Azərbaycan ordusununun dünya tarixinə yazdığı qəhrəmanlıq salnaməsi

 Ülviyyə Ağayeva,
Milli Məclisin deputatı

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda müzəffər Ordumuz  bu gün Cənubi Qafqazda ən qüdrətli, müasir, güclü Ordu olduğunu bütün dünyaya nümayiş etdirdi.
 Bu qələbə xalqımızın əzmini, qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi və sübut etdi ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmadı, öz qələbəsini döyüş meydanında əldə etdi.
Bu haqq savaşında Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan igidləri, Azərbaycan ordusu, Azərbaycan xalqı tarix yazdı. Məhz Vətən müharibəsində əldə etdiyimiz qələbə sayəsində biz bu gün qalib ölkənin, bütöv Azərbaycanın vətəndaşlarıyıq.
İkinci Qarabağ müharibəsinin Vətən müharibəsi adlandırılması heç də təsadüfi deyil. Çünki bu müharibədə Azərbaycan xalqı öz Vətəninin bütövlüyü uğrunda, vahid amal ətrafında dəmir yumruq kimi birləşərək əsl həmrəylik və birlik nümayiş etdirdi. Hər bir azərbaycanlı həm ön, həm də arxa cəbhədə ölkəmizin mənafeyini müdafiə etmək, qələbəmizə töhfə vermək üçün əlindən gələni edirdi. Hətta  Qarabağı görməyən gənclərimiz bu torpaqlar uğrunda düşünmədən canlarını fəda edirdilər. Bu bir daha göstərirdi ki, Azərbaycan xalqında Vətən sevgisi, vətənpərvərlik ruhu nə qədər yüksəkdir.
Azərbaycan əsgəri döyüş meydanında  misilsiz şücaət göstərdi. Xüsusilə Şuşa uğrunda gedən döyüşlərdə igidlərimiz əsl qəhrəmanlıq salnaməsi yazdılar. Erməni əsgərinin Şuşa döyüşləri barədə müsahibəsində demişdi: “Azərbaycan əsgərləri Şuşanın ətrafındakı qayalıqlara dırmaşırlar. Dəhşətdir, güllə dəyir, yıxılırlar, yenidən durub qanı axa-axa üstümüzə gəlirlər”. Təkcə bu fakt Azərbaycan əsgərinin vətən sevgisi haqqında aydın təsəvvür yaradır.
Cənab prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan xalqının, xüsusilə qələbəmizin əldə edilməsində gənc nəslin rolunu hər zaman çox yüksək qiymətləndirir: “Bütün nəsillərdən olan vətəndaşlarımızın bu qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”.
O vaxt bizim Silahlı Qüvvələrimiz Xankəndinin bir addımlığında idi. Müharibənin o vaxt dayandırılması bizim şüurlu seçimimiz idi və artıq bu gün Xankəndi şəhərinin mərkəzi meydanında hərbi paradı keçirməyimiz bir daha onu göstərir ki, həmin gün qəbul etdiyimiz qərar düzgün idi.
44 günlük müharibənin 10 noyabr 2020-ci il tarixində dayandırılması imkan verdi ki, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan bizə qaytarılsın.
Ermənistana Kəlbəcər və Laçını təhvil vermək üçün əlavə möhlət verildi. Qeyri-qanuni yaşadıqları əraziləri - Azərbaycan torpaqlarını tərk edən ermənilər təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla buranı tərk etdilər. Azərbaycan Ordusu onlara ərazini tərk etmək üçün şərait yaratmışdı.
Halbuki işğalçılar vaxtilə Kəlbəcər və Laçın əhalisini öz doğma yurdlarından qovmuşdular, hətta yollarını da bağlayaraq uşaq, qoca, qadın bilmədən bacardıqları qədər insanı qətlə yetirmişdilər.
 Bu addımı ilə Azərbaycan dövləti bir daha düşməndən hərbi cəhətdən güclü və mənəvi cəhətdən qat-qat uca olduğunu nümayiş etdirdi. Bu, Azərbaycan və Ermənistan arasındakı fərqin bariz nümunəsidir, danılmaz faktdır.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni həm də siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam kimi, Kəlbəcər də qan tökülmədən, şəhid verilmədən, hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edildi, öz tarixi sahiblərinə geri qaytarıldı. Azərbaycan Ordusu olduqca çətin relyefə, sərt iqlimə malik olan Kəlbəcərə bir güllə atmadan daxil oldu.
Laçın və Kəlbəcərin işğaldan insan itkisi vermədən (vandalların təbiətimizə vurduqları  itkilər hesaba  gəlmir) azad edilməsi Ali Baş komandanımızın müdrik rəhbərliyi altında qəhrəman oğullarımızın şanlı hərbi Qələbəsi nəticəsində mümkün olmuşdur.
Yaşasın bu qələbəni bizə yaşadan Ali Baş Komandanımız və onun başçılığ altında irəliləyən qalib Azərbaycan Ordusu. Yaşasın aranlı-dağlı, Qarabağlı şanlı vətənimiz – Azərbaycan.
Vətənimizin hər qarış torpağı uğrunda mübarizə aparan, bu şərəfli yolda canlarını qurban verən qəhrəmanlarımızın əziz xatirəsi əbədi olaraq qəlbimizdə yaşayacaq. Onların sayəsində biz bu gün fəxrlə deyirik: “Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”