Nəhayət, ölmədim, bu günü də gördüm!
Bu 70 yaşımın zirvəsində göydə Allahın, yerdə şanlı ordumuzun rəşadəti, milli birlik və Türkiyənin dəstəyi sayəsində müqəddəs vətən torpaqlarımız 30 illik rüsvayçı, biabırçı işğaldan azad edildi!
Xüsusilə silahlı qüvvələrimiz, havadan Səlcuq Bayraqdarın SİHAları və s.düşmənin canlı qüvvələrini, hərbi texnikalarını, səngərlərini, müdafiə sistemlərini darmadağın etdi!
Bizim qüdrətli ordumuz 7 rayonu geri qaytardı, qondarma Arçax idarə formasını tarixin zibilliyinə tulladı!
Bu misilsiz qələbədə, bu böyük tarixin yazılmasında heç şübhəsiz qəhrəman ordumuzla, böyük xalqımızla yanaşı cəsarətli cənab Prezidentin də rolu danılmazdır – şanlı qələbələrimizin mühüm bir hissəsini rus sülhməramlılarına, əslində işğalçı qoşunlarına təslim etdiyi istisna olunmaqla!
FB səhifəmdə (müharibə dövründə internetin kəsildiyini də nəzərə almaqla) yeri gəldikcə 44 günlük vətən müharibəsi (27 sentyabr – 10 noyabr 2020) səhnələrini, bu qanlı və şərəfli müharibədə igid, vətənpərvər zabit və əsgərlərimizin qəhrəmanlığını, qorxmazlığını və fədakarlıqlarını işıqlandırmağa çalışdım – şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa və qazilərimizə can sağlığı diləməklə!
***
Bu gündən etibarən hələ 2016-cı ildə 65 illiyimə VI cildliyimi çapa hazırladığım, heç bu 70 illiyimdə də çap etdirə bilməyəcəyim əsərlərimə yazılmış annotasiya və Ön sözləri təqdim edirəm.
I cild şeirlərim Vaqif Yusiflinin yazdığı geniş Ön sözlə başlayır.
Hafiz Rüstəm
Seçilmiş əsərləri (VI cilddə), I cild: şeirlər (1968 – 1989). Bakı: “Kövsər” nəşriyyatı, 2016, 264s.
H.Rüstəmin əgər yuvarlaqlaşdırsaq, 50 illik ədəbi-bədii, elmi-publisistik və tərcümə yaradıcılığını ehtiva edən VI cildlik seçilmiş əsərlərinin I cildinə onun nəşriyyatda ( “Sizdən nə gizlədim?”“Yazıçı”,1986) , eyni zamanda əsasən dövri mətbuatda işıq üzü görmüş seçmə poetik nümunələrinin bir hissəsi daxil edilmişdir.
Lirik şeirlərinin yarısını təşkil edən bu I cild şairin erkən yaradıcılığından tutmuş yetkin yaşına qədər (1968 – 1989-cu illər) olan 22 illik ədəbi axtarışlar dövrünü əhatə edir. Bu əsərlərdə içindən çıxdığı kənd nostalgiyası, , “yada düşəndə ürək tellərini sızladan tələbəlik illəri”, ilk məhəbbət motivləri, bitib-tükənməyən gündəlik həyat və iş qayğıları, “nümunəvi sovet həyat tərzi”nin iç üzü, ictimai-siyasi-əxlaqi-milli görüşlər, parlaq təbiət mənzərələri və s. özünəməxsus poetik vüsət və ehtirasla qələmə alınmışdır.
Ümumiyyətlə, bu əsərlərdə klassik ənənə ilə müasir ədəbi forma və məzmun vəhdəti yeni bir poetik nəfəsdə, fərdi bədii üslubda öz təcəssümünü tapır.
***
Hafiz Rüstəm əsasən “Kredo” qəzetində öz orijinal yazıları ilə mütəmadi çıxış edən, ədəbi cameədə kifayət qədər tanınmış şair-şərqşünas-tərcüməçidir.
Hafiz Rüstəmin bu il çapa hazırlanan əsərləri külliyyatının I cildinə daxil etdiyi və onun Sovet dövrüylə bağlı olan, 20 illik poetik yaradıcılığını ehtiva edən (1968 – 1989-cu illər) bu şeirləri öz forma rəngarəngliyi və məzmun yeniliyi ilə diqqəti cəlb edir. O, əsasən ənənəvi stildə yazsa da, sosrealizmin stereotiplərinə sığmayıb, daha çox əbədi mövzulara üstünlük verib və kifayət qədər poetik uğurlar qazanıb.
Hafiz Rüstəmin hər şeydən əvvəl təhlil etdiyimiz aşağıdakı erkən yaradıcılıq nümunələri onun istedadlı və orijinal bir şair olduğunu bilavasitə təsdiq edir.
HAFİZ RÜSTƏMİN GƏNCLİK ŞEİRLƏRİ
Hafiz Rüstəmi - bu istedadlı şairi, gözəl ziyalını, tərcüməçi və publisisti çoxdan tanıyıram və tanıdığım gündən də səmimi bir insan olduğuna qətiyyən şübhəm olmayıb. Ara-sıra şeir məclislərində, bir sıra başqa tədbirlərdə yanaşı oturmuşuq. İnsanın dəyərini, necə bir insan olduğunu tanımaq üçün illər, aylar lazım deyilmiş. O insanın sadəcə səsini eşitmək, o səsdəki şeiriyyəti duymaq, onun gözlərinin içinə baxmaq kifayətdi. Hafiz müəllimin gözlərində həmişə doğulduğu Yardımlı dağlarından gələn saflıq hiss etmişəm. Bəlkə onu şeir aləminə çəkən, ürəyini dilləndirən də elə o saflıqdı.
Seçilmiş əsərlərinin birinci cildini mənə təqdim edəndə çox sevindim. Sevindim ki, heç olmasa bir gün onun şeir dolu ürəyinin çırpıntılarını eşidəcəyəm, dünyaya, həyata, gözəllik aləminə, təbiətə şair nəzərlərini seyr edəcəyəm.
Hafiz Rüstəmin şeirləri içərisindən bir neçəsini daha çox bəyəndim. Yəni o şeirlər mənim ruhuma, ürəyimin nazik tellərinə daha yaxındı.
Azərbaycan poeziyasında söyüd haqqında xeyli şeirlər yazılıb. Böyük şairimiz Nəriman Həsənzadə hələ gəncliyində, əllinci illərdə Araz qırağında əyilib o tayı öpən bir söyüd ağacına həsrətli bir şeir həsr edib. Balaş Azəroğlu ona "Məcnun söyüd" adı verib. Hafizin "Yaşıl söyüdlərim"də isə öz əliylə əkdiyi söyüdlərin ömrün xatirə anlarına çevrildiyi, insana məhrəm olduğu, yaddaşında yaşatdığı anlar şeirə gəlir. Söyüdlə şairin vidalaşmağı və şairin söyüdlə bağlı xatirələri həzinliklə qələmə alınıb:
Oxumaq istədim uşaq səsimlə,
Dağılsın başımdan qəmim, qəhərim.
Nələr daşıyırsız mənim özümlə,
Siz ey səpələnmiş xatirələrim?
Söyüdlər, sizlərdə şıltaqlığımın
Min bir nağılı var, əfsanəsi var.
Uşaq sərtliyimin, yumşaqlığımın
Neçə silinməyən nişanəsi var.
Yaşıl söyüdlərim, sağlıqla qalın,
Nə saralıb, nə də solacaqsınız.
Mənim xatirimdə siz qalın-qalın
Yaşıl kitablar tək qalacaqsınız.
Bu şeir 46 il öncə qələmə alınıb, yəqin ki, o söyüdlər hələ də yaşıl yarpaqlarıyla göz oxşayırlar.
Ümumiyyətlə, Hafiz Rüstəmin şeirlərində təbiətdən gələn notlar çoxdu. Təbiət onun şeirlərində necə var, elə görünür və şeirdəki ovqat da çox zaman o təbiət mənzərələrindən vüsət tapır. Yenə həmin ildə yazılan "Payız sovqatı" şeirini misal çəkmək istəyirəm. Şair yazır ki, bir gün doğma kəndi Bərcandan məktub gəlir. Məktubdan kənd payızının ətri gəlirdi.
Sandım məni kövşən ətri vuracaq,
Payız havasında üşüyəcəyəm.
Kağız xışıltısı yerinə ancaq,
Xəzəl xışıltısı eşidəcəyəm.
Bir parça kağızda bir parça torpaq
Yenidən canlanıb yaşaya bilmir.
O torpağa həsrət qalmışam, Allah,
Könül bu möhnəti daşıya bilmir.
Hafizin kənd xatirələri yetmişinci illərdən ta bu günə qədər davam edir və bu şeirlərdəki həsrət də bizə tanışdır. Kənddən çıxıb şəhərə yollanmışıq, burada ömrümüzə gün-güzəran axtarmışıq, çox çətinliklərlə üzləşmişik, axır ki, özümüzü təsdiq edə bilmişik, amma həmişə doğulduğumuz ata-baba ocağını, o dağları, o çayları, o bulaqları, o ağacları unutmamışıq və şair olan dostlarımız bunu şeirlərində dönə-dönə vurğulamışlar. Hafizin "Həsrət" şeirində olduğu kimi:
Ayrıldım... həsrətlə ürək döyündü,
Hökmünə baş əydim qəza-qədərin.
O təlaş əriyib külçəyə döndü,
Oldu buz adası xatirələrin.
Yenə bahar gəlib... şəhərdəyəm mən,
Şəhərli qızıdır o sevdiciyim qız.
Başqa bir sevdadır qəlbimdən keçən,
Qala bilməyirəm kəndsiz, bulaqsız...
Kənd həsrəti, bulaq həsrəti, çəmən həsrəti yaman olurmuş və hətta Hafiz şeirlərinin birində yazır ki, kaş bir çoban olaydım: "Şehli arzularımı toplayam çiçək kimi, Ah, necə də istərdim, olam orda bir çoban, Dağlar-daşlar titrəyə dəmir addımlarımdan".
Amma Hafiz Rüstəm bu "arzusuna" çatmadı, o, ədəbiyyat aləmində, naşirlik fəaliyyətində özünü təsdiq etdi.
Hafiz Rüstəmin şeirlərini illər üzrə izlədikdə onun bir şair kimi necə inkişaf etdiyinin, yeni mövzulara müraciət etdiyinin, sənətkarlıq axtarışlarına meyl etdiyinin şahidi oluruq. Onun yaradıcılığında Azərbaycan şeirinin ənənəvi mövzuları ilə qarşılaşırıq: Vətənpərvərlik, Təbiət və Sevgi, bir də dünyada, məmləkətdə, cəmiyyətdə baş verən hadisələrə münasibət. Və əlbəttə, bu ənənəvi mövzularla bir sıradı şairin hər bir hadisəyə, həyatda onu düşündürən, narahat edən məsələlərlə bağlı yazdığı şeirləri də az deyil.
Hafiz Rüstəmin şeirlərini bir şair ömrünün keçdiyi ömür yolunun poetik mənzərələri kimi düşünürük. Hiss olunur ki, o, mümkün qədər öz ürəyinin, hiss və duyğularının səsinə qulaq asmışdır. Öncə xatırlatdıq ki, onun şeirlərində kəndlə, təbiətlə bağlılıq çox güclüdür. Bu duyğular təkcə həsrətdən doğmur, həm də təbiətə, kəndə olan böyük sevgidən doğur. Torpağı sevmək, kəndi sevmək elə Vətən sevgisinin bir parçası deyilmi? Xüsusilə, yetmişinci illərin ortalarında yazılan "Dağlarda görüş" şeiri Hafiz Rüstəmin o dövr üçün ən uğurlu şeirlərindən biri idi. O illərdən başlamışdı ana təbiətə qəsdlər, ekoloji nizamın pozulması, quruyan çaylar, kəsilən, doğranan meşələr. Ona görə də Hafizin bu şeiri poeziyamızın həyəcan siqnalını ifadə edən şeirlər sırasına qoşuldu:
Köks qəfəsindən indi aç, burax!
Çırpınan qəlbini qaranquş kimi.
Səni qucaqlasın bu göy, bu torpaq
Bir azadlıq kimi, qurtuluş kimi!
Döysün dolu səni, ya yağış səni,
İçindən ağrılar çıxıb gedincə!
Bahar qarşılasın üzü xoş səni,
Dincəlsin beynin də hər şeydən öncə.
Sığın yurdumuzun saf bucağına
Ana ağuşuna sığınan kimi.
Korun-korun yanan od-ocağına
Yiyə dur ən nəcib bir insan kimi.
Göründüyü kimi “yaşıl söyüdlərin şairi” nə qədər poetik epitetlə səslənsə də, Hafiz Rüstəmin hələ erkən şeirlərini tam obyektivliklə əks etdirmir. Elə buna görə də yaxşı olar ki, bu ümumi qeydlərdən sonra şairin məhz I cildinə daxil olan erkən poetik yaradıcılığının ideya-məzmununu, dil-üslub xüsusiyyətlərini, bədii təsvir və ifadə vasitələrini və digər detallarını daha dərinliyi, rəngarəngliyi və dəqiqliyilə nəzərdən keçirməyə çalışaq.
Yadımdadır, Hafiz Rüstəmin “Yazıçı” nəşriyyatında çıxan (1986) ilk kitabı və o kitabda eyniadlı “Sizdən nə gizlədim?” şeri səmimiyyət və təvazökarlıqla oxucuların ürəyinə yol tapmışdı. Bu məsnəvidə şair qabaqcadan öz kredosunu, məramını və yaradıcılıq manifestini səmimiyyətlə oxuculara bildirmişdi:
Sizdən nə gizlədim? Qoy deyim açıq,
Alayarımçığam, alayarımçıq.
Köhnəni yerinə yetirməmişdən,
Təzənin qulpundan yapışıram mən.
O da yarımamış, o da bitməmiş,
Məni cəlb eləyir bambaşqa bir iş.
Hər işim yarımçıq-yarımçıq qalır,
Ev tikdiyim yerdə alaçıq qalır.
Bu, mənim qüsurum, səhvim, kəsirim,
Hanı bütöv işim, kamil əsərim?
Hanı görməyini arzu etdiyim?
Hanı o murada, kama yetdiyim?
Hanı istədiyim, axtardığım şey?
Qədəhlə ləbaləb içmədiyim mey?
Neçin əliboşam, əlidolu yox,
Giriş yolum varsa, çıxış yolu yox.
İradə laxlayıb, dözüm sökülüb?
Səbrimin kasası daşıb-tökülüb?
Yoxsa qabiliyyət, hünər çatışmır?
Görən, daha nələr, nələr çatışmır?
Parça-parça olub hələlik nəsə,
Çatışmır kamillik, bütövlük nəsə.
(“Sizdən nə gizlədim?”- 1981)
H.Rüstəmin gördüyü “Yuxu” da eyni bir səmimiyyət məhsuludur. Bu şeir Xalq şairi Səməd Vurğunun məşhur “Unudulmuş tək məzar” şerilə səsləşir:
Bu gün məni səyyar xəyal,
Öz dünyamdan qoparmışdır...
Qulağı kar,dili də lal
Bir aləmə aparmışdır.
Nə şadlıq var orda, nə səs,
Torpağı dərd, suyu qəmdir.
Onu heç kəs keçə bilməz,
O, tilsimli bir aləmdir...
Bilinməyir onun yaşı,
Köhnə adı qəbristandır.
Hər fikirli qəbir daşı
Elə bil ki,bir insandır.
Şair bu qəbristanda “üstünü ot, alaq basmış bir məzar” görür və orada qəbristan keşikçisindən o tək məzarın kiminki olduğunu soruşarkən o, deyir:
Qafil, özün bilməyirsən?
Səninkidir o tək məzar,
Onu dövran verdi bada;
Çox danışıb az yazanlar
Unudulur bu dünyada.
Hafiz Rüstəmi də öz böyük sələfi kimi “səyyar xəyal”-yuxu öz aləminə aparır.
Hərçənd yuxu – müvəqqəti ölüm, ölüm - əbədi yuxudur, deyirlər. O, bu yuxu ilə ayıqlıq arasında özündən sonraya ədəbi irs qoyub-qoymadığı haqqında düşünür:
Bu gecə gördüm ki, bütün bədənim
Birdən qəlpə-qəlpə qopdu, dağıldı.
Qum zərrəsi kimi hər zərrəm mənim
Hər yana sovruldu, səpildi, qaldı.
Atomun tükənməz zərrələritək
Bölünə-bölünə söndüm, yox oldum.
Yüzillər üstümdən sovuşdu tək-tək,
Çevrilə-çevrilə lal torpaq oldum.
Gördüm ki, alınmış hər ixtiyarım,
Çapılıb-talanmış ilk arzularım.
Sinəm – cadar-cadar,
Varlığım – lal-kar.
Sözüm də, sədam da minillik batmış,
Adım – bir xəyali, uydurma admış.
Olmamış yazılı heç bir sənədim,
Nə ləhcəm, nə doğma dildə sənətim.
Nə qəlbim, nə ruhum, nə insanlığım,
Nə məqsəd uğrunda canfəşanlığım.
Əzəldən də qara bir torpaqmışam,
Elə torpaq olub qalacaqmışam.
Özümü-özümə,
Haqqımı özümə qaytardı ancaq,
Yuxudan hövlnak qalxmaq, ayılmaq!
(“Yuxu” – 1970)
İnsan-sənətkar yaşadığı dövrdən miniillərlə uzaqlaşmağı, yenidən öz dövrünə qayıtmağı bacarmalıdır. Əgər poetik sözlər, yaradıcılıq nümunələri bu məsafələri qət edə bilməyəcəksə, onda söz sahibi də vaxtından əvvəl dünyanı tərk etmiş kimidir. Deməli, sənətkarı yaşadan fiziki ömür deyil, əbədiyyətə bəxş etdiyi mənəvi ömürdür.
E.ə. VI – V əsrlərdə Çində yaşamış Daosizmin nümayəndəsi Yan Çjunun hikmətli sözləri yada düşür: “Həyata ölüm kimi baxıram, varlanmağa yoxsullanmaq kimi baxıram, özümə özgə kimi baxıram”.
H.Rüstəm erkən poeziyasında – hələ Sovet dövründə qürbət mövzusunu gündəmə gətirib. Bəzən vətəndaş qaragüruh siyasi rejimin təqiblərinə məruz qalır, nəhayət öz doğma vətənini tərk edib qürbətdə yaşamağa məhkum olur. Belə bir vətəndaş Aşıq Qərib kimi diyarbadiyar gəzir, tutiya kimi özüylə götürdüyü bir ovuc torpağın qoxusuyla yaşayır. Qürbətdə yaşayan qərib üçün özüylə götürüb-gəzdirdiyi bir ovuc vətən torpağı – vətən, özü isə həmin torpağın vətəndaşıdır:
Bir ovuc qara torpaq götürmüşəm vətəndən,
Özümlə azadlığa gətirmişəm vətəndən.
Bir ovuc torpağın da kəsbü karı yox idi,
Hürr yaşamaq hüququ, ixtiyarı yox idi.
O da məzlum xalqımın bir nəfəri kimiydi,
O ana torpağımın zərrələri kimiydi.
Nə gözdə bilinirdi, nə könüldə qiyməti,
Onun da alçalırdı qüruru, ləyaqəti.
Şərəfi tapdanırdı, varlığı talanırdı,
Elə bil ki, sinəsi odlara qalanırdı.
Bir ovuc qara torpaq müqəddəs bir türbədir,
O da elə mənimtək vətənsiz qəribədir.
Yox, vətəndən kənarda o, doğmaca vətəndir,
Bir ovuc torpaq deyil, bir dünyadır, nədəndir!
Bu yad eldə, qürbətdə sığınmışam ona mən,
Mən ona vətəndaşam, o isə mənə - vətən!
(“Mühacirin dedikləri” – 1969)
H.Rüstəmin Sovet dövründə - 18 yaşında ikən mühacirin keçirdiyi hissləri qələmə alması, hətta məcburi mühacirət mövzusuna sonralar “Fələstin” poemasını həsr etməsi təsadüfi deyil. Bu, məhz şairlərə ilhamla əyan olan öncəgörmədir. Çünki SSRİ süqut edərkən öz tarixi yurd-yuvalarından - Ermənistandan, Azərbaycanın Dağlıq Qarabağından və ona bitişik yeddi rayondan erməni-rus hərbi vandalları vasitəsilə kütləvi şəkildə - məcburən, zorakılıqla, vəhşiliklə qovulan Azərbaycan türkləri eyni aqibəti yaşamalı oldular. Deməli, mühacirlik ən azından həm də tərki-vətənlik, cəlayi-vətənlikdir, ən pis halda isə öz doğma vətənindən qovulmaq – binəsib qaçqınlara, məcburi köçkünlərə çevrilməkdir.
***
Hafiz Rüstəmin ilk şeirlərində təbii olaraq kənd xatirələri, həsrət motivləri, parlaq təbiət təsvirləri geniş yer tutur (şairin sonrakı əsərlərində də bu tendensiyanı müşahidə etmək olar – V.Y.). O, sanki bir peyzajist kimi naturadan rəsmlər çəkir, əllə toxunulması, gözlə görülməsi mümkün olan şeylərə, şəxsən müşahidə etdiyi və iştirakçısı olduğu hadisələrə daha çox üstünlük verir. Şair uşaq sadəlövhlüyü, təbii sevinclə şey və hadisələr haqqında isti-isti təəssüratlarını öz oxucuları ilə bölüşməkdən zövq alır. O, hər şeydən əvvəl, sanki bir sevingən uşaq kimi öz anasına hardasa gördüklərini, ürəyini riqqətə gətirənləri nəql edir. Bu aspektdən “Torpaqdan burulan buğ” başlığı altında verilən, erkən gənclik illərini (1968 – 1978) əhatə edən məhz bu dövr şeirlərinin əksəriyyəti: “Bahar”, “Deyərsən: Hafiz hanı?”, “İlk məhəbbət”, “Son məktub”, “Əs, ey səba yeli”, “Gizli bir iltimas”, “Qonaq, ay qonaq”, “Yaşıl söyüdlərim”, “Payız sovqatı”, “Həsrət”, “İşıq”, “Sürücü”, “Təbiilik”, “Doğma ocaq”, “Nə ola”, “Sevinc yaşları”, “Yenə anam olaydı”, “Kaş bir çoban olaydım”, “Xoş xatirə”, “Lövhə”, “Xəzərdə səhər”, “Dağlarda görüş”, “Dağlarda bahar”, “Payız”, “Göl”, “Yardımlı yollarında”, “Bərcan”, “Məcun dağ havasında” və s.bir-birindən maraqlı və məzmunlu bədii təsvir vasitələrilə zəngindir. Həm də bu başlıq altında olan təbiət təsvirləri içərisində bahar şeirləri, klassik dillə desək bahariyyələri diferensial təravətləri və gözəlliklərilə diqqəti cəlb edir:
İlk bahar çağında günəş çıxmamış
Çıxasan dağlara gül dərə-dərə.
Bulud çulğamamış, yağış yağmamış
Göstərər özünü neçə mənzərə.
Qarşıda köndələn Musalar yolu,
Altı Mətərə çay, üstü Kerandır.
Bəzən cığırlardır yolların qolu,
Asta, gül inciyər, dostum, amandır.
Bilirəm yol gəlib susamısan sən,
İç dərə döşündə Soyuq bulaqdan.
Dər Güllü təpənin yemliklərindən,
Həzz al çeynədikcə quzuqulaqdan.
Başının üstündən ötəndə quşlar,
Salamla bülbülü, sarıköynəyi.
İnsana necə xoş təsir bağışlar!
Eynəyin var isə, çıxar eynəyi.
Hələ 19 yaşlı gənc şairin bu gözəl misralarının təsiri altında təbiətin qoynuna düşməmək, onun obrazlarına qoşulmamaq, yəni bir bahar ömrü yaşamamaq mümkün deyil. Sanki sən özün də bilmədən macəraçı, nabələd qonaq kimi şairlə birgə keçdiyin qalın meşədə “vəhşi”, yabanı ağac budağının qolundan yapışacağından, yaxud yolunu kəsən çoxdan bitmiş, qartımış tikanlı bir kolun köynəyini əynindən çıxaracağından ehtiyatlanırsan:
Qalın meşələrdən keçəndə, qonaq,
“Vəhşi” ağaclardan ehtiyatlı ol.
Yapışar qolundan qəfil bir budaq,
Çıxarar əynindən köynəyini kol.
Hafiz Rüstəm uşaq çağlarında gördüyü, ürəyində min bir duyğular oyadan baharı yenidən, təkrar görmək istəyir. Onsuz da bu romantik əhval-ruhiyyəli baharı bütün yeni nəsillər öz gözlərilə görür və yaşayırlar. Deməli, Hafiz Rüstəmin növbəti bahariyyəsi təxəyyül məhsulundan çox təsəvvür olunan mənzərələrdir:
Nə ola, ilk bahar ola yenə də,
Uşaq istəyimcə, arzularımca.
A göylər, gözlərin dola yenə də!
A yerlər, kükrəyəm sel-sularınca!
Yenə haray salam yala-yamaca,
Çiçək qayğılaım şehə bürünə.
Yenə gözlərimdə yollar – tapmaca...
Qayadan atıla, düzdə görünə.
Yenə pərvazlana səhər sevincim,
Kəpənək dalınca yora özünü.
Muştuluq sevincim, xəbər sevincim
Çatdıra sözünü, deyə sözünü.
Burada bir-birini əvəz edən təşbehlər, metaforalar hər birimizin yaşadığı ömür baharını təkrar canlandırmaq gücündədir:
Bir durna qatarı bölünə iki,
Bir qərib duyğuyla dağa çəkiləm.
Təzə danlaq payım – bir şələ yükü
Onu kürəyimdən boşalda biləm.
Əgər qayıtmasa bu keçmiş, bu dəm,
Qınayam zamanın bu axarını.
İlləri geriyə çəkə bilməsəm,
Köməyə çağıram kənd naxırını
(“Nə ola” – 1971)
Adam az qala istəyir desin: illərin nə həddi var ki, kənd naxırının azman gücü qarşısında həsdəməsin, yəni geri çəkilməsin.
Hafiz Rüstəm “Dağlarda bahar” adlı bahariyyəsində konkret bağ-bağçalarda ağacların tumurcuqlanmasını, hər yarpaq üstündə şehlərin muncuqlanmasını göstərir:
Geniş həyətlərdə bağçanın, bağın
Hər ağacı hələ tumurcuqlanır.
Gecədən açılan hər tər yarpağın
Üstündə bir neçə şeh muncuqlanır.
Şair “İlin axır çərşənbəsi”ndə bahar bayramı təntənələrini sadəcə nəzmə çəkmir, yüksək poetik forma və məzmunda oxuculara ünvanlayır:
Axşam tonqallar çatılır,
Ellər üstündən atılır.
Ellərin dərdi qatılır
Odda yanır yığın-yığın...
Ağırlığım-uğurluğum.
Əziz bayram xoş gəlmisən,
Əlində bəxşiş gəlmisən.
Dilində alqış gəlmisən,
Dodağında yaz busəsi,
İlin axır çərşənbəsi.
Köhnə ilin bəhrələri
Qoy bəzəsin süfrələri.
Məxməri çay gəlsin bəri,
Yanında gül mürəbbəsi,
İlin axır çərşənbəsi.
Məcməyi üstə səməni,
ƏƏvəz edir göy çəməni.
Təbrikə çağırır məni
Neçə-neçə şam şöləsi,
İlin axır çərşənbəsi.
(“İlin axır çərşənbəsi” – 1982)
Şairin təbiət təsvirləri təkcə bahar mənzərələrilə məhdudlaşmır. Aşağıdakı lövhə konkret bir dəniz görüntüsünün subyektiv inikasıdır:
Dənizdə gəminin göyərtəsindən
Üfüqə sığınan sulara baxdım.
Üfüqdə üzürdüm elə bil ki, mən
Üfüqün üstündən yıxılacaqdım.
(“Lövhə” – 1976)
Yaxud Xəzərdə səhərin açılması səhnəsi sanki rəssam fırçasıyla canlandırılıb:
Yenə sübh çağıdır...şıltaq ləpələr
Sahilə səf çəkir bir qoşun kimi.
Şəkildən-şəkilə düşən göy Xəzər
Ağarır ərinmiş qurğuşun kimi.
Ağarır dan yeri...
Obaşdan bəri
Günəş əritdiyi torandan çıxır.
Qırıq-qırıq edib zərif ipləri,
Elə bil, balıqçı torundan çıxır.
(“Xəzərdə səhər” – 1976)
Təbiətin toxunulmazlığını, ekoloji tarazlığın qorunmasını aşağıdakı misralardan da gözəl necə ifadə etmək olar:
Bu sarp qayalara, bu qart daşlara,
Bu sərt enişlərə, dik yoxuşlara...
Baxdıqca bu fikrə gəlirəm bir an:
Gərək təbiətə toxunmayasan!
Vaxtilə S.Vurğun “Təbiət ilhama çağırır məni” deyirdi və təbiət mənzərələrini tərənnüm edirdi. H.Rüstəm də öz oxucularını böyük sələfi kimi təbiət gözəlliklərini sevməyə, onu göz bəbəyi kimi qorumağa dəvət edir:
Yüksəyə qalxırıq... oyuncaq kimi
Yerlər ucaldıqca, göylər alçalır.
Dağlar diyirlənir bir yumaq kimi,
Sap tək o yumaqdan yollar açılır...
Buz bulaqlar tutub saxlayır bəzən
Bizi şaxələnən qolları üstə.
Sivri qılınc kimi dərə dibindən
Sıldırım sıyrılır yolların üstə.
Qayalar kənara çəkilib durub,
Kəllə-kəlləyədir bu dağ qoçları.
Ağsaqqal baba tək zirvə oturub, -
Aşırıb üst-üstə cığır qıçların.
Necə bu zirvədə çəkəsən nəfəs?
Çünki “Qu!” deyəndə qulaq tutulur.
Hər çöp çıqqıltısı – qulaqda bir səs,
Hər quş ciggiltisi – hay-haray olur...
Çox-çox aşağıda ağarır duman,
Sanki ayağımız yerdən üzülür.
Bu anda elə bil göy şanısından
Bal şirəsi kimi hava süzülür.
(“Yardımlı yollarında” – 1980)
H.Rüstəm əruz vəzninin möcüzələrindən də yararlanıb. Öz kəndini doğma anasına oxşadıb və onu əruz bəhrində əzizləyib:
Sən doğma anamsan uca dağlar ətəyində,
Güldəstə tutubsan neçə bağlar ətəyində.
Qırçınlı tuman-köynəyini görməmək olmaz,
Məğrur başına dəfnə çələng hörməmək olmaz.
Sən yoxsa əkindən, ya biçindənmi gəlirsən?
Ya ayrılaraq durna köçündənmi gəlirsən?
Qaysaqlı əlin var qələmə qaşların üstə,
Sən yoxsa baxırsan, ana, sərt daşların üstə?
Sən yoxsa məni gözlərin ilə arayırsan?
Ağ saçlarını sübh mehilə darayırsan?
Sübhün günəşi qoymayacaqsan yana mənsiz,
Ah, mən nə bilim, sən nə çəkirsən, ana, mənsiz?
(“Bərcan” – 1983)
Hafiz Rüstəmin erkən yaradıcılığında ana obrazı müxtəlif şeir formalarında təzahür edir. Ana şairin erkən itirdiyi əziz varlıq kimi təkcə yad edilmir, onun həyat tərzinin canlı iştirakçısına çevrilir. “Yenə anam olaydı” şerində şair bü gündən dünənə uçur, yenidən uşaq olur. Yazıçı-publisist Natiq Səfiyev “Hafiz Rüstəm dünyası” adlı əsərində bu şeri aşağıdakı kimi şərh edib: “Heç birimiz istər sağ, istərsə dünyasını dəyişmiş anamızı vətəndən, torpaqdan ayrı təsəvvür etmirik:
Ana təbiət məni keçirib köynəyindən,
Öpəydi gözlərimdən, tutaydı biləyimdən.
Mən də dağ ətəyindən anamın ətəyitək
Yapışıb qopmayaydım nəvaziş gözləyərək.
Anamın qolları tək dolanan ağ yolları
Boynuma sarıyaydım.
Anamın saçları tək ipək şəlalələri
Daraq barmaqlarımla oxşayıb darayaydım.
Burada şair anası ilə təbiət arasında bir vəhdət görür. Anasının ətəyini – dağ ətəyinə, gözlərini – üfüq pəncərələrinə, saçlarını -şəlalələrə, öz barmaqlarını – darağa bənzədir.Ancaq gəzib-dolandıqdan sonra təbiətdən doymaq mümkün olsa da, anadan doymaq mümkün olmur:
Təbiətdən doyaydım... anamçün ac olaydım,
Onun qayğılarına yenə möhtac olaydım.
Mehriban təbiətin ağuşundan qaçaydım,
Qaçaydım yox, uçaydım!
Bu dəfə qayıdaydım
bu günə, bu saata, bu ana başıaçıq,
kol-kos cırmış köynəklə,
bir də yalın ayaqla...
(“Yenə anam olaydı” – 1973)
Vaxtilə Məmməd Araz ölümün haqq olmasına inanmırdı:
İnana bilmirəm: ölüm haqq ola,
Torpaq rəssam uda, bəstəkar uda! --
Ana dəfn oluna, gözəl qocala...
Bəlkə bir səhnədir, əsərdir bu da...”
Hafiz Rüstəmin “Gənc ana” şeri öz yüksək ədəbi-estetik qayəsi, dil-üslubu, bədii vasitələri və müqəyyəd qafiyə sistemi ilə seçilir. Əvvəlcə heç nə ilə fərqlənməyən, eyni işi görən gənc ana beşik başında görünür. Bu ana öz öhdəsinə düşən adi bir işi görən, zahirən digər analardan fərqlənməyən bir anadır.
Hafiz Rüstəm gənclik illərində körpəsini yatıran gənc ana obrazı yaradıb. Keçən ilin axırlarında öz facebook səhifəsinə yerləşdirdiyi bu gözəl şerinə aşağıdakı epiqrafı da əlavə etməyi lazım bilib: Ana da müqəddəs mövzulardandır. Analardan nə qədər yazsaq, bitib-tükənən deyil.Anaların həmişə gözlərimiz üstündə yerləri var. Bu şeri hələ gənclik illərimdə gənc analara həsr etmişəm.
Yatırar körpəni… Yatmaz gənc ana,
Gecələr sübhəcən beşik yırğalar.
Кörpənin onsuz da bal yuxusuna
Qatar baldan şirin sözlər, laylalar.
Ana beşiyini yırğalasa da, layla çalsa da bala yatmaq bilmir. Ancaq ana bezmir, öz ana vəzifəsini məsuliyyətlə yerinə yetirir:
Кörpə mürgüləməz… uyumaz ana,
Ətirlər uyuyar gül nəfəsində.
О, qulluqçu olar öz balasına,
Аna qulluğunda, vəzifəsində.
İlk baxışda adi qaydayla yatırılan körpəyə qeyri-adi qüvvələr kömək etməyə başlayır. Sən demə, vətən özü körpənin yuxusuna keşik çəkir. Deməli, körpəni yatırmaq adi bir ailə-məişət müstəvisindən çıxıb ümummilli bir mahiyyət kəsb edir.
Beşiyin başında anaya bəzən
Gecələr könüllü köməkçi olar.
Аnanın şəxsində böyük bir vətən,
Кörpə yuxusuna keşikçi olar.
Аrxayın-arxayın yumub gözünü,
Bəyaz süd gölündə üzər südəmər.
О yana-bu yana çırpıb özünü
Qızılgülə batar, qızılgül dərər.
Sabah vətənin keşiyini çəkəcək körpəni indi təkcə ana deyil, həm də vətən bəsləyir. Öz yuxusunu körpə yuxusuna qatan, onu yatıran gənc ana özü yatsa da, ana vətən yatmaz, ayıq-sayıqlığını əsla itirməz.
Bu təfəkkür poeziyasının son bəndi yüksək, klassik ümumiləşdirmə ilə yekunlaşır:
Körpə yatmayanda, öz yuxusundan
Körpə yuxusuna qatar gənc ana.
Körpə yuxulayıb yatdığı zaman,
Yatmaz ana vətən,
Yatar gənc ana.
(“Gənc ana” – 1976)
Şairin “Ana dərdi”sadəcə ağır dərd deyil, yüksək mübaliğələrlə müşayiət olunan Kainat dərdidir, kosmik hadisədir. Bu dərdi daşımaq hər oğulun işi deyil:
O, bir sonsuz kainatdı oxşarkən məni,
Əllərindən ay doğardı, ulduz düşərdi.
H.Rüstəm facebook səhifəsindən (13 sentyabr 2015) paylaşdığı, növbəti şeir öz nakam, vaxtsız dünyasını dəyişmiş sevimli anasına ithaf etmişdir. Əslində bu poetik nümunə təkcə öz anasına deyil, bütün nakam anaların xatirəsinə qoyulmuş söz heykəlidir. Təsadüfi deyil ki, bu hüznlü şeri qısa müddətdə 3 nəfər öz səhifəsinə köçürüb, 60-dan yuxarı izləyici bəyənib. Özü həmin şerin yaranma tarixi və əhəmiyyəti haqqında bir-iki kəlmə izahat verməyi də unutmayıb: “Bu səhər üzünü doyunca görmədiyim, erkən vəfat etmiş, dünyamı həmişəlik yetim qoymuş, el içində mərdlik heykəli kimi ad çıxarmış, əziz, sevimli, qəhrəman anam Ümmülbanu yadıma düşdü. Vaxtilə onun müqəddəs ruhuna həsr etdiyim aşağıdakı şeir indi də mənə təsəllim oldu. Halbuki bu şeri 20 yaşımda anasızlıq üzüntülərilə qələmə almışam”:
Тökülüb yollara həsrət yağışı,
Тökülüb yollara ana baxışı.
Bitib yollar boyu çiçək naxışı…
Rizləri ot basıb, dönüb yaşıla,
Hardasan, ay ana, məni qarşıla.
Bu dağlar qoynuna vurğun gəlmişəm,
Piyada gəlmişəm, yorğun gəlmişəm.
Ərinməyib oğrun-oğrun gəlmişəm,
Bəlkə səni görəm, eynim açıla,
Hardasan, ay ana, məni qarşıla.
Evimiz görünür, sən görünmürsən,
Qonur gözlərimə çən, görünmürsən.
İndi çox qəmliyəm, şən görünmürsən.
Kim ola, qəmimə gəlib qoşula?
Hardasan, ay ana, məni qarşıla.
Sən yoxsan saf sutək, təmiz havatək,
Sən yoxsan verdiyin xeyir-duatək.
Sən yoxsan çaldığın şirin laylatək,
Könlüm sənsizliyə necə alışa?
Hardasan, ay ana, məni qarşıla.
Görün qayğım kimi yolumun üstə!
Görün arzum kimi min bir həvəsdə!
Ya məndən analıq borcunu istə,
Ya mənə doğmalıq, saflıq bağışla!
Hardasan, ay ana, məni qarşıla…
(“Məni qarşıla”, 1971)
H.Rüstəm bir məqaləsində yazır: “Keçən əsrin 70-ci illərində vaxtaşırı Filarmoniyada təşkil olunan solo konsertlərinə gedirdim. Bu konsertlər adətən C.Cabbarlının məşhur “Ana” şerinin qiraəti ilə başlanırdı. Bir dəfə aparıcı Eldost Bayramova ( o həm də radio diktoru kimi məşhur idi) təzə yazdığım “Ana” şerimi göstərdim, xoşuna gəldi , növbəti konsertlərdə C.Cabbarlının şerilə yanaşı o, mənim də bu şerimi oxuyurdu:
İllərdir tərk edib getmisən məni
Tapşırıb hicrana, ana, ay ana.
Sənin yoxluğuna inanım necə?
Buna kim inana, ana, ay ana.
Sən məni bəxş etdin elə, vətənə,
El də minnətdardır, vətən də sənə.
Bu son səfərindən geri dönsənə,
Üz tutdun hayana, ana, ay ana.
Halal südün ilə bəslədin məni,
Şirin dilin ilə səslədin məni.
Hədədən, qorxudan gözlədin məni
Canın yana-yana, ana, ay ana.
Artıq qovuşmusan əbədiyyətə,
Əbədiyyət sənlə yetib izzətə.
Sənin Hafizinsə bu ülviyyətə
Deyildir biganə, ana, ay ana.
(“Ana, ay ana” – 1977)
Aparıcı pafoslu qiraətini bitirdikdən sonra səhnədən – uzaqdan-uzağa əyləşən tamaşaçılar arasında əlinin işarəsilə hər dəfə məni göstərər, gur, məlahətli səslə publikaya təqdim edərdi: ”Bu şerin müəllifi Hafiz Rüstəm Sizin qonağınızdır! Gəlin, gənc şairi alqışlayaq!”Mən də istər-istəməz, qürur hissilə ayağa qalxar, əllərimi başım üzərində sıxaraq mənə doğru yönələn pərəstişkarlara təşəkkürümü bildirərdim”.
Hafiz Rüstəmin gənclik şeirlərində saf sevgi, ülvi eşq əsas yer tutur. Bu yüksək hisslər çox romantik, çox alidir. Şairin Kozettası (Viktor Hüqo) həyatdan daha çox təxəyyülün məhsuludur. O, sanki mələk sevgilisi ilə - ilham pərisilə həmsöhbət olur:
Gün keçir – yel qanadlı,
Biz – piyada, o – atlı.
Olsan belə inadlı
İtirərsən gümanı,
Deyərsən: Hafiz hanı?
Vüsalı xoşlamazsan,
Hicranı boşlamazsan.
Əlbət bağışlamazsan
Özünə bu nöqsanı,
Deyərsən: Hafiz hanı?
Şair bu mələk sevgilisindən - kənd gözəlindən vida səhnəsini həsrətlə yad edir:
Bu məchul sevdanın çağırışları
Bilsəniz nə qədər şirindi, şirin!
Mənə unutdurdu o baxışları
Nəvazişkar mehri təsadüflərin.
Ayrıldım...həsrətlə ürək döyündü,
Hökmünə baş əydim qəza-qədərin.
O təlaş əriyib külçəyə döndü,
Oldu buz adası xatirələrin.
(“Həsrət” – 1970)
H.Rüstəm bu məchul, həm də məlum sevdanın çağırışlarına xeyli, silsilə şeirlər həsr edib: “İlk məhəbbət”, “Təbiilik”, “Gözlərin”, “Bir ulduz”, “Xoş xatirə”, “Ürəyim”, “Səndən istədiyim səadət”, “Tənhadan tənha”, “Sən özgəni sevirsən”, “Qonşu qız”, “Güldən artıq, ya da əskik”, “Gəl, əl-ələ verək”, “Səni yuxularda görürəm yenə”, “Axar bir bulağam”, “Sadə məhəbbət”, “Mən sənə baxanda”, “Dodağından uçan söz”, “Gül incə deyil”, “Gözəl”, “Əlvan səslər”, “Sənin mavi gözlərin”, “Qara gözlər”, “Hələ səni görməmiş”, “Mən səni gözlərəm”, “Şikayət”, “Sənsiz”, “Olacaq”, “Allah saxlasın”, “Gördüm”, “Ona”, “Bəyaz yelkənim”, “Sənə nə vermişəm?”, “Qara gözlüm” və s.
Lirik mən sevmir, ancaq yüksək məhəbbətlə sevilir. O, bu birtərəfli məhəbbət yolunda öz eşqini qurban verməyə, fədakarlıq göstərməyə də hazırdır. “Sadə məhəbbət” şerinin qəhrəmanı kimi:
Mənmi fədakaram, omu fədakar?
Mənmi bəxtiyaram, omu bəxtiyar?
O, məni açıqca sevdiyi kimi,
Mən onu gizlicə sevmirəm qəti.
Özüm də bilmirəm haçana kimi
Gizləyim aşikar bir həqiqəti.
Yenəmi Romeo roluna girim,
Sınayım aktyor məharətimi?
Qısqanc Cülyettama açıb göstərim
Yalançı “ilahi məhəbbətimi”.
Üzdə maskalanmış bu ağ yalana
Doğrudan-doğruya inansın o da.
Alışsın, tutuşsun qoy yana-yana
Məhəbbət deyilən həqiqi oda.
Bu sadə məhəbbət yaşasın deyə,
Sevgimdə yanılım, o yanılmasın!
Ondan özgəsini bir də sevməyə
Gizli də, açıq da haqqım olmasın!
(“Sadə məhəbbət” – 1978)
Şairin epiqraflarında sevgi etirafları çox maraqlıdır:” Gəncliyimdə bəzi sevgilər real həyatla ideal arasında görünüb. Bu sevgi də adi həyatımla ideal təsəvvürüm arasında sərgərdan qalıb. S. xanımın şəxsində onun özünü yox, görmək istədiyim xəyali obrazımı sevmişəm. Xeyli sonralar bu qarabağlı qız öz rəfiqəsinə demişdi ki, heç bilirsənmi ki, həmkarımız Hafiz mənə şəxsən bir şeir yazıb və əlyazması halında mənə bağışlayıb. O, sandıq ədəbiyyatı deyil, böyük ədəbiyyat nümunəsidir ki, ikinci kitabına daxil edib. Arabir o şeri oxuyanda sanki güzgüdə şairin vaxtilə sevgilisi olmuş özümə aşiq oluram. Mübaliğəsiz deyərdim ki, elə mən də bu şerimdə gənclik eşqimin – S. xanımın yox, bu xanımın şəxsində başqa bir sevgilimin yolunda unudulmaz, Məcnun ürək döyüntülərimi eşidirəm”:
Mən görürəm sənin məğrur zirvəli
Yamyaşıl ətəkli çinar qəddini.
Şah rəsm əsəritək əcəb görməli
Sadə gözəlliyin o son həddini.
Mən sənə baxanda yanaqlarında
Bir cüt qara xallı lalə görürəm.
Həmişə boyasız dodaqlarında
Təbəssüm adlanan halə görürəm.
Mən sənin ətirli saç hörüyünü
Elə bil bir sünbül çələng hörürəm.
Dağ çeşməsi kimi saf ürəyini,
Təmiz vicdanını rəngsiz görürəm.
Görürəm, görürəm nələr, ah nələr...
Bir eşqə pozulmaz sədaqətimi.
Mən sənə baxanda görürəm hədər
Boş yerə gecikmiş məhəbbətimi.
(“Mən sənə baxanda” – 1979)
Şair bu şerində də zahirən sevildiyini, daxilən isə başqasını sevdiyini etiraf edir: “Tənhadan tənha görünürəm. Bilmirəm tənhalıq içimdədir, yaxud tənhalıq içindəyəm?”- deyir. Ancaq bu şeir də eyni məzmunlu olsa da, ifadə formasına, dil-üslubuna, ümumiyyətlə poetikasına görə fərqlənir. Burada eyni həyat dramının təkrarı yox, inkişafı və davamı diqqəti cəlb edir:
Nə sevgidə başlanğıc,
Nə də intəha mənəm.
Təkcə tənha deyiləm,
Tənhadan tənha mənəm.
***
Тutuşub eşq oduna,
Qalmışıq yana-yana.
Bizi sala yadına,
Кim düşünə, kim ana?
Еlə kamil eşqə yan,
Həm yana, həm yandıra.
Öz-özündən alışan
Günəşi kim söndürə?
Кim o eşqə su səpə?
Su da alışar oda.
Bu atəş nə səbəbə
Аrtar, artar daha da?
İçim yaxdı özümü,
Çölüm isə özgəni.
Sеvmədim əzizimi,
Əzizim sevdi məni.
Ürəyimdən kim keçdi?
Nə keçdi? Bilmədi o.
Ömür keçdi, gün keçdi!
Sevdi, sevilmədi o.
Gül açmamış bir əməl,
Soldu, xəzəllik oldu.
Sevdiyim ayrı gözəl,
Özgə gözəllik oldu.
О zamandan beyni qan,
Havalı, mağmun mənəm.
Gah gülən, gah ağlayan,
Leylisiz Məcnun mənəm.
Nə gecəsi gecə, nə
Günü gün olan mənəm.
Ayrı gözəl eşqinə
Yanıb-yaxılan mənəm.
Həm vəfasız çıxan, həm
İstəyən vəfa mənəm.
Nə o, nə də bu həmdəm,
Тənhadan tənha mənəm.
(“Tənhadan tənha” – 1976)
Oxuyan gözəl qız müğənni də şairin gözəllik idealı deyil:
Necə xoş oxudun, gözəl oxudun,
Bir də o nəğməni oxuma, gözəl.
Ürəyimin nazik pərdələrinə
Sehrkar səsinlə toxunma, gözəl.
Sənin avazında nə möcüzə var!
Məni gah yandırar, gah da dondurar.
Keçmiş günlərimi mənə andırar
Toxunar-toxunmaz ruhuma, gözəl.
Mavi gözlü qız da çox gözəldir, ancaq o deyildir:
İki damcı su kimi bir-birinə oxşayır
Sənin mavi gözlərin.
Birevli qonşu kimi cüt, mehriban yaşayır
Sənin mavi gözlərin.
Büllur kimi o şəffaf ürəyini göstərir
Sənin mavi gözlərin.
Gizlətdiyin təmiz, saf diləyini göstərir
Sənin mavi gözlərin.
Təmiz məhəbbətinin heç ləkə götürməyən
aynasıdır o gözlər.
Heç kəsə dikilməyən, heç kəsə sirr verməyən
O gözlər kimi gözlər?
Düşər sevinc işığı, düşər kədər kölgəsi
O mavi gözlərinə.
Ayrıca bir rəng verər o rənglərin hərəsi
Səmavi gözlərinə.
Sanki mavi bir ümman, dayaz deyil, dərindir
Sənin mavi gözlərin.
Sənin dayaz olmayan dərin hisslərindir
Sənin mavi gözlərin.
(“Sənin mavi gözlərin” – 1980)
Bu cür yüksək ehtirasla yazılmış, iki damcı su kimi bir-birinə oxşayan mavi gözlərin sahibəsi də şairin ürəyinin sahibəsi ola bilmir. Qüdrətdən yaranan “Qara gözlər”ə isə onun əli çatmır.
Hafiz Rüstəmin fb səhifəsindən:
“Artıq 35 il keçib. Sirləri açmaq günah olmaz. İş yerimdə Aida xanımla mən bir-birimizi dəlicəsinə sevdik. Bir müddət bir-birimizin həsrətində, intizarında olduq. Mən də oda bir-birimizin yolunu gözlədik, ancaq Zaman gözləmədi. Sonra nəsə xasiyyətimiz baş tutmadı. Ancaq bu şeir bizim sevgimizin poetik şəhadəti kimi yaşadı”.
H.Rüstəm “Mən səni gözlərəm, zaman gözləməz” deyir. Abstrakt zamanın rəngləri, qeyri-müəyyən cizgiləri, ilğımlara oxşar görüntüləri aldadıcıdır:
Mən səni gözlərəm, zaman gözləməz,
Zamanın öz dərdi, öz səri vardır.
O da öz sirrini daim gizləməz,
Min-min oxunmamış əsəri vardır.
O da öz dövründə, hərəkətində,
Hərdən külək kimi donsuz görünür.
Hərdən bu hüdudsuz təbiətin də
Önündə elə bil, sonsuz görünür.
Gah yağış şəklində o dəyir gözə,
Gah bulud şəklində ərşə çəkilir.
Gah da bir bağbanın əlində nəsə
Körpə şitil kimi yerə əkilir.
Ayrıca əsrarlı bir aləmi var,
Sanki bu həyata o biganədir.
Ancaq insanlıqdan, varlıqdan kənar
Zaman bir heçlikdir, bir əfsanədir.
Şair qızıl vaxt axtarışındadır. Bu qızıl vaxtı tutub saxlamaq mümkün deyildir:
Hər şeyin vaxtı var – qızıl vaxtı var,
Qızılı gümüşə tay tutmaq olmaz.
Qızıl vaxtımızı zaman oğurlar,
Oğurlanan şeysə bir də tapılmaz.
Axı bu ömürdür, adi şey deyil,
Itiyin əvəzin tapasan asan.
Büllur qədəhlərdə dolu mey deyil,
İçib birnəfəsə sərməst olasan.
Nə qızıl-qırmızı meydə gözüm var,
Nə sərxoş kökünə düşmək həvəsim.
Qızıldan qiymətli elə sözüm var,
Onu ürək istər səndən gözləsin.
Kosmik sürət ilə zaman tələsər,
Verməz göz açmağa imkan, tələsər.
Bir arzu, bir niyyət, güman gözləməz,
O, bizi saxlamaz cavan, gözləməz!
Mən səni gözlərəm,
Zaman gözləməz!
(“Mən səni gözlərəm” – 1980)
H.Rüstəmin fb səhifəsindən:
80-cı illərin bir gözəlinə
Sağ ol, mənim sadiq qonşum Sevda xanım. Bu qoşmanı hansı kitabımdan götürüb səhifənə çıxarmısan, bilmirəm. Ancaq özün də bilmədən ürəyimin yarasına toxunmusan . Nə gizlədim, iş yerimdə Aida adlı bir gözələ vurulmuşdum. Qonşu redaksiyada olduğundan onunla tez-tez görüşüb-söhbətləşirdim. Hətta o qızın mənə biganə olmadığını da bilirdim. O zaman ölkə mətbuatında bəzi orijinal şeirlərim və tərcümələrim çap olunurdu və mən bir gənc şair kimi tanınırdım. 1980-cı ildə məni 6 ay müddətinə Lvov Hərbi-Siyasi məktəbinə bir tərcüməçi kimi dəvət etdilər. Qayıdarkən Aida xanım etiraf etdi ki, artıq onu öz rəyi olmadan başqasına nişanlamışlar. Bu şeri yazıb ona artıq bir köhnə dost kimi yadigar verdim. Çünki Leyli və Məcnunluğa yox, həmişə məhz qismətə inanmışam. Fidan xanım, Sən məhz bu şeir-yadigarı məndən xəbərsiz dərc etmisən və şübhəsiz məni duyğulandırmısan. Eybi yoxdur, qoy bu sevgi hekayətini oxusunlar və mənim zəngin təxəyyülümün məhsulu olmadığını yəqin etsinlər.
İlahi, görəsən, o nazlı ceyran,
Hansı bəxtəvərə qismət olacaq?
Görən, kim çəkəcək onun nazını?
O da bir sevgili afət olacaq.
İlham pərisindən daha incədir,
Deyərsən ki, könül tellərincədir.
Baharda açılan nə şux qönçədir!
O, bizim torpağa zinət olacaq.
Eşqin atəşinə hələ yanmayıb,
Odur ki, eşqi də ciddi sanmayıb.
Onun mənim kimi qəlbi sınmayıb,
Nə bilsin, intizar, həsrət olacaq?
Hafiz, kəsilibdir səbrin, qərarın,
Saralıb-solurmu ömür baharın?
Hanı axtardığın elə bir yarın?
Bəs haçan ürəyin rahət olacaq?
(“Olacaq” – 1981)
Nəhayət, anasıölmüş şairin öz yarını, könül tayını tapdığını təsdiq edən poetik sənədlərdən biri:
Qollarını açıb bir uşaq kimi
Özünü üstümə atırsan, gülüm.
Ələ almaq üçün kövrək qəlbimi
Məni min bir dilə tutursan, gülüm.
Görürsən saralıb bətim-bənizim,
Çuxura düşübdür gözüm, çağlamır.
Susub təlatümlü könül dənizim,
Anası ölmüşəm, anam ağlamır.
H.Rüstəm hələ gənc yaşlarından özünü səbirli və şükürlü olmağa kökləyib:
Özünü ələ al, könül, hər zaman!
Qəfil atılaraq sənin yanından
Neçə söz gülləsi çovuyub keçir.
Günəşin üzünü örtəndə duman,
Havalar qəfilcə soyuyub keçir.
(“Özünü ələ al” – 1972)
Bu fikir “Könlümdə bir Xəzər var” şerində bir manifest kimi irəli sürülüb. O, könlündə olan Xəzərin elə Xəzər dənizinin özü qədər əzəmətli təlatümlərini, Ayvazovskinin şahə qalxan “Doqquzuncu val”ını göstərə bilib:
Кönlümdə bir Xəzər var mənim, xeyli zamanmış,
Duyğuların Küründən, Volqasından yaranmış.
O Xəzər qabaranda enən köksüm qabarır,
Məni bir qayıq kimi öz qoynunda aparır.
Əs ey Xəzri, baş vurum könlümün ümmanına!
Qoy burula-burula düşüm burulğanına!
Qoy hər dalğa kişnəsin şahə qalxmış at kimi!
Qoy çapım hər dalğanı çarpışan həyat kimi!
Əs ey Xəzri, könlümə “Doqquzuncu bal” gətir!
Min bir təlatüm gətir, durma, dalbadal gətir!
Beynim çarə düşünsün, ürəyim naçar olsun!
Sükunət yoxa çıxsın, mübarizə var olsun!
(“Könlümdə bir Xəzər var” – 1976)
Böyük vaxt gəlib keçsə də şair öz gözəllik idealına sadiqdir:
40 il bundan əvvəl qələmə almışam,
Qoşma cavan qalıb, mən qocalmışam
Мəni adi haldan, təbdən çıxaran,
Neylərəm, fikirlər, hisslər olmasa?
Uca dərgahına hərdən çağıran
Sirli, qaibanə səslər olmasa.
Dünyanın hardadır Şərqi, bilinməz,
Günəş bərq vursa da, bərqi bilinməz.
Gündüzlə gecənin fərqi bilinməz-
Uğurlar olmasa, nəhslər olmasa.
Həyat başdan-başa bomboş görünər,
Özündən bixəbər, sərxoş görünər.
Xərabə üstündə bayquş görünər,
Xeyirxah adamlar, kəslər olmasa.
Hafiz baxa bilməz küncdən-bucaqdan,
Yazar bu dövrandan, yazar bu çağdan.
Ayıra bilərmi haqqı nahaqdan –
İbrət götürdüyü dərslər olmasa?
(“Olmasa” – 1976)
“Nazik pərdələr” başlığı altında verilən şeirlər Hafiz Rüstəmin ədəbi həyatında növbəti onilliyi (1979 – 1989) əhatə edir və onun ictimai-estetik görüşlərinin yeni bir mərhələsini təşkil edir. Hərçənd şairin sevgi-məhəbbət mövzularından, təbiət təsvirlərindən bəhs edərkən bu bölmədəki resurslardan da təhlilə cəlb etmişik. Adından da göründüyü kimi bu bölmədə daha nazik mətləblər, ictimai-əxlaqi görüşlər, yetkin fikir və duyğular yer tutub. O, artıq Azərbaycan Dövlət Tədris-Pedaqoji Ədəbiyyatı Nəşriyyatı “Maarif”in işçisidir, bu rəsmi dövlət idarəsində o, böyük həyat məktəbi keçib, ədəbi döyüşlərə başlayıb.
Yenə də iş yerində xoşagəlməz bir hadisə baş verib – Hafiz Rüstəmin fb səhifəsindən:
Elə ki, axşam düşür, elə bil ömrümün qürubu yaxınlaşır, qabaqcadan vəsiyyət etmək istəyirəm oxucularıma. Sən demə, bütün yazdığım şeirlər həm də mənim bütün bəşəriyyətə vəsiyyətlərimdir. “Maarif” nəşriyyatının Dil-ədəbiyyat redaksiyasında nəşriyyat redaktoru, gözəl insan, nəcib, həm də əsəbi Səbirə xanımla sözüm çəp gəldi, elə bil şeytan onu yoldan çıxarmışdı – hələ gənc, subay, ev-eşiyi olmayan, perspektivi də bilinməyən bir kiçik redaktor idim. O, hardasa xidməti vəzifəsinin, tutduğu ictimai mövqeyinin üstünlüyünü gözə soxub məni cırnadır, var-gücü ilə sındırmağa cəhd edir, acı istehza ilə mənə gülürdü. Bu şeir həmin ağır təəssüratdan yarandı. O xanım indi haqq dünyasında, mən isə bu fani yalançı dünyadayam. Mən də gec-tez gedəcəyəm, ancaq bu sözlər yadigar qalacaq.
Gül mənim halıma necə istəsən,
Nə qədər istəsən gül, qəhqəhə çək!
Sağlam hansımızıq? Ya sən xəstəsən,
Ya mən sayıqlaram qızdırmalıtək.
Acı gülüşlərin üryan yerimdən
Təkcə dalamasın gicitkan kimi.
Yox, o gülüşlərin əsəblərimdən
Qopsun şimşək kimi, ya tufan kimi!
Sənə elə gəlsin yazığam, yazıq,
Özün ağıllısan, mənsə dəliyəm.
Yoldaşlar yanında sən – məndən artıq,
Mənsə səndən əskik görünməliyəm.
Elə kiçilim ki, xam xəyalında,
Hətta görünməsin zərrə varlığım.
Sənə gizli qalsın pərdə dalında
Bütün bədbəxtliyim, bəxtiyarlığım.
Təkcə özüm bilim: cəsur alpinist
Zirvə fəth edəndə əzilməlidir!
Gül mənim halıma, halım şübhəsiz
Ya ağlamalıdır, ya gülməlidir...
(“Gül mənim halıma” – 1979)
Hafiz Rüstəm artıq bir şair kimi püxtələşib, klassik gəraylı janrında nümunəvi bir sənət əsəri yarada bilib. Atasına yazdığı bu şeir şəxsi çərçivədən çıxıb, ictimailəşib, hər birimizin müqəddəs atalıq hissini ulu göylərə qaldırıb:
Əzəldən də bir etibar
Yoxdur ömrə, yaşa, atam.
Sənin yerini kim tutar
Söylə, səndən başqa, atam?
Şam oduna pərvanəsən,
Gərək atəşə yanasan.
Neyçün belə qəmxanəsən?
Mən düşürəm başa, atam.
Bəxtim yatdı, mən də yatdım,
Yatmışları sən oyatdın.
Sevincinə kədər qatdım,
Qəlbim döndü daşa, atam
Hər kim sənə Hafiz olmaz,
Olsa, məndən əziz olmaz.
Əziz oğlun sənsiz olmaz
Yaşa, atam, yaşa, atam.
(“Atam” – 1979)
Vaxtilə Xalq şairimiz Qabil İmamverdiyevin “Məhəbbət deyil” şeri dillər əzbəri idi:
Mən səni görməyə adət etmişəm,
Adət məhəbbət deyil!
Səni görməyəndə xiffət etmişəm,
Xiffət məhəbbət deyil!
Hafiz Rüstəmin dostluğun mahiyyətini ifadə edən, bu yüksək hissi ülviləşdirən “Dostluq” şeri Qabildən müsbət təsirlənmələrdən də yarana bilər, zənnimcə:
Sənə qardaş deyimmi?
Qardaşlıq dostluq deyil.
Sənə yoldaş deyimmi?
Yoldaşlıq dostluq deyil.
H.Rüstəm parlaq estrada ulduzumuz Flora xanımın özünəməxsus obrazını canlandırıb Şairin fb səhifəsindən:
Bu şeri 35 il bundan əvvəl sönməz estrada ulduzumuz Flora xanıma həsr etmişəm. “Bağışla, ürəyim” adlı kitabıma (Bakı: “Gənclik” nəşriyyatı – 1992, 152 səh., 10000 nüsxə) daxil etmişdim. İndi həmin kütləvi tirajla, yəni on min nüsxə ilə kitab çap etdirmək fantastik görünür. Qoy facebook səhifəmə qoşulan Flora xanım mənim bu şerimdə öz səsinə qulaq assın.
О səs nədir,
Səda nədir?
Nə oxşarsız, nə təzədir!
Bəlkə elə möcüzədir?
Fərqi yoxdur
O səs nədən bəhs eləyir?
Kimi, nəyi mədh eləyir?
Kimdən, nədən bəhs etsə də,
Ürəkləri fəth eləyir..
O səs axı necə səsdir?
İlahi tək görünməzdir:
“Ötər aylar, fəsillər,
Bir də dönməz o illər...”
Bir keçmişi düşünürəm,
Uçunuram, üşüyürəm.
Bu nəğmədə xallar gözəl,
Ruhlar gözəl, hallar gözəl.
Bu sədanın gül rəngi xoş,
Titrəyişi, ahəngi xoş.
Bu səs hardan gəlir belə,
Qopur belə?
Efirdənmi, Xəzərdənmi
Dalğa-dalğa gəlir belə,
Çapır belə?
O, oxuyur...
İlmə-ilmə səs toxuyur.
Bu toxunma bir nəğmədir,
Bir qidadır, bir nəşədir.
(“Floranın səsi” – 1980)
Hafiz Rüstəmin növbəti şeri öz ictimai mündəricəsi, ədəbi-bədii keyfiyyətlərinə görə vicdan haqqında yazılmış yüksək sənət əsəridir:
“30 yaşlı hələ subay, ideyalı cavan oğlan idim. Sovet dövrü idi. “Maarif” nəşriyyatında işləyirdim, haqq-ədalət axtarırdım, ancaq tapa bilmirdim, elə indi də zənn etmirəm ki, axtardığım haqq-ədaləti tapmışam. Hələ Xocalı qətliamına 11 il qalırdı. O zaman bu “Vicdan”ı yazmaqla ancaq təsəlli tapdım”(Hafiz Rüstəm).
Yol gedirəm, -
Ömür yolu.
Arzu dolu vüsal yolu,
Həsrət dolu hicran yolu...
Bu dağ mənim, o dağ sənin.
Asan – çətin,
Güney – quzey,
Doğma – ögey...
Bu yol məndən hünər istər,
dözüm istər.
Bu yol boyu əlaqələr, hadisələr.
Bu yol boyu vicdan mənə yoldaş olur.
Yoldaş nədir?
Bir dost olur, qardaş olur.
Bu süjetli şeirdə Vicdanla yol yoldaşı olan şair qarşılaşdığı üç fraqmenti misal gətirir. Birinci fraqmentdə o, bürokratik ənğəllərə toxunur:
Yol gedirəm,
gah yarıac, gah yarıtox.
Bəzilərə inam itib,
inanmağa əsas da yox.
İşim düşür
bürokratdan-bürokrata.
Qalır bəxtim yata-yata.
Sürünürəm ilan kimi
qabığımdan çıxıram mən.
Naçar qalıb yapışıram
vəzifəli bir nacinsin ətəyindən.
Bir qarış dil çıxarıram,
yalvarıram-yaxarıram,
işim keçsin.
Vicdan dözmür –
Əsir! Coşur!
Qışqırır ki, cavan oğlan!
Bir an dayan!
De nəçisən?!
Məgər sən də dilənçisən?!
Dilənirsən yoxsa burda?!
Bəs şərəfin, bəs vüqarın
sənin harda?!
Tapdandımı ayaq altda?!
Paymal oldun torpaq altda!
İkinci fraqmentdə həyat yolunda rastlaşdığı sevgilisinə qovuşmamasının ictimai-maddi köklərini araşdırır:
Yol gedirəm...
Bu yolda da
istədiyim bir gözəllə
rastlaşıram.
Məhəbbətdə hədd aşıram.
Yalnız ona
Məcnun kimi meylim olur.
O da guya Leylim olur.
Mən sevirəm yalnız onu.
Osa sevir
yalnız, yalqız Gülbalanı.
Heç pozmur da əhvalını.
Mənim haqqım daşdan çıxır,
Daşdan çıxmır onun haqqı.
Bunda suçlu kimdir axı?
Haqlı omu?
Sevgi bumu?
Vicdan haqlı sualıma
cavab verir:
“O, cavabdeh deyil buna.
Qarşı çıxma cəmiyyətin qanununa.
Məhəbbətin məhəbbətdir,
qarşılıqlı deyil ancaq.
Günahkarsa cəmiyyətdir,
ola bilsin təbiətdir”.
Üçüncü fraqmentdə ekranda gördüyü ata-anasız, vətənsiz qalmış yetim fələstinli körpəyə kömək edə bilməməsini və buna görə Vicdanın onu divana çəkməsinə dözmür:
Günü qara, ruzisi qəm,
fələstinli bir körpəylə
mən ekranda görüşürəm.
O məsum ki, cılız, arıq,
ayaqyalın, başıaçıq.
Atası yox, anası yox,
qohumu-əqrəbası yox.
İmdadına yetəni yox.
Bir yetim ki, bir sağır ki,
vətəni yox!
Vicdan buna yol verməyir.
Heç kimə yox,
hirslə yalnız mənə deyir:
“Ey dilbilməz, nə susmusan?!
Nədən bunu görməzmisən,
duymazmısan?!
Cərrah kimi bıçağınla
o körpənin ürəyindən
o yaranı yar, at, görüm!
Bu səhnəni yarat, görüm!
Bir ədalət məhkəməsi
tez qur, gəlsin!
Sən nəinki BMT-ni,
bura bütün insanları çağır, gəlsin!
Uzanmasın, yubanmasın bu məsələ!
Məsələni tez həll elə!
Hamı görsün günahlı kim?
Günahsız kim?
Sən ol HAKİM!
Həqiqəti ədalətlə ayırd elə,
hökm çıxar!
Hamı görsün
qayda da var, qanun da var!
Cəzasına çatacaqdır cinayətkar!”
Təkcə şair yox, əksəriyyətimiz imkan və gerçəkliyi nəzərə almadan bizə göz verib işıq verməyən Vicdanın əlində oyuncağa çevrilib:
Vicdan mənə göz versə də, işıq vermir.
Vicdan yalnız məni görür,
imkanımı əsla görmür.
Vicdan heç də hesablaşmır
imkanımla.
İmkanımsa düz gəlməyir
vicdanımla.
Vicdan mənə buyruq verir, əmr verir
imkanımın çərçivəsi xaricində, daxilində.
Oyuncağam vicdanımın öz əlində!
(“Vicdan” - 1981)
Unutmaq olmaz ki, “Bayram oldu” hələ SSRİ-nin güclü bir imperiya olduğu dövrdə qələmə alınıb. Şairin fb səhifəsindən (29 dekabr 2015):
Yeni il bayramına nə qalıb ki.
Onda da M.P.Vaqifdən bir məşhur misranı iqtibas etməklə süni, qırmızıbayraqlı, toy-bayramlı rejimin - Sovet cəmiyyətinin guya iç üzünü açmışdım, ictimai-siyasi həyatımızı cəsarətlə satira atəşinə tutmuşdum. Bu ağzından od tökülən qoşmanı məhdud bir dost-tanış dairəsində yeri düşəndə oxuyurdum və bunun dərci haqqında heç düşünmürdüm də. Bu şeir best-sellerə çevrilmişdi, məşhuri-cahan olmuşdum. Kimsə kəmfürsətliklə məni rəhbərliyə satmışdı. Nəşriyyatın direktoru, mərhum, gözəl insan Adıgözəl Qəmbərov məni çağırıb dostyana məsləhət gördü ki, bu qorxunc yazını bir sandıq ədəbiyyatı kimi gizlə, vaxtı gələndə sənə zərər gəlmədən üzə çıxararsan. Qəribədir ki, bu şeri köçürüb özündə saxlayan, yayıb təbliğ edən fanatlarım da tapılmışdı. İndi baxıb görürəm ki, vaxtilə repressiya qorxusu altında yazdığım bu şerin mahiyyəti qətiyyən dəyişməyib, hələ bir az da türkün məsəli üstünə qoyub. İndi müstəqil bir dövlətin vətəndaşı olsaq da yenə eyni antipodlar meydan sulayır, eyni siyasi möhtəkirlik, rüşvətxorluq tüğyan edir.
Vaqif, Allah Sənə rəhmət eləsin!
“Bayram oldu, heç bilmirəm neyləyim?
Xərcləməyə 5 – 10 manat pulum yox.
Bu dərdimi kimə açım-söyləyim?
Sirdaşım yox, sirr saxlayan dilim yox.
Pambıq, üzüm tez yığılıb, nə xeyri?
Üç yüz faiz plan dolub, nə xeyri?
Dövlət xeyli güclü olub, nə xeyri?
Yaxşı yemək, paltar, palaz, kilim yox.
Aya, Marsa uçub getsin raketlər,
Kosmonavtı tərifləsin qəzetlər.
Nəyə gərək əsrimizdə sürətlər?
Əgər mənim gözəl ayım, ilim yox.
“Qara qızıl” şanlı Bakı neftidir,
Özümə yox, özgələrə müftədir.
Ərəbistan, İran-Turan kefdədir,
Mal sahibi sayılsam da, malım yox.
İnsan oğlu ləzzət alar əməkdən,
İşdən sonra dincəlməkdən, yeməkdən,
Ətin, yağın növbəsini çəkməkdən
Elə haldan düşmüşəm ki, halım yox.
Bazarlarda qalmayıbdı bazarlıq,
Satan varsa, alan yoxsa nə varlıq?
Alverçinin varlığına nə darlıq?
Alverinə qadağa yox, zülüm yox.
Nə maaş var, nə manatın qiyməti,
Dəbə düşüb rüşvətxorluq sənəti.
Görüm, yerə girsin başsız dövləti!
Vətəndaşın heç qeydinə qalan yox.
(“Bayram oldu” – 1981)
H.Rüstəm yeri gəldikcə qəzəl janrında da öz qüvvəsini sınayıb və məncə müvəffəq də olub. Şairin fb səhifəsində (5 yanvar 2016) bu qəzəlin yaranma motivi də göstərilib :
Uzun illər bir idarədə işlədiyim, bədii tərtibat rəssamımız, köhnə dostum Eldar Cəlilova vaxtilə "8 Mart" poeması həsr etmişəm. Bu dostum da mənim kimi o bəxtəvər günlərdə yaxşı bir qonorar alan kimi işin axırında hökmən qonaqlığa dəvət edərdi, bir sözlə həmin qonorarı köhnə istilahla desək birlikdə hardasa "yumalıydıq". Səxavətdə və səmimiyyətdə tayı-bərabəri yox idi. "Maarif" nəşriyyatı məhv ediləndən sonra çox nadir hallarda görüşsək də, yenə də bir-birimizi unutmuruq. Həzəc bəhrində yazdığım bu qəzəl də həmin gənclik illərimizdən mötəbər bir yadigardır.
Sən ey rəssam, o fırçanla kətan üstə hünər göstər,
Ürəklərdən, beyinlərdən silinməz nəqşələr göstər.
Gəlib keçdikcə dövranlar yaşar şanlı Rafael də,
Tələb eylər zaman səndən yenilməz bir əsər göstər.
Qoy ecazkar xəyalınla yaransın canlı surətlər,
O surətlər arasında əzəl başdan bəşər göstər.
Fəqət eşqinlə qoy çıxsın bu dünya adi halından,
Bu qeyri-adi halından cahanın müxtəsər göstər.
Bu aləm yeddi rəngdənmi, çalardanmı ibarətdir?
Nə yeddi? Yeddi min rəngli, çeşidli lövhələr göstər.
Gözəllikdən, məhəbbətdən, həqiqətdən qələm çaldın,
Məgər, Hafiz, usandınmı sənətdən tük qədər, göstər.
(“Göstər” – 1981)
Hafiz Rüstəm pozitivlərlə yanaşı neqativlərə də biganə qalmadığı göz qabağındadır. Bizim gündəlik həyatımızı zəhərləyən, fəaliyyətimizə qara yaxan, əhval-ruhiyyəmizi korlayan qaranlıq qüvvələr kifayət qədərdir. Şair həyatdan götürdüyü, portretini yaratdığı bu mənfi tipi aşağıdakı kimi xarakterizə edir:
Bu şeri o vaxtkı intriqant, qarabala bir müdirimizə yazdım. Dostumuz Nəriman Həsənzadənin redaktor olduğu “Ədəbiyyat və incəsənət” qəzetində dərc etdirdim. Hətta prototipim olan həmin müdir bu şerə görə məni təbrik etdi. O, heç bilmədi ki, bu şeirdə mən məhz onun obrazını yaratmağa çalışmışdım.
Sən nə ətsən, nə də balıq,
Bilmirəm ki, nəkarəsən.
Gəlməz əlindən yaxşılıq,
Pislik ilə avarəsən.
İblissən – mələk donunda,
Tikansan – çiçək donunda.
Çirkinsən – göyçək donunda,
Bir olsan da, yüz parəsən.
Adın vardır, əməlin yox,
Bir binasan, təməlin yox.
Axırın yox, əzəlin yox,
Vecəgəlməz bekarasan.
Dincəlmirsən, uyumursan,
Xeyirxaha göz yumursan.
Bədxahlıqdan nə umursan?
Çarə deyil, biçarəsən.
Kişilikdə payın hanı?
Namərdlikdə tayın hanı?
Sənin cinsin, soyun hanı?
Bir özünü gəz, ara sən.
Qərəzkarsan başdan-başa,
Dəyər başın daşdan-daşa.
Dəyişməzsən yaşdan-yaşa,
Doğulmazsan dübarə sən.
Hafiz Rüstəmin dediklərindən: “ “Müsahib”in ədəbi qəhrəmanı öz ayağı ilə “Maarif” nəşriyyatına –işlədiyim Azərbaycan dili və ədəbiyyatı redaksiyasına gəlmişdi və bu gün də yüksək elmi titul daşıyanlardan biridir. Bu adam iç-içə olan qonşu kabinetin güzgüsündə keçəl başının bir neçə telini daramaqla məşğul idi. Mən onu çağırsam da, özünü eşitməməzliyə qoymuşdu. Mən də onun obrazını artırıb-əskiltmədən təpədən dırnağacan yaradıb populyar “Ədəbiyyat və incəsənət” qəzetinə təqdim etdim. Bu şeir qələm dostum, qəzetin şefi N.Həsənzadənin sayəsində elə həmin həftənin axırında dərc olundu. O zaman BDU-nun sıravi müəllimi olan bu tipə zəng etdim və bu münasibətlə onu təbrik etdim. Hərif bu şeri oxuyanda sonralar da başa düşməmişdi ki, müsahib məhz onun öz obrazıdır.
Bir gözün mənə baxır,
Bir gözün də güzgüdə.
Bir qulağın məndədir,
Bir qulağın özgədə.
Bir dilin təsdiq edir,
Bir dilin öz vecində.
Bir buynuzun çöldədir,
Bir buynuzun içində.
Bir əlin belindədir,
Bir əlin baş qaşıyır.
Elə bil, qarşındakı
Danışmır, daş daşıyır.
Bir ayağın farağat,
Bir ayağın sürüşkən.
Nə qədər ki, gec deyil,
Sürüş burdan vaxt ikən!
(“Müsahib” – 1982)
Bu “suyuşirin, üzüqəşəng, boyu bəstə, xisləti rəng, qalstuku alabəzək, kostyumu nimdaş olan” yaltaq vaxtilə “Maarif” nəşriyyatında səhər-axşam tabelə keşik çəkib. O, lazımlı olan iş nizam-intizamından çox qərəzli məqsədlər güdüb. Şairin fb səhifəsindən (18 fevral 2016):
“M.Ə.Sabir "Qarğa və tülkü" təmsilinin sonunda belə bir əxlaqi-tərbiyəvi fikir bildirir:
Olmasaydı cahanda sarsaqlar,
Ac qalardı yəqin ki, yaltaqlar.
Sabirin bu tipləri dünən də olub, bu gün də var və sabah da olacaq. Misir Mərdanov dövründə olduğu kimi indi də bizim evin yaxınlığındakı Kollecdə hər semestrdə tələbələrdən 400 manat rüşvət alırlar. Bu, bizim bədbəxt təhsil sisteminin acınacaqlı vəziyyətinin bir göstəricisidir. Məncə, xüsusilə təhsildə nə vaxta qədər rüşvət deyilən neqativ bir hal davam edəcək, bir o qədər də ölkəmizin gələcəyi zülmət içində olacaq. Bu orta əsr zülməti yaradanlar, heç şübhəsiz həm də qul yaltaqlardır. Allah bunların kökünü kəssin. Məsələn, 30 il bundan əvvəlki yaltaqla indiki yaltaq arasında eyni genetik qohumluq var. Bu qul yaltaqlar ictimai-siyasi həyatımızı iflic ediblər və bunların əlindən heç bir işıqlı gələcək görünmür.
Suyuşirin, üzü – qəşəng,
Boyu – bəstə, xisləti – rəng.
Qalstuku – alabəzək,
Kostyumu – nimdaş olar.
İşə sübh tezdən gələr,
Salam verər, üzdən gülər.
Nişan alıb gözdən gülər,
Guya bizə sirdaş olar.
Hər qalmaqal üstə çıxar,
Gözlüyünün altdan baxar.
Saman altdan sutək axar,
Harda aş, orda baş olar.
Sevimli bir mövzusu var,
Hər qızda tamarzısı var.
Nə qədər canında su var,
Düzəlməz bir oğraş olar.
Müdir ona baxıbsa tərs,
Nəfəs alıb verə bilməz.
Dava-dərman kara gəlməz,
İxtisarsız “çıxdaş” olar.
“Sus!” desə sükuta dönər,
“Öl!” desə şəhidə dönər.
“Qal!” desə igidə dönər,
Daha da diribaş olar
Cilddən-cildə girər asan,
Razıdır bu iqbalından.
Bilsə kəsilir yalından,
Quduz bir Alabaş olar.
Baş girlər bu başıdaşlı,
Az işləsin, çox daşbaşlı.
Sözü – quru, ikibaşlı,
İşi – həmişə yaş olar.
Bizim gözüqıpıq yaltaq,
İçi – çirkab, çamır, batdaq.
Qara qəlbi – çatdaq-çatdaq,
Çal başısa – bomboş olar.
(“Yaltaq” – 1986)
Beləliklə, Hafiz Rüstəmin araşdırdığımız 20 illik yaradıcılıq dövrünü əks etdirən bu şeirlər göründüyü kimi həm də onun təmsil olunduğu müasir Azərbaycan ədəbiyyatının orijinal və maraqlı bir səhifəsidir.
Şairi həm də bu il anadan olmasının 65 illiyi münasibətilə təbrik edir, onun indən belə də ədəbi prosesdə fəal iştirak etməyini arzulayırıq.
Vaqif Yusifli
Filologiya üzrə elmlər doktoru
Mart 2016