Hələ ölmürəm, öləndə - Ağla, yadından çıxmasın...

Sözümü deyirəm söz arasında...


Vaxtımı itirdim, bəxtimi tapdım.
Ağlayır qaş ilə göz arasında.
Qorxmuram qəsdimə duran cəllada,
Sözümü deyirəm söz arasında.

İçi mənə əziz, üz özgəsidir,
Bədən özgəsidir, diz özgəsidir,
Əyri özümküdür, düz özgəsidir,
Qalmışam əyriylə-düz arasında.

Gözləyə-gözləyə dolmuşam yenə,
Çoxunun qorxağı olmuşam yenə,
Nə gözəl buyurub Allahım mənə,
Yaşa səbir ilə döz arasında.

***

Ustadımız Məhəmmədhüseyin Şəhriyarın  “Heydər babaya salam”' poemasına
N Ə Z İ R Ə


Heydər baba, dil damağa dirəndi,
Yaxşıların yoxa çıxdı ələndi,
İki qardaş bir həsrətə bələndi,
Aramıza məftilləri düzdülər,
Canımızı canımızdan üzdülər.

Heydər baba, uzaq durma tən yeri,
İnnən belə qoşalaşaq şən yeri,
Dönər olsam sal boynuma kəndiri,
Kəhər atın quyruğunu hörüklə,
Bu vətəndən o vətənə sürüklə.

Heydər baba, Savalana deginən,
Küləklərə qoşulginən əsginən,
Xain dostdan ümidləri kəsginən,
Gün oleydi xoş günüvə gəleydim,
Düşmənüvi ayağuva səreydim.

Heydər baba, kəpənəyin xallısı,
Nə gözəldi bizim elin yallısı,
Nə cür oley dodağların ballısı?
Bu dodaqdan o dadağa
göndərim,
Güllərimi yollarına əndərim.

Heydər baba, Qarabağın xəbəri
Yandırdılar payaları, çəpəri,
Görən indi hara axır Həkəri,
Namərd gəlsə yerimizi düz demə,
Daha bir də bu ağrıya döz demə.

Heydər baba, Xocalıda soyuqdu
Düşmənimiz hiyləgərdi, ayıqdı,
Neçə vaxdı dinəmmirəm ayıbdı,
Yağı çökdü torpağıma qurd kimi
Yurd qalmadı yurd yerində yurd kimi.

Heydər baba, təndirimiz yanardi,
Göyərçinlər damımıza qonardi,
Sularımız axıb-axıb donardi,
Sallanardı evimizin buzdarı,
Ağ geyərdi gəlin köçən qızdarı.

Heydər baba, bir üzüyük qaşı yox,
Yurdumuzun yazılmayan daşı yox,
Qoy bilsinlər tariximin yaşı yox,
Şah ismayıl şahlığına qayıtsın,
Təbrizimi, Zəncanımı ayıltsın.

Heydər baba, Yardımlıdan o yana,
Ərdəbilin qayaları dayana,
Bəs nə deyim bu nisgilə doyana,
Ayrılığın dərdə saldı İqbalı,
Zirvəsindən uzaq saldı qartalı.

***

Ağla, yadından çıxmasın

Sənə hansı sözü deyim
Saxla yadından çıxmasın?
Gedirsənsə o qapını
Bağla yadından çıxmasın.

Köz götür yandır əlimi,
Bu əl oxşardı telini,
Sevirəm deyən dilimi,
Dağla yadından çıxmasın.

Bir bədən, bir ruhdu məndə,
Sonra gec olar biləndə,
Hələ ölmürəm, öləndə
Ağla, yadından çıxmasın.


***

Yarpaq kimi tökülməyim
Payıza oxşatdı məni...


Mən heç kimə oxşamadım...
Nə atama, nə anama,
nə dayıma...
Yerdən çıxdım, göydən gəldim,
Bir bətndən, beldən gəldim,
Bir balaca uçuq evdən,
Bir obadan,eldən gəldim...

Bənzətdilər,
məni ona, onu mənə
Geydirdilər
heç əynimə biçilməyən donu mənə.
Göstərdilər,
görünməyən sonu mənə.

Mən heç kimə bənzəmədim.
Bəlkə adam tapılmadı
mənə bənzər,
Bəlkə mən adam olmadım,  adam kimi,
Niyə baxır mənə  “adam”  yadam kimi?

Mən heç nəyə bənzəmədim...
Külək kimi əsməyim yox,
Bulud kimi yağmağım yox,
Yerə-göyə sığmağım yox,
Bənzətdilər
biri gözə, biri yaşa,
ağlatdılar demədilər yaşa! yaşa!
Bənzərimi axtarmağa döndüm başa.

Yarpaq kimi tökülməyim
payıza oxşatdı məni.
Düzü dedim, yüzü dedim,
sizi dedim, bizi dedim.
Nə faydası, bu deməyim
qarğışa oxşatdı məni...
Mən heç kimə oxşamadım!

***

Yazdığım şeir boydayam!

Apar bahar salamımı,
Xəzan olan gülə məndən.
Mən bir niyyət ağacıyam,
Nə istəsən dilə məndən.

Boyum budur millətimə,
Verdiyim xeyir boydayam.
Nə qısayam, nə uzunam
Yazdığım şeir boydayam.

Bulud kimi tutulmağım,
Günəş kimi batmağım var.
Daşıyaram pis oldunsa,
Yarı yolda atmağım var.

Bir ovuc torpaq kimiyəm,
Sovur göyə heç olacaq.
Tanıya bilmədin məni,
Tanıyanda gec olacaq.

Yazdığım şeir boydayam,
Əlim, qolum ayağım var.
Hara getsəm sığınmağa,
Vətən boyda dayağım var.

***

Min əzabla sosial yardım alan millətim hey!!!

Çox uzun yazmayacam, görmüşəm daha nələri,
Əlində bir yığın sənəd gəzən divanələri,
Yığaraq qovluğuna yüz cürə bəhanələri,
Min əzabla sosial yardım alan millətim hey!

Qururu mənliyi sınmış kişiyə bax, ərə bax,
Başı daz, qarnı yekə, gözləri ac divlərə bax,
İçi şeytanla dolan bər-bəzəkli evlərə bax,
Kimə qaldı? Kim apardı? Yeyilən sərvətim hey!
Min əzabla sosial yardım alan millətim hey!

Mən haqqı çox dedim,sən bilməsən Allah biləcək,
Bilmədi sandığını bir tək O, vallah biləcək,
Bu düzənbaz zamanın sahibi əlbət gələcək,
Deyəcək çox əzilən,çox yıxılan hümmətim hey!
Min əzabla sosial yardım alan millətim, hey!

Baxıb sərhədlərinə qəhər basır,qəm yeyirəm,
Sən deyə bilmədiyin həqiqəti mən deyirəm,
Dolanıb dağ-dərə gundüzləri Vətən deyirəm.
Gecə səssiz yuxularda oyanan qeyrətim hey!
Min əzabla sosial yardım alan millətim,hey!

Qoyunam kəsmə məni, sud verirəm, ət verirəm,
Cürəti olmayana bax belə cürət verirəm,
İnanıb hər yalana zalıma rüşvət verirəm,
Özgəyə yox özümə layla çalan heyrətim hey!
Min əzabla sosial yardım alan millətim,hey! 

***
Kərəmi havası çal, darıxıram!


Tərpəd dodağını danış bir ağız,
Hər sözü, kəlməsi bal, darıxıram!
Zəng elə, ümid ver ay üzü dönmüş,
Arada yadına sal darıxıram!

Neçə tin dönürsən küçə də qısa,
Ömür bircə addım necə də qısa,
Hərdən gec yatıram gecə də qısa,
Yuxudan dururam kal, darıxıram!

Nəfəs al küləyi, yeli danışdır,
Evindən didərgin eli danışdır,
Aşıq, köklə sazı teli danışdır,
“Kərəmi” havası çal, darıxıram!

Bahar erkən gəlib hər tərəf çiçək,
Gəlin ağacların budağı göyçək,
Görən çölə çıxsaq nə dəyişəcək?
Deyirlər  “evdəqal” qal, darıxıram!

***

Qovun məni bu şəhərdən...

Sənin deyil, mənim deyil
Bizim qalmasın-qalmasın.
Qovun məni bu şəhərdən
İzim qalmasın-qalmasın.

İki könül arasıyam,
Onsuzda kül olasıyam,
Mən atəşin balasıyam,
Közüm qalmasın-qalmasın.

Kim nə deyər bu qamətə,
Bu rəngə, bu əlamətə,
Qorxuram ki, qiyamətə
Sözüm qalmasın-qalmasın.

***
Mən onların şairiyəm!


Hər gün yollarıyla getdiklərimin,
Salam verib ötdüklərimin,
Dilimin, dinimin
Yurdumun, elimin,
Alnımın, tərimin şairiyəm!

Arxamca atılan daş boydadı nifrətim
Heç kimdən küsmərəm,
küsəndə,
danışdırmaram özümü...

Bu dağlardan çox şey öyrəndim,
sonra öyrətdim
öyrənə bilmədiklərim də oldu,
öyrətdiklərim də oldu,
Sevdiyim üçün
bu dağların insanları da
sevdilər məni.

Mən onların şairiyəm
O onlar ki, övladlarını şəhid verdilər,
O onlar ki, gözlərini itirdilər,
sözlərini itirdilər, özlərini itirdilər...
Bu dağların daşlarına döydülər
“Şəhidlər ölməz,Vətən bölünməz” sözlərini.

Mən itənlərin şairiyəm,
Özündə itənlərin,
düzündə itənlərin.
Baharında qar yağanın, üşüyənin şairiyəm!
Vaxtım çatsa, gücüm yetsəydi
belimdən salmazdım şəhid atalarını.
Mən,
bir ömür övlad yükü daşıyanların şairiyəm,
Ölənlərin, qalanların şairiyəm!
Mən onların şairiyəm!

***

İNCİTMƏYİN BU XALQI

Bu xalq döyüşə getdi,
Ən vacib işə getdi,
Qanla görüşə getdi,
İncitməyin bu xalqı!

Yetimi yesiri çox,
Qalığı, kəsiri çox
Xocalıda tutulan
Düşməndə əsiri çox
İncitməyin bu xalq!

Kəmər atdınız getdi,
Nefti satdınız getdi,
Güya namaz qıldınız,
Oruc tutdunuz getdi?
Bəs kimi aldatdınız?
Bitdi, a qardaş, bitdi
İncitməyin bu xalqı!

Yüklənib dərdi çoxdu,
Qızarıb pərti çoxdu,
Bilin ki, namərdindən
Vallahi mərdi çoxdu.
İncitməyin bu xalqı!

Kasiba verdiyiniz
Qəpiyi də aldınız.
Özünüzü bu qədər
Niyə gözdən saldınız?
Ölüm var, qocaldınız
Siz də yaşa doldunuz
İncitməyin bu xalqı!

Biz sovetlərik dedi,
Yetmiş il ruslar yedi,
Sizin qəsdiniz nədi?
İncitməyin bu xalqı!

Alnı qırışdı, tərdi
Gəkir bu qədər dərdi,
Oğlunu şəhid verdi,
İncitməyin bu xalqı!

Yenilməzdir, ünlüdür
Amma üstü unludur,
Çox da ki, dözümlüdür
İncitməyin bu xalqı!

Su baha, benzin baha
Bir hava qalıb daha,
Cavabınız varmıdır?
Bu qarğışa, bu aha
İncitməyin bu xalqı!

Desin sözün düzünü,
Tox saxlasın gözünü,
Bu millətin üzünü,
Kimsə varmı güldürsün?
Yoxdu onda qoy deyim
Allah sizi öldürsün,
İncitməyin bu xalqı!

Əzbərləyin adımı,
İtirməyin dadımı,
Gözünüz doymadımı?
İncitməyin bu xalqı!
İncitməyin bu xalqı!

***

Soruşun

Kimə şair desinlər, kimin buna haqqı var
Şeir nədir, söz nədir bilənlərdən soruşun.
Dadı, tamı nəcədir cənnətin meyvəsinin
Bu torpağın uğrunda ölənlərdən soruşun.

Gedirsən qayıtmaq var, tanı izi demişəm
Yalan yalanda qalıb axı düzü demişəm,
Zalımların önündə hansı sözü demişəm,
Hücum çəkib üstümə gələnlərdən soruşun.

Hər kəsin işi deyil hər söhbəti bağlamaq,
Necə olur ötürmək, necə olur saxlamaq?
Necə olur ağrımaq, necə olur ağlamaq?
Ömründə bircə dəfə gülənlərdən soruşun.

Arzular tam olmayır bəziləri tən yarım,
Sən olmayan yerdə də bir payızlıq sən varım,
Süpürəndə pozulmaz o qıza yazdıqlarım,
İqbalı ürəyindən silənlərdən soruşun.

***

Bir şəhid atası ağlayırdı...

(Ürəyim parça-parça oldu)
 

Oğul bayrağa büküb bala dağı görüblər,
Ağlamağa qoymayaq şəhid atalarını.
Cənnətin meyvəsini bu dünyada dəriblər,
Ağlamağa qoymayaq şəhid atalarını.

Hələ çoxumuz bilmir cığır hara, yol hara
Hələ çoxumuz bilmir necə olurmuş yara,
Gedək ziyarət edək ümid verək onlara,
Ağlamağa qoymayaq şəhid atalarını.

Torpağı qan içində, hara baxsaq Vətəndir,
Çox unutqan oluruq indi sən de nədəndir?
Onları incidən kəs Allahı incidəndir,
Ağlamağa qoymayaq şəhid atalarını.

Şəhid oğlu göydədir, gözü dikilər yerə,
Nakam qalan arzusu gül tək əkilər yerə,
Ağlasa göylər ağlar qarğış tökülər yerə,
Ağlamağa qoymayaq şəhid atalarını.

Onlar bizdən nə istər, bir quru söz, bir salam,
Onlar baş tacımızdır, uca, əyilməz qalam
Budur sizə deyirəm adam olun vəssalam!
Ağlamağa qoymayaq şəhid atalarını.

***

EHTİYAC

Dovşana döndərdi nər kişiləri
Qaçanın yoldaşı oldu ehtiyac.
Qapıdan çıxartdıq pəncərəmizdən
Axıb evimizə doldu ehtiyac.

Yatdıq darı gördük, dar yuxumuzda,
Xəstəlik tapıldı bir çoxumuzda,
Ölüncə fırlandıq öz oxumuzda
Yorulduq, yerində qaldı ehtiyac.

Qurudu bağımız barlı ölkədə,
Üşüyə bilmədik qarlı ölkədə,
Dilənçi doğulduq varlı ölkədə,
Bizi qapı-qapı saldı ehtiyac.

Oğullar qocaldı qul bazarında,
Rüşvət moda mindi pul bazarında,
Kəbinlər kəsildi dul bazarında,
Çoxunun arvadı oldu ehtiyac.

Söylə, yalanmıdır dediyim sözlər?
Yalan danışmaqdan qızardı üzlər,
Az olduq, daz olduq, qaz olduq bizlər,
Dartıb tükümüzü yoldu ehtiyac.

***

UNUDARAM SƏNİ

Sənə qədər yol uzaqsa,
Azıb unudaram səni.
Unutmaq şeir yazmaqsa,
Yazıb unudaram səni.

Kamanlı, tarlı deyiləm,
Zirvəsi qarlı deyiləm,
O qədər varlı deyiləm,
Kasıb unudaram səni.

Yıxdın sən adlı qalamı,
Əzdin, qopardın yaramı,
Hərdən verdiyin salamı,
Kəsib unudaram səni.

Nə qaldı yazıq ürəyə?
Yarı-yarı böl hərəyə
Bir gün qoşulub küləyə
Əsib unudaram səni.

Yüz il yaşa bir il kimi,
Sual vermə vəkil kimi,
Otağıma şəkil kimi,
Asıb unudaram səni.

Iqbal Nəhmət
“Sözdən sonrakı sabah” kitabımdan