Sözsüz ki, Azərbaycan ədəbiyyatı tarixində onun müstəsna yeri var və bu, bütün zamanlarda öz toxunulmazlığın qoruyub saxlayacaq. Bütünlükdə həyat və yaradıcılığını xalqımızın maariflənməsi, milli məfkurədə formalaşması və tərəqqisi işinə həsr edən və dönməz mübariz kimi özündən sonra gələn böyük bir ədəbiyyatçılar, maarifçilər nəslinin yetişməsinə, yeni və parlaq dövrün başlanmasına rəvac verən imza kimi Mirzə Cəlil bizim bədii düşüncəmizdə öz uca məqamındadır.
Bu mənada onun daim müasir, daim maarifçi və daim xəlqi olan yaradıcılıq nümunələri, məhsuldar, fədakar, misilsiz xidmətləri arasında sözsüz ki, yaradıcısı olduğu “Molla Nəsrəddin” jurnalının ayrıca yeri var.
Bu gün 7 aprel 1906-cı ildə ilk nömrəsi ilə, “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım” tarixli xitabı ilə oxucu görüşünə gələn Şərqin ilk karikaturalı satirik jurnalı “Molla Nəsrəddin”in yaranmasından 116 il keçir. Elə bu münasibətlə ədibin Bakıdakı mənzil muzeyində "Molla Nəsirəddin - 116" adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə muzeyin böyük elmi işçisi, direktor vəzifəsini icra edən Yeganə Məmmədova açdı.
Böyük ədibin irsinin istər tədqiqatçılar, istərsə də sadə oxucular tərəfindən daim maraqla öyrənildiyin və bu mənada müxtəlif mövzulu elmi görüşlərin, sərgi və müzakirələrin daim belə maraqla müşayiət olunduğun dedi.
Muzeydə çalışdığı ötən 35 il ərzində Mirzə Cəlilə olan sevgini, diqqəti, ehtiramı, dövlətimizin diqqət və qayğısını da daim hiss etdiklərin bildirdi. C. Məmmədquluzadənin işıqlı yolunun, millət mübarizəsinin, maarifçilik ideallarının bütün zamanlarda və münasibətlərdə ön planda olacağını da dedi. Bunu ədibin daim aktual olan ağrılı, xəlqi məsələlərə böyük bir yanğı, təəssübkeşliklə yanaşması ilə əlaqələndirdi.
Azərbaycan milli mətbuatının ilk satirik orqanı olan "Molla Nəsrəddin" jurnalı çoxəsrlik Azərbaycan ədəbiyyatının yeni mərhələsini formalaşdıran, ədəbi-ictimai fikri, milli düşüncə tərzini, ümumbəşəri dəyərləri böyük hadisəyə çevirən və yüksək müstəviyə qaldıraraq xalqa çatdıran monumental söz abidəsi olduğunu da əlavə etdi.
Sonra söz Mirzə Cəlil irsinin ən yaxşı tədqiqatçısı hesab olunan Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor İsa Həbibbəyliyə verildi.
Mirzə Cəlil ocağının onun üçün çox doğma olduğunu deyən alim böyük ədibimizlə bağlı bütün tədbirlərdə sevə-sevə iştirak etdiyini və yeni nəsillərə ədəbiyyatımızın, publisistikamızın, dramaturgiyamızın nəhəngi barədə məlumatlar verməyə çalışdığını bildirdi.
Sonra satirik mətbuatımızın zirvəsini fəth edən "Molla Nəsrəddin" jurnalı mühitin və zamanın ictimai-fəlsəfi mahiyyətini açmaqla, professional şəkildə satirik publisistika, nəsr, satirik poeziya və karikaturanı inkişaf etdirməklə Azərbaycan ədəbiyyatı tarixində yeni realist ədəbi məktəbin - mollanəsrəddinçilik təliminin əsasını qoyduğunu dedi. Ədəbi məktəb səviyyəsinə yüksələn "Molla Nəsrəddin" jurnalının Azərbaycan milli mətbuatına, ədəbiyyat tarixinə və mədəniyyətinə töhfələr verdiyini, hətta Şərq və Qərb qovşağında sivilizasiyanın təkamülünə, təşəkkülünə və formalaşmasına güclü təsir göstərdiyini əlavə etdi.
Mirzə Cəlil mühiti və müasirləri barəsində də tədbir iştirakçılarına məlumat verən çıxışçı qonaqlar üçün yeni hesab olunacaq maraqlı faktlardan da söz açdı.
İlk satirik jurnalımız olan “Molla Nəsrəddin” jurnalı, onun ideyaları, mətbuat və ədəbiyyat tariximizdəki yeri barəsində detallarla söz açdı, onun ölkəmizdə və eləcə də ümumən yaxın coğrafiyada böyük ənənənin əsası, zəmini olduğunu bildirdi.
Məhz bu jurnal qədər geniş yayılan, sevilən və iz qoyan ikinci bir mətbu orqanın olmadığın da əlavə etdi. Onun tənqidi realizmimizin banisi kimi də tarixdə qaldığını vurğuladı, M. Cəlilin xalqımızın müstəqilliyi uğrunda sonadək açıq, qəti və dönməz mübarizə apardığını və bu mənada daim sevgi ilə yada salınacağını da bildirdi.
Ədibin irsinə ümummilli lider Heydər Əliyevin, ölkə başçısı İlham Əliyevin daim diqqət ilə yanaşdıqlarını, onun bütün yubileylərinin dövlət səviyyəsində daim böyük təntənə ilə qeyd olunduğun bildirdi.
Tədbirin bədii hissəsində Yasamal rayonu 150 saylı tam orta məktəbin şagirdlərinin ifasında (Əməkdar müəllim, Azərbaycan dili və ədəbiyyatı müəllimi Məlahət Babakişiyevanın rəhbərliyi ilə) "Molla Nəsirəddin" jurnalında çap olunan felyetonlardan səhnəciklər göstərildi.
Onu da qeyd edək ki, tədbirdə həmçinin Bakıdakı bir sıra mənzil muzeylərinin rəhbərləri və əməkdaşları, eləcə də ədibin irsinin araşdırmaçıları, ədəbiyyatşünaslar və sənətşünaslar da iştirak edirdilər.
ilkxeber.org
© 2020 - Created by İLK XEBER.