandırar yumruq ilə, hikməti var Ordumuzun.

Mülki insanlara bir çırtma da vurmaz biləsən,
Arxada ailəsi, külfəti var Ordumuzun.

Gətirər lərzəyə bil, kürreyi-ərz, tir-tir əsər,
Zərbəsi şimşəkdən iti, şiddəti var Ordumuzun.

Hüseyindən dərs alıb, qorxusu yox zərrə qədər,
Azadlıq aşıqinə biəti var Ordumuzun.

Xan Yurdu cənnətməkan, gül çiçəkli Xankəndinə,
Bir igid ömrü qədər həsrəti var Ordumuzun.

Günahdan xali deyil, İdrisin çox mənfisi var,
Kitaba sığmayacaq müsbəti var Ordumuzun.


Şair Vətən Şəhidlərini yaranışın fövqündə, ən uca məqamda Göylərdə təsəvvür edir, haqlı olaraq onları, Vətənin varlığını, mövcudluğunun məhvəri, sütunu hesab edir. Onlar Allahın ən sevimli bəndələridirlər; şərafət, ləyaqət, sücaət… ən ülvi, müqəddəs adlar ŞƏHİD adının törəmələri, yavrularıdırlar:

Vətənindən ötrü sən keçdin candan, Şəhidim,
Sənin sevdiyin isə sənə görə verdi can.
Bu müqəddəs sevgidən yarandır bütöv Vətən,
Nə qədər bu sevgi var, yaşayar Azərbaycan!

Üçrəngli bayraq oldu əbədi toy libasın,
Sinəndə parıldadı səkkizguşəli ulduz.
Nə sən onu unutdun, nə o səni unutdu.
Ancaq fərqli geyindi canına qıyan o qız.

Heyif ki, eşitmədin onun nalə, ahını,
Çox qışqırdı yazıq qız səni oyatsın deyə.
Yaşamağı özünə sənsiz haram bildi O,
Qəsd etdi öz canına sənə tez çatsın deyə.

Bilmirəm dastandır bu, yoxsa yeni bir tarix,
Vətən deyib vuruşdun qələbə çalmaq üçün,
Səni sevən qız isə Fərizə yolun seçib,
Dərs verdi sevənlərə tarixdə qalmaq üçün.

Arzulayaq son olsun, Şəhid verməyək daha,
Bacılar üz cırmasın, analar ağlamasın.
Əl açıb dua edək, gəl yalvaraq Allaha,
Qoy bu gündən gəlinlər ta qara bağlamasın.
Ya Rəbbəl-Amin! Ya Rəbbəl-Aləmin!


Beləcə, şair dostum İdris Babayevin söz-sənət aləminə etdiyimiz kçik səfər sona çatır. Amma bu, son deyil. Şairin poetik dünyasına mənim bu kiçik müdaxiləm, deyərdim ki, onun kiçik bir hissəsini işıqlandırmağa yetərli oldu. Gələcək irəlidədir. Şair dostumuzun düşünən beyni, daim qanadlanıb ucalara can atan şair təxəyyülü, tükənməz eşqlə döyünən ürəyi, yorulmadan yazan, heç bir zaman mürəkkəbi qurumayan qələmi əminəm ki, hələ çox xariqələr yaradacaq, oxucularını sevindirəcəkdir. O, poeziyamıza yaşıl işıqla gəlmiş söz sənətkarlarımızdandır. Yaşıl işıq isə daha sehrli, daha iti, əsrarəngiz olur; mübhəm qaranlıqları, sisi, dumanı yarıb irəliyə, gələcəyə tuşlanır, nur saçır, natəmizlikləri, maneələri əridib heçə döndərir.
Ona da möhkəm əminəm ki, bu İlahi nurun haləsinə bürünəcək gələcək şeiriiyyət, poetika dünyasında görüşümüz daha davamlı, daha təntənəli olacaq. Axı bu, söz dünyasıdır, Allahın bizə əmanət verdiyi SÖZ!
Bu İlahi əmanətin xiridarı və etibarlı qarantı kimi, İdrs qardaşıma cansağlığı, ləyaqətli şair ömrü, bol-bol uğurlar arzulayıram! Növbət görüşlər ümidiylə Allaha əmanət olun!