Könüllər mehmanı – Seyyid Süleyman 60

Gözəllik sənəti deyərkən ilk ağıla gələn rəssamlıq, heykəltəraşlıq gəlir.

Göz gördüyündən zövq alır. Ağıl isə duyduğunu qəlb süzgəcindən keçirərək, nəyin yaxşı,nəyin pis olduğunu təhlil edir...

Ağılla idrak ediləni ağıla ötürən qulaqdır. Qulağın qəbul etdiyi səs frekansı içərisində Söz Ilahi qüvvənin insana bəxş etdiyi idrak vasitəsidir.

Nə rəngi var, nə iyi var, nə də çəkisi...

Sözün, ancaq mənası var, anlamı var. Sözü yaradan isə düşüncədir.

İnsan düşünə bilməsə söz də yaranmaz.

İnsan düşünərək idraki fəaliyyətini işə salır və İlahinin verdiyi mənəvi qüvvə ilə ünsiyyət qurur. Hər bir insanın sevgisi də nifrəti də, arzuları da sözlə izhar olunur. Sözün ən ali çəkisi Söz sənəti vasitəsi ilə qiymətli bir mərtəbəyə qalxır.

Sözün ən ali mərtəbəsi isə poeziyadır. Poeziyanın görsəlliyi onun təsir qüvvəsində, həyati yönü ilə zamana yoldaşlıq etməsindədir.

Seyyid Süleyman Sənət aləminə gələndə heç də təəccüblü olmadı.

Bəzən tale yolundan küsənlər olur.

Bəzən taleyə dönük olanlar olur.

Bəzən tale oyununa qurban gedənlər olur, Mikayıl Müşfiq kimi.

Bəzən taleyin ümidinə qalanlar olur.

Bəzən taleyindən doyanlar olur,Yeseni kimi, intihara əl atır.

Bəzən taleyilə qucaqlaşıb taclananlar olur, Məliküş şüara Bahar kimi.

Bəzən taleyinin zirvəsində orden və medallar səslənəndə olur...

Olur taleyini sevənlər!

Olur taleyi ilə qazananlar.

Olur taleyi ilə öyünənlər.

Olur taleyi ilə şahlananlar.

Hər nə olur olsun, insanı Şair edən onun sözüdür. Sözünün idarəedici taleyini də yazan şairin özüdür.

Özün olmaq lazımdır.

Özü olanın Sözü də gözəl olur.

Özü olanın Sözü də dəyərli olur.

Sözləri ilə tanınır Şairlər.

Özləri özlərini təsdiq edir Şairlər.

Sözləri ilə özlərinə tarix yazır Şairlər.

Seyyid Süleyman ədəbi imzası ilə sənət aləminə gəlməsi, onun bir Müəllimin zəfəri idi.

Bir əlində qələm sinif jurnalını yazdı.

Bir əli ilə könlünün nəğməsini yazdı, gizlin-guzlin.

İlk sözü ilə kim olduğunu göstərdi Seyyid Süleyman.

Hər bir Sənət adamının kimliyi onun yaratdığı əsərdir.

Elə əsər yaz ki, onun realizmi insan qəlbi olsun.

Elə əsər yaz ki, insan ruhu ilə o əsərə könül açsın.

Elə əsər yaz ki, orada insan öz sevincini, öz kədərini tapsın.

Elə əsər yaz ki, insan orada öz eybini görsün.

Elə əsər yaz ki, insan orada öz ideallarını görsün.

Elə əsər yaz ki, düşmənin bağrını dəlsin.

Elə əsər yaz ki, o Vətən olsun.

Seyyid Süleyman ilk sənətə gəldiyi gündən, öz koloritli, ictimai şüura təsir edən əsərləri ilə populyarlıq qazandı.

Seyyid Süleyman ilk sənətə gəldiyi gündən, yazdığı şeirlərlə oxucu qəlbinə dost oldu.

Seyyid Süleyman ilk sənətə gəldiyi gündən sözə Mehman oldu...

 

Boğur qəhər məni, sıxır dərd məni,

Ağrı, acılarım gözümdən gəlir.

Təsəlli verməyə biri tapılmır,

Ruhumun naləsi sözümdən gəlir.

 

Söz sənəti, sənətlər içərisində ən məsuliyyətli sənətdir. Atalarımızın belə sözü var:

"Söz var insanı taxta mindirər, söz var İnsanı taxtdan endirər".

Sözün ən böyük taxtı qəlb evidir.

Qəlb evindən süzülüb gedir, düşüncəni ağıla çatdıran söz.

Seyyid Süleyman yaradıcılığında oxucu düşüncəsini sehirləməsinin sirri sözünün etimolojisində deyil, sözünün qəlb evini süsləməsindədir.

 

Qaranlıq dünyanın səhifələrində,

Doğru axtarırdım, hey yalan gördüm.

Əyrini, haramdan, yeyib piyləşən,

Düzü, düz yollarda,ac qalan gördüm…

 

Seyyid Süleymanın lirikasında, əxlaqi-mənəvi dəyərlərimizə, Vətənin dərdinə, həyati-mənəvi idealların bütün prinsipləri zaman-zaman təhlil olunur. Şairin poeziyasının həyat hədəfində ictimai həyatımızın həyat fəlsəfəsi, öz didaktik, həyati psixoloji həllini tapır:

 

Fironlar önündə əyilməz, sınmaz,

Ehtiyac insanı sındırar, oğul.

Buzdan paltar geydir, vecinə gəlməz,

Adi, soyuq baxış donduran, oğul!

İstedad, bacarıq Allahdan gələr,

Olub-olacaqlar, sabahdan gələr,

Ölümün əzabı, günahdan gələr,

Qaynağı dar məzar,andıran ,oğul.!

Yadından çıxartma heç vaxt Allahı,

Bu günü düşünmə, düşün sabahı,

Tökdükləri üstünə, naləni-ahı,

Cəhənnəm atəşi yandırar, oğul!

 

Seyyid Süleyman iki şerlər kitabının müəllifidir. Şair yaradıcılığının kamillik zirvəsindədir. Şairin poeziyası xalqın ruhuna yaxınlığı, ahəngdarlığı, lakonikliyi, didaktizmi ilə oxucuların ruhunu oxşayır.

Seyyid Süleyman mövzu seçimində də olduqca maraqlı həyat səhnələrini oxucu zövqünə uyğun olaraq proyeksiya edir və mütəvazi duyğuların absorbsiya olunmasına imkan verir. Onun ictimai koloritli şerlərində də xalqın düşüncə və istəkləri öz əksini tapır.

Seyyid Süleyman çağdaş şerimizin incilərini yaradan şairlərdəndir. O şairin şeiri insan qəlbindəki duyğulara təsir edirsə o şair xoşbəxtdir. O şairin əsərləri dillərdə əzbər çevrilirsə o şair könüllərin mehmanıdır. O şairin şeri sevilirsə, oxunursa o şair sənət aynasında xatırlanır.

Seyyid Süleyman Sənət aləminə gələndə də, indi də, gələcəkdə də öz yerini qorumaqdadır...

Və oxunan poeziyadır şairin poeziyası.

Şair ömrünün sənət yaşamını öz əsərləri ilə qazanmışdır.

Gözəl dostdur, Seyyid Süleyman!

Ulu Şəhriyarın poeziya irsinin davamçısına, poeziya

sənətində daha böyük əsərlər yaradacağına inanıram.

Və Şairə uğurlar arzulayıram!

 

Nəsib Abid,

müəllim-filoloq