Beynəlxalq Qalareya 9 May Qələbə Günü münasibətilə tədbir keçirib

Beynəlxalq Qalereya və Azərbaycanda Kazak Həmyerlilərinin Cəmiyyətinin birgə təşkilatçılığı ilə 9 May Faşizm üzərində Qələbə Günü şərəfinə tədbir və mövzuya uyğun sərgi təşkil olunub. Tədbirdə tarixi qələbənin əhəmiyyəti, müharibə illərində xalqların həmrəyliyi və müasir dövrdə sülhün qorunması mövzuları vurğulanıb.  
Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova açılış nitqində qeyd edib:  
"Bu tədbir yalnız tarixi yaddaşın canlandırılması deyil, həm də müxtəlif xalqların sülh uğrunda birgə mübarizəsinin simvoludur. Sərgidəki hər bir əsər insanlıq tarixinin bu parlaq səhifəsini əks etdirir."  
Azərbaycanda Kazak Həmyerliləri Cəmiyyətinin sədr müavini Ruslan Steptsov isə vurğulayıb:  
"Azərbaycan və kazak xalqları həmişə sülh və ədalət uğrunda birgə dayanıb. Bu tədbir də bizim üçün həmrəylik və dostluq dəyərlərini bir daha təsdiq edir."  
Tədbirdə həmçinin Azərbaycan kazak icmasının texniki şöbəsinin rəisi Rauf Mehdiyev və Kazak Həmyerliləri İcmasının əməkdaşı Yevgeniya Demkina mədəniyyətin tarixi yaddaşın saxlanmasındakı rolunu qeyd edən çıxışlar etdilər.  
Tədbir çərçivəsində 20 rəssamın Faşizm üzərində Qələbə mövzusuna həsr olunmuş əsərləri nümayiş etdirilib. Rəssamlar tədbirin sonunda qramota ilə təltif olunublar.  
Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova və layihə rəhbəri Aygün Əzizova mədəniyyət və incəsənət sahəsindəki xidmətlərinə görə ordenlərlə mükafatlandırılıblar. Tədbir müasir və tarixi ruhu birləşdirən xatirə fotoçəkilişi ilə başa çatıb.

Aygün Oqtay
Fotolae Ayazındır