Ukrayna müharibəsi ilə bağlı ŞOK PROQNOZ: Döyüşlər bu vaxtadək davam edəcək

“Başda ABŞ olmaqla, NATO bloku Rusiyanı düşmən elan edib. Onlar Rusiyanı dünyanın siyasi xəritəsindən silmək və onu təkləmək üçün Rusiya-Ukrayna münaqişəsini yaratdılar”.

Bu sözləri Yenicag.az-a açqılamasında siyasi şərhçi Azad Məsiyev deyib.Politoloq Rusiya ordusunun son günlər Ukrayna cəbhəsində genişmiqyaslı hücumlara başlamasının səbəblərinə, o cümlədən, Vladimir Putinin hədəf olaraq Odessa və Xarkovu seçməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.



A. Məsiyevə görə, faktiki olaraq, Ukrayna ərazisində Rusiya-Ukrayna müharibəsi yox, NATO-Rusiya savaşı getməkdədir:

“Ukrayna isə sadəcə, bir poliqondur. Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasının əsas səbəblərindən biri Rusiyanın özünümüdafiə tədbirlərinin həyata keçirilməsidir. Rusiya tərəfi Birləşmiş Ştatlar və NATO blokuna açıq şəkildə bəyan etdi ki, NATO-nun Rusiya sərhədlərinə irəliləməsi onlar üçün birbaşa təhlükədir. Buna baxmayaraq, ABŞ və NATO Rusiya sərhədlərində dövlət çevrilişi edib, özlərinə münasib şəxsləri hakimiyyətə gətirərək, Ukraynanı klounlaşdırdılar. Daha sonra isə onlar Ukraynadan Rusiya əleyhinə istifadə etməyə başladılar. Bunun bariz nümunəsi kimi Gürcüstanda Mixeil Saakaşvili, Ukraynada isə Volodimir Zelenskini misal göstərmək olar”.

Onun sözlərinə görə, bütün bunların nəticəsində Rusiya-Ukrayna münaqişəsi başladı.

“Rusiya, faktiki olaraq, Ukrayna ərazisində hərbi əməliyyatları davam etdirməkdədir. Bu proses Rusiya məqsədinə çatana qədər də davam edəcək. Çünki Xarkovun ələ keçirilməsi deyil, ümumilikdə Volodimir Zelenski hakimiyyətdən uzaqlaşdırılmayana qədər Moskva bu əməliyyatları davam etdirəcək”, – deyə o vurğulayıb.
O düşünür ki, Xarkov və Odessaya gəldikdə Rusiya bu əraziləri öz təsir dairəsinə keçirməklə bufer zona yaratmaq niyyəti güdür:

“Siyasi təhlilçilərin də fikri bu yöndədir ki, artıq Qərb Ukraynanın parçalanmasında maraqlıdır. Polşa və Rumıniya artıq Ukrayna ərazilərinə iddialıdırlar. Hesab edirəm ki, Ukraynada gedən proseslər artıq qlobal savaşa çevrilib. Faktiki Ukrayna ərazisində Üçüncü Dünya müharibəsi gedir”.

“Münaqişənin aradan qaldırılması yeni bir siyasi situasiya yaradılmalıdır. Lakin Zelenski hökuməti bunu etmək iqtidarında deyil. Ona görə ki Zelenski ABŞ-nin əlində alətə çevrilib. Fikrimcə, yeni situasiya ondan ibarət ola bilər ki, Ukrayna Ali Radası açıq şəkildə bəyan etməlidir ki, Ukrayna Qoşulmama Hərəkatına üzv olmalı və bununla da Rusiya əleyhinə fəaliyyət göstərməməlidir. Mənə elə gəlir ki, post-Zelenski dönəmində yeni siyasi qüvvələr məhz bunu həyata keçirə bilər”, – deyə həmsöhbətimiz fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov