Azərbaycan Ədəbiyyatının "QAZ-52" nasiri, "ZİL-130" şairi, mənim "Pobeda" dostum Pərviz Cəbrayıla...

Aydın Canıyev

Rəhmətlik Rafiq Tağı... Onu Folknerləmi, ya Kafkayla müqayisə eləmişdi!

Amma mən Onu tanıyandan yazıçı statusunda "Dostoyevski" kimi tanımışam, obraz olaraq da "Entoni Hopkins"! Çünki Pərvizdə Azərbaycan (ictimai-siyasi, ədəbi-bədii) həyatının bütün ağrı-acıları mükəmməl şəkildə bütün altyapı çalarlarında var: "ədəbi-bədii fikrin faydalı qazıntı üzrə mütəxəssis"idir millətə: oxucunun timsalında lazım olanı xammal şəklində, külçə kimi təqdim edir. Cilalamaq, yöntəmə salmaq OXUCUNUN ÖZ ÖHDƏSİNDƏDİR! Bu baxımdan ona "vampir" deyirəm: nə enerji sərf edibsə, nə güc qoyubsa, abzas-abzas da yox e, cümləbəcümlə səndən sorur-çıxarır - eynən Entoni Hopkins rollarında və çəkdiyi filmlərdəkisayaq!

Pərviz həyatda isə... redaktor olaraq isti sözə, doğma hənirə həssas və xeyirxah İMZAdır! Sözün müstəqim mənasında, MESENAT-ZİYALIdır - tam sidr-ürəklə özünün olanı istənilən müəllifə hədiyyə edir!

Mən bəzən YAZILARIMDA-ŞƏRHLƏRİMDƏ-SÖHBƏTLƏRİMDƏ Onunla çox sərt rəftar edirəm, bəzən Onu çox pis küsdürürəm, elə olur hətta ağlatmaq və mənə qarğış etdirmək dərəcəsinə çatdırıram, BİLƏ-BİLƏ Kİ... AZƏRBAYCANDA ÜÇ ADAM VAR HAQQINDA danışanda-yazanda gərək elə danışa-yazasan ki, xətirlərinə dəyməyəsən! Övliya misalı, yəni: bədəlini ödəyəcəksən! birincisi Əbülfəz Elçibəydir, ikincisi Masallıdakı Seyid Sadıq idi, üçüncüsü Pərviz Cəbrayıl (məndən demək idi, dedim, hərə payını götürsün!). Keçək Pərvizlə tanışlığa-dostluğa-oxuculuğa!

Pərviz Cəbrayıl ədəbiyyat üzrə Nobel mükafatı ala biləcək imzadır - ta 20 il əvvəldən demişəm-yazmışam. Üstəlik də əlavə etmişəm ki, sən yazıçı kimi almasan, mən jurnalist kimi gətirəcəm Nobeli!

(Lütfən, təkəbbürə və yekəxanalığa yozmayın: Svetlana Alekseiçdən və Dmitri Muratovdan sonra jurnalist olaraq, daha çox iddialıyam!).

Nobel mükafatının müzakirəsi qalsın sonraya, indi Pərviz haqqında onu deyim ki, Pərviz bu dəqiqə nəsrimizin "QAZ-52"-dir!

Qürurlu Azərbaycan Ziyalısı, yəni! 52 yaşında! Gələn il 53 olacaq: "QAZ-53" "QAZ-69" OLMAĞINI GÖRƏCƏM, YA GÖRMƏYƏCƏM, BİLMİRƏM, AMMA nəsrimizin və bütövlükdə ədəbiyyatımızın POBEDAsı və "pobeda"sı olacağına əminəm! - Pərviz çooox astagəl yazıçıdır, ölə-ölə "doğur": on ildə bir dəfə!

Bu abzasa söz oyunu kimi baxmayın, lütfən: baxın Pərviz Cəbrayılın yaradıcılığına və YAZIÇI olaraq ictimai-siyasi mövqeyinə, ziyalı performansına! axar.az, ya da publika.az da işləyən vaxtları idi, adını hökümət verən ev siyahısına salmaq istəyirdilər, imtina etdi... atasından qalma bir evi vardı deyə! Ədəbiyyat, jurnalistika adından danışanlar məşuqələrinə də ev verdirdilər onda!

Bir var adamın şansı olmaya deyə ki, mən imtina edərdim, bir də var adama real təklif edirlər, adam imtina edir! Gözünüzün qabağında olanlara baxın: Qan Turalı evə görə küsdü kulis.az-dan, getdi! Şərif Ağ kulis.az-da medalını aldı - adlarını məndən inciməyəcəklərinə görə çəkirəm, inciyənlərin adlarını çəkmirəm!

Və... bir dəfə Pərvizlə mənim ümumi dostlarımdan biri soruşdu ki, sən Pərvizə bu ikili münasibətini necə izah edərsən?

İllər öncə dosta dediyim cavabı yazıram:

- Adam elə eyni hərəkət var məşuqəsinə bağışlayır, amma arvadına yox. Adicə dekolte geyinməyi götür. Məşuqən geyinəndə açıq çiynindən öpürsən, arvadın geyinəndə elə bilirsən bütün kişilər arvadının açıq çiynindən öpdülər! Pərviz Cəbrayıla sərt münasibət ondan yanadır ki, o, indiki zamanda yeganə real imzadır - ləyaqət, nüfuz və istedad baxımından! Ayrılarının asanlıqla etdiyi hər hansı hərəkət ona haramdır! O artıq nə özünün, nə ailəsinin, nə bölgəsinin, nə də ortamın imzası deyil, bütün və bütöv Azərbaycanın imzasıdır! Onu ləkələyə, gözdən sala biləcək, ittihama düçar edəcək heç bir sözü, cümləsi, addımı, yanlışı olmamalıdır! VAXTINDA demək lazımdır ki, özü sağ ikən, məntiqlə hətta dostları tərəfindən ona qarşı səslənən ittihamları sıfırlasın, sabahkı günə "quyruğundan vedrə" asılmasın!

Qoy hamı Pərviz Cəbrayıl haqqında xoş sözü desin, amma təkcə mən... kütlə qarşısında çıxışı zamanı çiyinlərini atmaqdan xilas üçün dəniz ləpələrinin gurultusu altında çiyinlərindən qılınc asan Siseronsayağı "çiyinlərinin qılıncı" olum!

ÇÜNKİ... mənim başımı çiyinlərinə qoyacağım ədəbiyyatın şah əsərinə ehtiyacım var! O əsər Pərviz Cəbrayıldan da gələ biləcək, - ümidindəyəm! Bunu o haqq edir: Qürurlu Azəərbaycan Ziyalısı kimi - 51-indən, 52-dən, 53-dən... 69-can! Paralel olaraq da yüksəlir: Ziyalı İmzaların Liderliyinə! 130-nunmu lideri olacaq, 137-ninmi... amma hər halda olacaq! Hamı ona "POBEDA" və "pobeda" kimi baxanda... Pərvizi yazılarımda öydüyüm-söydüyüm cümlələr-fikirlər rəqs edəcək, sevinəcək, toy-bayram edəcək!

ZƏRURİ SÖZARDI: Azərbaycanda ədəbi mühit yoxdur deyənlərə cavabdır həm də bu status-yazı! Çünki mən haçan Ramiz Qusarçaylı, Zahid Sarıtorpaq, Ayaz Arabaçı, Mübariz Məsimoğlu, İlqar Rəsul, Salam Sarvan, Pərviz Cəbrayıl, Şəmşad Ağa ilə söhbət edirəmsə (nədən və nə danışmağımızdan asılı olmayaraq!) mütləq gözəl bir yazı dünyaya göz açır! Bu adamlarla söhbət YAZI GENERATORUNU hərəkətə gətirir! Var çayxana söhbətləri üçün ədəbi imzalar, var bazlıq üçün ədəbi imzalar ("ədəbiyyata (eləcə də jurnalistikaya) imza kimi gəlib qadın, qadın kimi gəlib imza olanlar" fəsiləsinə aiddir), var düşmən gözü çıxartmaq üçün dost imzalar, var təyyarə kimi uzaqdan cazibədar, "minəndə" (oxunanda) sehri itən miskin imzalar"... fəqət adlarını sadaladıqlarım ƏDƏBİ SÖZƏ SƏLTƏNƏT UCALTMAQ üçün tərəf-müqabillərdir! Dost olmaqları da heç nəyi dəyişmir, düşmən olmaqları da! Allah onlara, hakimlər kimi, allahlıq səlahiyyəti verib - biriləri azadlığın allahlarıdır, biriləri sözün!

Pirə-ocağa söz adamları getmək istəsələr, Sözün Mirmöhsüm, Seyid Lazım, Mir Sədi Ağalarını tanıtdım... ziyarətiniz qəbul olsun!

p.s. Pərviz Cəbrayıl haqqında yazdığım fikirlər adlarını sadaladıqlarım hər bir imzaya da şamil oluna bilir... öz Şəxsiyyətlərinə, Yaradıcılığına, Nüfuzlarına görə interpretasiya edilməklə!