Meşəli kəndində faciə 1991-ci il dekabrın 23-də baş verib. Ermənilər hər tərəfdən kəndi mühasirəyə almışdılar. Pulemyotlardan, avtomatlardan və digər silahlardan sitifadə edirdilər. Kəndə daxil olaraq onlar Quliyevlər ailəsindən 4 nəfəri qətlə yetiriblər, Novruzovlar ailəsindən də 5 nəfər şəhid olub.
Ilkxeber.org Trend-ə istinadən xəbər verir ki, bu barədə İctimai Televiziyaya müsahibəsində ermənilərin hücumu zamanı sağ qurtulan Sabir Qasımov danışıb.
Onun sözlərinə görə, terrorçular qadın, uşaq və qocaları öldürüblər.
"Allahverdiyevlərin yeddinci sinifdə oxuyan oğlu Vidadi şəhid edildi. Onların qonşuları da şəhid edildi. 80 yaşlı Sürəyya xala da qətlə yetirilib. Kənd sakinlərinin bir qismi Şuşa yolunda ermənilər tərəfindən qabaqları kəsilərək qətlə yetirilmişdi", - deyə o bildirib.
O həmçinin qeyd edib ki, kənddə 14 nəfər ağır yaralanmışdı, ümumilikdə isə 365 nəfər zərər çəkmişdi: "Sakinlər ayaqyalın dağlara doğru qaçmalı olmuşdular".
Qasımov erməni terrorçularının silahsız insanlara qarşı minaatanlardan da istifadə etdiyini vurğulayıb. Kəndlilər onların əmrlərini rus və erməni dillərində aydın eşidirdilər. Qırğın tezliklə kəndin mərkəzinə çatmışdı. Onun sözlərinə görə, yaxınlıqdakı yaşayış məntəqələrindən kömək gəlməsəydi, qurbanlar daha çox olardı.
"Ümid edirik ki, bu gün Laçın sərhəd keçid məntəqəsində saxlanılan Vaqif Xaçaturyan və onun əlaltıları məhkəmə qarşısında cavab verəcəklər", - deyə o əlavə edib.
Daha ətraflı videoda izləyə bilərsiniz:
© 2020 - Created by İLK XEBER.