Zəfər şeirləri: Gözün aydın, Otuz ildir ocaqları sönən yurdum...

ŞİRVANİ ƏDİLLİ


Savaş gəldi

 

Savaş gəldi,

Nə xoş gəldi,

       nə beş gəldi.

Millətimə ən dəyərli

                    bəxşiş gəldi.

Şərəf gəldi, qürur gəldi,

Sevinc gəldi, hüzur gəldi.

Otuz illik bir zülmətə işıq gəldi,

Zamana yaraşıq gəldi.

 

Millətimin nə diləyi, nə istəyi?

Otuz ildə olmamışdı bu savaşdan

                            daha artıq sevəcəyi.

Tapdı onu göydən düşən bir inci tək,

Ən böyük bir səadəti,

                 ən böyük bir sevinci tək.

Otuz illik bir həsrətlə

Öpüb qoydu göz üstünə, bu savaşı

                bir müqəddəs dəyər kimi,

Daha gözəl bir səhəri görməmişdi

Bu savaşa açılan o səhər kimi.

 

Savaşa açılan səhər,

Otuz illik bir gecəyə nur çiləyən

                           o elə bir səhər oldu,

Millətimin hər övladı bircə anda

                  qorxmaz, igid əsgər oldu.

Savaşa açılan səhər,

Nə gözəl bir səhər oldu,

Savaş hələ bitməmişdən

            ürəklərdə zəfər oldu.

 

Savaş gəldi,

Ədalətin qəzəbi tək,

                      əsəbi tək,

Bağrı yara bir vətənin

           məlhəmitək, dərmanıtək,

Taleyin bir xoş fürsəti, amanı tək.

 

Savaş gəldi,

Axan qanlar,

Gedən canlar

Geriyə yol buraxmayır,

“İrəli, yalnız irəli”

             deyib dillər haraylayır.

Savaş gəldi,

Yazır əsgər ulu vətən tarixinin

Şərəfli bir erasını.

Alır zalım yağılardan

Bağrı yara bir vətənin qisasını.

 

Savaş gəldi,

Nə xoş gəldi,

       nə beş gəldi!

 

                       28.09.2020

 

 

              Qalib əsgər

 

Qalib əsgər,

Bir müqəddəs yol üstdəsən,

Yol açırsan bir işıqlı gələcəyə

                  keçmişlərin zülmətindən.

O “QƏLƏBƏ” kəlməsini

nöqtə-nöqtə, hərf-hərf yazırsan sən.

 

Qalib əsgər,

Bir işıqlı gələcəyə qığılcımdır

Ayağından çıxan tozun hər dənəsi.

Hər an sənin yol yoldaşın,

                              yardımçındır

Milyonların duaları,

                     alqışların təntənəsi!

 

Qalib əsgər,

Çarpışdığın od-alovlu o yolların

Döngəsində, dalanında,

Düşündüyün, daşındığın,

                çətin, çıxılmaz anında,

Tək deyilsən,

Milyonların

            ürəyində,

               diləyində,

                         qəlbindəsən.

Otuz ilin qara tarix yazısını

nöqtə-nöqtə, hərf-hərf pozursan sən.

 

Qalib əsgər,

Bu gün sənin çiynindədir

Yüz illərin, min illərin ağır yükü.

Şanlı şərəf tarixinin

           daş yazılı kitabına

                               adın düşdü.

 

Qalib əsgər,

İki ömür yaşayırsan

Öz omrünü – müvəqqəti,

Bir də vətən, millət ömrünü – əbədi.

Qalib əsgər,

Şəhid oldun,

Əbədi vətən ömrünə

                         keçdi ömrün.

Nə bəxtiyar, nə bəxtiyar,

Bir azad vətən ömründə

       ƏBƏDİYYƏT qazanmışlar!

 

                                      26.10.2020

 

 

        Ədalətin zəfəri

 

Nələr çəkdi insan oğlu,

Nələr çəkdi məmləkəti.

Otuz min il görməmişdi o torpaqlar

Otuz ildə gördüyü bu müsibəti,

Bu kabusu, həqarəti.

Necə bir zalım otuz il!

Bir tərəfdə

İsti insan qayğısına

İsti insan nəfəsinə,

Canlı insan ayağına

Canlı insan kölgəsinə

Həstət qalan tənha torpaq.

Bir tərəfdə

“Allah, yerə en” deyərək

                             nalə çəkən.

Zalımlara qarğış tökən,

Torpağından qoparılıb

                 havadan asılı qalan,

Yüz minlərlə qaçqın-köçkün,

                  başqa sözlə – yarıminsan!

 

Vaxt yetişdi,

Otuz min il gürünməmiş

Otuz illik haqsızlığı

                       əzib keçdi,

Zülmün yoğun boğazını

              birdəfəlik üzüb keçdi,

QIRX DÖRD GÜNÜN ƏDALƏTİ,

QIRX DÖRD GÜNÜN ƏZƏMƏTİ!

 

Vaxt yetişdi,

Otuz ilin tilsimini qırıb keçdi,

Zalım fələyin çarxını

                 geriyə döndərib keçdi,

Əsl möcüzyə dönmüş arzulari,

                     millətimə verib keçdi

QIRX DÖRD GÜNÜN ƏDALƏTİ,

QIRX DÖRD GÜNÜN ƏZƏMƏTİ!

 

Qırx dörd günün hökmü ilə

Otuz illik göz yumulan bir haqsızlıq

                                               süqut etdi,

Haqq-ədalət öz gücünü sübut etdi.

Bəlkə də heç görməmişdi qoca tarix

Nə belə bir aci millət qədərini,

Nə də belə

bir ƏDALƏT ZƏFƏRİNİ!

 

Üç min qəhrəmanın ömrü

Əbədi atəşə döndü,

Gələcək ədalətində,

Milyonlar səadətində!

 

Mən ömrümü gülə-gülə

             ƏDALƏTƏ verim, gedim.

Qoy mən ölüm,

               təki ƏDALƏT yaşasın.

Mən onsuz da öləcəyəm,

Təki ƏDALƏT yaşasın!

 

                                         19.12.2020

 

    Gözün aydın

 

Gözün aydın,

Törpaqları azad ölkəm,

Gözün aydın.

Otuz ildir könlü sınıq,

                       naşad ölkəm,

Gözün aydın.

 

Gözün aydın.

Didərginli, köçkünlü, qaçqınlı ölkəm,

Möcüzəmi? –  Kəlbəcərli, Zəngilanlı

                             Şuşalı, Laçınlı ölkəm,

Gözün aydın.

 

Gözün aydın,

Otuz ildir ocaqları sönən yurdum,

Bağ-bağçası səhralığa dönən yurdum.

Gözün aydın,

Keçmişi qaynayan şəhər,

Sonra xarabaya dönüb

gözü yolda illərini sayan şəhər.

Gözün aydın.

 

Gözün aydın,

Torpaqları qan selində doyan yurdum,

Otuz ildir üzdə gülüb

                  içində ağlayan yurdum,

Gözün aydın.

 

Gözün aydın, ana yurdum,

İndi yer də, göy də səni təbrik edir,

Günəş, ulduz, Ay da səni təbrik edir,

Zəfərinə sevinərək,

hünərinə,

    təpərinə

              sevinərək.

Bütün varlıq deyir sənə –

Azadlığın çox mübarək,

                    çox mübarək!

 

                         28.02.2021

 

                Daha qaçqın deyiləm

 

Necə xoşbəxtəm, ay ellər, daha qaçqın deyiləm,

Edirəm min kərə şükr Allaha, qaçqın deyiləm!

 

Sanki, yoxluq kimi keçmiş otuz ildən sonra

Gəlmişəm dünyaya mən bir daha, qaçqın deyiləm.

 

Sadədən sadə həyatımla komamda yaşayıb,

Dönərəm xaqana, şahənşaha, qaçqın deyiləm.

 

Bağrı qan yurdumuzun elləri qurtardı, şükür,

Bir böyük dərddən, əzabdan yaxa, qaçqın deyiləm.

 

Qalmadı yerdə, Ədilli, tökülən qanlarımız,

Tanrı hay verdi o nalə-aha, qaçqın deyiləm.

 

                                                           14.10.2020

 

   Kəndimizə qayıdırıq

 

Kəndimizə qayıdırıq,

Qayıdırıq kəndimizə,

Nə gözəldir, nə əzizdir

                  bu iki söz indi bizə.

Yuxusu gələndə “ana,

                evimizə gedək” deyən

bir körpənin

istəyi var, həsrəti var

                            bu dönüşdə,

Milyonların əsl ömür

              qisməti var bu dönüşdə.

 

Kəndimizə qayıdırıq,

Başımızın üzərində

          şəhidlərin himayəsi,

                             hökmü ilə,

Qəlbimizdə şırım olmuş

                otuz ilin zülmü ilə.

 

Kəndimizə qayıdırıq,

Evimizə,

    elimizə,

           obamıza qayıdırıq,

Uçurulmuş yuvamıza qayıdırıq,

Odu sönmüş, külü qalmış

                        ocağını öpə-öpə,

Sakinindən incik düşmüş,

              daşlarını, torpağını

                                     öpə-öpə.

 

Kəndimizə qayıdırıq,

Bu elə bir vüsaldır ki,

Günəş Aya qovuşacaq,

Torpaq suya,

         od havaya qovuşacaq.

Ölümə də ölüm deyib

Ölüləri dirildəcək,

        torpaq altdan qaldıracaq

                                  bu qayıdış,

Qiyaməti andıracaq

                         bu qayıdış!

 

Kəndimizə qayıdırıq,

Yaşımızdan otuz ili silib gəldik,

Otuz ildə min yol öldük,

                 yenidən dirilib gəldik.

 

Kəndimizə qayıdırıq,

Ömrümüzü qalan yerdən

                                başlamaqçün,

Dar gündə də, xoş gündə də,

Yalnız, yalnız, vətən üçün,

                millət üçün yaşamaqçün!

 

                                       11.08.2021

 

           Mən gəlmişəm

 

Mən gəlmişəm, kəndimdəyəm,

                torpağımda, daşımdayam.

Üstündən illər keçsə də,

                 yenə on beş yaşımdayam.

Öz sevgimlə, sevincimlə

Otuz illik yaşlanmanı

                     yenmişəm mən.

Yerimdən qoparıldığım

          on beş yaşa dönmüşəm mən.

Qəlbimdəki arzularım

Otuz illik yol gözləyən

                 on beş yaşın arzuları.

Qaçqın kimi fəth etdiyim arzuları

                                 qoyub gəldim,

Arzların arzusuna çatdım deyə.

Öz yuvamda arzulara çatmaq bütün

arzuların arzusuydu,

                           çatdım bu gün.

 

“Üzü ağ” zaman hökmünə

Tez yenilmiş qara tüklər

Nələr çəkər, nə düşünər?

Məkana hökm edər zaman,

Məkan da zamana üsyan.

Hansı daha  güclü çıxıb, haqlı çıxıb?

Hansı zalım, hansı mərddir?

Məkan – küskün dostustumuzdur,

Zaman – özü boyda dərddir.

 

Ağ tükləri tanımasa qara torpaq

Çəkib bir-bir qoparacaq,

Ağ gün edib o tükləri

üzərində yaşadığım

             öz ömrümə qaytaracaq.

 

                               09.10.2021