Ötən həftə Türkiyədə azərbaycanlı mütəfəkkir, ictimai-siyasi xadim Əli bəy Hüseynzadənin 1906-cı ildə yazdığı kitabın imzalı nüsxəsini əldə etdim. “Əbdi-qılaf və məhfəzə” adlı bu əsər Bakıda nəşr olunub. Kitabın kimə imzalanmasına keçməzdən öncə Əli bəyin həyat və fəaliyyətinə qısa nəzər salaq.
Əli bəy Hüseynzadə 1864-cü il martın 8-də Salyanda doğulub. Anası Xədicə xanım Qafqaz şeyxülislamı Şeyx Əhmədin qızı, atası Hüseyn Hüseynzadə Kruzma bəylərindən Kazım bəy Hüseynzadənin dörd oğlundan kiçiyi idi.
Həyat yoldaşını çox tez itirən Hüseyn Hüseynzadə oğlanlarını (Əli bəylə onun azyaşlı qardaşı İsmayılı) götürüb Tiflisə köçüb, burada Qafqaz Ruhani İdarəsinin nəzdində olan molla məktəbində riyaziyyat müəllimi kimi fəaliyyətə başlayıb. Kiçik Əli ilk təhsilini həmin məktəbdə alıb (1872). Babası Şeyx Əhməd Səlyani Qafqaz valisinin icazəsi ilə onu Tiflisdə rus gimnaziyasına qoyub. Burada oxuduğu 10 il müddətində (1875-1885) rus, latın, yunan, ərəb və fars dillərini öyrənib, Qərb ədəbiyyatı, fəlsəfəsi ilə tanış olub.
Babası təhsilini davam etdirməsi üçün Əli bəyi 1885-ci ildə Peterburqa göndərib. Burada fizika-riyaziyyat fakültəsinə daxil olub. Təhsil aldığı müddətdə imperiyada başlanan azadlıq hərəkatına və bunun bir parçası olan tələbə etirazlarına qoşulub. Çar istibdadından doğan milli oyanış hisslərinə yiyələnməsi, həmçinin, rus türkoloqlarından (Radlov və b.) dinlədiyi mühazirələr, Qərb mütəfəkkirlərindən mütaliələri onun bu mühitdə türkçü kimi yetişməsinə səbəb olub.
Əli bəy Peterburqda təhsilini tamamladıqdan sonra 1889-cu ildə Osmanlıya yollanıb. 1890-cı ildə İstanbulda hərbi-tibb məktəbinə daxil olub. 1892-ci ildən etibarən “Turan” imzası ilə əsərlər yazmağa başlayıb. 1895-ci ildə hərbi-tibb məktəbini həkim yüzbaşı rütbəsi ilə bitirib, Haydarpaşa hərbi xəstəxanasının dəri-zöhrəvi xəstəlikləri kafedrasına assistent təyin olunub. 1897-ci ildə Türkiyə-Yunanıstan müharibəsi dövründə “Hilali Əhmər” heyətinin tərkibində yaralılara kömək məqsədilə Osmanlı qoşunu ilə Tesaliyanın müxtəlif müharibə meydanlarında olub. İstanbula qayıdan Əli bəy 1900-cü ildə İstanbul Universitetinin “Dəri-zöhrəvi xəstəliklər” kafedrasına professor köməkçisi təyin olunub.
Türkiyədə yaşadığı müddətdə Əli bəy tibblə bağlı elmi əsərlər üzərində çalışıb. Lakin hökumətin nəzarətində olduğu üçün 1903-cü ildə vətəninə dönməli olub.
Əli bəy Əhməd bəy Ağaoğlu ilə 1905-ci il iyunun 7-də “Həyat” qəzetinin redaktoru vəzifəsini icra etməyə başlayıb. H.Z.Tağıyevin sahibi olduğu qəzetin naşiri Əlimərdan bəy Topçubaşov olub. Qəzet 325-ci sayında, 1906-cı il sentyabrın 4-də bağlanıb. Bu qəzetdə onun “Türklər kimlərdir və kimlərdən ibarətdir” adlı məqaləsi dərc olunub.
Əli bəyin Azərbaycan mətbuatında gördüyü önəmli işlərdən digəri yenə Tağıyevin sponsorluğu ilə çıxan “Füyuzat” dərgisinin nəşri idi. “Füyuzat”ın fəaliyyətini dayandırmasından sonra Əli bəy bir müddət “Kaspi” qəzetinin baş redaktoru olub, yazıları “İrşad”, “Tərəqqi”, “Həqiqət” qəzetlərində yayımlanıb.
1910-cu ildə o, yenidən İstanbula yollanıb. 1915-ci ildə İstanbulda qurulan “Rusiya müsəlman türk-tatar xalqlarının haqqını qoruma komitəsi”ndə təmsil olunub. 1918-ci ilin iyulun 24-də Əli bəy Hüseynzadənin “Hilali-Əhmər” qəzetində “Azərbaycanda düşündüklərim” adlı məqaləsi yayımlanıb.
1926-cı ildə Bakıda keçirilən I Türkoloji qurultaya Türkiyədən dəvət olunanlar içərisində o da var idi. Fəxri rəyasət heyətində Avropanın tanınmış alimləri (Tomsen, Marr) ilə yanaşı əyləşən Əli bəy qurultayın yekun iclasında çıxış edib. “Qərbin iki dastanında türk” məqaləsini çap etdirib.
Əli bəy Hüseynzadə 1926-cı ilin 25 martında, cümə günü Bakını tərk edib. Odessaya gedib və saat 04:40-da gəmi ilə İstanbula yola düşüb. O, bir daha Bakını görməyəcəkdi.
Əli bəy 1934-cü ildə Turan soyadını rəsmiləşdirib.
1936-cı ildə Üçüncü Türk Dil Qurultayında, 1940-cı ildə isə Dəri və Zöhrəvi Xəstəlikləri Cəmiyyətinin təsis yığıncağında iştirak edib. Onun mətbuatda dərc olunmuş son yazısı “Afət qarşısında şair, alim və gənclik” şeiri olub. Ərzincanda baş vermiş zəlzələyə və “Qızılay”a ithaf edilən şeir 1940-cı il yanvarın 15-də “Tan” qəzetində dərc olunub.
Ömrünün sonlarında Əli bəy Hüseynzadə İstanbulda Üsküdarın Ehsaniyyə məhəlləsində yaşayıb. 1940-cı il mart ayının 17-də bazar günü buradakı evində vəfat edib.
Mahrukizadə Cəfər bəy kimdir?
Əli bəyin yazdığı "Əbdi-qılaf və məhfəzə” adlı kitabı İstanbul həyatından bəhs edir. Kitabın üzərində də qeyd olunduğu kimi məşhur rus yazıçısı Çexovun bir əsərinə nəzirədir. Bu əsər “Həyat” qəzetində hissə-hissə nəşr olunub. Kitabın qapağındakı yazıdan “Həyat” kitabxanasının birinci kitabı olduğu bilinir. Kitabın müəllifi olaraq bu qeyd verilib: “Sabiq tibb müəllimlərindən doktor Əli Hüseyn”.
Kitabdakı ithaf bu şəkildədir: “Mühibb-i mağzpərvərim Mahrukizadə Cəfər bəy həzrətlərinə yadigar olmaq üzərə təqdim olundu. 10 Nisan 1327”.
Miladi təqvimlə imza tarixi 1911-1912-ci illər edir.
Kitabın hədiyyə edildiyi Mahrukizadə Əşrəf Cəfər bəy məşhur nəsildəndi, bu gün də bu ailəyə mənsub şəxslər Türkiyə ictimaiyyətində tanınır.
Cəfər bəy 1858-ci ildə İstanbulda Mahrukizadə Mehmed Əli bəylə Xədicə xanımın ailəsində doğulub. Babası dənizçi Mahruki Əli paşadır.
O, Qalatasaray və Mülkiyyə məktəbini bitirib. Ardınca Sorbon Universitetində təhsil alıb. Xariciyyə nəzarətinə məmur kimi daxil olub. İlk vəzifəsi Qaradağda Çetine səfirliyində katiblik idi. İstanbula qayıtdıqdan sonra Babiali İstişarə Odasında müavin və baş müavin kimi çalışıb. Bu dövrdə eyni zamanda qəzetçilik və müəllimlik fəaliyyəti ilə də məşğul olub. 1908-ci ildə Tiflis, bir il sonra Bombey səfirliyinə göndərilib. I Dünya müharibəsi illərində İstanbulda yaşayıb, daha sonra Qafqaza göndərilib. 1921-ci ildə İstanbulda vəfat edib.
Cəfər bəy fransız, ingilis, ərəb, urdu, fars dillərini bilib. Kolleksiyaçılıqla da məşğul olub, xüsusilə də, sikkələr toplayıb.
Əli bəyin əsərini imzalayıb hədiyyə etdiyi Cəfər Mahrukizadə ilə yaxın dost olması arxivindən çıxan digər bəlgələrdən də aydın olur. Cəfər bəy 1912-ci ildə Bombey səfirliyindən Əli bəyə 4 məktub göndərib.
Hüseynzadənin bir çox Osmanlı dövlət adamları ilə münasibəti olduğu bəllidir. Mahrukizadə ailəsi ilə dostluğu da bu qəbildəndir və geniş tədqiqat tələb edir.
© 2020 - Created by İLK XEBER.