Noyabrın 3 də Moskvada, Rusiya xalqlar dostluğu universitetinin (RXDU) Filologiya fakültəsində Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyatı auditoriyasının açılış mərasimi keçiriləcək. Tədbirin təşkilatçısı Moskva vilayəti azərbaycanlıları milli-mədəni muxtariyyətidir (MVAMMM).
Auditoriyanın məqsəd və təyinatı zəngin irsi olan Azərbaycan milli ədəbiyyatını təbliğ etməkdir. Məlumat lövhələrində Azərbaycan-rus ədəbi əlaqələri və ədəbiyyatımızın dünya mədəniyyətindəki rolu xüsusi vurğulanacaqdır.
Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyatı auditoriyası RXDU-nun Filologiya fakültəsinin dosenti, filologiya elmləri namizədi Anar Həsənovun ideyası əsasında fakültənin dekanı, filologiya elmləri doktoru, professor Viktor Barabaşın dəstəyi və yaxından iştirakı ilə gerçəkləşib. Layihənin məzmun və dizaynını Rusiya Təbii Elmlər Akademiyasının müxbir üzvü, Avrasiya Xalqları Assambleyasının üzvü Nizami Əliyev, dosent Anar Həsənov və MVAMMM- ın sədri Elşən İbrahimovla birgə tərtib ediblər.
Təntənəli mərasimə Azərbaycan və Rusiya dövlətlərinin müvafiq hakimiyyət orqanlarının təmsilçiləri, universitetin elmi-pedaqoji kollektivi, məzunları, dövlətlərarası qeyri-hökumət təşkilatlarının nümayəndələri, diaspor fəalları və KİV mənsubları dəvət edilib.
© 2020 - Created by İLK XEBER.