Sakit İlkin - Göylərə can atan könüllər şairi

Könül, insan duyğularının sevdası ilə yoğrulmuş ruhun həyat lövhəsidir. Könül, insan duyğularının patoloji halının yaşantısını sürdürə bilən ruhun həyat səhnəsidir. Könül, insan duyğularının aşırı həyəcanlarını ifadə edən ruhun həyati motivlərinin həyata tətbiqidir. Meteor daşı, kosmik dünyanın istisi ilə parçalanan və Yerə sevgi ilə yönələn göy daşıdır. Meteor daşı kosmik dünyanın sevgisini Yerə çatdıran həyat daşıdır. Meteor daşı, kosmik dünyanın arzusunu, Yerə çatdıran İnam daşıdır.

1959-cu ilin 24 noyabrında, səhər saat yeddidə, belə bir Meteor daşı, Azərbaycanın, dilbər Guşələrindən biri olan, Savalan Dağının ətəyində yerləşən Yardımlı rayonunun Arus kəndinə düşdü. Bu Daşın Yerə enişi nəticəsində, böyük partlayış oldu. Böyük işıqlanma ilə Yerə enən bu daş bir neçə hissəyə parçalandı. Daşın ən böyük parçasının ağırlığı 127 kq, ən kiçiyin çəkisi 5,9 kq oldu. Bu parçalara ayrılmış daşlar toplandı və fiziki tərkibi alimlər tərəfindən öyrənildi.

Sakit Ilkinin, ustad Şairimizin, doğum tarixi də eyni günə, eyni saata dəng gəldi. Elə buna görə də, təbiətlə Ruh əlaqəsinə girən şairin, həyatdakı məsləki çoğrafiya müəllimi olsa da, Ruhu ilə Şair doğularaq, Göylərə can atan Könül şairi oldu.

Əlbəttə bu metafizik düşüncə paraleli həqiqət olsa da, elmi dayanıqlığı gerçəyi ifadə etməsə də, könül sevdasının həyati statusu kimi eyniyyət təşkil edir..

 

Payız doğulmuşam, Xəzəllər ayı,

Aparıb çıxardı, Yaz, hara məni?

Ay Mələk donunda gələn Əzrayıl,

Hara aparırsan, Yaz, hara, məni?

Baş-başa, qoymuşam, Dərd ilə, Dərdi,

Çox gözlər, Gözünü, Dərdə zillədi,

İçimdə, Gülərüz, Dərd əzizlədim,

Saldı, Əziz dərdim, Azara məni.

 

Şairlik, mayasında ilham olan insanların könül dünyasının zənginliyi ilə meydana gələn ruhun təntənəsidir. Şairlik, mayasında atəş olan insanların qəlbində, sevgi dünyasının gözəlliyini yenidən kəşf edən tapıntısıdır. Şairlik, mayasında da kamillik olan insanları həyatın psixoloji durumunun obrazlarla ifadəsinin idrakıdır. Sakit İlkinin poeziyasının həyat fəlsəfəsi müasir həyatımızın insanının dünyaya baxışını açır və formalaşdırır.

Sakit Ilkinin poeziyasının həyat məntiqi sevgi üzərində qurulmaqla insanların qəlbinə sevgi dünyasının hikmətini təlqin edir. Sakit Ilkinin poeziyasının həyat hikməti kamillik üzərində qurulan söz sənətinin məktəbinin həyəcanverici özəlliyinə sahibliyidir:

 

Heç nə istəmirəm daha,

Nə bir təltif,

Nə mükafat,

Nə də bir ad!

İstəyirəm,insanların,

Ürəkləri Daş olmasın…

İstəyirəm,insanların,

Gözlərində,Yaş olmasın..

 

Meteor Daş ilində anadan olan Şairin Daşa sevgisini əks etdirən, ona ən böyük ictimai mənanı da verərək, müdrik düşüncə tərzinin həyati-mənəvi xarakterini də formalaşdırır... Daş Yaradanın mükəmməl hikmətinin əsəridir. Daş, Yaradanın təbiətə verdiyi möcüzənin özüdür. Daş, insanların qəlbinə enməsinə səbəb olan Kədərin məsumluğunun özüdür. Daşın həm təbiət hikməti var,həm həyat hikməti var ,həm ruh hikməti var. Daşa sitayiş etmək, animist düşüncədə özünə yer tapsa da, realist düçüncədə, onun ictimai mənasını insan həyati olaraq kəşf edərək özünə tabe edir…

Sakit İlkinin elə şerləri var ki, o şeirlər insan ruhuna damğa vurur:

 

Daşların, Gərəklisi,

-Evimizin divarlarına hördüklərimiz!

Yerdə, qalanları,

-Yollarda, daim gördüklərimiz!

Ən ağırları,

-Qayalarda durandı!

Yüngülləri,

-Bir-birimizə atdıqlarımız!

Gülənləri,

-Şaqqıldayıb, qayalardan enəndir!

Ağlayanları,

-Yaşıl kiprikli Mamırlısıdır!

Ən xırdalayıb,

-Uşaqkən,

Oynadığımız,

-Beş Daşlardır!

Daşların, Ən əzizi,Ən Qəmlisi,

Əzizlərimizin, Məzarı üstə,

Üz sürtüb, Ağladığımız,

Baş Daşlarıdı!

 

Sakit İlkin, hər şeydən öncə Vətəndaş Şairdir. Vətəndaş Şair nədir? Vətəndaş Şair vətəninin, dövlətinin qüruru ilə yaşayıb - yaradan şairdir. Vətəndaş Şair Vətəninin ağrılı günündə də,sevincli günündə də Vətəninin, Bayrağının əsərləri ilə tərəfində duran şairdir. Vətəndaş Şair heç bir təmənna güdmədən xalqına, vətəninə sarılan şairdir. Vətəndaş Şair Sülhün, əmin-amanlığın, qayda-qanunun, sənətin keşiyində duran şairdir. Vətəndaş Şair məsləki ilə, sözü ilə Düşmənə nifrət oyadan şairdir. Vətəndaş Şair, Haqqın səsini dünyaya yayan Şairdir…

 

İlham alır varlığım,Şöhrətindən, Şanından ,

Uğrunda, gör ,nə qədər igid keçmiş canından ,

Rənginə ,rəng qatmısan,-Şəhidlərin qanından,

Dostlarına məlhəmsən,Düşməninə, Göz dağı.

Azərbaycanbayrağı!

 

Sakit Ilkin poeziyası öz bədii siqləti və poetik analitakısı,həyati realizmi ilə Böyük Səməd Vurğun poeziyasının ideya davamıdır… Sakit İlkin Poeziyası öz sanbalı, lirik-psixiloji xarakteri ilə Bəxtiyar Vahabzadə poeziyasının ruhunu ifadə edir.Sakit Ilkin poeziyası öz Ruhi ilə həyat məntiqi ilə, həyatın psixoloji durumunun həyati təsbitidir. Həyatın psixoloji saflaşmasının poeziyasıdır, Sakit İlkinin poeziyası. Həyatın Haqq Səsinin poeziyasıdır Sakit İlkinin poeziyası.

Sakit Ilkinin lirikasında Həyatilik var. Sakit Ilkinin lirikasında Dəyanıtlilik var. Sakit Ilkinin lirikasında Düşünərlik var.

 

Çox yerdə, tapdanan görmüşəm Haqqı,

İçimdə boğmuşam, Nifrəti,kini,

Mən, Allah olsaydım, O Allah haqqı,

Heç zaman sevməzdim, Sakit İlkini,

Sən, mənim nəyimi, sevirsən Allah?

 

Müdriklik insanın həyat hikmətinin axtarışıdır. Müdriklik insanın bilik xəzinəsinə gedən yoludur. Müdriklik insanın dünyaya baxışının təcəssümüdür. Sakit İlkin in lirikasının həyati-fəlsəfi yozumunu dinlətdirən, sözün, ruha həyati bağlılığını duyurmasıdır. Sakit Ilkinin lirikasının ahəngini asiqmatik müstəviyə keçirən şairin ilhamının dünyaya olan yaradıcı münasibətidir. Sakit Ilkin in lirikası öz müasirliyi ilə insan duyğularının sevdası ilə yoğrulmaşdır…

 

Sapand atdım, O Daş, dağa dəymədi,

Dil qurudu, Yaş, damağa dəymədi,

Ha çarpışdım,Yaşamağa dəymədi,

Gördüm,kimin dünyasıymış, bu dünya!

 

Sakit İlkin, təriflənməyi sevməyən, tərifli ustad şairlərdəndir. Sakit İlkinin şerlərinin həyati imitasiyası Sevgidən yaranır. Şairin, Daşa, Başa, Qaşa, Yaşa aşiqliyi olsa da, əsas aşiqliyi Ruhadır. Ruh Şairi olmaq, Həyat şairi olmaqdır. Ruh Şairi olmaq, Sevgi Şairi olmaq deməkdir.

Ruh Şairi olmaq, Xalq şairi,Vətən Şairi olmaq deməkdir:

 

Məni tərifləmə, Qurbanın olum,

Mən,Hamı kimiyəm, hamı, mənim tək,

Başına dönməklə, Vətən olmur ha...

Başına dönəsən Vətənin gərək...

Sən, mənim nəyimi tərifləyirsən?

 

Şeir məktəbi Söz məktəbidir. Şeir məktəbi, Hikmət məktəbidir. Şeir məktəbi, Könül məktəbidir.

Sakit ilkinin şeir məktəbi, həyatın sirrini çözməyə yönəlmiş dirənişidir. Sakit İlkinin şeir məktəbi, həyatin ictimai mahiyyətini aydınlaşdıran incəlikdir. Sakit İlkinin şeir məktəbi həyat sevgisinii öyrənən və öyrədən müasirləşməkdir. Həyat şairi olmaq, həyata tapınmaqdır.

Könül şairi olmaq, könüllərə sirdaşlıqdır. Sevgi Şairi olmaq, məhəbbətlə barışmaqdır.

Sakit İlkin həm həyat şairi, həm könül, həm də sevgi və məhəbbət şairi kimi öz varlığını daima Zamanın gərdişi ilə təsdiq etmişdir:

Həsrətin yetişdi budaqlarımda,

Əydi, bu əyilməz qəddimi mənim,

Bilmədin, min cəfa çəkdim yolunda,

Sonra biləcəksən, Qədrimi mənim…

 

Poeziya Sözə könül vurğunluqdu. Poeziya insanın həyat obrazının ruhudur. Poeziya duyğuların ülviyyəti ilə yaranan düşüncələri fəlsəfi-ruhi halıdır. Sakit İlkinin şerlərinin ideya məfkurəsi, həyatın semantikasını, onun ictimai varlığını müəyyənləşdirməkdir. Şüurun poeziyasının ruhu, könül dünyasının intellekti kimi öz varlığını daima qoruyacağını inanıram. Uğurlar arzulayıram Şair qardaşıma Meteor Daşının, Doğum günün şairinə Eşq olsun. Həyat Daşının ağır yükünü çiyinlərində daşıyan Şairə salam olsun.

Vətəndaş sevgisini qazanan şair-vətəndaş Sakit İlkinə ad günündən dolayı uzun ömür və cansağlığı diləyirəm, Rəbbimdən…

 

Hörmətlə,                                                                                                                                                                                                                                                                                                                            Nəsib Abid, müəllim-filoloq