Fikrət Şahbazlı
Soyuq payız
Nə olsun ki, istəmirik,
Vaxtından tez gəlir payız.
Yarının yolun gözləyir,
Payız boyu tənha bir qız.
Soyuq hava, soyuq külək,
Ağacların üzü gülmür.
Solan gülün hönkürtüsü,
Küləyi kövrəldə bilmir.
Yamyaşıl bahara kimi,
Yaşıl ağacı unudun.
Küləklər saçını yolur,
Yol ayrıcında palıdın.
Aramsız yağışlar yağır,
Qızıl xəzəllər üstünə.
Soyuq küləklər dayanıb,
Solmayan gülün qəsdinə.
Xəzəl olub göy yarpaqlar,
Ağaclar atmağa qıymır.
Xəzəllərin xışıltısı,
Payızı yatmağa qoymur.
Yardımlıda
Öyünəsi oğulları,
Bizlər öydük Yardımlıda.
Başı bəlada olana,
Hər gün dəydik Yardımlıda.
Sevdik ağrı-acısını,
Öpdük alın yazısını
Fələk örtən qapısını,
Bizlər döydük Yardımlıda.
Pozduq fələyin nırxını,
Qoymadıq çəkə arxını,
Zalım fələyin çarxını,
Tutub əydik Yardımlıda.
Mənim atam şəhid olub
(Ataları müqəddəs Qarabağ döyüşlərində həlak olan şəhid qızlarına ürək ağrısı ilə ithaf edirəm)
Nə çəkirəm kimsə bilmir,
Qəlb xaraba, üzüm gülmür.
O gedəndi atam gəlmir,
Mənim atam şəhid olub.
Yazıqdı deyib baxmayın,
Susun, qəlbimi sıxmayın,
Yanımda övlad öpməyin,
Mənim atam şəhid olub.
Sən xatasan, xatalı qız,
Ağ köynəkli, butalı qız
Dodaq büzmə atalı qız,
Mənim atam şəhid olub.
Evdə qalanda yanıram
Çöldə məyus dayanıram,
Donum köhnə utanıram,
Mənim atam şəhid olub…
Göz yaşı donub üzümdə,
Arzular çölün düzündə,
Tənha qızam yer üzündə,
Mənim atam şəhid olub…
Göndərim yara şəklini
(Müqəddəs şəhidlərimizin anım günündə xalam oğlu Əlhüseyn müəllimin nəvəsi, gül üzlü şəhid Əli Rzalının əziz xatirəsinə)
Məzarın güllər içində,
Çox olsa da,sənə azdı.
Əzəmətli baş daşından,
Hər gün öpsək,yenə azdı.
Gözəldin döyüşdən qabaq,
Elə gözəl də qalmısan.
Daşdan elə boylanırsan
Durub cənnətdən gəlmisən…
Baş daşını öpən qızlar
Qara daşa yaraşıqdı.
Sevin, gül üzlü şəhidim,
Çoxları sənə aşıqdı…
Ax,belə cavan yaşında,
Vurublar hara şəklini…
Təzə bəyə oxşayırsan,
Göndərim yara şəklini...
Aparır
(Uşaqlar evində böyüyən kimsəsiz şəhid Səbuhi Əhmədova)
Mərdi namərdin evinə,
İşləməyə pul aparır,
Saray tikənlər, usta yox
İşləməyə qul aparır…
Nahaqdan yanan adamlar,
Dünyanı qanan adamlar,
Ocağı sönən adamlar,
O dünyaya kül aparır…
Yeri tapılmır itənin,
Evi yox,yurdu batanın,
Şəhid qəbrinə -Vətənin,
Xainləri gül aparır…
Canı xaraba qoyuruq
Sevilən güllər saralır,
Sevilən dağı qar alır,
Hər gün qanımız qarallr,
Qanı xaraba qoyuruq…
Ötən günü gün saymırıq,
Gələn günlərə qıymırıq,
Bizlər günü yaşamırıq,
Günü xaraba qoyuruq...
İş başlayır,iş bitməmiş,
O dərd gəlir, bu getməmiş,
Ömürü abad etməmiş,
Canı xaraba qoyuruq…
Dərdə qar yağır
İstər bahar olsun, istər qış olsun,
Ürəyim üşüyür harda qar yağır..
Yurdu sevən olsa, orda bahardı,
Sevəni olmasa, yurda qar yağır..
Yad evdə işinməz adam yataqda
Gözlərindən düşər, ev də, otaq da,
Soyuq adam görsəm isti ocaqda,
Mən ora getmərəm, orda qar yağır..
Bəd tale qismətmiş, seçməsi yoxmuş,
Dəmir qəfəs imiş, qaçması yoxmuş,
Görəsən, nə üçün, açması yoxmuş,
Sevincə gün düşür, dərdə qar yağır..
Gəlir
Zalım həsrətin əlindən,
Ürəyini sıxmaq gəlir.
Ayrılığa gücün çatmır
Öz-özünü yıxmaq gəlir.
Qönçə tanınar gülündən,
Qərib tanınar elindən,
Yol gözləyənin əlindən,
Hər gün yola baxmaq gəlir.
Alın yazım yamaq-yamaq,
Çətin bəxtə bel bağlamaq,
-Sənin əlindən ağlamaq
Məndən də darıxmaq gəlir
Səni sevən olmayacaq
Yaxşı adamın başına,
Çox vaxt pis işlər gələcək.
Həmişə pislər qalacaq,
Hər gün yaxşılar öləcək..
Dərdi verib deyəcəklər
Kədər canlıdı, çəkəcək.
Yaman gündə yanından,
Hamı gizlicə keçəcək..
Düz getdiyin, düz yollarda,
Ac canavar ulayacaq…
Gözəl dünyan bir gün səni,
Barmağına dolayacaq…
Kasıbsan, varlı dostların,
Salamını almayacaq..
Hamını sən sevəcəksən,
Səni sevən olmayacaq…
Şalvarı cırıq dünyanın
Namərdlər başın partladır,
Ürəyi yarıq dünyanın.
Onu döyənləri sevir,
Baş-gözü sarıq dünyanın.
Yaxşı adama namərddir,
Yüz illərdir mərdi pərtdir,
Pulu satqına qismətdir,
Şalvarı cırıq dünyanın.
Yanan dünyaya sığmaram,
Yağış olsam da yağmaram,
İpinə odun yığmaram,
Bu ipi qırıq dünyanın...
O qız gözləyir səni
Qoşa oturardız o daşın üstə,
O daş qan ağlayır, özləyir səni.
Səndən başqasını qoymadı girə,
O qız ürəyində gizləyir səni…
Elə çıxıb getdin, elə də olmaz,
Bu dünya dağılar belə də qalmaz
Naz sevgilər gedər, bir daha gəlməz,
O qız ürəyində nazlayır səni…
Gecə yuxusuna daş atdığın qız,
Şirin yuxusundan oyatdığın qız,
Ay zalım balası, unutduğun qız,
Oturub daş üstə gözləyir səni…
Vicdanın satan yerində
Çiçəklər saraldı, soldu,
Yalanın bitən yerində.
Düz adamı öldürdülər,
Küçədə yatan yerində.
Kasıblar öndə olmasa,
Torpaq uğrunda ölməsə,
Döyüşdən şəhid gəlməsə,
Dayanmaz Vətən yerində…
Sonuna kimi gedələr,
Açıla bağlı odalar,
Şərəfsizi həbs edələr,
Vicdanın satan yerində.
Varlılar həyatın qurur,
Xoşbəxtlər həyatın sürür,
Zalımın qayığı durur,
Məzlumun batan yerində.
Gözümü çıxardaram
Sənsiz gəlsə ilimdən,
Yazımı çıxardaram.
Sənsiz dinsə dilimdən,
Sözümü çıxardaram.
Qaçaram kömür gündən,
Qaçaram çamır gündən,
Eh, sənsiz ömür-gündən,
Özümü çıxardaram.
Axtarmasa, sormasa,
Səndən xəyal qurmasa
Baxıb səni görməsə,
Gözümü çıxardaram.
Dəni beşiyimə qoyub
Elə bil atamdı, bu dərd,
Əlin kürəyimə qoyub.
Yurd salıb, alaçıq qurub,
Evin ürəyimə qoyub.
Uzaq gəzmir, uzaq durmur,
Bu dərd məndən əl götürmür,
Süfrəyə mənsiz oturmur,
Gözün çörəyimə qoyub.
Ovunmaz dərd, özü dərtdi,
Qəlbimi əzdi, tərpətdi,
Qara günləri göyərti,
Dəni beşiyimə qoyub.
Xaraba yurd kimi
Dərd yeyir içimizi,
Gəmirir ac qurd kimi.
Yalquzaqa dönmüşük,
Boz səhrada qurd kimi…
O dağın, o üzündə,
Qar var ömrün yazında,
Qaldıq çölün düzündə,
Toxdamayan dərd kimi.
Yaman zalım oldular,
Ömrü bizdən aldılar,
Kişilikdən saldılar,
Ölənmədik mərd kimi
Tələf olub gedirik
Sonu bilib gedirik,
Unudulub gedirik,
Bir xaraba yurd kimi…
Uğursuz sevgilər
Yad sevgidə külək əsir,
Dağılıb gedir hörgülər.
Ürəyim kimi çırpınır,
Daşlara dəyən sevgilər.
Mavi səma bağlanıbsa,
Uça bilməz quş sevgilər.
Ürəkdən sevənlər yoxsa,
Çiçək açmaz daş sevgilər.
Kədər də payız kimidir,
Gülləri vaxtsız soldurur.
Eşqi sevgi yaşatsa da,
Sevgini nifrət öldürür…
Uca dağlara çıxasan,
Bu dünya görünmür küncdən.
Dərdin təzəsi yaxşıdır,
Yaşanmış köhnə sevincdən.
Adam
Əbədi deyilsən, bunu
Düşünüb, bilirsən, adam.
Dünyanı ağladan, sənsən,
Sən nəyə gülürsən, adam?..
Üzə bilməyən boğulur,
İnsanlar, nədən doğulur,
Sevdiyin dünya dağılır,
Sən, hara gəlirsən, adam?..
Dünyanı soymaqdan başqa,
Xaraba qoymaqdan başqa,
Sən, adam olmaqdan başqa,
Eh, hər şey olursan, adam.
Qucağıma gəlməz
Dünyadan kam alammadım,
Mənim üçün kama gəlməz.
Kasıb olsan dünya sevməz,
Kimə gedər, kimə gəlməz.
Səsin elə batırıblar,
Təzə arzu dilə gəlməz.
Arzular elə sınıb ki,
Tikəsi də ələ gəlməz.
Şirin canıma oxudu,
Dünya məndə qalmasa da,
Fələyi mənə güldürdü,
Üz-gözümə gəlməsə də…
Mən sevsəm də, dünya sevməz,
Bezdim, acığıma gəlməz.
Dünya düşmən uşağıdı,
Mənim qucağıma gəlməz.
Kədərə nişanlı olduq
Vətən dərdi çəkə-çəkə,
Sonunda dərd canlı olduq.
Dedilər soyuq adamsız.
Dərdə istiqanlı olduq.
Yurd dağılır, yurd çökməkdə,
İçimizi dərd yeməkdə,
Ad çıxartdıq dərd çəkməkdə,
Nə yaman ad, sanlı olduq...
Həyat ögey, gələn gün yad,
Ömür başdan-başa bərbad,
Pis günə kəbinli arvad,
Kədərə nişanlı olduq…
Tərsinə döndərən ola
Yaxşı adamlara daş atma, bala
Şeytanı nişan al, at cinə daşı.
Hahaq atanların özünə dəyə,
Kaş, döndərən ola tərsinə daşı.
Künc-bucaq ölçüyə gəlsin deyibən,
Daş-daşa söykənib qalsın deyibən,
Məzar yaraşıqlı olsun deyibən,
Qoyurlar üst-üstə hər tinə daşı.
Gözəllər gözəli yarlı dünyada,
Hər cürə nemətli barlı dünyada,
Ölsək, qazancımız varlı dünyada,
Beş arşın ağ olar, bir sinə daşı.
Əlim uzansın çörəyə sarı
Kasıb qardaş, dərtdən, əyilib sınma
Dərdləri sap kimi ürəyə sarı…
Ürək çox yüklənsə dözməyə bilər,
Onda şələ bağla kürəyə sarı.
Qəmlidir görmədin,məzəli ömrü,
Hər gün yaşayırsan cəzalı omrü,
Sürməli deyilsə qəzalı ömrü,
Dikdən aşır getsin dərəyə sarı…
Acından ölürsən, qoy eldə qalsın,
Dediyin ağılar qoy dildə qalsın,
Basdıranda əlin, qoy çöldə qalsın,
Hər səhər uzansın çörəyə sarı..
Dünyanın əyni nazikdi
Düz sözə divan tutublar,
Hər yerdə divan üşüyür.
Dünya düzələr, gümanmış,
Hər yerdə güman üşüyür
Dağdan sallanar, düşməzdi,
Dərədən əskik olmazdı,
Qışda duman üşüməzdi,
Baharda duman üşüyür.
İlməsi yox, düyünlərin,
Dadı qaçıb oyunların ,
Nə kefinə qoyunların?-
Üşüsə, çoban üşüyür.
Ölkələr büzük-büzükdü,
Yer üzü əzik-əzikdi,
Dünyanın əyni nazikdi,
Dünyamız yaman üşüyür.
Çıxıb gedərdim
Həsrətin çəkirdik bir damcı suyun,
Ay bulud, neynirəm, çax innən belə.
Yayda qurumuşdun, sevimli çayım,
Payızdı, nə lazım, ax innən belə.
Bulaq, qurusan da, adın qalıbdı,
İndi kövrəlmisən payız gəlibdi,
Yaman ağlayırsan, gözün dolubdu,
Göz yaşını daşa, sıx innən belə.
Quşlar hasrət çəkir çölün düzündə,
Dünya qan ağlayır durna gözündə,
Sevimli kim qaldı bu yer üzündə,
Kimləri sevəsən, bax innən belə?!.
Dolu ürəyimə oyuqlar gəlir,
Qarşıdan qış gəlir, soyuqlar gəlir,
Yuxuma gəmilər, qayıqlar gəlir,
Nə çıxıb gedərdim, ax innən belə.
© 2020 - Created by İLK XEBER.