Türkiyədə prezident və parlament seçkilərində səsvermə keçirilir

Türkiyədə mayın 14-də bazar günü prezident və 28-ci çağırış  parlament seçkilərində səsvermə keçirilir. 
 
Seçki məntəqələri yerli vaxtla səhər saat 8:00-da açılıb və axşam saat 17:00-da bağlanacaq. 
 
Ümumilikdə ölkədə 191 885 seçki qutusu quraşdırılacaq. 
 
Türkiyədə və xaricdə 64,1 milyondan çox seçici səs verəcək. Təxminən 4,9 milyon insan ilk dəfə səs verəcək. 
 
Seçicilər şəxsiyyəti təsdiq edən rəsmi sənədlərdən biri ilə səs verə biləcəklər. 
 
Seçicilərə 2 bülleten veriləcək: prezident və millət vəkilləri seçmək üçün. Seçicilər bir zərfin içinə iki ayrı seçki bülleteni yerləşdirəcək və seçki qutusuna atacaqlar. 
 
Türkiyənin MSK fevral ayında baş verən zəlzələlərdən zərər çəkmiş ölkənin 11 vilayətində səsvermənin keçirilməsi üçün lazımi tədbirlər görüb. Bu rayonlarda seçki qutuları xüsusi qablarda və məktəblərdə quraşdırılır. 
 
Xarici seçki məntəqələrində səsvermədə 3,4 milyondan çox insan iştirak edə bilər. Onlar üçün 73 ölkədə və 156 xarici nümayəndəlikdə seçki komissiyaları yaradılıb. Türkiyənin xarici nümayəndəliklərində səsvermə prosesi mayın 9-da başa çatıb. 
 
Türkiyədə prezident seçkilərində üç namizəd - hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, müxalif Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu və ATA Alyansı blokunun namizədi Sinan Oğan iştirak edir. 
 
Məmləkət Partiyasının sədri, Türkiyə prezidentliyinə namizəd Məhərrəm İncə mayın 11-də namizədliyindən geri çəkildiyini açıqlayıb. 
 
Seçkilərdə iştirak etmək üçün 24 siyasi partiya və 151 müstəqil namizəd qeydə alınıb. 
 
Əgər birinci turda namizədlərdən heç biri səslərin mütləq əksəriyyətini qazana bilməsə, ikinci tur mayın 28-də keçiriləcək.