Dağlar diyarının söz adamları və ya Vətən həsrətli şeirlər…

Söz adamları haqqında söz deyəndə mən özümü narahat hiss edirəm. Narahatçılığımın səbəbi sözümün təsir gücünün söz müstəvisində zəif olacağı qorxusudur...

Nə isə...

Dağlar diyarının ən çılğın söz adamlarından biri Taleh Əsədov Kəlbəcərlidir...

Çağdaş poeziyamızın sosial media dünyasında, ədəbi xəritəmizin genişləndiyi bir zamanda şeirə, sənətə meyilli onlarla, yüzlərlə söz adamlarının yeri var, adı var... Böyük şair Şücaətlə yola çıxan Kəlbəcər ədəbi mühitinin yaradan insanları həm söz aləmində, həm çalışdıqları iş məcrasında gözəl mövqe qazanıblar.

Dostluğumda olan Kəlbəcər şairlərindən Məhəbbət Kəlbəcərli Islam Əzimov, Fərrux Həsənov, Rəsul Murovdağlı, Eltun Türkel, Pərvanə Dəlidağlı, Bəhmən Dəlidağlı və onlarla başqalarının adını çəkə bilərəm.

Bu söz adamları şer, sənət yolunda Vətən şeirimizin ən gözəl örnəklərini yaradıblar.

Bu şairlər Birinci Qarabağ savaşında doğma yurdlarından, el-obalarından didərgin düşən şairlərdir. Onlar yaşadıqları yurd yerlərini nə qədər doğma bilsələr də, öz doğma ocaqlarını bir an belə unutmamışlar.

Bu şairlərin yaradıcılıqları Vətən həsrəti ilə bir yerdə birləşir.

İkinci Qarabağ savaşından sonra isə bu şairlərin yaradıcılığı öz kamillik zirvəsinə doğru irəlilələməkdədir.

Taleh Cəfəroğlu imzası ilə şeirlərini oxuduğum şair bir ilham çeşməsidir. Şairin ilham qaynağı, həyat,Vətən, yurd, insan qəlbinin cildləri, sevgi, məhəbbət və insanlığın özüdür.

Mən ədəbiyyatçı kimi şairlərin yaradıcılığını izləyəndə görürəm ki, hər kəs öz yaradıcı potensialına görə sənətə töhfə verməyə çalışır.

 

Ölürəm mən gözəlim, sən ölü şair de mənə,

Həsrət dəli eyləyib, dur, dəli şair de mənə.

 

Bu misraların işığında Taleh Cəfəroğlunun şerlərini oxuyarkən oxucu şairin könül dünyasının zənginliyinə bələd olur.

Xülasə, belə şairlərlə yola çıxanda, oxucu öz zövqünə uyğun həyati idealların, mənəviyyatın da yolçusu olur.

Taleh bəyin kitabı var, ya yox onu bilmirəm.

Bildiyim odur ki, Vətən şeirimizi göylərə qaldıran gənc şairlərdən biridir, əziz dostum. Şairin şeirlərinin əbədiyyətə qədər davamlı oxunacağına əminliyim var.

Şair qardaşıma şer, sənət yolunda uğurlar arzulayıram. İxtisasca coğrafiyaçı olan şair qardaşıma şeir çoğrafiyasında uğurlar diləyirəm. Xalqın sevgisini qazanan söz adamları xoşbəxt sənətkarlardır.

 

Hörmətlə:

Nəsib Abid, müəllim-filoloq

Yardımlı-Abidinli.