Hafiz Rüstəm
Xəlil Rza böyük istiqlal şairidir. Hələ tələbəlik illərindən o, ana dilində rus ifadələrini işlədənləri "cərimələyirdi" (tələbəlik dostu akademik Bəkir Nəbiyevin qeydlərindən). X.Rza öz müsahiblərindən dilimizin saflaşmasını, xarici sözlərdən təmizlənməsini tələb edirdi. Məhz repressiv sovet dövründə bu vətənpərvərliyinə görə o, dəfələrlə təzyiqlərə və məhrumiyyətlərə məruz qalmışdı. Bu böyük şair-alimin doktorluq müdafiəsi də əngəllənmişdi. Onun aşağıdakı məşhur şeri azadlıq idealını uca tutan neçə-neçə nəsillərin dillərinin əzbəri idi - poetik azadlıq manifesti idi:
Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram!
Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram!
Azadlığı istəmirəm bir həb kimi, dərman kimi
İstəyirəm
SƏMA kimi,
GÜNƏŞ kimi,
CAHAN kimi!
Çəkil, çəkil, ey qəsbkar,
mən bu əsrin gur səsiyəm!
Gərək deyil sısqa bulaq,
Mən ümmanlar təşnəsiyəm!
Rəhmətlik X.Rzanın "Qardaşlıq çələngi" adlı dünya və sovet xalqları şairlərindən etdiyi tərcümə əsərinin redaktəsində iştirak etmişəm. Həmin əsərə o, "xalqlar həbsxanası"nda milli etiraz dolu, sətiraltı şeirləri də daxil etmişdi, mən bir nəşriyyat redaktoru kimi sovet ideologiyasına zidd olan milli azadlıq ideyalarını tərənnüm edən şeirlərə qəsdən göz yumur, əksinə nəşrini dəstəkləyirdim. Bunu o böyük şair də hiss edib mənə dəfələrlə öz təşəkkürünü bildirmişdi. Bu kitaba hər misrasına görə yüksək qonorar yazılmasına da təşəbbüs etmişdim. Yadımdadır ki, həmin kitab bizim "Maarif" nəşriyyatında kütləvi tirajla çap olunandan sonra Xəlil müəllim məni də indiki “Beşmərtəbə” yaxınlığında olan ikimərtəbəli binanın ikinci mərtəbəsindəki mənzilində təşkil etdiyi ziyafətə də dəvət etmişdi. Masanın üstü həyat yoldaşı Firəngiz xanımın hazırladığı və oğlu Təbrizin (Qarabağ uğrunda şəhid oldu sonralar. Allah rəhmət eləsin!) gətirib düzdüyü hər cür isti və soyuq milli yeməklərlə, içkilərlə aşıb daşırdı. Məclisdə Xalq şairi Qabil İmamverdiyev, musiqi tədqiqatçısı Firidun Şuşinski, APİ-nin müəllimi Firudin Şimşək, Aşıq Sakit və bəndəniz mən iştirak edirdik. Qabil müəllim də, X.Rza da gözəl çıxışlar etdilər. Firudin Şimşək oradaca yazdığı bir şeri aşığın müşayiəti ilə oxuduğuna görə mən də qonaqların hüzurunda bədahətən bir şeir oxumağa cürət etdim. Hər ikimiz alqışlandıq.
Hələ o vaxtlarda X.Rza sovet rejimini açıq tənqid edirdi. 90-cı illərdə meydan hərəkatı dövründə milli mübarizə hərəkatının öncüllərindən birinə çevrildi. Onun səsi Azadlıq meydanından, döyüş cəbhələrindən eşidilirdi. Şairi hətta Lefortova zindanında susdura bilmədilər. Onun "Davam edir 37" əsəri bu gün də öz aktuallığını itirməyən monumental bir əsərdir.
Şairin gənclik illərindən əzbər yadımda qalan bu solmaz, gənclik təravətli misraları ilə sözümü bitirirəm:
Gənclikdə şairlik bir qədər asan,
Nəğmələr qoşarsan xoşbəxtəm deyə -
Bənövşə nəfəsli gözəl bir qıza,
Qız-gəlin nəfəsli tər bənövşəyə.
P. S.: Yeri gəlmişkən qeyd edim ki, şair Yazıçılar Birliyinə üzv qəbul olunmağım üçün mənə aşağıdakı zəmanəti yazmışdir:
ZƏMANƏT
Hafiz Rüstəmin “Yazıçı” nəşriyyatı tərəfindən 1986-cı ildə buraxılmış “Sizdən nə gizlədim?” adlı hələlik yeganə şeirlər toplusu onun haqqında “ŞAİRDİR!” deməyə əsas verir. Bu kitabçada mənsub olduğu Azərbaycan torpağını, xalqını və bəşəriyyəti, azadlıq uğrunda mübarizəni ürəkdən sevən, özünü bu mübarizənin qaynağında görən çağdaş türkazərin zəngin mənəviyyatı, fikir, xəyal çırpınışları əksini tapmışdır. Ata-anaya, doğmalara məhəbbət, xalqın min illər boyu sınaqlardan çıxmış adət və ənənələrinə sədaqət, bu gün böyük fəlakət qarşısında qalan təbiəti və planeti qorumaq əzmi, öz hürriyyəti, milli istiqlalı uğrunda mübarizə aparan xalqlar ilə həmrəylik hissi kitabçadakı poema və şeirlərin başlıca məfkurə yönünü və estetik dəyərini müəyyənləşdirir.
Hafiz Rüstəm həmçinin farscanı gözəl bilir. Bu bilik klassik və çağdaş Şərq ədəbiyyatı və incəsənətini mənimsəməkdə, öz şəxsi sərvətinə çevirməkdə ona böyük yardım edir. Diqqət yetirin, Şərqin böyük filosof şairi Hafiz Şirazinin dünya şöhrətli məşhur bir qəzəlini əruz üstündə necə gözəl tərcümə etmişdir:
O Şiraz türkü alsaydı ələ hərgah şirin canı,
Verərdim hindu xalına Səmərqəndlə Buxaranı.
Gətir, saqi, meyi-baqi ki, cənnətdə tapammazsan
Nə Rüknabad kənarını, nə seyrəngah Müsəllanı.
Bizim bu natamam eşqə məgər möhtac qalıbmı yar?
Gözəl üz istəməz, billah, nə bir ənnik, nə kirşanı.
Mən o Yusif gözəllikli qənirsiz hüsndən bildim
Ki,ismət pərdəsindən eşq çıxarmışdır Züleyxanı.
Əgər söysən, ya da nifrin sovursan, mən dua qıllam,
Acı sözlər bəzər yalnız şirin ləbli o cananı.
Eşit, ey gül, nəsihət ki, canından da sevər artıq
Cavanlar min öyüd kanı – qoca, müdrik bir insanı.
Hədis de, mütrübü dinlə, cahanin sirrini az gəz,
Məgər hikmətlə açmışmı bir aqil bu müəmmanı?
Qəzəl qoşmaqla dürr tökdün, oxu, Hafiz, bu məclisdə
Sənin nəzminlə qoşsun qoy fələk üqdi-sürəyyanı.
Hafiz Rüstəm mərd, təvazökar, parlaq bir şəxsiyyətdir. Bəşəri tərəqqiyə meyil və Azərbaycan yurdsevərliyi onun qanındadır. O, Azərbaycanın milli azadlıq hərəkatına ləkə yaxanlara, boşqab dibi yalayanlara, hər cür simasızlara, fərarilərə qarşıdır.
Xalqa məhəbbət, eybəcərliyə nifrət onun uçuş qanadlarıdır. Belə bir vətəndaşın, qələm sahibinin SSRİ Yazarlar Birliyinə üzv olmasını gərəkli sayıram.
Xəlil RZA
1954-cü ildən SSRİ Yazıçılar İttifaqının üzvü,
Əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru
Bakı, 2 mart 1989
© 2020 - Created by İLK XEBER.