Şahlar Hacıyev: Qorxuram qanadlı fikirlərimdən…
Hər bir sənətin öz həyat orbiti də var. Hər bir sənətin öz həyat ampluası da var. Hər bir sənətin öz məsləki gözəlliyi də var. Şeir sənətinin həyat orbiti insan qəlbinin həyat səhnəsidir. Şeir sənətinin həyat ampulası insan duyğularının sevdası ilə yoğrulmuş ruhi çalxantılarıdır. Şeir sənətinin məsləki gözəlliyi isə həyat hadisələrinin olduğu kimi də, dolayı olaraq da dolğun əks etdirə bilməsidir. Şahlar Hacıyevin söz-sənət dünyası öz sənət orbiti və həyat ahəngi ilə seçilən şairlərdəndir.
Şahlar Hacıyevin lirikası öz həyati ünvanı və poetik sanbalı ilə həyatın bütün tərəflərinin ictimai-fəlsəfi dərkindən ibarətdir:
Qorxuram qanadlı fikirlərimdən,
Uçub, orbitindən çıxa bilərəm,
Dünya gördüyündür, Kant deyən kimi,
Yıxılıb, onu da, yıxa bilərəm.
Hərdən, öz zəndimdə, çox çaşıram, çox,
Qismətlə-taleylə, çox çalışıram çox,
Bitməz dərdləri var,yapışıram çox ,
Cəmləyib, içimə yıxa bilərəm.
Poeziya insanın həyata olan könül bağıdır. Poeziya insanın həyata olan sevgi bağıdır. Poeziya insanın həyata olan duyğu bağıdır... Müasir həyatımızın insanı intellektual səviyyəsi ilə seçilən həyat insanıdır.
Müasir həyatımızın insanı Zamanı ayarlayan hər yönü ilə sosiallaşan həyat insanıdır. Müasir həyatımızın insanı daxili dünyasının arzusunu üzə çıxarmağı bacaran həyat insanıdır. Şahlar Hacıyevin lirikası insanın dünyaya baxışının həyat təcəssümünü tanıda bilir. Şahlar Hacıyevin lirikası həyatın fəlsəfi-ruhi izahının şərhini verə bilir:
Nəfsin zirvəsini fəth edən insan,
Uca zirvələrdə qala bilməzsən.
Bur ömür, təlimdə keçər həyatın,
Bitib, kamala …dola bilməzsən!
Tutarsan yolları, əyri-dolanbac,
Orda biri toxdur, yüzü gəzir ac.
Sel kimi aləmi yıxsa ehtiyac,
Birini, cəngindən ala bilməzsən…
Həyat həqiqətlərini söyləmək şairdən sevgi istəyir. Həyat həqiqətlərini şeirdə üzə çıxarmaq şairdən fəhm istəyir. Həyat həqiqətlərini şeirdə yaşatmaq şairdən duyğu analizinə baxış istəyir. Şahlar Hacıyevin lirikası öz həyati mahiyyəti etibarı ilə həyatın sirrini çözməyə yönəldir oxucunu. Şahlar Hacıyevin lirikası insanın dünyaya baxışını müəyyən məcraya yönəltməklə həyatın psixoloji durumunu göstərir. Şahlar Hacıyevin lirikası öz ədəbi motivi ilə həyatın gözəlliklərini duymağa sövq edir oxucunu:
Bu dünyada çox hikmətlər duymuşam,
Məni məftun elədikcə həqiqət.
Varlığında, min bir məna saymışam,
Silahdaşım olub, təkcə həqiqət.
Sevməz onu, Haqqa qənim olanlar,
Nakam gedir, ona məhkum olanlar.
Zirvələri, qəsb eləyər yalanlar,
Hüququnu diləndikcə, həqiqət.
Vətən məhəbbəti hər bir insanın qəlbinin həyat səsidir. Vətən məhəbbəti hər bir sənət adamının həyati ünvanı kimi əsərlərinə yansıyır. Vətən məhəbbəti ilə yazılan əsərlər həyati mənası ilə ruhun əsərləridir.
Şahlar Hacıyevin lirikasında ictimai düşüncənin həyat statusu, hər yönü ilə Vətənə bağlı ruh yüksəkliyi ilə seçilir. Şairin lirikasının həyati ruhu olduqca inandırıcı və könül səmimiliyi ilə seçilir. Vətən sevgisini yaşamaq özü bur qürur mənbəyidur, Vətən sevgisini anlatmaq özü bir işıqlı dünyadır. Vətən sevgisini ruhun həyati motivi ilə duymaq özü bir hikmətdir:
Nədir görən sirri, Vətən eşqinin?
Qəribə sızladıb, dağlayıb Vətən!
Torpaqda bitirmi, mehri-mayası?
Sonra, könüllərdə çağlayıb Vətən!
Çox məkan dolaşdım, bir Səyyah kimi,
Tək, Ana Yurdumda gördüm yerimi,
Toplayıb başıma əzizlərimi,
Məni də ayaqda saxlayıb Vətən!
Şahlar Hacıyevin poeziyası öz sanbalı və janrı etibarı ilə də seçiləndir. Şahlar Hacıyevin poeziyası öz həyati ünvanı ilə olduqca cəzbedicidir. Şahlar Hacıyevin poeziyası məfkurəsi ilə həyati realizə edən ruhun həyat təranəsidir. Şairin ənənəvi şeir üslubu, klasik xalq şeirinin gözəlliyini də, klassik poeziyanın sənət incəliyini də özündə əks etdirir. Şairin təcnisləri də, qəzəlləri də öz gözəlliyi, bədii keyfiyyəti həyati ünvanı və poetik ahəngi ilə oxucunun ruhunu cilalalıyır.
Uyumusan sevdana, çəkib bu "dağı"
Vəsf etdin çiçəyi, gülü, budağı,
Baharda seyrəngah etdin, bu Dağı
Bəs, qışı neylədin, a yazı yazan?!
Şahlar Hacıyevin qəzəllərində də yüksək həyat diktəsi var. Şahlar Hacıyevin qəzəllərində də yüksək həyat pafosu var. Şairin qəzəlləri həm həyati müçadiləsi, həm fikir mübadiləsi aparılması, həm də həyati-mənəvi düşüncəyə sahibliyi cəhətdən mükəmməl sənət əsərləri kimi diqqət mərkəzindədir. Şairin qəzəllərinin dili olduqca sadə, poetikası etibarı ilə isə möhtəşəm sinxronikaya sahibdir.
Dəyişdi halı dünyanın, köhnə nizamı qalmadı,
Söküldü qəmxanələri,üstündə, damı qalmadı.
Kim dərdə mübtəla idi, qurtuldu, çıxdı ağ günə,
Axır ki yetdi vıslinə, arzusu, kamı qalmadı.
Uşaq poeziyası ənənəvi poeziyamızın tərkib hissələrindən biridir. Uşaq poeziyası zəngin həyat rəngarəngliyinə mənsub olan poeziya kimi olduqca həssas içəriyə malikdir. Uçaq poeziyası uşaq xəyallarını səsləyən həyat poeziyası kimi daima öz sakinlərini tapır. Şahlar Hacıyevin poeziyasının bir hissəsini də uşaq poeziyası təşkil edir. Uşaq poeziyasına maraq hər bur şairin ilhamı ilə sənət sevgisinin bir məcraya yönəlməsidir. Uşaq dünyasını ələ almaq, onların zövqünə uyğun əsərlər yazmaq nə qədər maraqlı olsa da bir o qədər çətindir
Şahlar Hacıyevin lirikasında yer tutan, sevgi və məhəbbətlə yazılmış mənzum nağıllar və hekayələr olduqca maraqlı və faydalı ədəbi sanbala sahibdir. Şahlar Hacıyevin "Xeyir və şər", " Çaqqalın dırdi", “Cəngəllik nağılı","Kirpi və ilan"," Boz Siçanın faciəsi", " Eşşəyin dahiyanə planı" və sairə mənzum hekayələri həm məzmununa, həm mənəvi duyğuları yığcam şəkildə izah edə bilməsinə, həm də bədii siqləti ilə olduqca ciddi və həyati moralizə edən əsərlərdir…
Şahlar Hacıyevin lirikası, eyni zamanda həyati fəlsəfilik baxımından da mühüm bədii mənalara sahibdir:
Dəyərsiz qalma dünyada, get özünə dəyər qazan,
Gözündən düşmə millətin, həyatı mötəbər qazan,
Puldu ömrə dəyər verən, nökəri də edər Ağa,
Yoxundursa batdı qanın, namizədsən məhv olmağa,
Dəyərsizin nə həddi var, dünyaya əşrəf olmağa,
Qəsb elə o mərtəbıni, ömrü sürmə hədər, qazan,
Dəyərsiz qalma dünyada - get özünə, dəyər qazan.
Lirika insan hisslərinin idarə olunmasından yaranan duyğuları sənəti kimi bəşəridir. Lirika insan qəlbinin səsini dünyaya yayan söz sənəti kimi həyatidir. Lirika insan ruhunun özləmi kimi öz varlığını ortaya qoyan həyat səhnələrinin görsəndiyi kimi ədəbidur. Lirikada insan öz hissləri ilə üz-üzə dayanır. Lirikada insan öz obrazını görməklə həyata özənir. Lirikada insan öz fikirlərini aləmə yaymaqla insanı kamilliyə səsləyir. Şahlar Hacıyevin poeziyası öz ədəbi motivini və həyati məfkurəsinə görə zəngin və kamil həyat poeziyasıdır. Şahlar Hacıyevin poeziyası çağdaş şeirimizdə öz məzmun gözəlliyi və həyati idealizəsi ilə fərqlənən poeziyadır.
Yaradıcılığında yeni uğurlar arzulayıram, şair qardaşıma.
Nəsib Abid,
müəllim-filoloq
Ş E İ R L Ə R
MƏNİM TƏBİƏTİM
(elegiya)
Nə xoş ovqat ilə gəlibdir bu yaz!
Halından zərrəcə incimək olmaz.
Küləyi ahəstə, yağışı narın,
Budur nümunəsi ən xoş baharın.
Atlaz libasını geyib ağaclar,
Vəd edir insana bərəkət, nübar...
Sayı-hesabı yox tər çiçəklərin,
Döndərir məlhəmə ətri-ənbərin.
Torpağa töhfədir bu may yağışı,
Zəmilər, tarlalar bar tutur yaxşı.
Duman ağırlaşıb yernən sürünür,
Çöllər mayalanıb nura bürünür.
Bolluğun marşıdır quşların səsi.
Cağlayır şövq ilə, bitmir nəğməsi.
Yox idi nə vaxtdan belə təmtəraq,
Allahın lütfünə qovuşub torpaq.
Təbiətin belə meyxoş çağında
Niyə susqunluqdur könül bağımda...
Vurğunu olmuşam mən ki, baharın,
Odur bəstəkarı xoş arzuların.
Toy-düyün fəslidir şənlik gətirir.
Sönmüş ürəkdə də arzu bitirir.
Könül oxşasa da eşqi, cəlalı,
Kədərli dünyamın dəyişmir halı.
Nədənsə, ürəkdən gülə bilmirəm…
Gözümdən nisgili silə bilmirəm.
Ürəyi yuxayam uşaqlığımdan.
Ümidə, fərəhə möhtacam hər an.
Bir quşun qanadı sınarsa belə,
Ağrısı içimdə gələcək dilə.
Mən qəddar olmağı bacarmadım heç…
Dərd çəkən yanından keçmədim bivec.
Ruhumu kədərlə, qəmlə yüklədim
Özümü bu sayaq sıxdım, təklədim.
Bir az da duyğulu etdi kitablar,
Bildim ki həyatda necə dərdlər var.
Həyatı, insanı sevdiyim üçün,
Sanardım bu dünya dəyişər bir gün.
Dəyişər insanın naqisi qalmaz.
Cini, şər-şeytanı, iblisi olmaz.
İnsan zülmü danar, mehriban olar,
Həyat zaman ilə firavan olar.
Demə, varmış onun çox sərt qanunu
Mən də bir sadəlövh, bilmədim bunu.
Hakimi nəfs olan fani dünyada,
Heç sevgi, səadət düşərmi yada!?
Belə var olubdur min illər qabaq,
Min il keçsə yenə belə olacaq.
Nəfsinə baş əyir hər yerdə insan.
Gözü doyarmı heç dünya malından.
Hər yerdə can alır odlu silahlar,
Mənim də yurdumda şəhid olan var.
Gözəl Qarabağım, sevimli vətən!
İblis fitnəsindən qurtarmaz nədən!?
Qanla suvarılıb torpağı, daşı,
Tilsimə düşübdür sülhü, barışı.
Hələ şirin candan keçən var yenə.
Azadlıq eşqinə, Vətən eşqinə!
Verilmir kimsəyə qansız azadlıq.
Dünya bu qanunla yaşayır artıq.
Dünyanı qəsb edib müharibələr,
Qanında boğulur, çırpınır bəşər.
Gör neçə məmləkət cəngi- cidalda
Hər yanda - cənubda, şərqdə, şimalda!
Hamı qanun sayır öz imkanını,
İnsan bir- birinin tökür qanını.
Silahla döğulur həqiqət ancaq.
Görəsən, bəs sabah necə oacaq?!
Bəşər çarpışarkən qan- qada ilə,
Ürək yar olarmə gülşənə, gülə?!
Mənə deyən çoxdur, öz dərdini çək.
Dünyanın nizamı nəyinə gərək.
Varsa güzaranın, çayın-çörəyin
Düşmə xəlalına başqa bir şeyin.
Nə edim, bu sayaq bacarmadım mən.
Qismətim pay aldı özgə qəmindən.
Savadsız olaydım kaş ki atam tək,
Çoban peşəsinə qoyaydım ürək.
Bəxtimi umaydım qışdan, bahardan,
Qoyundan, quzudan, sevgili yardan.
Eh, onda həyatım nə xoş olardı!
İndi fikirlərim çox tarimardır.
Dünyanın işinə qarışmazdım çox,
İndi bacarmıram, bacarmıram, yox....
Qonşunun koması yanırsa əgər,
Sənin də ürəyin odlanmaz məgər?
Məni bağışlasın bu sevimli yaz,
Üzümdə sevinci əgər duysa az…
Sevirəm baharı, sevirəm qışı,
Yusun günahımı qarı, yağışı.
GÖZLƏYİR
Yolçu qardaş, çəkilmisən kənara,
Dincini al, yollar səni gözləyir.
Ötən çağı nə yada sal, nə ara,
Qalan aylar, illər səni gözləyir.
Qollarını hələ salma yanına,
Bir qocalıq ruhu qonar canına.
Bitər meydan, qılınc girsə qınına,
Qəbzəsində əllər səni gözləyir.
Yolun budur, nədir asan, nə çətin!?
Çat mənzilə, uğur olsun qismətin
Özün, eşqin, bir də ümid - heyətin,
Öndə coşqun sellər səni gözləyir.
O eşq ki,dərdlərinə ozansan,
Dastan elə, ömür yolun uzansa.
Bir gün eldə şair adı qazansan,
Səadətin gələr, səni gözləyir.
Yollar çətin, nə usanma, nə də yat,
Aşiqləri sınayandır bu həyat.
Şahlara da sevgi olar mükafat,
Alqış deyən dillər səni gözləyir.
ŞAİRİM
Hər bir insanın ömür boyunca cevinc və ya fərəh hissindən adrenalin bolluğuna düşdüyü özəl günləri olur. Mənim üçün də belə bir gün 14 yaşımda ikən böyük şairimiz Musa Yaqubun ilk şeirimi, birinci dəfə iştirak etdiyim " Dağ çiçəkləri" ədəbi dərnəyində bəyənib götürdüyü gün olmuşdu.Əbədiyyətə qovuşduğu günlərdə yazdığım şeiri bir də paylaşıram.
Sevən ürəklərin sirdaşı idi
Bir ustad şairim, ozan şairim.
Gözdən ürəklərə hicrət elədi,
Xəyalı ruhumda gəzən şairim.
Qələmi bir külli - ixtiyar etdi.
Heçliyi , boşluğu çəkib, var etdi.
Yüz hikmət, yüz məna bərqərar etdi.
Həyatı şövq ilə yozan şairim.
Dünyanın boşluğu sıxsa hər kimi,
Atıldı meydana igid, nər kimi.
Düzdü misraları bir əsgər kimi,
Səngəri qələmlə qazan şairim.
Nəbzini tutaraq zamanın, dövrün,
Qəvvas tək ümmana baş vurdu hər gün.
Mirvari yetirdi sevənlər üçün,
Sevda dənizində üzən şairim.
İlahi bir eşqin aşiqi oldu
Eşqi merac etdi, cismisə soldu
Getdi, ruhu Allah yanında qaldı,
Görməz taleyindən xəzan şairim.
DANIŞIR
(Bir az da satira)
Zəbt edib kürsünü, üyüdüb tökür,
Yenə də hay-həşir salan danışır.
Gah barmaq silkiyir "qananlar " üçün,
Gah dəsmal çıxarır, nalan danışır.
Deyəsən, bu kişi yalan danışır.
Yox edib halından pulun azlığın,
Hulqumun boşluğu, çənə sazlığı.
Əcəb də öyrənib sehirbazlığı,
Qurubdur sehirli plan, danışır.
Deyəsən, bu kişi yalan danışır.
Yalı boğazdandır, gündə yallayır,
Genəlir, ağarır, buxaq sallayır.
Barmaq edənləri həmən nallayır,
Tikir ovqatına palan, danışır.
Deyəsən, bu kişi yalan danışır.
Batarsa kimsəyə əgər "şaşkası",
Olur zərbi- məsəl "çaşka-loşkası".
Dalınca duzdağa gedir başqası
Cəddinə sadağa olan danışır.
Deyəsən, bu kişi yalan danışır.
Barlı qədəmlərə çox selbə atır
O da məqsudinə bu sayaq çatır.
Sözə yüz mənbədən kəlamlar qatır,
Həqiqət, ləyaqət-filan, danışır.
Deyəsən, bu kişi yalan danışır.
Sərvaxtdır iştahı, itidir dişi,
Anadan yırtıcı gəlibdir kişi.
Mikroskop altında seçilməz işi,
Amma xarüqədən kalan danışır.
Deyəsən, bu kişi yalan danışır.
Yalanı ələyib eləyir doğru,
Gedir inam ilə kamına doğrü.
Bir gün də olacaq "qanuni oğru"
Sonra başlanacaq talan, danışır,
Deyəsən, bu kişi yalan danışır.
TƏCNİS
Dedilər zaval yox əsla halala,
Üzülməz, olmasa haram, incələr.
Haram hallanarkən, halı hal ala,
Halal baxdı hala, haram incələr!?
İzzəti görkəmə, boya çəkdilər,
Adını dastana, boya çəkdilər.
Qaramat ərkana boya çəkdilər,
Yarandı şövkətli haram incələr.
Zamanın urvatı ələyə qaldı…
Ələk də ələyə- ələyə qaldı.
Bir nakəs min oldu- Fələyə qaldı
İxtisar olacaq hara mincələr?!
Yolçusan, xəyalın gedirkən ara,
Hər yolu, ərkanı gedərkən ara!
Yolun tərsə dönər, gedər kənara,
Üstünə quldurun, haramın gələr.
Harda rifah quldur, dərd-qəm, yas, ağa,
Yol varmı getməyə sola, ya sağa?!
Şahların mehrini salan yasağa,
Halından suç arar, haram incələr.
TƏCNİS
Könül qəm eləmə, qabaqda yazdır,
Bahara nəğmə qoş, ya da yaz, qala.
Ürəyi yananlar qabaq da yazdı,
İndi çək çınqını, ya da yaz qala.
İlham şahə qalxsa əgər, - Sür məni!
Saxla varlığında bir ünsür "mən"i.
Qafiyə göz açsa, kəsmə sürməni,
Şeir çirkin çıxa, ya dayaz qala.
Sözü ruha sanan yar, aşıq olsun!
Əlvan libas biçsin yara, " şıq"olsun.
Hüsnündə təravət, yaraşıq olsun,
Qəlbə toxu çələng., ya da yaz Qala.
Çəkinmə qızmardan, qorxma sərindən
Eşqin qədəminə nəmər sər indən
Nagüman olsalar bir əsərindən,
Ya bəxtə müncər et, ya da yaz qala.(qeylü-qal)
Hələ gümandadır çox əsər payım.
İlham sirdaşımdır, həvəs sərpayım
Bəxtimi yatırtsa qismət çarpayım,
Şahlara qış yetər, yada yaz qala.
ÜMİD VAR
Könül, baxıb itən günə,
Uyma kədərə, ümid var!
Bir qaydasız oyun oldu,
İnanma zərə, ümid var!
Təslim olma hələ qışa,
Bu dərd-qəmdən olmaz peşə.
Göydəki parlaq Günəşə,
Torpağa, yerə ümid var!
Əlimi qoymaram dincə,
Qəlbim, ruhum kiriyincə.
Zülmətini udsun gecə,
Hələ səhərə ümid var!
Dan yeridir, bəyazdı dağ,
Çək köhləni, belinə qalx.
Üzəngiyə keçsə ayaq,
Qalxsan yehərə, ümid var!
Var könlümün güvənc yeri,
Həm mürşidi, həm də piri.
Əzizdən əzizdir biri,
O bir nəfərə ümid var.
DÜNYANIN
Dərdi bitməz, çəksən ömür boyunca,
Çoxdur sirri bu əbədi dünyanın.
Sevinc umsan, kədər verər doyunca,
Bir belədir səxavəti dünyanın.
Cilvəsini göz açana yar edər.
Ürəyində min bir sevda var edər
Gəl ki elə aşiqini xar edər,
Çıxar üzə xəyanəti dünyanın.
Yükün tutur kim keçirsə yolundan
Biri sevgi, biri sərvət, malından.
Hərə bir söz deyər fani halından,
Olar uzun hekayəti dünyanın.
Umur hamı bir işıqlı sabahı,
Birinin var, birinin yox pənahı.
Gözlərdəki nisgilə bax, ilahi!
Tükənibmi səadəti dünyanın...?!
Şahlar üçün o, qismətdir bir ömür,
Günəş kimi nə azalır, nə sönür.
Vətən, ana timsalında görünür,
Ürəyində məhəbbəti dünyanın.
Var
(Ötən illərin sevgi şeirlərindən)
Daha qəmdən çəkərim yox
Dərdlərimə ortağım var.
Dar günümdə dada çatan,
Yaxşı yarım-yarağım var.
Haçan ruzgarın sərt olsa,
Dayanarsan- həmdərd olsa.
Fikirlərim zülmət olsa,
Bir nur saçan çırağım var.
Karvanımın köçündəyəm.
Yollar bitməz, seçimdəyəm.
Səhraların içindəyəm,
Sanıram bağça, bağım var.
Günüm belə, gecəm belə
Əcəb ömrü verdim yelə.
Qınamasınlar qoy hələ,
Ülfət üçün marağım var.
Can verəndə ruha xəyal,
Acılar olur şəkər, bal.
Eh, nə şirinmiş istiqlal,
Sevgi adlı bayrağım var.
İNCİMƏK OLMAZ
(Cavanlıq şeirlərimdən)
Məndən üz çevirmə, günah qazanıb,
Ürəyi kövrəkdən incimək olmaz.
Qəm, kədər əlində qalar varlığım
Ümidsizdən,təkdən incimək olmaz.
Arayıb tapdığım nursan, incisən
Ümid xəzinəmdə ən birincisən.
Taparam dilini üzdən incisən,
Amma ki, ürəkdən incimək olmaz.
Mən yaz ürəklinəm, taleyi qişam,
Mehrini duyandan sanki sərxoşam.
Günahım nə olub, ülfət ummuşam,
Arzudan, diləkdən incimək olmaz.
Düşüb hisslərinin iddiasına,
Qoyma ürəyimi həsrət yazına.
Kökləyib aləmi qış havasına,
Sonra gül - çiçəkdən incimək olmaz.
Əgər sültanımsan, bir düş o taxtdan,
Od vurub canıma, baxma qıraqdan.
Bizi qovuşduran taledən, baxtdan,
Bir də o fələkdən incimək olmaz.
QOŞMA
Gördüm göylərdədir mələk xəyalın,
Açdım ürəyimi, gir-deyim sənə.
Dedim ki, tələsmə qadanı alım,
Qəlbimdə qalmağa yer deyim sənə.
Eşq ilə bağladım bərəni, bəndi;
Qanadı olanlar uçub gedəndi.
Dedim etiqadım ilahidəndir,
Xalqa pünhan olan sirr deyim sənə.
Mənim dərdim böyük, gör neçə qatdır,
Bəxtimə qalanmış acı həyatdır.
Sidq ilə namə yaz, Allaha çatdır.
Mən də muradımçün pir deyim sənə.
Səni axtarmışam əldə çıraqla,
Eşqimə munis ol, halıma ağla.
Bir qəmli kitabam, hərdən varaqla,
Məcnunu səhrada gör deyim sənə.
Çiçəksən, Şahları yazıb çətrinə,
Ruhumu qərq elə çiçək ətrinə.
Küsüb getmə məndən Allah xətrinə,
Əlini əlimə ver deyim sənə.
TƏCNİS
Ay ellər, gedirəm yurdu qoruyam,
Darıxma, salamat qal ana, gözlə!
Babəkin, Poladın, odu, qoruyam,
Düşmənin koması qalana, gözlə!
Mənimçün ağlama ana, demişəm.
Gələrəm, günləri sana demişəm.
Dönməsəm el-oba ana, demişəm,
Bu vətən qalacaq qalana, gözlə!
Şahların borcu var, çatıb bu yaşa...
Bələddir quruya, bələddir yaşa.
Oğlun da bir ərdir ay anam, yaşa!
Dönərəm alınmaz qalana, gözlə!
© 2020 - Created by İLK XEBER.