Hər vaxtınız xeyir! Yeni ilə sayılı günlər qalmaqdadır. Bütün diqqətlər bu əsas bayrama yönəldiyindən bu gün təqvimdə olduqca az qeydetməyə rast gəlinir. Beynəlxalq miqyasda qeyd ediləsi isə cəmi bir gün var: Qar dənəciklərini kəsmək günü.
Beynəlxalq Qar dənəciklərini kəsmək günü
Heç qar dənəciklərini yaxından görmüsünüz? O qədər möcüzəvi, əsrarəngizdirlər ki. Sanki bir rəssam fırçası bəzəyib-düzəyib onları. Adətən Yeni il ərəfəsində süni qar dənəcikləri naxışları pəncərələrə vurulur, divarlardan, küknarlardan asılır. Bu günün də anlamı qar dənəciklərini kağızdan kəsmək, onlarla evi bəzəməkdir. Axırıncı dəfə nə zaman uşaqlıq etmisiniz? Yadınıza gəlmir, deyilmi? Bax bu gün əsl fürsətdir. Uşaqlarınızla birgə karandaş, vərəq, qayçı, bir də rəngli kağızlar götürün, qar dənəciklərinin rəsmini kağıza çəkib sonra onu kəsin, asın küknarlardan, yaxud sapa düzüb divardan asın. Bu da olsun sizin bayramınız.
Bu dəfə meyvəli piroq
Bu gün çöx az ölkədə hansısa bir hadisə qeyd edilir, daha doğrusu, cəmi dörd ölkədə nəyisə qeyd edirlər. Ruslar Xilasedicilər gününə sevinirlər, təbii ki, söhbət Fövqəladə Hallar Nazirliyinin fövqəladə hallar zamanı insanları ölümün pəncəsindən qoparan xilasedicilərindən gedir.
Şimali Koreyada bu gün Konstitusiya günüdür. Dünyanın ən avtoritar rejiminin bərqərar olduğu, insanların heç bir hüquq və azadlığı olmadığı bir ölkənin konstitusiyasında, maraqlıdır, nədən bəhs olunur?
Rumıniyada Müqəddəs Stefan günü qeyd edilir, bu bir pravoslav bayramı olsa da dövlət bayramı kimi qutlanır, qeyri-iş günü sayılır.
Amerikalılar isə adətlərinə bu gün də xilaf çıxmayaraq mətbəx bayramı qeyd edəcəklər, bu gün qərblilər Milli meyvəli piroq gününə sevinəcəklər. Yeri gəlmişkən, amerikalılar piroqda meyvə inqrediyenti kimi ən çox almadan istifadə edirlər.
Dəhşətli Türkiyə zəlzələsi və Radio City Music Hall
2008-ci ilin bu günündə Qəzza bölgəsində İsrail ordusu HƏMAS-a qarşı böyük antiterror əməliyyatına başlayıb. 1979-cu ilin bu günündə sovet hərbçiləri Əfqanıstan prezidentı Amini sui-qəsd nəticəsində öldürüblər. 1959-cu ilin bu günü türk xalqına bədbəxtçilik gətirib, ölkənin şimalında – İstanbul, Sivas və Samsunda zəlzələ nəticəsində 50 min insan həyatını itirib, yüz minlərlə evsiz-eşiksiz qalmış insan isə 30 dərəcəyə çatan dəhşətli şaxtaların cənginə düşüb.
Ardınca iki müsbət hadisənin ildönümü gəlir: 1945-ci ilin 27 dekabrında Nyu-Yorkda 28 ölkənin nümayəndəsi Beynəlxalq Valyuta Fondunun yaradılmasını rəsmiləşdiriblər. 1932-ci ildə Böyük depressiyanın ən qızğın vaxtında Nyu-Yorkda dünyanın ən böyük incəsənət teatrı olan Radio City Music Hall açılıb. Amma sonluq yenə də kədərlidir. 1929-cu ilin bu günündə Stalin “qolçomaqların bir sinif kimi ləğv edilməsi” siyasətinə başlamaqla insanlığa qarşı böyük cinayətə imza atıb.
Akademik Musa Musayevin 100 illiyi və məşhurların doğum günü
Azərbaycanda protozoologiyanın elmi məktəb olaraq formalaşmasına böyük əmək sərf etmiş, öz araşdırmaları ilə sitologiya, biokimya və molekulyar biologiyanın müasir metodlarının tətbiqi sayəsində elmin inkişafına təkan vermiş akademik Musa Musayev 350-dən artıq elmi əsərin, o cümlədən 14 monoqrafiya, dərslik və metodik vəsaitin, 10 müəlliflik şəhadətnaməsi və patentin müəllifidir. O, Azərbaycanda biologiya elminin inkişafındakı xidmətlərinə görə 1974-cü ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüş, bir çox orden və medallarla, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatı olan “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Musa Musayev 2010-cu il dekabr ayının 4-də vəfat etmişdir. Ruhu şad olsun.
Bu gün bir neçə məşhur şəxsin də doğum günüdür. 1948-ci ilin 27 dekabrında canlı klassik, böyük fransız kinoaktyoru Jerar Depardye dünyaya gəlib. 1901-ci ilin bu dekabr günündə daha bir şöhrətli aktyor doğulub, söhbət alman kinoaktrisası Marlen Ditrixdən gedir. 1822-ci ildə dünyaşöhrətli fransalı kimyaçı, bakterioloq, müasir mikrobiologiya və immunologiyanın banisi, həmçinin pasterizasiya elmi metodunun banisi Lui Paster dünyaya gəlib.
İki Azərbaycan bəstəkarı
1932-ci ilin bu günündə Astarada Azərbaycanın böyük bəstəkarı, Respublikanın xalq artisti, Prezident təqaüdçüsü, Azərbaycanda ilk rok operettanın müəllifi, 60-a qədər teatr tamaşalarına və filmlərə musiqi bəstələyən və ən əsası, dillər əzbəri olan mahnıları ilə sevilən Oqtay Kazımi dünyaya gəlib.
Hər kəsin özünün ayrıca bir fonotekası var, sevdiyi mahnılar orda cəmlənib, o mahnılar harda səslənərsə həmin insanın ruhu oyanar. Təsəvvür edin ki, mənim fonotekamdakı mahnılardan ikisi – Flora Kərimovanın ifa etdiyi “Heyif” (sözləri Bəxtiyar Vahabzadənindir) və yenə də Flora xanımın ifa etdiyi “Nə gəlməz oldun” (sözləri Əli Kərimindir) mahnıları Oqtay Kazımiyə aiddir. Böyük bəstəkar ümumiyyətlə bir neçə nəslin hiti olan onlarca məşhur mahnının bəstəçisi kimi tarixə düşüb. Cabir Novruzun sözlərinə bəstələnmiş “Ey həyat sən nə qəribəsən”, “Cavanlığım”, “Dünya bir nəğmə idi”, “Mənim duyğularım”, “Tələsin insanlar” mahnıları, toylarımızın himninə çevrilmiş “Evimizə gəlin gəlir” (sözləri Ramiz Heydərindir), illərin sınağından keçib gələn “Oxu bulbul” (sözləri Cəfər Cabbarlınındır), sevgi simvolu olmuş “Qaytar eşqimi” (sözləri Fikrət Qocanındır) və “Eşqimə şahid zaman” (sözləri Faiq Bağırzadənindir) kimi mahnılar Azərbaycan musiqisinin qızıl fondunu təşkil edir. Ömrünü Azərbaycan musiqisinin inkişafına həsr etmiş Oqtay Kazımi 9 avqust 2010-cu il tarixində - 78 yaşında vəfat edib, ruhu şad olsun.
1923-cü ildə Azərbaycanda daha bir bəstəkar doğulub. Dağlıq Qarabağda, Martuni rayonunda. Qara Qarayevdən dərs alan bu bəstəkarın yaradıcılığı Azərbaycan xalq musiqisinə əsaslanıb. Onun "Pıçıldaşın, ləpələr", "Nazəndə sevgilim", "Bakılı qız", "Kimlər gəldi, kimlər getdi" kimi populyar mahnıları günü bu gün də sevilə-sevilə dinlənilir. O, bir neçə kantatanın, bir çox simfonik əsərin, Azərbaycan xalq çalğı alətləri orkestri üçün 2 süitanın, kinofilmlərə musiqinin müəllifidir. 1964-cü ildə - 41 yaşında Moskvada vəfat etmiş bu bəstəkarın bu gün adını çəkmək istəmirik, çünki o, Andrey Babayevdir, milliyyətcə ermənidir, amma mədəniyyətin milliyyəti olmaz. Azərbaycan mədəniyyətinin çiçəklənməsinə xidmət edən, Azərbaycanın Əməkdar İncəsənət Xadimi adını almış bu bəstəkarın ədəbi irsi Ermənistana deyil, Azərbaycana aiddir. Və o, əgər Azərbaycanın musiqi diyarı olan Qarabağda doğulmasaydı, Azərbaycan xalq musiqisindən təsirlənməsəydi, böyük Qara Qarayevdən dərs almasaydı həmin Andrey Babyev ola bilərdimi? Əlbəttə yox!
28 dekabr
Beynəlxalq kino günü
Bu gün dünyada İlk kinoseansın ildönümü ilə əlaqədar Beynəlxalq kino günü bayram ediləcək, kino xadimləri və kinosevərlər üçün çox əziz bir gündür. 1895-ci ilin 28 dekabrında Parisdə, Kapusinov bulvarında, Qrand-kafedə kinematoqrafı kəşf edən Lümyer qardaşları dünyada ilk kinoseans təşkil ediblər. Həmin gün cəmi 35 bilet satılıb, biletlərin qiyməti cəmi 1 frank olub, amma sonrakı günlərdə Lümyerlərin kino seanslarına izdihamlı növbələr yaranıb, onlar böyük vəsait əldə ediblər. Kino beləcə Fransada doğulub bütün dünyaya ayaq açıb. Bu gün də bu sahə mədəniyyətin ən böyük gəlir gətirən sahəsi kimi liderliyini qorumaqdadır.
Kart oyunu günü
İlk dəfə Çində yayılan, boş vaxt keçirməyə və əyləncəyə hesablanan kart oyunu əfsus ki, sonradan bir qumar predmetinə çevrilib, kimlərəsə haram pullar gətirib, kimlərisə müflisləşdirərək bədbəxt edib. Ona görə də bizlər bu günü qeyd etməsək yaxşıdır.
Vifleem uşaqları, Türkmənbaşı və 152 illik saqqızçeynəmə təcrübəsi
Günahsız Müqəddəslər günü. Fransada qeyd ediləcək bu gün qədim tarixdə İrodun əmri ilə öldürülmüş Vifleemin iki yaşa çatmamış uşaqlarının xatirəsinə həsr olunan matəm günüdür. Kalmık xalqı da bu gün matəm gününü qeyd edir, 1943-cü ildə Stalinin kommunist rejimi tərəfindən 100000 kalmıkın Sibirə deportasiyası zamanı həlak olanların xatirəsi anılır. Dünya başdan-başa təzadlı deyildirmi? İspaniyada isə bu gün gülüş günüdür, Els Enfarinats adlı festival keçirilir.
1999-cu ilin bu günündə Türkmənistanda qüvvəyə minən qanuna görə Saparmurat Niyazov ömürlük prezident elan edilib. ( O, bundan sonra cəmi 7 il yaşamağa macal tapıb). 1987-ci ilin bu günündən ta ki 1988-ci ilin 2 yanvarınacan Kiprdə 76 yaşlı qadın Kivel Papaioannou mağazanın liftində ilişib qalmaqla dünyada “ən çox liftdəqalma” rekorduna imza atıb. Tətildən sonra mağazanı açanda liftdə qadın qaldığını aşkar edib onu xilas edən işçilər ağbirçək qadının 5 gün liftdə necə sağ qalmasına sadəcə təəccübləniblər.
1973-cü ilin bu günündə Parisdə Aleksandr Soljenitsinin “QULaq arxipelağı” kitabı ilk dəfə nəşr olunub. 1953-cü ildə dünya tarixinin ən virtuoz piano ifaçısı, fransız Riçard Klayderman doğulub. Pol de Sennevilin yazdığı "Adelina üçün ballada" Klaydermanı əsl ulduza çevirib, bu əsər dünyanın 38 ölkəsində 22 milyon nüsxə ilə satılıb, vaxtınız olsa bu gün həmin o kompozisiyanı dinləyin.
1945-ci ilin bu günündə Kaliforniyada “Dahi”, “Amerika faciəsi” və “Kerri bacı” kimi ölməz əsərləri ilə adını dünya ədəbiyyat tarixinin qızıl səhifələrinə yazmış Amerika yazıçısı Teodor Drayzer dünyadan köçüb. 1925-ci ilin bu günündə o cümlədən Mərdəkanda da yaşayıb yaratmış böyük rus şairi Sergey Yesenin intihar edərək həyatını bitirib.
1923-cü ilin bu günündə Eyfel qülləsinin memarı Qustav Eyfel dünyadan köçüb. 1908-ci ilin 28 dekabrı İtaliya xalqına dəhşətli bəla gətirib, tarixdə Avropa ərazisində ən güclü zəlzələ Cənubi İtaliyada baş verib, 250 min insanın həyatına son qoyulub.
Saqqızı sevənlər əlbəttə ki, içimizdə az deyil. 1869-cu ilin bu günündə amerikalı Uilyam Sempl kəşf etdiyi saqqıza patent alıb. Demək, 152 ildir ki, insanlar bu məşğuliyyətə qurşanıblarmış.
Tanınmış müğənni Zeynəb Xanlarovanın 85 illiyi
Böyükdən kiçiyə hamının tanıdığı, ulduzu Sovetlər dönəmində həddindən artıq gur parlayan Zeynəb Xanlarova əslən xızılıdır, 1936-cı il dekabr ayının 28-də Bakıda anadan olub, məktəb vaxtlarından musiqiyə böyük maraq göstərib, məşhur “Cücələrim” mahnısının ilk dəfə xorla səslənməsində iştirak edib. Bakı Orta İxtisas Musiqi Məktə¬bində böyük vokal ustadı Seyid Şuşinskinin sinfində oxuyub, 1960-cı ildə qadın müğənniləri arasında ilk dəfə olaraq “Çahargah” muğamını oxuyub. 1961-ci ildə məktəbi qurtardıqdan sonra görkəmli rejissor Şəmsi Bədəlbəyli onu Azər¬baycan Dövlət Akademik Opera və Balet Teatrına solist götürüb və elə həmin ildə ölməz Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasında Leyli obrazını ifa etməklə Zeynəb Xanlarova məşhurlaşıb. Müğənninin repertuarında F. Əmirovun, C.Cahangirovun, T.Quliyevin, A.Məlikovun, Ş.Axundovanın, E.Sabitoğlunun, T.Bakıxanovun, R.Mirişlinin, O.Kazıminin, O.Rəcəbovun mahnıları mühüm yer tutub, lirik soprano səsi olan müğəninin ifa tərzindəki temperament, gur zəngulələr onu xalqın sevimlisinə çevirib. Sovet müğənnisinin ABŞ, Fransa, İsveç, İtaliya, Kanada, Yaponiya, Türkiyə, Danimarka kimi kapitalist ölkələrində qastrol səfərlərində olması, sevilməsi bir sensasiya idi ki Zeynəb Xanlarova bu sensasiyaya imza atmağı bacarıb. SSRİ-də isə hər bir güşədə onu sevir, heyranlıqla dinləyirdilər. Hətta mənfur qonşularımızın dilində Zeynəbin mahnıları əzbər idi, onlar Zeynəbə Ermənistan SSR-in xalq artisti adını vermişdilər.
Görkəmli müğənni bir insan üçün verilə bilən bütün imtiyazları qazanıb, Azərbaycan SSR Ali Sovetinin, Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub, 1975-ci ildə Azərbaycan Xalq artisti, 1980-ci ildə SSRİ Xalq artisti fəxri adlarına layiq görülüb, 1985-ci ildə Azərbaycan SSR Dövlət mükafatı laureatı olub, 1986-cı ildə ona Ümumittifaq “Melodiya” firmasının “Qızıl valı” verilib, 2006- cı ildə “İstiqlal” və “Şöhrət” ordenləri ilə təltif olunub. 2016-ci ildə o, hətta “Heydər Əliyev” ordeni ilə də təltif edilib. 85 illiyində müğənnini təltif etməyə elə bir mükafat, ənam qalmayıb. Ona görə də, gəlin ona sağlamlıq arzu edək.
Mərhum alimin və mərhum şairin yubileyləri
1926-cı ilin bu günündə anadan olmuş və 95 illiyi qeyd edilən akademik Nəriman Quliyev ömrünün altmış ilə yaxın bir dövrü ərzində öz səmərəli yaradıcılığı ilə Azərbaycanda fizika elminin inkişafına töhfələr verib. O, bu sahə üzrə ana dilində yazılmış ilk sanballı elmi-kütləvi nəşrin müəlliflərindəndir. Azərbaycanda nüvə fizikasının inkişafının mühüm mərhələsi də akademikin adı ilə bağlıdır. Müstəqil Azərbaycanın dünyanın tanınmış nüvə tədqiqatları mərkəzləri ilə elmi-texniki əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişləndirilməsində onun xidmətləri təqdirəlayiqdir. Xidmətlərini nəzərə alaraq 2011- ci ildə Dövlətlərarası Humanitar Əməkdaşlıq təşkilatı alimi “Birliyin ulduzu” mükafatı ilə təltif edib. Onun əvəzsiz xidmətləri dövlətimiz və elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Alim iki dəfə “Qırmızı Əmək Bayrağı” ordeni, müstəqil Azərbaycan Respublikasının ali mükafatları - “Şöhrət” və “İstiqlal” (2005) ordenləri ilə təltif edilib. Nəriman Quliyev 2014-cü il may ayının 20-də vəfat edib. Ruhu şad olsun!
1941-ci ilin dekabrının bu günündə anadan olmuş və 80 illiyi qeyd edilən şair Şahmar Əkbərzadə isə həm lirik şeirləri, həm də jurnalistika fəaliyyəti ilə seçilib. O, Mədəniyyət Nazirliyinin təsis etdiyi “Mədəniyyət” qəzetinin ilk baş redaktoru olub. Bədii yaradıcılıqla 1985-ci ildən məşğul olmuş Şahmar Əkbərzadənin “Anama layla” (1978), “Sevgi borc verilməz” (1982), “Ona yanıram ki” (1988), “Haqqa pəncərə” (1998), “Sev məni” (2000) kimi kitabları işıq üzü görüb, əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə edilib, 1996-cı ildə şeirlərinə görə “Araz” ali ədəbi mükafatına layiq görülüb. Şahmar Əkbərzadə 2000-ci il avqust ayının 30-da Bakı şəhərində vəfat edib, ruhu şad olsun. “Vektor” Beynəlxalq Elmlər Akademiyasının rəhbəri Elçin İsgəndərzadə tərəfindən 2000-ci ildən şairin adına beynəlxalq ədəbiyyat mükafatı təsis edilib və həmin mükafat 2001-ci ildən bu günədək 70-dən çox şairə, o cümlədən 15 xarici ölkə şairinə təqdim edilib.
Məleykə Əsədovanın “bığı”
Düşünməyin ki, amerikalıları unutmuşam, onlar bu 28 sentyabrda Milli Qutudakı konfet gününü qeyd edirlər. Madam ki, qutuda konfetdən söhbət düşdü, mütləq bir haşiyəyə çıxım. Bizdə sovetlər dönəmində, eləcə də müstəqilliyin ilk illərində qutuda şokolad ən qiymətli hədiyyələrdən sayılırdı, insanlar bir-birinin evinə gedəndə bir şokolad qutusu aparırdılar, o evdəkilər də onu açmır, servantda əziz əşya kimi saxlayırdılar. Vəliyevlər ailəsi də onlara gətirilmiş, üzərində Məleykə Əsədovanın şəkli olan şokolad qutusunu açıb yeməmişdi, dar gün üçün saxlamışdı, amma evin kiçik uşağı nadinclik edib xanım Əsədovaya bığ çəkmişdi, evin qadını da bu bığı cidi-cəhdlə silsə də yeri qalmışdı. Bir il keçəndən sonra Vəliyevlər hansısa bir qohumlarıgilə qonaq getməli olanda bu qutunu da büküb aparırlar, qutuyla vidalaşırlar. Daha iki il keçmiş onlara hansısa bir tanışları qonaq gələndə bığlı Məleykə qutusu yenidən onların evinə qayıdır. Qonaqlar gedəndən sonra Vəliyevlər bu dəfə “halal qismətləri olan” şokoladları yemək qərarı verirlər, qutunu açanda görürlər, şokoladlar qurdlayıb, ovxalanıb. İndi diqqət edirlər ki, ərzağın yararlılıq müddəti 4 ildir ki ötübmüş. Bax belə bir əhvalat. Biz “saxla samanı, gələr zamanı” deyibən dar gün üçün tədarüklü xalqıq, düzdür. Amma bəzən fərqinə varmırıq ki, samanın da saxlanma zamanı var, bu zaman keçəndən sonra o, ən yaxşı halda zibilə atılası olur.
Allah sizləri heç vaxt dəyərdən salmasın, əziz oxucular!
© 2020 - Created by İLK XEBER.