Tanrı qədər təkəm mən də...

 

 * * *

...deyəsən, burda nəsə

var—

nəsə... eh, görmürəm,

axı!

...qulaqlarım səsə düşüb

ya kimsə məni çağırır!

 

Elə hey səs eşidirəm;

kimdisə — gizlənir

məndən.

...səs mənim özümdən gəlir?

...ya kimsə səslənir

məndən?

 

 ...bəlkə, heç çağıran

yoxdu,

bəlkə, Göydəki çağırır.

...Tanrı qədər təkəm

mən də

— Tanrı da təki çağırır!

 

* * *

 

Gülü həşəm - həşəm dar

ağacları...

Bir gül də qürbətdə qərib

dərdimi?

...cəlladın əmriydi, dərd

azalmasın!

Yığar indən belə qərib

dərdini...

 

...yığar indən belə qərib

dərdini!

Eləmi ağırdı daşı

qərbin?..

Odu — dərdi yenə bala

çıxarır,

çoxalır bəlalı başı

qərbin!

 

...gerçək dərdlərini

göyçək dərdimi?

Yalın ümidləri küçə

bəzəməz!

Amma tənhalığa elə

çəkilər

— köçü köçhaköçdə köçə

bənzəməz!

 

 * * *

 

...aramıza yaylıq düşdü,

aramızda dağlar qaldı.

...aramızda kəsik - kəsik,

doğram - doğram bağlar

qaldı.

 

Tanrıdan bir söz alınca

yüz yol çapıldıq qılınca.

...bu vadidə sozalınca

— yaşıl - yaşıl bağlar

qaldı.

 

...düşmədik vaxtın

 yadına,

yad olduq baxtın yadına!

...biz getdik şerin

badına,

anamız da ağlar

qaldı!

 

Paşa Talıblı