“MARRİOTT(BOULEVARD)” oteldə bu mövzuda konfrans-təlim keçirilib
XXI əsr bəşər tarixində analoqu olmayan fəlakətləri ilə insanların düşüncə tərzini psixoloji və əxlaqi cəhətdən təmamilə dəyişə bilən bir əsr kimi iz buraxmaqdadır. Demək olar ki, hər şey şübhə altına alınmaq dərəcəsindədir. “Xəttilik” təmamilə istisna olunmuşdur. Dünya artıq məntiqi təsəvvürlər kompleksi kimi qəbul olunmur. O, artıq öz milini itirmiş, mərkəzi olmayan "xaos" kimi qəbul olunur. Əlbəttə ki, bəşər memarlığı və onunla bağlı təmayüllər də bütün bu qlobal dəyişikliklərə reaksiya vermədən ötüşə bilməz...
Memarlıq, İnşaat dizaynı və digər dizayn sahələrində dəyişikliklərə təkan verən əsas cəhətlərdən biri - insani tələbatlardır. Məhz, tələbatların artması və ya azalması dizaynın müxtəlif sahələrinin inkişafı üçün təkanverici faktordur. Dizaynın ən vacib prinsiplərindən biri isə – funksionallıq və praqmatikliyin estetika ilə vəhdət təşkil etməısidir.
Müasir zəmanəmizdəki qlobal modernizm, yüksək texnologiyalar və kütləvi kompüterləşdirmə, süni zəka, ifrat dinamiklik insanların həyat və düşüncə tərzinə, zəkasına, idarəetmə prinsiplərinə getdikcə daha da “silinməz damğa” vurmaqdadır. Bu isə, artıq, qarşısıalınmaz bəşəri bir prosesin təzahürüdür.
Zəmanənin dinamikliyi insanların həyat tərzi və davranışlarını da diktə edir. Komfort, təmtəraq, estetik mükəmməllik – bu ifadələr, müasir həyat tərzinin devizinə çevrilərək, daima hər kəsin nail olmaq istəyəcəyi bir zirvədir. Bu keyfiyyətlərin bir ad altında cəmlənəcəyini isə təsəvvür etmək, heç də artıq “xəyal” deyil!
Müasir inşaat dizaynı və interyer dizayn tərtibatı sektorunda baş verən dinamik, ultramüasir dəyişikliklər, müasir intellektual idarəetmə sistemlərini də səfərbər edir. Müasir dünya artıq – gələcəyin texnologiyalarına və yüksək keyfiyyətli dizaynla birgə ultraçevik həllərə cəhətlənir.
Bütün bu sadalananları, müasir media-vizual işiqlandırma proseslərinə də şamil etmək olar. Bu gün elektrikləşmə və işıqlandırma - “hava” qədər vacibdir. İşıq, adi göründüyü qədər də əhəmiyyətlidir. Bütün canlılar işığı sevir. İnsan - “gündüzün törəməsidir”, buna görə də bir çox hallarda işıqla təmasdadır.
Hazırkı muasir dövrdə, memar və dizaynerlər işıqlandırmaya böyük əhəmiyyət verirlər. İnteryer dizaynında, məkanda mövcud olan bütün işıq “seli” növlərindən istifadə olunur. Onu tiplərə, növlərə, qruplara və s. bölürlər. Təbii və süni, qarışıq, funksional və dekorativ, xətti, yuxarı və aşağı işıqlandırma növləri – bütün bunlar müasir interyerin ayrılmaz tərkib hissəsidir.
Süni işıqlanma vasitəsilə interyerdə kifayət sayda sualları həll etmək, məkanda qeyri – adi atmosfer yaratmaq, vizual nisbətlərə düzəliş vermək, əhval – ruhiyyəni dəyişmək və s. mümkündür.
Bu fakt, sübuta ehtiyyacı olmayacaq qədər sadədir. lakin, işıq dizaynı sahəsindəki istənilən eksperimentlər nəinki estetik, həmçinin, funksional və ekoloji parametrlərə də cavab verməlidir. Müasir dövrdə mütəxəssislər, ümumi qəbul olunmuş qaydalara əsasən, orta say hesabıyla, hər kəsin şəxsi işıq “səhnələrinə” olan tələblərini, individual psixo-fizioloji xüsusiyyətlərini də nəzərə almalıdırlar. Son zamanlar, interyer obrazının yaradılmasında məhz, işıq və formanın yaradıcı rolunun vacibliyindən danışmaq yerinə düşər.
İşıq mənbələrinin düzgün yerləşdirilməsi memar-dizaynerin üslub ideyalarını nəzərə çarpdırır. Təbii işığın əl çatmayan zonalara “çəkilməsi” üçün isə məxsusi üsulların tətbiqi də vacib və lazımlıdır. Bu gün işıqlandırmaya qoyulan əsas tələb – mobillik və müxtəliflik, çeşid bolluğunda özünü biruzə verir. Mövcud şərait və əhvaldan asılı olaraq, bu və ya digər işıq qrupu seçilə bilər. Dizayn mütəxəssisləri insana - şəxsi, individual üslubunu və işıq məkanını seçməyə, axtarmağa imkan və şərait yaratmalıdırlar.
Müasir interyerdə olduğu kimi, eksteryerdə də işıq dizaynı əsas rollardan birini oynayır. Eksteryer işıq dizaynı istənilən memarlıq obyektinin, “şəhər interyeri” dizayn elementlərinin, hətta, sadəcə bir yaşıllıq fraqmentinin qavranılmasını və görkəmini dəyişməyə qadirdir. Müasir dövrümüzdə, müxtəlif işıqlandırma qurğuları vasitəsilə; ultramüasir, “media-vizual” işıqlandırma vasitələri ilə şəhər mühitini, bina və qurğuları yeni obrazda təqdim etmək həddən artıq aktualdır.
Müasir dövrdə, media-vizual işiqlandırma və intellektual idarəetmə sistemləri vasitəsilə aşağıdakı funksiyalar:
Bütün qeyd olunanları nəzərə alsaq, son illər bu sahədə uğur və güvən qazanan, dünyaca məhşur mütəxəssislərin doğma diyarımıza dəvət olunması çox şərəfverici bir hala çevrilmişdir. Tətbiqi həllərdə aktual mövzularla təlim-treninq, konfrans və seminarların təşkili, yerli memar-dizaynerlər, mühəndislərin bu tədbirlərə cəlb olunması təqdirəlayiq bir missiyadır.
8 aprel 2025-ci il tarixində “MARRİOTT (BOULEVARD)” oteldə - Azərbaycanda müştərək olaraq ilk dəfə; İngiltərə, Türkiyə mütəxəssislərinin – müasir işiqlandırma sistemləri, media-vizual işiqlandırma növləri, müxtəlif avadanlıq və intellektual idarəetmə sistemlərinin inşaat-interyer tərtibatı həllərində tətbiqi və istifadəsi ilə bağlı, konfrans-təlim həyata keçirilmişdir.
Konfrans-təlimdə Azərbaycanda uğurla fəaliyyət göstərən görkəmli memar, dizaynerlər, görkəmli biznes sektoru nümayəndələri, mühəndislər, eləcə də inşaat dizaynı və interyer dizayn tərtibatı üzrə sektorda qətiyyətlə addımlarını atan gənc memar, dizayner mütəxəssislər nümayəndələri aktiv iştirak etmişlər.
Konfransda həmçinin, AzMİU (Azərbaycan Memarlıq və İnşaat Universiteti), “Dizayn” fakültəsi dekanlığı, başda dekan Fərid bəy Kərimov, eləcə də, kafedra müdiri Yeqanə xanım Hacıyeva olmaqla “Mühit dizaynı” kafedrasının bütün nümayəndələri də iştirak etmişlər.
Konfransda nəzərdə tutulan, təqdimatı planlaşdırılan layihələr və əhatə dairəsi aşağıdakı mövzulardan ibarət idi:
- “Perkins” şirkətinin təqdimatı;
- “Elekon Smart Construction Technologies şirkəti”nin və “Helvar” işıqlandırma avtomatlaşdırma sisteminin təqdimatı;
- “Serenity” qonaq otağı idarəetmə sisteminin (GRMS) tətbiqi.
Tədbirin təşkilatçılığına dəstək və yardımla baglı, Azərbaycan tərəfindən mənim də mütəxəssis kimi cəlb olunmağım və giriş sözü ilə çıxış etmə imkanım, həddən ziyadə qürurverici bir hal oldu mənim üçün. Bu üzdən, konfransın və tədbirin mükəmməl təşkilatçılığını həyata kecirən; “Perkins” şirkətinin rəhbəri İsa Uzunlara (Turkiyə-Azərbaycan), “Helvar” şirkətinin məsul nümayəndəsi – işıqlandırma sahəsində 25 ildən artıq təcrübəyə maik (intellektual işıqlandırma və biznesin inkişafı üzrə) aparıcı mütəxəssis Alan Jacksona (İngiltərə), Şafak Koça (genel müdir - general manager) (Türkiyə), Sümeyra Koç Efeyə (təklif mühəndisi – proposal engineer) (Türkiyə), Cengiz Gürbüzdala (iş gəlişdirmə və satış mühəndisi – bizness development and sales engineer) (Türkiyə) dərin təşəkkürlərimi və sayqılarımı yetirirəm!
Yeni-yeni maraqlı tədbirlər və görüşlər ümidiylə!!!
NƏRGİZ AĞAYEVA
Azərbaycan Memarlıq-İnşaat Universiteti (AzMİU), “Dizayn” fakültəsi, “Mühit dizaynı” kafedrasının dosenti, AMİ-nin “Yasayış və İctimai binaların interyer-dizayn tərtibatı üzrə yaradıcılıq komissiyası”nın sədri, “Ustad Memar”, BMA-nın professoru
© 2020 - Created by İLK XEBER.