BÖYÜK ŞÖHRƏTLƏRƏ YETMƏSƏM DƏ MƏN

Böyük şöhrətlərə yetməsəm də mən,

Kiçicik də olsa, şan-şöhrətim var.

Məni tanıyanlar, dostlar içində

Hörmətim, izzətim, ləyaqətim var.

             *****

Nə çoxmuş tamahkar, nə çoxmuş harın!

Mayası tutulub nədən bunların?

Dildə sədaqətdən dəm vuranların

Ürəkləri deyir: xəyanətim var.

            *****

Cılız xislətlərə, rəzalətlərə,

Alçaq niyyətlərə, qəbahətlərə.

Şeytanı mat qoyan bu xilqətlərə

Dərin nifrətim var, min lənətim var!

              *****

Sanki ömrün barı, bəhəri yoxmuş,

Quru cismi varmış, cövhəri yoxmuş.

Sözün bir tük qədər dəyəri yoxmuş,

Zay olmuş əməyim, puç zəhmətim var.

           *****

Nə çoxmuş qaranlıq, nə azmış işıq!

Guya qaranlıqla tarazmış işıq.

Tale alnımıza az yazmış işıq,

Ondan gileyim var, şikayətim var.

               *****

Hafiz, qəlbim açıq, əməlimsə düz,

Erkən qarşılaram sübhü gülərüz.

Bir olan Allaha gecəbəgündüz,

Müti bir bəndətək ibadətim var.

 

12 sentyabr 1996

Bir bir veya daha fazla kişi çizimi olabilir

Bir 1 kişi, gözlük, açık hava ve ağaç görseli olabilir