Ölüm qəlbləri dağlamır - Seyyid Süleyman

Seyyid Süleymanla həyatda görüşməmişik. Yaradıcılığını izləyirəm, şeirlərini çox sevirəm. Bəlli bir məsələdir ki, şairlər ömrü boyu özlərini axtarır və özlərini yazırlar. Bu mənada mən Seyyidi çox yaxşı tanıyıram. Onun mənəvi dünyası seirlərinin ruhundadir, hikmətindədir, səmimiyyətindədir. Seyyidi tanıyanlar onun haqqında həmişə ürək dolusu, böyük bir sevgiylə danışırlar. Elə Seyyid qələmə aldığı şeirlərində də özü haqqında çox şeyi ifadə edir.

Söz adamının ömrü nə qədər olur, kimsə bilməz. Allahın verdiyi ömür payını ürəyinizcə yaşayın, sevimli şairimiz...

Mehman Mayılxanlı

 

SALMAZ

 

Çox qəm çəkmə, ay Süleyman,

"Keçər dövran belə qalmaz".

Zaman dərdə məlhəm olur,

Əkdiyin gül vaxtsız solmaz.

 

Hər diyarda təzə ev tik,

Xoş əməllə ətrafı bük.

Öz süfrənə gözünü dik,

Gələn payla qarın dolmaz.

 

Ümid etsən Yaradana,

Ürəkdən bağlansan Ona,

Hər işin düşər sahmana,

Çətinliyə daha salmaz.

 

AY ATA

 

Bizi tərk eyləyib köçdün dünyadan,

Qəlbimzdə özün qaldı, ay Ata.

Ürəyində qalan, könlündən keçən,

Deyilməmiç sözün qaldı, ay Ata.

 

Bir yurd saldın . işığına yığışdıq,

Bir ev tikdin, otağına yığışdıq,

Od qaladın , ocağına yığışdıq,

Kül altında közün qaldı, ay Ata.

 

Ağsaqqal sayıldın eldə, obada.

Xalq layıq bilmişdi Səni bu ada.

Heç vaxt əyilmədin, namərdə, yada,

Bükülməyən dizin qaldı, ay Ata.

 

Hər vaxt haqqı dedin, nahaqdan qaçdın,

Getdiyin yollarda cığırlar açdın.

Pislikdən uzaqdın, yaxşıya tacdın,

Əməlində izin qaldı, ay Ata.

 

Süleymanın indi coşur ilhamı,

Öz yurdunda yandıracaq O şamı.

Fikir etmə, vardır nəslin davamı,

Yüzün gedib, yüzün qaldı, ay Ata.

 

QİYAMƏTİM VAR

 

Ey oğul, diqqətlə qulaq as mənə,

Sənə söyləməyə hekayətim var.

Kiminə atadan çoxlu var-dövlət,

Mənim də “Şeirlər” əmanətim var.

 

Dəyərli, dəyərsiz, -sözə deyərlər.

“Daşı da sındırır”,--gözə deyərlər.

Səhvi arxada yox, üzə deyərlər,

Xalq icində desəm, qəbahətim var.

 

Birinin dalınca min dəfə- “Rəhmət”,

Birinə söylənər,- “Goruna lənət”.

Kiminin milyonu hec kimə qismət,

Yavan bir loxmamla səxavətim var.

 

Əyri yonulsa da, qələm düz yazar.

Fərqi yox, ya gecə, ya gündüz yazar.

Hikmətli kəlamı dahi kəs yazar,

Daim dahilərdən dəlalətim var.

 

Seyyidəm, düz yolu əyri getmirəm.

Salam verdiyimdən salam güdmürəm .

Qəsdlə, bilə-bilə günah etmirəm,

Qorxuram, qabaqda qiyamətim var.

 

VƏDƏSİNDƏ

("VƏDƏSİNDƏ" qafiyəsi ilə şeir yazan çox olub, bilirəm. İlk yazandan üzr istəyirəm)

 

Bilmədim heç necə qarşıma çıxdın,

Ömrümün bu ahıl, qış vədəsində.

Azdırdın yolumdan , itirdim səmti,

Ağlımın dolaşıq, çaş vədəsində.

 

Deyim bil, varlığım qurumuş bağdır,

Önümdə dayanan keçilməz dağdır,

Karvanım yorğundur, yolum uzaqdır,

Sən gedə bilməzsən, düş vədəsində.

 

Seyyidəm, dünyanı gəzim, qayıdım,

Ağrımı, acımı əzim, qayıdım,

Boşalsın qəlbimdən sözüm, qayıdım,

O vaxt qayıdarsan, boş vədəsində.

 

 

ÜRƏK YATIR

 

Etibar eyləmə hər kəsə, könül,

Düşünmə hər qəlbdə saf dilək yatır.

Aldanma işvəyə, qul olma naza,

Hər şirin baxışda min kələk yatır.

 

Hər nadan sözündən kükrəmə, əsmə.

Hər dost tənqidindən incimə, küsmə

Hər salam verənlə duz-çörək kəsmə,

Sanma süfrəsində düz çörək yatır.

 

Ay Seyyid, qabaqda var döngələrin,

Sürünmə dalıyca boş kölgələrin.

Gözləri " kor edən" ağ sinələrin,

Altında gizlənmiş çox ürək yatır..

 

SAXLAMIR

 

İnsan ömrü çox qısalıb.

Yaşı altmışı haq(x)lamır.

Ölümlər də adiləşib,

Ölüm qəlbləri dağlamır.

.

Ağlasığmaz dövran gəlib,

Dərd becərən zaman gəlib,

Göz çıxardan duman gəlib,

Sağ göz sol gözə ağlamır.

.

Sevinc, gülüş yoxa çıxıb,

Xoşbəxt günlər «çıx»a çıxıb,

Sağlam həyat baha çıxıb,

«Gəlir» süfrəni yağlamır.

.

Qonum-qonşu haya gəlmir,

Qohum-qardaş vaya gəlmir,

Ana-bacı toya gəlmir,

Oğul atanı yoxlamır.

.

Seyyid, etmə çox ahu-zar,

Bundan betər vaxtlar olar.

Nə sirrin var söylə aşkar,

De ki, ürək sirr saxlamır.

 

ÇIXDI

 

Ümidlə yaşadım düz əlli uç il,

Heyif, ümidlərim hey boşa çıxdı.

Şeş qoşa istədim hər zər atanda,

Bəxtim gətirmədi, yek qoşa çıxdı.

Nə sağım bilindi, nə də ki, solum.

Daim tikan oldu getdiyim yolum.

Bir kəsi vurmağa qalxmadı qolum.

Kimə əl tutdumsa, düz başa çıxdı.

Seyyidəm, ömrümün bu ahıl çağı,

Dedim ki, qoy salım bir meyvə bağı.

Şumlamaq istədim münbit torpaği,

Hara bel vurdumsa, sal daşa çıxdı.

 

AZƏRBYCAN ƏSGƏRİ

 

Dözmədi haqsızlığa, sarıldı silahına,

Ancaq «irəli»-dedi, dönüb baxmadı geri.

Qırx dörd günün ərzində qovdu mənfur düşməni,

Yumruğuyla uçurtdu otuz illik sədləri,

Azərbaycan əsgəri!

.

Hər kənddə, hər şəhərdə ucaltdı bayrağını,

Nəfəsiylə isitdi soyumuş ocağını.

Qəlbinin atəşiylə yandırdı çırağını,

Anbaan verdi bizə şən «QƏLƏBƏ» xəbəri,

Azərbaycan əsgəri!

.

İqtidar-xalq birliyi oldu arxa-dayağı,

Allahın varlığıydı darda sığınacağı.

Gah dağdan, gah arandan gəldi səsi, sorağı,

Sübh çağı salamladı Həkərini, Tərtəri,

Azərbaycan əsgəri!

.

Sinədən yaralandı, kürəkdən vurulmadı,

Ümidin itirmədi,qorxmadı, darılmadı.

Yüyürdükcə yüyürdü, zərrəcə yorulmadı,

Döyüş taktikasıyla şoka saldı bəşəri,

Azərbaycan əsgəri!

.

Füzulidən Şuşaya süngüsüylə yol açdı,

Zəngilana, Laçına gəldim,- dedi, qol açdı.

Qubadlını, Hadrutu, Cəbrayılı dolaşdı,

Döyüşsüz azad etdi Ağdamı, Kəlbəcəri,

Azərbaycan əsgəri!

.

Yaydırdı səmalara müqəddəs «azan» səsin,

Pozdurdu alnımızdan əsrın «qara ləkə»sin,

Kitablara yazdırdı «Şanlı zəfər» kəlməsin,

Xalqının ürəyindən sildirdi qəm-kədəri,

Azərbaycan əsgəri!

 

YAZA BİLMİRƏM

 

İnciyib təbim məndən,

Daha yaza bilmirəm.

Yazdığım «ucuz» çıxır,

«Baha» yaza bilmirəm.

.

Vərəqlər şəmdən bezib,

Misralar nəmdən bezib,

Fikirlər qəmdən bezib,

«Ah»a yaza bilmirəm.

.

Həyat sıxdıqca sıxır,

Ağrısı gözdən çıxır.

Xoş günlər gendən baxır,

«Bəh»ə yaza bilmirəm.

.

Üz tuturam Fələyə,

Kömək eyləsin deyə.

Düşürəm çətinliyə,

«Çıx»a yaza bilmirəm.

.

Seyyidəm, qəlbim talan,

Dörd yanım çiskin, duman.

Xəzri də vermir aman,

«Meh»ə yaza bilmirəm.

 

 

OLA BİLMƏZ

 

Hər qələm götürüb şeir yazanın,

Şe(i)rində dəyərli söz ola bilməz.

Haqdan uzaq düşüb yolun azanın,

Fikri, əqidəsi düz ola bilməz.

.

Qanmazı təriflə, ya da utandır,

Ona fərq eləməz hayan hayandır.

Samanı ha yandır, ha alovlandır,

Külünün altında köz ola bilməz.

.

Ağıllı cox yerdə təzə ev tikər.

Ağılsız olanı dağıdıb sökər.

Ayranı qaynatsan şor alta cökər,

Suyu (loru) üzə cıxar, üz ola bilməz.

.

Hər torpaqdan cıxmaz cəvahirət, zər.

Hər ocaq yetirməz igid, cəngavər.

Hər salınan bağda olmaz bar, bəhər,

Hər daşlı yollarda iz ola bilməz.

.

Ay Seyyid, qədrini bil hər bir anın.

Saxlayan olmayıb carxın dövranın.

Bu cətin zamanda ömrü insanın,

“Səksən ola bilər, yüz ola bilməz".

 

SORUŞ

 

Bu dünyanın əzabını, zülmünü,

Əzəldən bəxtikəm olandan soruş.

Ömür yollarının çətinliyini,

Ürəyi dərd-qəmlə dolandan soruş.

 

Haqqı dərk edəndən haqqın yolunu-.

Zərgərdən zərlərin dəyər pulunu-,

Nakam aşıqlərin qəmgin halını,

Bənizi saralıb-solandan soruş.

 

Qanmaz nə anlayar nədir zəfəran.

Öküz nələr çəkir, nə bilsin kotan.

«Mizrab» hardan duysun inləyir kaman,

Onu zildə, bəmdə çalandan soruş.

 

Kasıbdan yoxluğu, varlıdan varı,

Məzlumdan kədəri, ahı, qubarı,

Ədəbi, ərkanı, isməti, arı,

Böyükdən tərbiyə alandan soruş.

 

Hər bir kəs tanınar sözündən sonra.

Dahi dahi olar izindən sonra.

Seyyidin kimliyin özündən sonra,

Yazdığı kitabda qalandan soruş.