Bakı Avrasiya Universiteti ilə Səudiyyə Ərəbistanının Kral Abdulla bin Əbdüləziz adına Ərəb dilinə Xidmət üzrə Beynəlxalq Mərkəzin birgə yaratdığı “Ərəbşünaslıq Mərkəzi”nin təşkilatçılığı ilə respublikaməzda fəaliyyət göstərən ali təhsil müəssisələrinin tələbələri arasında şeir müsabiqəsi keçirilib. Müsabiqəyə Bakı Avrasiya Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan İlahiyyat Universitetinin ərəb dili üzrə ixtisaslaşan tələbələri qoşulublar.
Tədbiri giriş sözü ilə açan Bakı Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Səyavuş Qasımov “Ərəbşünaslıq Mərkəzi”nin ötən dörd il müddətində gördüyü işlər barədə məlumat verib. O deyib ki, ötən dövr ərzində “Ərəbşünaslıq Mərkəzi” 400-dən artıq tələbəyə ərəb dilinin öyrədilməsi ilə bağlı kurslar təşkil edib. Mərkəzin ölkəmizdə ərəbşünas mütəxəssislərin bir platformasına çevrildiyini bildirən BAAU-nun prorektoru ərəb dilli kadrların hazırlanması üçün bundan sonra da dəstəklərini davam etdirəcəklərini bildirib.
Daha sonra “Ərəbşünaslıq Mərkəzi”nin Elmi rəhbəri, dosent Ülviyyə Hüseynova müsabiqənin şərtləri barədə iştirakçılara ətraflı məlumat verib. Ü.Hüseynova 1-ci yerə bir nəfər, 2-ci və 3-cü yerlərin hər birinə isə iki nəfər qalibin seçiləcəyini bildirib.
Müqəddəs kitabımız Qurandan ayə oxunandan sonra müsabiqəyə start verilib. İştirakçılar əvvəlcədən təyin edilmiş münsiflər heyətinin qarşısında ərəb dilində şeirlər səsləndiriblər. Münsiflər heyətində ölkəmizin görkəmli ərəbşünas alimləri – Salman Süleymanov, Heybət Heybətov, İlkin Almuradov, Tofiq Abdullayev və Səudiyyə Ərəbistanı Krallığının Bakıdakı səfirliyinin İqtisadiyyat və mədəniyyət şöbəsinin rəhbəri Vael Alşreef təmsil olunublar. Müsabiqənin yekun mərhələsinə 36 nəfər tələbə buraxılıb. Münsiflər heyəti müsabiqə iştirakçılarının şeiri bədii cəhətdən təqdim etmə bacarıqlarını, ərəb dilində onu səlis ifadə etmə qabiliyyətlərini qiymətləndiriblər.
Tədbirə Səudiyyə Ərəbistanı Krallığının Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr də qatılıb. Müsabiqə iştirakçılarını salamlayan səfir ərəb ədəbiyyatının müasir durumu və inkişafından danışıb. Ərəb şerinin məzmununun, bədii ifadə tərzinin ərəb mədəniyyətinin açıqlanmasında yerindən bəhs edən səfir nümunələr göstərməklə tədbir iştirakçılarının diqqətini çəkib.
Müsabiqə iştirakçılarını qiymətləndirən münasiflər heyəti sonda qalibləri elan edib. Bakı Avrasiya Universitetinin tələbəsi Nərminə Məmmədova 1-ci yerə layiq görülüb. 2-ci yeri Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi Murad Kərəmov və Bakı Dövlət Universitetinin tələbəsi Simuzər Məmmədzadə, 3-cü yeri Bakı Dövlət Universitetinin tələbələri Sahib İbayev və Mohammedali Axundov tutblar. Qaliblərə qiymətli hədiyyələr, pul mükafatı və sertifikatlar təqdim olunub.