Səfirliyimizə hücum edən şəxs EDAM OLUNDU – İrandan Azərbaycana ADDIM!

İran təklif etdi ki, edam kəndirini mən çəkim... - Orxanın atası

2023-cü ildə Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadə bu gün səhər saatlarında edam edilib.

Axar.az xəbər verir ki, bu barədə İran Məhkəmə Sisteminin saytı ("Mizan") məlumat yayıb.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib.
Səfirliyin iki mühafizəçisi də hücumun qarşısını alarkən yaralanıblar.

İran təklif etdi ki, edam kəndirini mən çəkim...

Azərbaycanın İrandakı səfirliyinə terror hücum zamanı həlak olan Orxan Əsgərovun atası Rizvan Əsgərov hücum edən Yasin Hüseynzadənin bu gün edam olunmasına münasibət bildirərkən axar.az-a açıqlamasında
bu hadisəni iki ildir gözlədiklərini deyib: "Çünki oğlumun qatilinin həyatda olması bizim üçün ən ağır cəza idi. Mən özümü bağışlaya bilmirdim ki, övladımın qatili sağ-salamatdır. Bu gün həmin şəxs öz layiqli cəzasını alıb.
Bu, həm mənim, həm də ailə üzvlərimizin bir qədər təskinlik tapmasına səbəb oldu. Nəhayət, oğlumun qatili layiq olduğu cəzanı aldı. Bu cəzanın verilməsində, edamın həyata keçirilməsində, günahkarın cəzalandırılmasında ölkə rəhbərliyinə, hörmətli Prezidentimizə öz minnətdarlığımı bildirirəm. Onun qəti tələbi olmasaydı, İran bu məsələni uzatmaqda davam edəcəkdi. Məhz onun tələbindən sonra edam hökmü icra olundu”.

O qeyd edib ki, proseslə bağlı daim məlumatlı olub:

“Edamın nə vaxt həyata keçiriləcəyini bilirdim. Sadəcə, elə informasiyalar var ki, onu əvvəlcədən bölüşmək mümkün olmur. Edamda iştirakla bağlı isə belə bir məsələ qaldırıldı ki, gərək atası kəndiri çəksin. Amma Azərbaycanda ölüm hökmü yoxdur və bir Azərbaycan vətəndaşının gedib başqa ölkənin vətəndaşının ölüm hökmünü icra etməsi qanuna ziddir. Sonradan məsələ İran tərəfi ilə müzakirə olundu, səfirliyimizin nümayəndələri və bizim tərəfimizdən vəkil iştirak etdi. Əmin olduq ki, həmin terrorçu öz layiqli cəzasını aldı”.