Gənclər sahəsində aktiv fəaliyyət göstərən AGAT qeyri-hökumət təşkilatıdır. Azərbaycanda sülhün, insan haqlarının və Avropa demokratik dəyərlərinin təbliği istiqamətində çalışır. Təşkilatın əsas missiyası Azərbaycanda Avropa vətəndaş cəmiyyəti modelinin möhkəmlənməsinə töhfə verməkdir. AGAT Azərbaycanın işğaldakı Dağlıq Qarabağ bölgəsində keçirilən qanunsuz prezident seçkilərini və andiçmə mərasimini sərt şəkildə pisləyir. Separatçıların bu addımını beynəlxalq təxribat aktı kimi dəyərləndirir və hesab edirik ki, bu Ermənistan Respublikasının ilhaq siyasətinin daha bir təzahürüdür. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, eləcə də ona bitişik yeddi rayonu 1992-ci ildən indiyədək Ermənistan Respublikasının işğalı altındadır. İşğal nəticəsində yaradılan, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən qanunsuz hesab edilən, qondarma “Dağlıq Qarabağ Respublikası” beynəlxalq hüquq tərəfindən də tanınmır. Həmin bu qondarma qurum münaqişənin həlli ilə bağlı nəyin ki, Azərbaycan höküməti, həmçinin heç bir beynəlxalq təşkilatla əməkdaşlıq etmir və etmək niyyətində də deyil. Dağlıq Qarabağın işğal olunmuş torpaqları və ona bitişik yeddi rayon beynəlxalq səviyyədə Azərbaycan Respublikasının ərazisi kimi tanınır: BMT-yə üzv olan bütün dövlətlər Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyir. Bu bir daha onu deməyə əsas verir ki, keçirilən prezident seçkiləri və təşkil edilən and içmə mərasimi beynəlxalq hüququn norma və prinsiplərinə, habelə Azərbaycan Respublikasının qanunlarına ziddir. Rəsmi Bakının razılığı olmadan Dağlıq Qarabağ ərazisində (və digər işğal olunmuş ərazilərdə) qəbul edilmiş hər hansı bir qərar qanuni hesab edilə bilməz. Diqqətə çatdırmaq yerinə düşər ki, qondarma seçkilər Dağlıq Qarabağın yerli azərbaycanlı əhalisinin iştirakı olmadan keçirilmişdir. Söhbət Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz torpaqlarından zorla qovulmuş yüz minlərlə azərbaycanlıdan gedir. Bu seçkilər və andiçmə mərasimləri təkcə beynəlxalq qanunu kobudcasına pozmaq deyil, eyni zamanda qeyri-demokratik və məcburi köçkünlərin insan haqlarını pozmaq deməkdir. Azərbaycan xalqının tarixi-mədəni irsində xüsusi əhəmiyyəti olan Şuşa şəhərində “andiçmə” adı altında təşkil edilən bu təxribatda Ermənistanın baş nazirinin iştirakı bir daha onun beynəlxalq hüquqa məhəl qoymadığını göstərir.Bütün bunları nəzərə alaraq beynəlxalq ictimaiyyət Ermənistana sanksiya tətbiq etməli, üzv olduğu beynəlxalq qurumlarda fəaliyyətinə yenidən nəzərdən keçirməlidir.
© 2020 - Created by İLK XEBER.