Sona Çərkəz
İkinci evim bildiyim BDU-nun akt zalında Xalq şairi Nəriman Həsənzadə ilə görüş keçirilirdi. Dərsim olduğundan bir az gecikdim. İllərdir yaxından tanıdığım, ömür-gün yoldaşım Çərkəzi çox sevən bu böyük ürəkli insanı görməyə hamı kimi mən də çox tələsirdim və... zala daxil olanda artıq hər kəs öz yerini almışdı. Təşkilatçılar görüşün iştirakçılarını salamlayırdılar. Az sonra söz Nəriman müəllimə verildi. O da sözünə ilk olaraq görüşə gələnləri salamlamaqla başladı və birdən mənə tərəf əlini uzadıb dedi - ikinci cərgədə məni hamıdan çox anlaya bilən dərd ortağım əyləşib - bu gün aramızda olmayan Çərkəz müəllimin ömür-gün yoldaşı Sona Çərkəz. Onu da salamlayıram.
Hardan gəldi, qardaşım,
Bu fikir ağlınıza?
Dərd ortağım dediniz,
Min sağlıq ağzınıza.
Dərd ortağım dediniz,
Titrədi əl-ayağım.
Yaralı ürəyimin,
Bu da oldu bir dağı.
Kaş dərdi deyil, qardaş,
Biz sevinci böləydik.
Çünki biz sevgimizin
Qarşısında köləydik.
Dərdin ağzı yanaydı,
Bizi yandıran yerdə.
Elə yandırıbdır ki,
Kababdı qəlb də, dil də.
Qəlbimizin odunu
Biz qələmlə bölüşdük.
Eşqimizi dəfn edib,
Torpağıyla öpüşdük.
Kədərlə doğmalaşıb,
Ömrə davam elədik.
Bəxtə düşən acıya,
Alın yazımız dedik.
Sara xanım həsrətə
Bələdi ömrünüzü.
Qaranlıq gecələrdə,
Gəzdiniz gündüzüzü.
Sevmək də acı imiş,
Ayrılıq da, qardaşım.
Fələk əlimə keçsə,
Boğar onu göz yaşım.
Çərkəzsiz günlərimi
Silə bilsəm ömrümdən,
Vallah gileylənmərəm,
Bəxtimdən, taleyimdən.
Bu möcüzə baş versə,
Sevincdən də yazaram,
Səadətdən də hərdən...
O vaxt yaxam qurtarar,
Sanıram, həmişəlik
Göynərtisi bitməyən,
Kədərli cümlələrdən...
© 2020 - Created by İLK XEBER.